Niyə pərişandı halların, dağlar?!

 

Əhməd Cavad yaradıcılığında folklor düşüncəsi

 

Dünya ədəbiyyatında ən yadda qalan əsərlərin müəllifləri xalqa çatdıracaqları ən vacib fikirlərini hər zaman xalqının yaradıcılığına – folkloruna müraciət etməklə həyata keçirmişlər. Bu məqam Azərbaycan ədəbiyyatında da belədir. Ədəbiyyatımızda bir çox sevilən və unudulmaz əsərlərin əsasında xalq yaradıcılığımız sütun olaraq dayanır. O cümlədən istiqlal şairi Əhməd Cavad əsərlərinin də əsas qaynağı milli düşüncənin əks olunduğu folklorumuzdur. Əhməd Cavad bir çox əsərlərində xalq ədəbiyyatına geniş formada müraciət etməkdən nəinki çəkinmir, hətta bunu özünə fəxarət bilirdi. Onda atalar sözü və zərbi-məsəllər silsilə təşkil edirdi. Ə.Cavad ən qatı əleyhdarlarına üzünü tutub “İman! Sizə” – deyirdi.

Elə oradaca bildirirdi ki,

Mən bir dəfə inandım ki, “Ot kökünün üstə bitər!”

Həqiqətmi, xəyalmı bu? – nə isə, bol-bol yetər!

Ə.Cavad xalq təfəkkürünün məhsulu olan nə varsa onu özünün yaradıcılıq qaynağı hesab edirdi. Şarin qəlbini titrədən məsələ uşaqlıqda anasının ona söylədiyi nağıllar, əfsanələr sonradan da onun xalq təfəkkürünün məhsulu olan folklora sevgisini daha da alovlandırıb. Odur ki, şeirlərini mütaliə edərkən xalqın yaradıcılığından geninə-boluna bəhrələnməni aydın müşahidə edirik. Mərasim düşüncəsilə bağlı qədim təfəkkürün məhsulu olan ayin-ritual və bayramlar şair üçün çox dəyərli və əziz idi. Bu coşqu da onu elə bu mövzunu ifadə edən bir neçə şeirinin yaranmasına səbəb olub. Şeirləri yazmaqda-yaratmaqda şairin məqsədi təkcə onun qəlbini oxşayan mövzuda şeir yazmaq deyil, həm də mərasim faktı ilə bağlı qədim təfəkkürdən qaynaqlanan məqamları yazılı faktla - şeirlə gələcəyə ötürmək idi. Ona görə də Ə.Cavadın vətənpərvərlik – türkçülük qanında axan vətəninə, millətinə xas olan nə varsa onu qorumağın labüdlüyü idi . Xalq təqvimi ilə bağlı qədim etnik düşüncəni şair poetikləşdirərək qorumağın vacibliyini nəzərə alıb, bu səpkidə maraqlı şeirlər də ərsəyə gətirib  “Novruz şeirləri” başlığı altında – Çillə şərqisi, Yaza xitab, Böyük çillə, Kiçik çillə,  Xıdır Nəbi, Yel baba, Qarının borcu, Boz ay, Dördatlı Yenicə gün, Dörd çərşənbə - birinci, ikinci, üçüncü, dördüncü çərşənbə adlı şeirləri ilə qədim təsəvvürümüzdəki Novruz düşüncələrini şeir dili ilə təsvir etmişdir.

Əhməd Cavadı həmişə doğma yurdunun əsrarəngiz təbiəti heyrətləndirib. Bu heyrətin əsasında şairin elə uşaqlıq çağlarında, hətta atasının dünyasını dəyişdiyi illərdə gördüyü yuxular da dayanırdı.  Şair onların kəndində mövcud olan bir qalanın tarixini, onun mahiyyətini öyrənmək istəyinin onu elə azca yaşlarından narahat etdiyini deyərdi. Bu narahatlığı biz onun əsərlərində də aydınca duyuruq.

Şairin ruhunda əfsanə janrı dərin kök salıb. Bunu əsərlərində əfsanə motivləri ilə bağlı məqamların əksində də görürük. Məlumdur ki, əfsanələrdə çevrilmə motivi aparıcı mövqedədir. Qədim türk, bu kontekstdə də Azərbaycan əfsanələrindəki daşa, quşa çevrilmə öz əksini tapır. Ə.Cavad da  bu məqamı elə kiçik yaşlarından anasından eşitdiyi əfsanə mətnlərindən, necə deyərlər, gözaltı etmişdir. Şeirlərində bu məqam öz bədii əksini tapır:

Keçdiyin yerlərdə bir daş olaydım,

Öpəydim yorulmaz ayaqlarından.

