Dilimizi sevək ki!..
Elnarə Akimova: Ana dili milli təəssübkeşliyin,
milli düşüncənin formalaşmasının
düsturudur
Artıq
bir neçə gündür 2022-2023-cü tədris ili
üzrə birinci sinifə qəbulla bağlı Azərbaycan
bölməsi üzrə sorğuların yerləşdirilməsinə,
həmçinin dövlət ümumtəhsil müəssisələrinin
tədrisin digər dillərdə aparılan birinci siniflərinə
qəbulla bağlı müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə
başlanılıb. Övladının xarici dildə təhsil
almasını istəyən valideynlərin sayı artır. Bəs,
bu artım tendensiyasının səbəbi nədir? Mövzunu Yeni Azərbaycan Partiyası (YAP) İdarə
Heyətinin üzvü, ədəbiyyatşünas, tənqidçi,
filologiya elmləri doktoru, dosent, AMEA-nın Nizami adına
Ədəbiyyat İnstitutunda Uşaq ədəbiyyatı
şöbəsinin, “Ədəbiyyat qəzeti”nin ədəbiyyatşünaslıq
şöbəsinin müdiri, Azərbaycan
Yazıçılar Birliyinin üzvü Elnarə Akimova ilə
müzakirə etdik.
- Elnarə
xanım, məktəblərin xarici bölmələrinə
marağın artmasının səbəbini nədə görürsünüz?
Təhsil ocaqlarının rus bölmələrinə
şagird axınının sayı nəzərəçarpacaq
dərəcədə çoxdur. Məsələn,
özüm şahidiyəm ki, 2019-cu ildə 5 yaşlılar
üçün rus bölməsi üzrə
ayrılmış yerlər 3-4 dəqiqəyə tutuldu.
- Bu üstünlük bizdə yalnız son illərin göstəricisi sayıla bilməz. Məncə, Sovet dövründən bizdə rus dili mühitinə maraq daha güclü olub. Sonradan bu sıraya ingilis və digər dillər əlavə olundu. İnsanlarda belə bir düşüncə formalaşıb ki, sanki xarici sektorda təhsil alan uşaq daha dünyagörüşlü, yüksək nizam-intizama malik olur. Bir az da kompleks məsələsidir, deyə bilərik. Özlərini kübar, zadəgan tipində təqdim etmək şövqündən qaynaqlanır. Digər səbəblər də var, əlbəttə. Ali məktəbi bitirən məzunlar xarici dili bildikləri təqdirdə işlə daha rahat və asan təmin olunurlar. Valideyn də bunu bildiyindən elə kiçik yaş senzindən etibarən övladını xarici sektora yazdırır.
- Sizcə,
azyaşlıları yad atmosferə yönləndirən kimdir
və ya nədir?
- Uşaqlara kiçik yaşdan seçim imkanı tanımırlar. Onları yad atmosferə yönləndirən valideynləridir. Təhsildəki təmiz ekoloji mühit sağlam və milli ruhlu gəncliyin yetişməsi üçün çox vacibdir. Bəli, o uşaqlar hətta bir neçə xarici dilə sahiblənmiş olarlar. Amma milli təəssübkeşliyin, milli düşüncənin formalaşmasının düsturu birdir və onun yolu ilk təhsili ana dilində almaqdan keçir.
- “Hansı millətin
dilində təhsil alırsansa, o millətə məxsussan”
fikrinə münasibətinizi öyrənmək istərdik.
- Haradasa
doğru hesab etmək olar. Cəlil Məmmədquluzadənin
“Molla Nəsrəddin” jurnalında çap olunan “Rişədən
başlamalı” adlı bir məqaləsi var. Orada yazır
ki, əgər rişəni
baltalayıb ona zərər yetirə bilsək, qol-qanad onsuz da
öz-özünə quruyub məhv olacaq. Yoxsa
nə qədər ki, rişə sağ-salamatdır, ağac
hələ dayanıb duracaqdır. Yəni,
ilk təhsil çox önəmlidir. Xalqına,
millətinə bağlı, tarixini və ədəbiyyatını
bilən insanlar yetişdirmək istəyiriksə ilk təhsilin
ana dilindən başlamasını nəzərə
almalıyıq.
Bir məqama xüsusi diqqət çəkmək istəyirəm. Dil bilikləri
ayrı, ilk təhsilin xarici dildə əxz olunması ayrı
məsələlərdir. Məsələn,
Pakistanın mənəvi lideri və ideoloqu, eyni zamanda, ən
böyük milli şairi Məhəmməd İqbal Kembric
Universitetini bitirib. Bizdə XX əsrin əvvəllərində
də, ondan əvvəl də milli aydınlarımız bir
neçə xarici dil biliblər. Təhsillərini
mükəmməlləşdirmək üçün bir
neçə xarici ölkənin universitetlərində
oxuyublar. Əhməd bəy Ağayev, Məhəmməd
ağa Şahtaxtinski Fransanın Sarbon Universitetini bitirib.
