V “Xarıbülbül” Beynəlxalq Folklor
Festivalı
bir daha dünyaya bəyan etdi:
Vətəndən pay olmaz!
Bu ilıq may günlərində 28 il sürən işğaldan sonra yenidən doğuluşunun ikinci ilini yaşayan, ən qısa müddətdə nəinki Azərbaycanın, bütövlükdə Türk dünyasının mədəniyyət paytaxtına çevrilən, hər günü toyla, büsatla, dünyanın müxtəlif guşələrindən təşrif buyuran saf niyyətli qonaqların heyrət dolu baxışları altında daha da rövnəqlənən, Qarabağın tacı Şuşada olmaq, bu cənnət diyarımızın billur kimi saf, təmiz havasını udmaq hər bir azərbaycanlı üçün sözlə ifadə olunmayacaq böyük xoşbəxtlikdir. Gündən-günə gözəlləşən, özünün əvvəlki şöhrətini, tarixi və mədəni simasını, milli ruhunu sürətlə bərpa edən mədəniyyət paytaxtımızın ev sahibliyi etdiyi növbəti beynəlxalq tədbirin- V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı günündə Şuşanın qonaqları arasında olan bir azərbaycanlı və bir jurnalist kimi Qarabağın tacına səfərdən aldığım unudulmaz təəssüratlarımı oxucularla bölüşməmişdən öncə bu ecazkar diyarımıza gedərkən yol boyu şahidi olduğum mənzərə haqqında bir neçə kəlmə qeyd etmək istərdim. İşğaldan azad edilmiş ərazilərimizə daxil olarkən gözlərimiz önündə açılan nəhəng panoram hər kəsi sözün əsl mənasında heyran edir. Bizi azad, ruhumuzun təşnəsi Şuşaya aparan tarixi Zəfər yolunun sağı, solu sözün əsl mənasında nəhəng tikinti meydançasını xatırladır. Hər addımda bir an belə səngiməyən bərpa-quruculuq işləri insanın qəlbini sevinc, fərəh hissi ilə doldurur. Çox yox, cəmisi ilyarım bundan əvvəlki vandal ermənilərin xaraba qoyduqları, necə deyərlər, altını üstünə çevirdikləri, yalnız quru adları qalan şəhərlər, qəsəbələr, kəndlər yenidən qurulur. Sanki bu bərpadan, bu quruculuqdan vəcdə gələn Qarabağ və Şərqi Zəngəzur çölləri öz əzəli və əbədi sahiblərini yaşıl ormanları, ətrafa xoş ətir yayan rəngbərəng gül-çiçəkləri ilə qarşılayır.
Qarabağın, ümumilikdə Qafqazın incisi olan Şuşa şəhərinin mənzərəsi isə tamamilə başqa aləmdir. Bu cənnət diyarımız gündən-günə simasını dəyişir, hər gün buraya təşrif buyuran çoxsaylı xarici qonaqlarını özünün əsl azərbaycanlı ruhu ilə qarşılayır. Başqa sözlə Şuşamızın tarixi siması bərpa olunur, əvvəlki şöhrəti özünə qaytarılır. Hər günü çal-çağırlı, toy- büsatlı olan qədim Şuşamız indi əvvəlki şöhrətinin özünə qaytarılmasından qürurludur, sanki dil açıb ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin iştirakçılarına, bu torpağa xoş niyyətlə ayaq basan hər kəsə 28 il şahidlik etdiyi erməni vəhşiliklərindən danışır, əsarətdə olduğu zamanlarda da milli ruhunu qoruduğunu bitib-tükənməz sevinc hissi ilə bəyan edir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev hər zaman böyük əminliklə bəyan edirdi ki, gün gələcək, Qarabağda, Şuşada, onun, necə deyərlər, vizit kartı olan Cıdır düzündə yenə də igid ərənlərimiz Qarabağ atlarını çapacaq, Şuşanın başı göylərə dəyən dağlarından "Qarabağ şikəstəsi" havalanacaq, "Qarabağ bülbülləri" yenidən cəh-cəh vuracaq!