Sevgin əmr edəydi, bir quş olaydım,

Vətənin hilalsız bucaqlarından, -

Yıldızsız göyündən şikayətim var!

O qədər ki dərdə, bir quş nə yapar?!

Yaxşı ana oğlu üçün Gəncə ilə bağlı saysız rəvayətlər, əhvalatlar danışarmış. O, həmçinin Gəncədə məşhur olan el deyimlərindən də yeri gəldikcə Cavad üçün oxuyurmuş. Bu sözlər Cavadın könlünə çox yatırmış. Gəncə ilə bağlı Cavadın ürəyi dolu idi. Cəncənin təbiətinin və bu təbiətin formalaşdırdığı insanın gözəlliyi onun gənc şair qəlbini tüğyana gətirərək bir-birindən diqqətçəkən şeirlərin yaranmasını şərtləndirirdi. Cavad üçün Gəncə bir vətən torpağı deyil, yüksək mənəvi-əxlaqi dəyərlərin mühafizəkar şəkildə qorunduğu bir məkandır. Və bu dəyərləri ifadə edən xalq hikməti də Ə.Cavad qəlbini riqqətə gətirmişdir.

Anası Yaxşı xanım Cavadın kiçik yaşlarında ona xalq dilində olan deyimlərdən, poetik örnəklərdən o qədər çox oxuyarmış ki, Cavad da günlərini bu örnəkləri eşitmədən keçirməzmiş. Xalqın dilində əzbər olan, o zamanlar çox ifa olunan poetik nümunələri bəzən Cavad öz təbinə, öz təfəkkürünə uyğun dəyişərmiş. Bunlardan biri də “Gəncədən gəlirəm yüküm xurmadı” misrası ilə başlayan qoşmadır. Bu qoşma Cavada məxsus olmasına baxmayaraq təməlində xalq təfəkkürü dayanır.

Gəncədən gəlirəm yüküm xurmadı,

Gəncənin yolları burma-burmadı.

Gəncədə bir qız var, teli durnadı,

Günəşə sən çıxma, mən çıxım deyir!

Xalq dilində isə bu mövzuda başqa şeir var idi:

Gəncədən gəlirəm, yüküm üzümdü,

Gəncənin əsgəri düzüm-düzümdü.

Bir əmim qızı var, iki gözümdü,

Heç kimə vermərəm, mən özüm allam,

Şirin qadasını canıma sallam.

Tədqiqatçı Ə.Saləddin də yazdığına görə, Ə.Cavad bu şeirin nəqarətində olan “Bir əmim qızı var iki gözümdü, Özgəyə vermərəm, mən özüm allam!” misralarını bəyənməmişdir. Burda məqsəd əmiqızı ilə ailə qurmağa Ə.Cavadın münasibətidir ki, o, buna qarşı olmuş, odur ki, şeirin sonuncu misralarını tamamilə dəyişmişdir.

Ə.Cavad yaradıcılığında bayatı janrının xüsusi yeri, bu janra olan xüsusi və dəruni münasibət aydınca görünür. O, bayatını o qədər sevirdi ki (təbii bu tükənməz sevginin banisi anası Yaxşı xanım idi), demək olar ki, yaradıcılığının hər mərhələsində bu xalq şeir şəklini şeirlərinə qaynaq, əsas məxəz edib. Və ya bayatı yaratmaqdan zövq alıb. Ə.Cavadın bayatılarını zamanında Gəncədə fəaliyyət göstərən aşıqlar da ifa ediblər:

Mən aşiqəm, Gəncə bağı,

Yeməyə Gəncə bağı.

Almağa Tiflis gözəli,

Gəzməyə Gəncə bağı!

 

Baba, mən Qazan oldum,

Qorqud tək yazan oldum,

Uzanı çala-çala

Dönübən ozan oldum.

 

Mən aşıq qatarım var,

Qopuz, saz, dutarım var!

Üzməyə bir sandalım,

Çalmağa setarım var!

Şairin bir çox bayatılarında yer, yurd adları, toponimlər öz əksini tapır. Bu bayatılarda Gəncəbasarda olan qalalarla bağlı düzgülər mühüm əlamət kimi nəzərə  çarpdırılır. Doğma yurduna məxsus yer-yurd adlarının ərsəyə gətirdiyi bayatılara gətirməklə şair onu təkcə özünün deyil, həm doğma yurdunun “malı edir”:

İgid elin qalası,

Qalasıdır, alası.

Dədəm Qoquddan qalıb

Qazandurmaz qalası!

