İşğaldan azad edilmiş ərazilərimizə
hər
səfər
Böyük Qayıdışdan xəbər verir
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər
Heydər Əliyevin doğum günündə
dövlət başçısı, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin və birinci
xanım Mehriban Əliyevanın Füzuli rayonuna və Şuşa şəhərinə növbəti
səfərlərinin rəmzi mənası vardır
Tarixi Zəfərimizin reallıqlarını
yaşayırıq. İşğaldan azad edilmiş ərazilərimizdə
müasir idarəçilik sisteminin yaradılması istiqamətində
atılan addımlar bu torpaqlarımızda insanların rahat yaşayışı üçün
bütün şəraitin yaradılacağına böyük əminlik yaradır. Bu günlərdə
Zəngilan rayonuna Prezidentin
xüsusi nümayəndəsinin təyin
edilməsi də deyilənlərin təsdiqidir. Təkmil idarəçilik sistemi
hədəflərə zamanında nail olmağa geniş imkanlar yaradır. Prezident İlham
Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi
təyin olunması ilə əlaqədar videoformatda
qəbul edərkən bildirmişdir ki, İkinci Qarabağ müharibəsindən sonra keçmiş məcburi
köçkünlər arasında sorğu keçirmişik ki, biz bilək, nə qədər insan
qayıtmaq istəyir, çünki
görüləcək işlər, tikilən binalar
buna uyğun
olmalıdır: «Şadam ki,
keçmiş məcburi
köçkünlərin mütləq əksəriyyəti
qayıtmaq üçün öz fikirlərini bildirmişlər. Amma, əlbəttə
ki, onlar təxminən
30 il Bakıda, Sumqayıtda, başqa yerlərdə yaşayıblar, bu yaşayışa öyrəşiblər,
onların işləri var, onların
uşaqlarının məktəbləri var,
nəvələrinin məktəbləri var.
Biz bunun
hamısını başa düşürük
və bir yerdən başqa
yerə köçmək o qədər də
asan məsələ deyil.
Amma, əminəm ki,
Vətən sevdası onları oraya aparacaq. Biz elə etməliyik
ki, onlar oraya gedən zaman orada özlərini rahat hiss eləsinlər.»
Prezidentin xüsusi nümayəndəsi ilk olaraq mədəniyyət paytaxtımız Şuşaya təyin edildi. Bu, Qarabağın tacının tez bir zamanda bərpasını həyata keçirməyə, əvvəlki şöhrətini özünə qaytarmağa xidmət edən mühüm addım idi. Bu faktı da qeyd etmək kifayətdir ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2021-ci ildə regionlara 47 dəfə səfər etmişdir ki, onların 32-si işğaldan azad edilmiş ərazilərə idi. Bu statistikanı açıqlamağımız səbəbsiz deyil. Bu baxımdan ki, bütün bölgələrimizin sosial-iqtisadi inkişafı dövlət başçısının diqqət mərkəzindədir. Amma hazırkı dövrdə işğaldan azad edilmiş ərazilərimizin əvvəlki həyatlarına qayıdışları prioritetdir, bu baxımdan sahibinə qovuşmuş torpaqlarımıza səfərlərin ardıcıl xarakter alması ölkə ictimaiyyətində böyük ruh yüksəkliyi yaradır.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mayın 10-da müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin doğum günündə Füzuli rayonuna və Şuşa şəhərinə səfərlərinin də öz rəmzi mənası var. Artıq Qarabağımız azaddır, ən mühüm tədbirlərimizi, tarixi hadisələri, ölkəmizin həyatında mühüm rol oynayan, uğurlu daxili və xarici siyasəti ilə Azərbaycana möhtəşəm uğurlar qazandıran Ümummilli Liderin doğum gününü işğaldan azad edilmiş torpaqlarımızda qeyd edir və bununla bir daha bu torpaqların sahibi olduğumuzu dünyaya çatdırırıq. Ümummilli Liderin ən böyük arzusu ərazi bütövlüyümüzün bərpası idi. Bu uğura imza atan, tariximizin Zəfər səhifəsini yazan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss edir. Bu gün dövlət başçısının bu ərazilərə hər bir səfəri Böyük Qayıdışa doğru atılan addımdır.
