Zamanın tarixə bəxş etdiyi Lider
İllər öncə idi…
Oxuduğumuz məktəbdən
gəlib bir neçə yaxşı
intonasiya qabiliyyəti,
rəqs bacarığı
olan aşağı sinif şagirdlərini apardılar ki, “Heydər baba” gələcək, onun qarşısında çıxış
edəcəksiniz. Günlərlə, saatlarla məşq etdik. Xatirimdədir ki, Zəlimxan Yaqubun “Sən qalib gələcəksən”
şeirini əzbərləmişdim
çıxış üçün.
6 yaşlı birinci sinif şagirdi sadəcə adını eşidib, televiziya kanallarından gördüyü
Heydər babasını
bu dəfə yaxından görəcək,
qabiliyyətini nümayiş
etdirəcəkdi…
Həyəcanımı indi də çox
yaxşı xatırlayıram.
Səhər saatlarından
yığıldıq “Heydər
Parkı”na , yenə gərgin
məşqlər davam
edirdi ki, hər şey mükəmməl və qüsursuz olsun. Saatlar keçirdi, deyəsən
gecikirdi “babamız” tədbirimizə. Vaxt ötür,
mən isə yorulurdum gözləməkdən.
Birdən hər kəs təlaşlanmağa
başladı… “Tez olun! Tez olun! Gəlir!” İşləri çox olduğu
və yenə tələsdiyi üçün
çox qısa müddətlik tədbirimizdə
iştirak edəcəkdi
və necə oldusa parkda bizim
dayandığımız yerin
qarşısından keçməyə
imkanı olmadı.
O ankı təəssüf
hissi ilə qəhər məni o qədər boğdu ki, ağlamağa başladım. Ağlaya - ağlaya mikrofonu
uzatdılar mənə
ki, eybi yox uzaqdan da
olsa şeirini söylə. Göz yaşlarımla yüksək
səslə şeirimi
deməyə başladım…
“Baxma meydanda
təksən, Sən qalib gələcəksən,
sən qalib gələcəksən!”… Bu, misranı dediyim zaman Heydər Əliyev arxaya çevrildi və uzaqdan gülümsəyərək
bizə salam
verdi. Dərhal gözlərimdəki yaş yerini sevincə və eyni zamanda təəccübə
buraxdı. Axı o qədər
insanın içərisindən
necə məni eşitdi? Axı mən Onu görmüşdüm,
mənə gülümsədi…
Bu gün də Ulu Öndərin adı çəkiləndə
nədənsə həmişə
yaddaşıma əbədi
həkk olunmuş o gülümsəməsini xatırlayıram…
Altı yaşımdakı kiçicik
xatirə Heydər Əliyev haqqında düşüncələrimi formalaşdırdı. Onun həyat
yolu, siyasi fəaliyyəti hər kəsə bəllidir.
Bunun haqqında çox yazılar yazılıb, çox sözlər deyilib. Ulu Öndər Heydər Əliyev haqqında oxuduqca, öyrəndikcə
anlamağa başladım
ki, O, həqiqətən
zamanın tarixə bəxş etdiyi böyük şəxsiyyət,
Tanrının Azərbaycan
xalqına göndərdiyi
təkrarsız Lider olub. Ölkənin keçdiyi ən ağır dönəmdə,
qeyri-sabit siyasi vəziyyətdə, torpaqlarının
20 faizi mənfur qonşuları tərəfindən
işğal olunan, dövlət müstəqilliyini
yenicə bərpa edən, iqtisadiyyatın gərgin, ordusunun vəziyyəti ağır
olan bir ölkənin sükanını
ələ almaq, ona rəhbərlik etmək, hər sahəyə zərgər
dəqiqliyi ilə diqqət yetirərək, dövləti qurmaq, ayağa qaldırmaq yalnız Onun kimi müdrik insanın öhdəsindən
gələ biləcəyi
bir iş ola bilərdi. Böyüdükcə, o zamanlar başa
düşmədiyim məqamları
indi dərk edirəm və ona təccüblənirəm
ki, axı bir insan bu
qədər böyük
yükün altında
ola-ola necə xalqına tam sahib çıxa
bilir, kiçikdən
böyüyə hər
kəsə, hər bir vətəndaşa əlindən gələn
qayğını göstərir,
hər sahə ilə bu dərəcədə
yaxından maraqlanır?
İndi anlayıram ki, bütün bunların təməlində Ulu Öndərin qəlbində
yaşatdığı və
heç zaman bitməyən Azərbaycan,
xalq sevgisi dayanırdı.