Nəyahət. 2020-ci il noyabrın 8-də həmin gün gəldi. Elə həmin gün 44 günlük Vətən müharibəsində tarixi Qələbəmizin baş memarı, qətiyyətli dövlət başçısı, yenilməz Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev Bakının Şəhidlər xiyabanından Şuşamızın 28 il yarım sürən əsirlikdən azad edildiyini, bununla ATA vəsiyyətini yerinə yetirdiyini bütün dünya azərbaycanlılarına sonsuz sevinc və fərəh hissi ilə çatdırdı. Bununla da dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu yazdığı şanlı tarixlə Qarabağımızı, Şuşamızı azadlığa qovuşdurdu. 30 il düşmən tapdağı altında qalan torpaqlarımız çəkdikləri əziyyətlərdən sınmadılar, azadlığa, öz tarixi sahiblərinə qovuşacaqları günü səbirsizliklə gözlədilər. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının öz tarixinə sahib çıxan, məğrur, yenilməz xalq, Qarabağ məsələsinin milli qürur məsələsi olduğunu dünyaya sübut etdi. Budur, artıq il yarımdır ki, biz qalib Azərbaycanın qalib vətəndaşları kimi böyük qürur hissi ilə postmünaqişə dövrünün reallıqlarından bəhs edirik.
Azadlığının elə bir günü , elə bir saatı yoxdur ki, gözəl Qarabağımız, azad Şuşamız dünyanın diqqətini özünə cəlb etməsin. Elə bir gün yoxdur ki, Cıdır düzündən Azərbaycan muğamı havalanıb dünyaya səs salmasın. Bu il mayın 12-si də belə günlərin zirvəsində dayanmağa layiq bir gün idi. Milli ruhumuzun beşiyi, milli mədəniyyətimizin məhək daşı Şuşanın məşhur Cıdır düzü yenidən musiqiyə, nəğməyə qucaq açırdı. Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin Sərəncamı ilə elan edilən “Şuşa İli” çərçivəsində Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və Şuşa Şəhər Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə keçirilən, dünyanın üç qitəsinin – Asiya, Afrika və Avropanın on ölkəsindən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs kollektivlərinin, həmçinin Azərbaycanın regionlarından folklor kollektivlərinin qatıldıqları V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı sözün əsl mənasında möhtəşəm musiqi bayramına çevrildi. Üç gün davam edən festival Azərbaycanın multikultural dəyərlərin inkişafına böyük töhfələr verən, yerləşdiyi coğrafi məkanla müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirən unikal bir ölkə olduğunu bir daha təsdiqlədi.
Bu unudulmaz musiqi bayramının iştirakçılarından biri kimi festival ərəfəsində dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin doğum gününü məhz işğaldan azad edilmiş ərazilərimizdə - Füzuli və Şuşa şəhərlərində qeyd etmələrinin hər bir azərbaycanlıda doğurduğu qürur hissini xüsusi vurğulamaq istərdim. Hesab edirəm ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu addımlarının çox böyük rəmzi mənası vardır. O səbəbdən ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində tarixi Zəfəri, çoxəsrlik tarixinə möhtəşəm Qələbə səhifəsini yazması çağdaş Azərbaycanın bütün uğurlarının əbədi ideya mənbəyi olan Heydər Əliyev siyasətinin təntənəsidir. 1993-2003-cü illərdə Azərbaycanın bugünü və gələcəyi üçün möhkəm təməl formalaşdıran ulu öndər Heydər Əliyev daim bu inamı əminliklə ifadə edirdi ki, işğal altında olan bütün torpaqlarımız azad olunacaq və soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar.
Möhtərəm Prezidentimiz İlham Əliyevin Füzuli və Şuşa şəhərlərinə səfəri mühüm sosial obyektlərin təməlinin qoyulması və bərpa-quruculuq işləri ilə tanışlıqla yadda qaldı. Müzəffər Ali Baş Komandanın mayın 10-da “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzini işə salandan sonra şəhərdəki inzibati binanın qarşısında müraciəti isə Azərbaycanın ulu öndər Heydər Əliyevin uğurlu və düşünülmüş siyasəti nəticəsində qazandığı uğurların, Ümummilli Liderin xalqımız qarşısında misilsiz xidmətlərinin təqdimatı oldu. Azərbaycanın bugünkü uğurlarından bəhs edən ölkə Prezidenti təəssüf hissi ilə bildirdi ki, atam bu günü görə bilmədi: “Onun kimi yüz minlərlə azərbaycanlı bu günü görmədən həyatdan getdilər. Biz - onların davamçıları onların işini tamamladıq, atamın vəsiyyəti yerinə yetirildi. Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır.”