Cənab İlham Əliyevin bu ərazilərdə açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi obyektlərin say tərkibinə diqqət yetirsək hazırda bu işlərin yüksək səviyyədə olduğunu böyük əminliklə qeyd edə bilərik. İlk gündən infrastruktur layihələrinin icrası prioritet oldu. Ötən bir ildə əldə olunan nəticələrə nəzər salarkən nəqliyyat infrastrukturunun inkişafına xüsusi diqqət göstərildiyi özünü qabarıq şəkildə büruzə verir. İşğaldan azad edilmiş ərazilərimizdə üç beynəlxalq Hava Limanının tikintisi nəzərdə tutulur. Ötən ilin oktyabr ayında istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı dünya praktikasında ən sürətli icra edilmiş infrastruktur layihələrindən biridir. Artıq Zəngilan Hava Limanının da cari ildə istifadəyə verilməsi nəzərdə tutulub. Üçüncü Beynəlxalq Hava Limanı isə Laçın rayonu ərazisində inşa edilir. Həmçinin ötən il Prezident İlham Əliyevin Zəfər yolu adlandırdığı Füzuli-Şuşa yolunun tikintisi başa çatdırıldı. İşğaldan azad edilmiş ərazilərdə 15 fərqli layihə üzrə 1400 kilometrdən artıq uzunluqda yolların, habelə telekommunikasiya şəbəkələrinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə işlər də sürətlə davam edir. Bu ərazilərdə elektrik enerjisinin təminatı ilə bağlı lazımi avadanlıqların quraşdırılması, yarımstansiyaların yenidən qurulması və bərpası, elektrik xətlərinin çəkilişi istiqamətində xeyli işlər görülüb. Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan və Qubadlıda yarımstansiyaların tikintisi qısa müddətdə başa çatdırılaraq istifadəyə verilib, digər enerji infrastrukturu obyektlərində bərpa və gücləndirmə işləri davam etdirilir. Həmçinin işğaldan azad edilmiş ərazilərdə «yaşıl enerji» zonasının tətbiq edilməsinə dair konsepsiya hazırlanıb. O da məlumdur ki, dövlət başçısı İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqlənib ki, beşinci prioritet təmiz ətraf mühit və “yaşıl artım” ölkəsidir. Bu hədəf də açıqlanır ki, strateji dövrdə qabaqcıl ölkələrdə alternativ və bərpaolunan enerji mənbələrindən istifadə xüsusilə daha çox artacaq. Bunu nəzərə alaraq ölkədə enerjidən səmərəli istifadə edilməli və yeni dayanıqlı enerji mənbələrinə üstünlük verilməlidir.
Bugünümüzün əsas çağırışlarından biri də budur ki, indiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl texnologiya”ların tətbiqi genişləndirilməlidir. Elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin ilkin istehlakda payı artırılmaqla və iqlim dəyişikliklərinə təsir azaldılmalıdır. Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə edilməsi ətraf mühitə və atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərəcək. Ölkə Prezidentinin hər bir çıxışı, müsahibəsi digər sahələr kimi, bərpa və quruculuq istiqamətində də görülən işlərin təqdimatıdır. Ötənilki işlərin davamı olaraq bu il həmin ərazilərdə görülməsi nəzərdə tutulan işlərdən bəhs edən cənab İlham Əliyev qeyd etmişdir ki, keçən il çox böyük proqram icra edilməyə başlanmışdır. Müharibədən çıxmış ölkələrin təcrübəsinə nəzər saldıqda görürük ki, bu, doğrudan da miqyas baxımından tarix boyu ən genişmiqyaslı proqramdır. Bu proqramın özəlliyi ondadır ki, heç kimdən yardım istəmədən və almadan öz vəsaitimiz hesabına həyata keçiririk.
Qeyd etdiyimiz kimi, Böyük Qayıdışın reallaşmasında minaların təmizlənməsi ilə bərabər, infrastrukturun bərpası əsasdır. Son bir ildən artıq dövrdə bərpa və quruculuq işlərinin miqyasının genişliyi minalardan təmizləmə işlərinin sürəti barədə də aydın təsəvvür yaradır. Amma bütün hallarda bu proses həm xeyli vaxt itkisidir, həmçinin maliyyə vəsaiti tələb edir.
Hər zaman bir-birinə dəstək olan Azərbaycan və Türkiyənin Zəngilanda birgə investisiya layihəsinə start vermələri də təqdirəlayiqdir. Məlum olduğu kimi, ötən il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılışında birgə iştirakdan sonra Azərbaycan və Türkiyə prezidentləri Zəngilanda «ağıllı kənd» layihəsi çərçivəsində Ağalı kəndində görülən işlərlə tanışlıqdan sonra «Dost Aqropark»ın təməlini qoymuşdular. Türk və azərbaycanlı sərmayədarlar tərəfindən Zəngilanda həyata keçiriləcək “Dost Aqropark” layihəsi üç mərhələdə icra olunacaq. Layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikiləcək. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq.
Baş planı hazır olan şəhərlərin, xüsusilə Şuşa və Ağdamın minalardan təmizlənməsi prosesi sürətlə gedir. Ağdam ilk «ağıllı şəhər», Zəngilan ilk «ağıllı kənd» olacaq. Dövlət başçısı İlham Əliyev görülən işlərin fonunda bu reallığı da xüsusi qeyd edir ki, biz təkcə maliyyə deyil, eyni zamanda, texniki baxımdan, mütəxəssislər baxımından da müstəqilik. Heç kimdən yardım almamışıq.