Bu gün biz müasir
müstəqil və regionun ən güclü, qüdrətli
dövləti olan Azərbaycan Respublikasının
vətəndaşlarıyıq. Bunu qürurla
deyə bilirik. Azərbaycanın bugünkü inkişaf
mərhələsinə çıxmasını
şərtləndirən əsas
amil tarixin həlledici məqamında
ölkədə və
dünyada baş verən mürəkkəb
proseslərin mahiyyətini
dəqiq qiymətləndirməyi
və bu prosesləri milli mənafelərin tələb
etdiyi aydın bir istiqamətə yönəltməyi bacaran
Heydər Əliyev kimi siyasi liderin
mövcudluğu olub.
1990-cı
illərin son dərəcə
ağır, bir çox hallarda hətta ümidsiz hesab edilən reallıqları ilə müasir Azərbaycan dövlətinin dünyadakı
hazırkı yerinin müqayisəsi ümummilli
lider Heydər Əliyevin Azərbaycan dövləti qarşısında
xidmətlərinin miqyasını
və xalqımızın təhtəlşüurunda
özünə dərin
iz buraxmış dahi obrazını daha aydın görməyə imkan yaradır. Ümummili Lider dünyada və regionda cərəyan edən proseslərin təhlükəli
məcraya yönəldiyi
vaxtda sanki zamanı dayandırmaqla hər şeyi ilkin nöqtədən başlamağı bacardı,
Azərbaycan üçün
ən çətin anda ən düzgün
qərarlar qəbul etdi və SSRİ-nin süqutu nəticəsində dağılan
geosiyasi konfiqurasiyada hələ formalaşmamış
bir dövləti düşdüyü fəlakətli
vəziyyətdən çıxarmağa
müvəffəq oldu.
Ulu öndər Heydər Əliyevin tariximizdə
son dərəcə böyük
dəyər kəsb edən xidmətlərindən
biri də onun yalnız milli inkişaf strategiyasını həyata
keçirməklə kifayətlənməməsi, siyasi-ideoloji varisliyin qorunub saxlanılması oldu. Prezident İlham Əliyev Ulu Öndərin milli dövlət quruculuğu strategiyasını
çağdaş dövrün
yeni reallıqlarından
qaynaqlanan, qloballaşan
dünyanın mürəkkəb
iqtisadi və siyasi şərtlərini nəzərə alan,
çoxqütblü nizama
keçidin özü
ilə gətirdiyi mənfi təzahürləri
neytrallaşdırmağa əsas
verən ideyalarla zənginləşdirdi və
müstəqil, düşünülmüş
və prinsipial siyasət yürütdü.
Ölkə başçısı İlham
Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi strategiya nəticəsində Azərbaycan
qısa müddətdə
yüksək nailiyyətlərə
imza atdı.
Durmadan yüksələn iqtisadi
inkişaf, həyata keçirilən islahatlar,
beynəlxalq əməkdaşlıqlar,
ölkəmizə yatırılan
investisiyalar, qlobal layihələr
Azərbaycanın beynəlxalq nüfuzunu artırdı. Bu cür
mühüm işlərlə
dövlət büdcəsindən
hərbi xərclərə
ayrılan vəsait ildən-ilə artmağa başladı. Bütün
bu düşünülmüş
və məntiqli siyasətin nəticəsi
idi ki, Azərbaycan
30 il sonra
öz məsələsini
özü həll etdi, Qarabağı öz həqiqi sahiblərinə qaytarmağı
bacardı. Hərb meydanında Ermənistana
və onun havadarlarına verdiyimiz dərsi diplomatiya sahəsində də davam etdirdik.
Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması bir hədəfə - Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasına və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinə istiqamətlənmişdi. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər mahiyyət etibarilə ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsi oldu.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfər xalqımızı, dövlətçiliyimizi məhv olmaqdan xilas edərək sabit inkişaf yoluna çıxaran ümummilli lider Heydər Əliyevin güclü, müstəqil, suveren Azərbaycan naminə başladığı və Prezident İlham Əliyevin müvəffəqiyyətlə başa çatdırdığı milli inkişafımızın taleyüklü, şanlı bir mərhələsidir. 44 günlük Vətən müharibəsi əyani şəkildə göstərdi ki, müstəqillik illərində əldə edilmiş milli birliyimiz, mənəvi-ideoloji vəhdətimiz bizim ən qiymətli sərvətlərimizdən biridir.
Bütün bunların fonunda bu gün bir daha ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevi dərin hörmət və ehtiramla yad edir, ruhu qarşısında baş əyirik. Ulu Öndər, ruhunuz şad olsun! Bu gün bizlərə əmanət etdiyiniz Azərbaycan cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Sizin görmək istədiyiniz kimi azad və suverendir. Şuşada qürurla dalğalanan milli bayrağımız, dövlətimiz, müstəqilliyimiz, suverenliyimiz, dünya xalqları arasında öz layiqli yerimizi tutmaq naminə apardığımız 30 illik mücadilənin qürur doğuran bəhrəsi və məntiqi nəticəsidir.
Nilufər
Mustafaqızı
İki sahil.- 2022.- 12 may.- S.4.