“Burdan min atlı
keçdi...”
İrəvan Dövlət Azərbaycan
Dram Teatrının tamaşası haqqında
Yazıçı, dramaturq, şair
Hidayətin imzasını 50 il bundan əvvəl
tanıyıram. Onda hələ Ağdaş
rayonunda bir kənd məktəbində oxuyurdum. Ədəbiyyat müəllimi olan atam hər həftə
“Ədəbiyyat və İncəsənət” (o zaman belə
adlanırdı) qəzeti alırdı və həmin qəzetin
ayrı-ayrı saylarında onda hələ İrəvanda
yaşayan İrəvan Dövlət Azərbaycan Dram
Teatrının direktoru olan Hidayətin məqalələrini
maraqla oxuyurdum. Bakıya təhsil almağa gələndən
sonra ədəbi-bədii yaradıcılığı ilə
tanış oldum. Nəhayət Bakıda,
İstanbulda çox görüşdük. Bu
görüşlər zamanı ədəbiyyat, incəsənət,
şeir, sənət, siyasət barədə çox
maraqlı söhbətlərimiz oldu və mən həmişə
bu söhbətləri məmnuniyyət hissləri ilə
xatırlayıram...
Bu “Tarixi-Nadiri” yazmaqda məqsədim var. Bu günlərdə
İrəvan Dövlət Azərbaycan Dram Teatrının
Hidayətin “Burdan min atlı keçdi...” kitabı əsasında
hazırladığı eyni adlı tamaşaya baxdım. Tamamilə səmimi
deyirəm, son zamanlar belə maraqlı, aktyor oyunu ilə zəngin
və məzmunu ilə məni valeh edən səhnə əsərinə
tamaşa etməmişdim. Tamaşa o qədər
diqqətlə izlənilirdi ki, salondakıların yalnız
sürəkli alqışları eşidilirdi. Hər şeydən əvvəl tamaşada
böyük azərbaycanlı Heydər Əliyevin obrazı
canlandırılırdı. Və Heydər
Əliyev obrazını əvvəllər də yüksək
sənətkarlıqla yaradan istedadlı aktyor, əməkdar mədəniyyət
işçisi İftixar Piriyev tamaşaçıları bir
daha heyrətə saldı. Bəli, biz səhnədə
Heydər Əliyev şəxsiyyətini sanki canlı
görürdük. Böyük rəhbərin,
Ümummilli Liderin Azərbaycan dövləti, Azərbaycan
xalqı üçün nələr etdiklərinin, ermənilərlə
ölüm-dirim mübarizəsinin bir daha şahidi olduq.
Səs də onunku idi, yeriş-duruş da, mübarizə əzmi,
qalibiyyət, həmişə birinci olmaq, əzəmət də!
Sözlər, jestlər hamısı yerli-yerində
idi. Aktyor İftixar Piriyev (o, həm də teatrın
direktorudur) doğrudan Heydər Əliyev obrazında nə qədər
möhtəşəm görünür!..
Bu fikirlərimə inanmaq istəyirsinizsə,
tamaşaya baxmağınız kifayətdir.
Yazının əvvəlində Hidayət müəllimlə
tanışlığım və sonrakı əlaqələrim
haqqında qeydlər etməyimin bir səbəbi də ondan
ibarətdir ki, tamaşada Ədib obrazı məhz Hidayətin
özüdür. 1968-ci ildə Sovet Ermənistanı qəzetində
işləyəndə o İrəvan Dövlət Azərbaycan
Dram Teatrına direktor vəzifəsinə təyin olunarkən
(Ədib) Ermənistan KP MK ideologiya üzrə katibi ilə
görüşür. Katiblə Ədibin
arasında qısa söhbət olur. Katib
Ədibdən erməni dilini bilib-bilmədiyini soruşur.
Ədib “bir az bilirəm” cavabını verəndə
Katib “yaxşı öyrənmək lazımdı, cavan
oğlan. Siz erməni kollektivinə gedəcəksiniz.
Erməni dilini bilmədən burada işləmək
çətin olacaq. Bura Ermənistandır. Paytaxtdır. Yerəvandır” –
deyir. Ədib isə “İrəvan...” – deyə
xatırladır. Bu cavab Katibə toxunsa da
özünü o yerə qoymur. Sonra Katib
Ədibin şeir yazdığını da eşitdiyini deyir.