Peterburq və İstanbul Universitetində təhsil alan
Əli bəy Hüseynzadə 7 xarici dili mükəmməl səviyyədə
bilib. O qədər mükəmməl ki, Türkiyədə nəşr
olunan almanca-fransızca lüğəti redaktə edib.
Ötən əsrin əvvəllərində xarici dildə
təhsil almaq prosesi ümumiyyətlə, çox intensiv,
ardıcıl olub. Amma XX yüzilliyin əvvəllərində milli mədəniyyətin
dünyaya açılması, ona məhz yeni mərhələyə
keçid üçün, “böyük sintez işi
üçün” lazım olub; Avropaya pərvaz etmək və
yenidən Şərqrə qayıtmaq üçün
lazım olub… Bu təmasa mədəniyyətin
özünün qeyri-milli ölçülərdən
yanaşmaq cəhdləri yox idi. Əksinə, o dövrdə
ədəbiyyatın özünün pafosu ifrat, aludəçi,
milli düşüncəyə xələl gətirə bilən
hər hansı neqativ meyillərə qarşı yönəlmişdi. Yada salaq:
Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesi və
bu xüsusda dillə bağlı yazdığı publisistik məqalələri,
felyetonları, Mirzə Ələkbər Sabirin eyni məramı
aşılayan şeirləri, yaxud dünya ədəbiyyatını
böyük əzm və inadla təbliğ edən Əli bəy
Hüseynzadənin bu mövzuda manifest xarakterli fikrini: “…
türklük və islam dairəsində tərəqqi etmək
istəriz. Biz arzu edəriz ki, bizim tərəqqimizə baxıldıqda, … türk və müsəlmanlar
nə gözəl tərəqqi ediyorlar denilsin. Yoxsa “türklər,
müsəlmanlar irtidad ediyor, firəngləşiyorlar” denilməsin”!
Yəni, bütün hallarda bir amal vardı: “Vətən, millət,
dil”. Yəni manifest bu idi.
- Bildirdiniz ki, bünövrə milli
şüurun təməlini qoymalıdır. Kiçik
yaşlarından fərddə formalaşmış baza,
hansı ki, orada nə Nizami, nə Füzuli, nə Sabir var. O
zaman həmin fərd kökündən ayrı
düşmürmü?
- Bu
gün ən böyük bəlamız elə bu deyilmi?! Hətta ədəbiyyatın özündə belə
gənc nəslin klassikadan nə qədər aralı
düşdüyünün şahidiyik. Səbəb
Qərbə meyillilik, orada yaradılan ədəbiyyata aludəlikdir.
Bu, ağrılı bir prosesdir. Yadıma
Hüseyn Cavidin 1915-ci ildə yazdığı bir məqalə
düşdü: “Àvrîpà yîlunu tànır-tànımàz, bir də frànsız müqəllidliyi meydàn àldı. Həm də frànsızlàrın àz-çîõ
ciddi və məhàrətli
ədəbiyyàtı
deyil, hîppà, dəyərsiz və
çürük əsərləri təqib îlundu, tərcümə edildi və
özlərindən õüsusi
əsər yàzànlàr belə bir dürlü təqliddən yàõànı sıyırà bilmədilər. Həm də əskilik ilə yeniliyi, əcəmlik
ilə frànsızlığı
qàrışdıràràq iki çürük, iki əõlàqsız uçurum àràsındà qàldılàr”.
Halbuki, milli baza öz ədəbiyyatımız
olmalıdır. Bu mənada, möhtərəm
Prezidentimiz ard-arda çox mühüm sərəncamlara imza
atmaqla milli ədəbiyyata qayıtmaq üçün
yaxşı fürsət qazandırır. Klassik ədəbiyyatın
latın qrafikası ilə kütləvi nəşri, “Nəsimi
ili”, “Nizami Gəncəvi ili”, “Azərbaycan Xalq Cümhiriyyəti
ili”, Əhməd Cavad, Əli bəy Hüseynzadə, Cəlil
Məmmədquluzadə və başqaları ilə
bağlı verdiyi hər qərarla xalq öz milli kimliyinə
boylanmağa nail olur.
Amma bir də var təməldən sən bu sənətkarları
tanımadan böyüyürsən. Bu, çox
acınacaqlı vəziyyətdir. Əlbəttə,
seçim imkanı hər valideynin özünə məxsusdur.