Ölkə Prezidenti bu məqamı da xüsusi qeyd etdi ki, 2003-cü ildə Azərbaycan xalqı ilk dəfə mənə etimad göstərərək bir daha Ulu Öndərin siyasətinə sədaqətini nümayiş etdirdi: “Mən isə öz növbəmdə demişdim ki, əgər xalq etimad göstərərsə, mən Prezident kimi Heydər Əliyev yolu ilə gedəcəyəm, bu yoldan dönməyəcəyəm və ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyəm. Buna and içmişdim. Xoşbəxt adamam ki, bu anda sadiq oldum və bu gün Qarabağ azaddır. Bu gün Qarabağda və Zəngəzurda Azərbaycan bayrağı dalğalanır.” Dövlət başçısı bu əminliyi də ifadə etdi ki, mayın 10-da mən yenidən Ulu Öndərin xatirəsinə Azərbaycan xalqının ehtiramını ifadə edərək Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da xalqımızın, dövlətimizin inkişafı, müstəqilliyimizin möhkəmləndirilməsi üçün əlimdən gələni əsirgəməyəcəm.
Bəli, bu
gün hər birimiz uca səslə,
böyük qürur və iftixar hissi ilə bəyan edirik ki,
azad Qarabağ, azad Şuşa
dirçəlir. Bu faktı da qeyd etmək istərdim
ki, Şuşanın mədəni dirçəlişinin təməli
hələ Sovet dövründə ulu öndər Heydər
Əliyev tərəfindən qoyulmuşdu. Ümummilli Liderin
1982-ci ildə Şuşaya 2 dəfə səfər edərək
Vaqifin məqbərəsinin, Poeziya Evinin
açılışında və orada keçirilən Vaqif
Poeziya Günlərində iştirak etməsi
xalqımızın, şuşalıların yaddaşına ən
xoş xatirələr kimi həkk olunub. Düz 39 ildən sonra, 2021-ci ilin 15
yanvarında Vaqifin ermənilər tərəfindən
dağıdılmış məqbərəsi önündə
çıxış edən Prezident İlham Əliyev həmin
günləri belə xatırlamışdı: “Bu tarixi
gün mənim yadımdadır. Çünki o vaxt atamla bərabər,
bax, bu yerdə mən də durmuşdum. Bu, tarixi videokadrlar da var.
Çox şaxtalı, qarlı bir hava idi. Möhkəm
qar yağırdı. Amma buna baxmayaraq, bu tədbirə
yığışmış insanlar, Azərbaycan
ziyalıları heç o soyuğu hiss etmirdilər. Çünki Qarabağ xanının vəziri olan
Molla Pənah Vaqifin möhtəşəm məqbərəsi
açılırdı. Bu təşəbbüsü
ulu öndər Heydər Əliyev irəli
sürmüşdü, onun rəhbərliyi ilə inşaat
işləri aparılmışdı və gözəl, əzəmətli
məqbərə ucaldılmışdı.”
Heç də təsadüfi
deyildi ki, Müzəffər
Ali Baş Komandan İlham Əliyev işğaldan azad
edilmiş ərazilərimizə ilk səfərində məhz
Şuşaya Zəfər yolunun çəkilişi ilə
bağlı tapşırıq vermişdi. Bu gün həmin yol nəinki
şuşalıları, bütün Azərbaycan
xalqını, bu tarixi şəhəri görmək arzusunda
olan xarici qonaqları, diplomatları,
media nümayəndələrini Qarabağın tacı
ilə qovuşdurur. Artıq ikinci dəfədir ki, bu yol “Xarıbülbül” Beynəlxalq
Folklor Festivalının iştirakçılarından biri
kimi mənə də Azərbaycanın döyünən
ürəyini görmək imkanı qazandırır. Əbəs yerə
deməyiblər ki, yol həyatdır, mədəniyyətdir. Zəfər yolu
çox qısa zamanda tikilərək istifadəyə verildi.