Şeir barədə də qısa söhbət
edirlər. Nəhayət, Xaçaturyan
öz əlaltısı olan katibəsini Ədibə
“sırımaq” istəyir. Əlbəttə,
Ədib ona fikir vermir, katibəyə gözünün ucu ilə
də baxmır. Ədib obrazını
aktyor Natiq Həziyev, Katib obrazını isə əməkdar
artist Sərvər Əliyev böyük məharətlə
oynayırlar. Səhnədə az
görünən katibə obrazını aktrisa Güney
Əliyeva yüngül əxlaqlı erməni qızın
düşük hərəkətlərini
tamaşaçıya həyatda olduğu kimi göstərə
bilir.
Katiblə
görüşdən sonra Ədibi Mədəniyyət
Nazirliyinə yola salarkən köməkçi Asmik soruşur
ki, “o boyda teatrda necə işləyəcək görəsən?”. Katib deyir ki, “işləsin,
baxarıq. Buynuzları çıxar, əzərik.”. Asmik “mən başa düşə
bilmirəm, niyə biz bu Türklərə belə üz
veririk? Ümumiyyətlə, nəyə
lazımdır, burda onların teatrı?” – deyə donquldanır. Robert
Koçaryan da nə cavab versə yaxşıdır? “elə bilirsən bizim ürəyimiz gedir onlar
üçün? Axı, biz də Azərbaycanda
erməni teatrı açmaq istəyirik. Heydər
Əliyevin gəlişi bu məsələni dayandırdı.
O, məsələnin mahiyyətinə varmayınca heç nə
etməyəcək. Bircə Bakıda o
teatrı aça bilsəydik, ora erməni
ideologiyasının mərkəzinə çevriləcək,
Stepanakertdəki teatr kimi...Sən belə şeyləri bilməzsən,
axçi”.
Baxın,
müəllif ermənilərin iç üzünü belə
açır...
Sonra Ermənistan KP MK-nın birinci katibi Robert
Koçinyan köməkçisindən Heydər Əliyevin
kimliyini soruşur. O da cavab verir ki, “təhlükəsizlik orqanında
çalışıb. 46 yaşı var.
Çekistdir. Əslən Ermənistanlıdır.
Zəngəzurludur, Sisyandandır”.
Koçinyan
“hm... Heyf... vəzifədən gedən birinci katib
üzüyola adam idi, bizə qulaq
asırdı. Heç vaxt torpaq iddiasına yox
demədi. Bu necə olacaq, görəsən,
ondan torpaq qoparmaq mümkün olacaqmı?” – deyə düşüncələrə
dalır.
Heydər Əliyevin hakimiyyətə gəlməsi
münasibəti ilə Koçinyan zəng edərək onu təbrik
edir. Heydər Əliyev də İrəvanda
soyadaşlarımızın vəziyyəti ilə
maraqlanır. Koçinyan “işləyirlər,
yaşayırlar, mehriban şəraitdə. Şikayətləri yoxdur, gözümüz daim
üstlərindədir” – deyir. Heydər
Əliyev “bizim teatrın kollektivi necə, problemləri yoxdur
ki?” – deyə soruşur. Koçinyan da riyakarcasına cavab verir ki, “xeyr,
yoldaş Əliyev! Onlara yaradılan şərait
heç öz teatrlarımıza yaradılmayıb, təkcə
bina məsələsi qalıb...” cavabını verir. Heydər Əliyev “yəni, o boyda İrəvanda bir
bina tapılmadı ki, verilsin teatra? Əgər
imkanınız yoxdursa, biz gələk öz hesabımıza
bir bina tikib verək onlara” deyir.
Koçinyan Heydər Əliyevi İrəvana dəvət
edir, Heydər Əliyev razılaşmır, “sərhəddə
görüşərik” – deyir. Koçinyan “mən
sizi Dilicana dəvət edirəm, Heydər Əlirza oğlu,
indi, bu yayın cırhacırında ən gözəl yer
oradır” – fikrini irəli sürür. Heydər
Əliyev: “Yenə səni gördüm Dilican dərəsi,
yadıma çox qədim zamanlar gəlir... Səməd
Vurğunun şeiridir. Mən də çox
keçmişəm o yerlərdən... Ancaq əvvəlcə
Qazaxda görüşərik, sonra Dilicana...” təklifini verir.
Telefon danışığı bitir. Sonra Koçinyan əlavə edir ki, “çox zəhmli
səsi var”.
Yeri gəlmişkən
deyim ki, Koçinyanın köməkçisi rolunu teatrın
aktyoru Samir Əliyev oynayır və hər ləhzədə,
bütün hərəkətlərində erməni xislətini
göstərə bilir.