Eləcə də digər bayatılarında da “Comərd qalası”, Oğlan qala, Qız qala kimi toponimlərin əks etdirməsində məqsəd şairin bütün ruhunu sarmış  vətən sevgisidir:

Dağılmaz qala qalıb

Görənin əqlin alıb,

Üzə Şuşa qalası,

Şüşədən rübənd salıb!

Ə.Cavadın şeirlərindən ibarət toplularda tədqim olunan, lakin bu bayatıların şairə məxsus olub-olmadığına bəzi hallarda şübhə ilə yanaşılan bayatıları da vardır. Lakin bu bayatıların hər misrası ruhu xalq yaradıcılığı ilə formalaşan şairə məxsus olduğu göz qabağındadır:

Yazı yazdım yaz idi,

Qələmim bəyaz idi.

Qınama, bəy əfəndim,

Mürəkkəbim az idi

Bir bayatıda isə oğlu Niyazinin adını çəkir:

Niyazi – qara kədi,

Südün üzünü yedi.

Qəbahət annesində,

Dolabı kitləmədi.

Qeyd edək ki, bu bayatılar şairin vəfalı ömür-gün yoldaşı Şükriyyə xanımın dilindən yazıya alınıb.

Şairin bayatılarının bəzi misraları hərdən 7 deyil, 8 ya da 9 hecalı da olurdu:

Mən aşıq tabım var,

İlhamım var, təbim var.

Loğmanlardan dərs almışam,

Zər dolu kitabım var.

Ə.Cavad xalq yaradıcılığına olduqca vurğun idi. Xalq təfəkküründə onun yaşam tərzini ifadə edən örnəklər, o cümlədən  təsərrüfatla əlaqəli xalq düşüncəsinin dərinliyi onu hər zaman təəccübləndirirdi. Qoyunçuluqla bağlı sayaçı sözlərinə şairin əsərləri sırasında təsadüf etmək mümkündür. Ə.Cavadın xalqın yaşayış tərzinin təminatçısı olan təsərrüfatının da xalq təfəkkürü ilə bəzəndiyini təqdirəlayiq hesab etməsi onun da yaradıcılığında sayaçı sözlərın yaranmasını şərtləndirirdi:

İnsanların ruzuları,

Şirin-şirin arzuları

Qumral, təpəl quzuları

Dörd yanına düzər qoyun.

Elin dövləti, malı olar,

İsti, yumşaq şalı olar.

Əlvan-əlvan xalı olar

Otaqları bəzər qoyun.

Ə.Cavad ömür-gün yoldaşı Şükriyyə xanıma çox bağlı idi. Onu sevdiyini və ona vəfasını yazdığı şeirlərdə da aydınca ifadə edir. Bu baxımdan “Şükriyyəm üçün”, “Gözüm yoldadır “ şeirləri diqqət çəkir. Şükriyyəm üçün şeirində yazır:

Bir gülsən, dərmişəm gənclik bağından,

Bir gülü, çiçəyi dərmərəm sənsiz.

Kam aldım ömrümün oğlan çağından,

Bir bağa, bağçaya girmərəm sənsiz.

Digər – “Gözüm yoldadır” şeirində şair Şükriyyədən ötrü darıxdığını, ona görə varını-yoxunu qurban verdiyini və hər zaman da buna hazır olduğunu yazır:

Mən ki, verdim sənə həm var-yoxumu

Qəlbimə sapladın hicran oxunu.

Yastığından aldım gözəl qoxunu

Yastığın gül qoxar, gözüm yoldadır.

 

Ey vəfasız, sənin ürəyin daşdan,

Neyçin söyləmədin, gülüm, bu başdan,

Yarı az sevirəm qohum-qardaşdan,

Qohumlu bəxtəvər, gözüm yoldadır.

Və şairin insan sevgisi, eləcə də ömür-gün yoldaşına vəfa və sədaqəti, sarsılmaz sevgisi xalq təfəkkürünün dərinliyində yaşayan məhəbbət dastanlarının qəhrəmanlarının yaşadıqları əfsanəvi sevgini xatırladır.