Heç kəsin qarşısına keçib təzyiq
göstərmək mümkün deyil. Buna yalnız tədrisin
özündə müəyyən ayıq-sayıq
davranışlara, dürüst ideoloji taktikalara varmaqla nail ola bilərik. Məsələn,
necə? Xarici dil sektorunda təhsil alan
uşaqlar üçün eyni saat nisbətində Azərbaycan
dili və ədəbiyyat dərslərini də bərabərləşdirməklə.
Qoy hər bir uşaq dilini bilsin, ona sevgi ruhunda
böyüsün. Yaxud ədəbiyyat yaradan
tarixi şəxsiyyətlərini tanısın, əsərlərini
öz dilində mütaliə eləsin. Belə
olan halda milli varlıq gücünü itirməz, milli idrak
kasadlıq yaşamaz, milli təəssübkeşlik hər
yetişən nəslin canında, qanında özü ilə
birlikdə rişələnər. Bilirsizmi,
etnomədəni sistem var. Etnomədəni sistemi qoruyan amil təbii
ki, ana dilidir. Bura etmnomədəni
yaddaş amilini də əlavə etməliyik. Və bu etnomədəni yaddaş məncə, ən
əvvəl uşaq yaddaşının saflığına
borcludur. Onu zədələmək millətin
bütövlüyünü, milli kimliyini zədələyə
bilər. Onu qorumaq isə bünövrədə
daha önəmlidir. Etnomədəni sistemi
qorumaq qloballaşmanın xüsusən milli dil üzərindəki
təhdidlərini dəf etməkdə də
yardımçı olar.
- Elnarə xanım, bəs
ziyalılarımız daha çox hansı dildə mütaliə
edirlər?
-
Ziyalılarımız daha çox rus dilində mütaliə
edirlər. Əsasən, yaşlı nəsil
rus dilində, nisbətən yeni nəsil ingilis dilində
mütaliə edir. Bizdə ingilis dilini bilən
mütəxəssislərin azlığı bədii tərcümə
prosesində problemlər yaradır. Tərcüməni
əsasən ikinci dil kimi, rus dilindən etməli oluruq. Bir var ingilis yazıçını orijinaldan tərcümə
edəsən, bir də var həmin yazıçının
rus dilinə çevrilmiş mətnini milli dilə çevirəsən.
Təbii ki, hər dəfəsində orijinal mətn
nələrisə itirir.
- Dilimizə tərcümə olunan
xarici ədəbiyyatlar bir oxucu kimi sizi qane edirmi? Son oxuduğunuz, tərcümə baxımından
ürəyinizcə olan hansı nəşrlərin
adlarını çəkmək istərdiniz?
- Qane edənlər
də var, etməyənlər də. Aslan Quliyevin tərcüməsində
Dino Bussatinin “Tatar çölü”, Seyfəddin Hüseynlinin
tərcüməsində “Aqibət duyğusu”, İlqar
Əlfioğlunun tərcüməsində Joza Saramaqonun
“İsanın incili” romanı, Cavanşir Yusiflinin tərcüməsində
Patrik Züskindin “Ətriyyatçı” və Alber Kamyunun “Yad”
romanları, Kamran Nəzirlinin tərcüməsində Herman
Melvilin “Mobi Dik”, Vilayət Hacıyevin tərcüməsində
Henrix Böllün “Kişisiz ev”, Həmid Piriyevin tərcüməsində
Marsel Şvobun “Uşaqların səlib
yürüşü” əsərləri
və s. Son oxuduqlarımdan uğurlu tərcümə kimi xatırladıqlarım
bunlardır.
- Azərbaycan dilli məktəblərdə
təhsilin, tədrisin səviyyəsi barədə nə deyə
bilərsiniz? Bu sualı ona görə verirəm ki, valideynlərin
böyük əksəriyyəti tədris prosesinin
ağırlığından şikayətlənirlər...
- Bu, bir qədər
ayrı, geniş cavab və təhlil tələb edən
mövzudur. Bircə bunu deyə bilərəm ki, dərsliklərimizin
özlərinin də dilində səlistlik yaratmağa ehtiyac
var. Mən bu barədə “Gəlin narahat olaq: dərsliklərdəki
problemlər, ədəbiyyatdan uzaq salınan uşaqlar”
adlı məqaləmdə fikir bildirmişəm. Sorğu və müzakirə saatlarında təkliflərimi
səsləndirmişəm. Yaxşı tərəfləri
ilə bərabər irad kimi göstərdiyim cəhətlər
də olub. Ümumən isə təhsilin
ağırlığından şikayətlənməyə dəyməz.
Yeni dəyərlər sisteminə inteqrasiya
edirik. Təbii ki, çətinliklər,
ağırlıqlar olacaq və olmalıdır. Ümumiyyətlə, təhsilimizin səviyyəsi
ilə bağlı bədbin olmaq üçün ciddi səbəblər
yoxdur.
Günel Eyyubova
İki sahil.- 2022.- 11 may.- S.11.