Bərpa və quruculuq işləri çərçivəsində şəhərlərarası yolların da yenilənməsi əsasdır. Artıq həm strateji, həm də vətəndaşların ora qayıtması nöqteyi-nəzərindən bütün məsələlər həll edilir. Görülən işlərin, həyata keçirilən infrastruktur layihələrinin hamısını sadalamaq mümkün deyil. Dövlət başçısı bildirir ki, bu il nəzərdə tutulan layihələr arasında Ağalı kəndinin inşasının tamamlanmasını qeyd edəcəyik. Bu, pilot layihədir, bunun böyük rəmzi mənası var. Çünki artıq bu il ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaq və Ağalı kəndi elə bil bizim istədiyimizin təcəssümüdür: “Biz bu torpaqlarda hansı səviyyəni görmək istəyirik, insanlar üçün yaradılacaq hansı rahatlığı görmək istəyirik, bu layihədə öz əksini tapıb. Amma, eyni zamanda, bu, pilot layihədir. Bu layihə ilə bağlı gedən işlərə ondan sonra qiymət veriləcək, təhlil aparılacaq və növbəti layihələr əminəm ki, bütün bu təhlili nəzərə alacaq. Amma bu, çox böyük rəmzi xarakter daşıyır. Çünki belə çıxır ki, müharibədən heç iki il keçməmiş biz haradasa, yaz-yay aylarında Ağalı kəndinin sakinlərini artıq orada yerləşdirmək istəyirik. İki il keçmədən artıq qayıdış başlayır. Bunun çox böyük rəmzi mənası var.” Zəngilan Hava Limanının da bu il açılması nəzərdə tutulub. Orada da kifayət qədər iş yerləri açılacaq. İndi azad edilmiş ərazilərdə müxtəlif kənd təsərrüfatı layihələri icra edilir. Bu il 40-50 min hektarda əkin işləri nəzərdə tutulur. Bu, ərzaq təhlükəsizliyimizi təmin edəcək.
Ölkə Prezidenti bu məqamı da xüsusi qeyd edir ki, mənim bölgələrə səfərlərim çərçivəsində o bölgələrdən olan nümayəndələrlə də görüşlərim olur. Onlara da planlar təqdim edilib və birlikdə müzakirə edilir. Onlar öz şəhərlərini, kəndlərini necə görmək istəyirlər? Bu, mütləq nəzərə alınmalıdır: «Eyni zamanda, müasir tələblər nəzərə alınmalıdır, memarlıq nəzərə alınmalıdır. Biz, əlbəttə ki, memarlıq baxımından gözəl şəhərlər yaratmalıyıq. Burada gənclərin yaradıcı missiyası çox qəbul olunandır. Əminəm ki, gənclər həm real layihələrin icrasında, eyni zamanda, yeni layihələrin təqdim edilməsində fəal olacaqlar. Əsas olan budur ki, soydaşlarımızın Böyük Qayıdışı təmin edilsin və tezliklə o sevinci yaşasınlar.»
Dövlət başçısı qarşıya bu hədəfi qoyur ki, hər şey əsaslı olmalıdır. Həm tez edək, eyni zamanda, tələskənliyə yol verməyək. Çünki bu insanlar 30 il ağır vəziyyətdə yaşayırdılar. Biz elə şərait yaratmalıyıq ki, onlar bundan sonra rahat yaşasınlar.
Göründüyü kimi, dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə lazımi şəraitin yaradılması üçün bütün addımları atır. Bugünümüz üçün yeganə rəqib zamandır. Tezliklə bərpa işləri sona çatacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar, Azərbaycanın həyatında sözün əsl mənasında yeni mərhələ başlayacaq. Bu mərhələ həmin ərazilərin malik olduğu potensialdan səmərəli istifadə edərək dayanıqlı inkişafın təmin edilməsi olacaq. Onu da qeyd edək ki, Qarabağın tacı Şuşaya və Ağdama mütəmadi təşkil olunan avtobus reysləri bu ərazilərimizi görmək üçün gözəl imkanlar yaradır. Bu səfərlər, həmçinin təbliğat xarakteri də daşıyır. Bu baxımdan ki, bu torpaqlara səfər edən hər kəs erməni vəhşiliklərinin şahidi olur. İşğaldan azad edilmiş ərazilərimizə diplomatların, siyasi partiyaların təmsilçilərinin, mətbuat nümayəndələrinin mütəmadi səfərləri olur. Azərbaycan dövlətinin bu ərazilərin daha müasir tələblər səviyyəsində bərpasında maraqlı olması soydaşlarımızda böyük əhval-ruhiyyə yaradır. Belə avtobus reysləri digər bölgələrimizə də nəzərdə tutulur. Atılan hər addım Böyük Qayıdışı yaxınlaşdırır.
Yeganə
Əliyeva
İki sahil.- 2022.- 11 may.- S.7.