Əhməd Cavadın ən çox müraciət etdiyi şeir şəkillərində qoşma janrı da aparıcı yerdədir. Şair özündən qabaq yazıb yaradan görkəmli aşıqların, o cümlədən Aşıq Ələsgər məktəbinin demək olar ki, mahir bilicisi idi. Aşıq Ələsgər və dərd-məlalını dağlara müraciətdə ifadə edən aşıqların ənənəsindən qaynaqlanaraq o da dağlara üz tutub öz qəlb göynərtilərini ifadə etmişdir. Bu məqamla bağlı olaraq şairin “Dağlar” şeiri olduqca maraqlıdır. Bu şeirində şair Ələsgərin “Bir ay yarım nobahardan kåçəndə…” misrası ilə başlayan “Dağlar” qoşmasındakı ümummilli ağrı nəticəsində dərk olunan məqamları göstərir. Necə ki Ələsgər:

Hanı mən gördüyüm qurğu-büsatlar?!

Dərdməndlər görərsə, tåz bağrı çatlar;

Mələşmir sürülər, kişnəşmir atlar;

Niyə pərişandı halların, dağlar?! - deyirsə və bütün gileyinə ikinci bənddən etibarən başlayırsa, Ə.Cavad isə elə ilk bənddən başlayaraq  milli mövcudluq uğrundakı mübarizələrdə qarşılaşdığı təzyiqlərə qarşı zamanın hər çağında mücadilə aparan xalq qədər başı bəlalar çəkmiş dağlara sanki ağı deyir:

Dərdli sinəndəki əski cığırlar,

İnsan üzlərinə bənzər, a dağlar!

Bu ağır, üzücü baxışın mənə

Qanlı əfsanələr söylər, a dağlar!

Ə.Cavad əsərlərinə aşıq yaradıcılığı ənənələrinin hopması təbiidir. Ə.Cavad aşıq yaradıcılığına təkcə bələd deyil, həm də onu sevən, ondan yaradıcılığında tam uyğunluqla bəhrələnən şair idi. Onun yaradıcılığında aşıq yaradıcılığına müraciət, bu qiymətli mənbədən qaynaqlanma aydın sezilir. Bu da heç də təsadüfi deyil: şairin doğulub, böyüyüb boya-başa çatdığı Şəmkir torpağının aşıq yaradıcılığının aktiv mühitlərindən olması, həm də anası Yaxşı xanımın şairin bu ruhda formalaşmasında xidməti böyükdür.Xalq şeir şəkillərindən olan bayatı, gəraylı, qoşmadan istifadə etməsi şairi aşıq yaradıcılığına sıx tellərlə bağlayır. Müxtəlif vaxtlarda Ə.Cavadın peşəkar folklorçu kimi fəaliyyəti də danılmazdır. Tədqiqatçı Əli Saləddinin yazdığına görə: Ə.Cavad “...el yaradıcılığının dönməz aşiqi kimi onlarla aşığın yaradıcılıq nümunələrini bir folklorçu səriştəsi ilə toplamışdır. Bunlardan Aşıq Abbas Tufarqanlı, Aşıq Pəri, “Əsli və Kərəm”dastanı, Aşıq Kərəm, Aşıq Dilqəm, Aşıq Hüseyn Bozalqanlı, Molla Cümə, Aşıq Ələsgər və daha neçə-neçə aşıqların yaradıcılıq nümunələrini, dastan şeirlərini göstərmək olar”.

Dünyaya gəldiyi gündən anasından duyduğu laylaların sədasından ruhuna vətən sevgisi dolan Əhməd Cavad bir şeirində yazır:

Bəzən olur

Həyatımın dağlarını duman alır.

O gün olur sənin titrək laylan yollarıma işıq salır.

Sənin məmnun olduğun gün

Ruhum məndən məmnun qalır,

İnandım ki, cənnət sənin ayağının altındadır .

Mifoloji təfəkkürlə bağlı məqamlar da Ə.Cavad yaradıcılığında əks olunur. Qədim türk mifoloji dünyagörüşündə yer alan Mələk, İblis, Xızır kimi obrazlar şairin əsərlərində poetikləşərək oxucuya təqdim olunur.

Ümumiyyətlə, Ə.Cavad xalq yaradıcılığına böyük sevgi ilə yanaşan şəxsiyyət idi. Folklor stixiyasını bədii mətnə gətirmək yazılı ədəbiyyat nümayəndəsindən təkcə məharət deyil, bədii mətnə gətirəcəyi folklora sevgi, həmin folklorun dərin köklərinə bələdlik də tələb edir. Sadalananlar da Ə.Cavad şəxsiyyətində hökm sürən məqamdır. Ona görə də şairin folklora müraciəti olduqca təbii, təbii oduğu qədər də peşəkarcasına idi.

 

Aytən Cəfərova,

AMEA Naxçıvan Bölməsi İncəsənət,

Dil və Ədəbiyyat İnstitutu

Fil.ü.f.d., dos.

 

İki sahil.- 2022.- 11 may.- S.12.