Ermənistan Mədəniyyət Nazirliyində
keçirilən kollegiya səhnəsi də maraqlıdır. Nazir xanım teatrların rəhblərini
bir-bir qaldırıb danlayır ki, nə iş
görmüsünüz? Amma İrəvan
Dövlət Azərbaycan Dram Teatrının fəaliyyətini
tərifləyir. “Arşın mal alan”
tamaşasını və başqa səhnə əsərlərini
müvəffəqiyyətlə nümayiş etdiklərini nəzərə
çatdırır. Ədib həmin kollegiyada
teatrın maddi bazasının zəif olduğunu, hələ
də teatra bina ayrılmadığını nazirin diqqətinə
çatdırır. Nazir isə susur.
Ermənistan Mədəniyyət naziri rolunda əməkdar
artist Xatirə Süleymanova kobud, özündən razı erməni
nazirin obrazını müəvəffəqiyyətlə
oynayır. Yeri gəlmişkən, erməni
teatrının direktoru rolunda aktyor Anar Buludov bacarıqsız
teatr rəhbəri olduğunu bütün jestrləri ilə
büruzə verir. Doğrusu, erməni də
olsa, adamın ona yazığı gəlir. Çünki Azərbaycan teatrının direktorunun
gördüyü işləri nazir gözgörəsi tərifləyir.
Kollegiyadan sonra erməni teatrının direktoru ədibə
yaxınlaşıb “nazirin teatrınıza bina vermək vədi
boş söhbətdir. Sizə heç
vaxt bina vrməyəcəklər” sözləri də
tamaşaçıları ermənilərin bizə münasibətini
anlamağa vadar edir. Erməni
teatrının direktoru fikrini sübut etmək
üçün azərbaycan tetrının direktoruna hərtəfəli
inkişaf etdiklərini söyləyərək deyir ki,
“binasız da sizin teatr İrəvanın ən qüdrətli
teatrına çevrilə bilər. Bunu isə
nə erməni naziri, nə də sənin dostun mən erməninin
gözü götürməz. Ona görə də bina
məsələsi üçün özünü yorma” deyəndə
Ədib dillənir: “Erməni ki, erməni!”.
Tamaşada İrəvan şəhər Partiya Komitəsinin
katibi Stepanyanın (aktyor Oktay Mehdiyev) Təlimatçının
(aktyor Rövşən Cəfərov) dialoqu da maraqla
baxılır.
Stepanyan Ədibin Babək haqqında yazdığı
şeiri oxuyur, sonra Təlimatçıya deyir: “Sən bunda cəsarətə
bax! Oturasan Yerəvanın göbəyində, ermənilərin
düşməni olan Babəkdən şeir yazasan, sonra da onu
nəşr etdirəsən! Bu necə olur, hə?”
Təlimatçı da izah edir ki, “bizim nəşriyyatda
bu kitabın nəşrinə mane olmaq istədilər, amma təəssüf
ki, mümkün olmadı. Burada azərbaycan
ziyalılarının mövqeyi hələ ki,
güclüdür. Xüsusən Heydər
Əliyev hakimiyyətə gələndə sonra onlar daha da
gücləniblər”.
Sonra Stepanyanla Ədib arasında söhbət olur. Ədib
bildirir ki, teatrda işləyənlərin mənzili yoxdur.
Stepanyan isə “lazım gəlsə teatrı
bağlayarıq...” deyir. Əsəbilik yaranır,
Ədib kabineti tərk edib gedərkən, Təlimatçı
onun arxasınca qaçıb bildirir ki, Stepanyan Babək
şeirinə görə qəzəblənib... “Axı, deyirlər
Babək əlli min erməni qırıb...”.
Ədib gülərək “sizin hesablamalara
görə dünyada nə qədər erməni olub ki, min
illərdir qırılır, amma nədənsə
qırılıb qurtarmır. Bu nə cəfəngiyyatdır”
deyir.
İrəvan KP MKnın birinci katibi Koçinyanın
Dilicanda Heydər Əliyevlə görüşü zamanı
söhbətləri çox ibrətamizdir. Koçinyan
Heydər Əliyevə bildirir ki, “Hər iki respublikanın MK
büroları, Ali Sovetlərin Rəyasət Heyətləri
Azərbaycandan bəzi ərazilərin Ermənistana verilməsi
barədə qərar qəbul ediblər. Sizdən
xahişim budur ki, bu qərarların icrasını sürətləndirəsiniz”.
Heydər Əliyev qəti surətdə etiraz
edir və deyir ki, “o qərarların nə hüquqi əsası
var, nə də məntiqi”. Koçinyan
“axı, tarixilik var” deyir. Heydər
Əliyev cavab verir ki, “əsl tarixilik odur ki, indi biz
olduğumuz yer – Dilican qədim Azərbaycan
torpağıdır. Qırx ildir ki,
toponimləri dəyişirlər, yenə başa
çatmır. Mən telefonda sizə Səməd
Vurğunun şeirini dedim: “Yenə səni gördüm,
Dilican dərəsi, yadıma çox qədim zamanlar gəlir...”
Şair elə-belə deməyib ki, “yadıma çox qədim
zanalar gəlir...” Anton, Anton, doğurdanmı sən bilmirsən
bu günki Ermənistan əsasən Azərbaycan
torpaqlarının hesabına yaranıb? ... Azərbaycan
heç kimə öz torpaqlarından bir qarış da verməyəcək”.
Tamaşada azərbaycanlı polis işçisi Lətif
Nəsirovun (aktyor Bəhruz Hikmətoğlu) kəmərini
açıb rəisi döyməsi də
tamaşaçıların ürəyindən tikan
çıxarır. Aktyor Niyaməddin Səfərəliyev erməni
rəis Saxmazasyan rolunda olduqca hiyləgər və
qorxaqdır.
Tamaşada Koçinyanın Suslovla görüşü
də maraqla izlənir. Koçinyan Kremldə Suslovla
görüşündə ermənilərin Qarabağda pis həyat
sürdüklərindən bəhs edir, yenə torpaq
iddiası qaldırır. Suslov isə onun cavabını
yaxşı verir: “Məgər Qarabağ Azərbaycan
torpağı deyil?” Sonra da Suslovun Heydər
Əliyevlə görüşü canlandırılır.
Suslov Heydər Əliyevi və Azərbaycanı
müdafiə edir, Heydər Əliyevə olan böyük hörmətini
bildirir. Aktyor Nazir Rüstəmov Suslovun
Heydər Əliyevə və Azərbaycan xalqına həssas
münasibətini böyük ustalıqla canlandırır.
Pyesdə Emənistan Ali Sovetinin sədri Harutunyanın məmurlarla
söhbətləri də tamaşaçını
düşündürür. Harutunyan (aktyor Oqtay
Mehdiyev) Heydər Əliyevin Siyasi Büroya üzv seçilməsini
“ağır xəbər” adlandırır və deyir ki, “Ermənistan
üçün faciəli xəbərdir”. Məmurlardan biri də dillənir ki, “bundan sonra Kremlə
yolumuz çətinləşəcək. Dənizdən
– dənizə böyük Ermənistan ideyası məhv olub
getdi”. Və Harutunyan başda olmaqla Heydər
Əliyevi necə ləkələmək, necə aradan
götürmək haqqında planlar qururlar. “O, aradan
götürülməsə, Qarabağ bizə vətən
yox, məhbəs olacaq!”
Tamaşada Yeqor Leqaçovla Heydər Əliyevin üz-üzə dialoqları da təsirləndiricidir. Liqaçov Heydər Əliyevə istefa verməyi təklif edir. “Heydər Əliyeviç... Siz xəstəlikdən təzəcə qalxmısınız, Heydər Əliyeviç ona görə mübahisə etmək istəmirəm. Məsləhət görərdim ki, öz səhhətinizin qayğısına qalasınız. Mən sizin yerinizdə olsaydım, istefa verib, rahat ömür yaşayardım...” Heydər Əliyev əsəbi şəkildə Liqaçova Qarabağın tarixi haqqında bir kitab verərək deyir ki, “məsləhət görərdim bu kitabı oxuyasınız” və kabineti tərk edir. Leqaçov rolunda xalq artisti Məzahir Süleymanov möhtəşəmdir. Leqaçovun ermənilərin dostu olmamasını bütün səhnə hərəkətləri ilə nümayiş etdirir.
Tamaşada Azərbaycan KP MK-nın Birinci katibi olmuş Kamran Bağırovun da obrazı canlandırılır. Aktyor Əmrulla Nurullayev Birinci katibin səhvləri, Qarabağda iştişaşların başlanması, başımıza gələn bəlaların səbəbkarlarından biri olmasını tamaşaçılara çatdıra bilir. Qarbağda insanlar ayağa qalxanda bir yaşlı ananın dilindən səslənən “hardasan, ay Heydər Əliyev, hardasan?!” ah-naləsi tamaşaçıları çox təsirləndirir.
Tamaşanın finalında Azərbaycan Prezidenti İlham Əliyevin nidaları eşidilir: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Gözün aydın olsun, Azərbaycan! Əziz Şuşa, sən azadsan! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Xeyrəddin QOCA
İki sahil.- 2022.- 11 may.- S.16.