Bu yolun çox böyük rəmzi mənası
vardır. Vətən müharibəsi günlərində
keçilməsi müşkül dar bir cığır olan bu yol
torpaqlarımızın azadlığı yolunda canından
keçən, qanları ilə tarix yazan şəhidlərimizi,
sağlamlığını itirən qazilərimizi
Şuşanı işğaldan azad etməyə apardı. Şuşa Zəfəri Ermənistanı kapitulyasiya
aktını imzalamağa məcbur etdi. Şuşa
əməliyyatı bir dastana çevrildi. Müzəffər
Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, bu gün
dünyanın ən məşhur hərbi məktəblərində
bu döyüşlər müzakirə edilir, təhlillər
aparılır və bir çoxları, xüsusilə
Şuşada olmuş insanlar təəccüblənirlər
ki, Azərbaycanın qəhrəman övladları
yüngül silahlarla qayalara dırmaşaraq bizim mədəniyyət
paytaxtımız, Qarabağın tacı olan Şuşanı
işğalçılardan necə azad etdilər. Bu gün
dünya şöhrətli xarıbülbülün vətəni
olan Şuşa diplomatik mərkəzə çevrilib, dünyaya səs
salan dövlətlərarası və beynəlxalq sənədlərin
imzalanmasına şahidlik edir.
Ötən ilin may ayında Müzəffər Ali
Baş Komandan xalqımızı ölkəmizin tarixində əlamətdar
günlərdən olan və uzun fasilədən sonra
Şuşada, Cıdır düzündə keçirilən
“Xarıbülbül” festivalından salamladı. Mayın 12-də
açılışı olan festivalda Prezident qürurla qeyd
etdi ki, biz bu gözəl ənənəni bərpa etdik və
bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər
il keçiriləcək. Həmin
festivalın bağlanış mərasimində ölkə Prezidentini kövrəldən
məqamı yada salaq. Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin vaxtilə
işğal altında olan ərazilərimiz haqqında
söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək
Şuşaya. Gedəcəyik, inanın ki,
gedəcəyik. Şuşa Azərbaycanın
gözüdür, hər bir azərbaycanlı
üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir.
Şuşa hamı üçün əzizdir.
Amma tək Şuşa yox, Laçın
dağları da belə əzizdir. Heç vaxt
biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər,
Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin
o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz
onlarsız yaşaya bilmərik” fikirlərini və Silahlı
Qüvvələrin Müzəffər Ali Baş Komandanı,
Prezident İlham Əliyevin Şuşa
şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan
azad edildiyi gün xalqımıza müraciətində dediyi
“Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim.
Şuşanı azad etdik! Bu, böyük Qələbədir!
Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu
gün! Gözün aydın olsun Azərbaycan!
Gözünüz aydın olsun dünya azərbaycanlıları!
Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ
Azərbaycandır!” sözlərini əks etdirən videoçarxın
təqdimatı tarixi Zəfərimizin sevincini hər kəsə
kövrək hisslərlə yaşatdı. Ümummilli
Liderin hər bir vəsiyyətini yerinə yetirən möhtərəm
Prezidentimiz Azərbaycanı Ulu Öndərin görmək istədiyi Azərbaycan
səviyyəsinə yüksəltdi.
Builki səfərimizdə sevincimə
sevinc qatan saysız-hesabsız məqamlar, qədim şəhərimizin
ötən bir ildə
necə böyük
yeniliklərə imza atması, Şuşanın
simasını gündən-günə gözəlləşdirən
bərpa-quruculuq işləri
oldu. Şuşa sözün əsl mənasında
dirçəlib. Qeyd etdiyim kimi, Zəfər
yolu tam şəkildə tikilib istifadəyə verilib. Magistral yollar çəkilir,
Şuşanın elektrik təsərrüfatı bərpa
edilib, yarımstansiya tikilib. Şuşaya
suyun verilməsi bərpa edilib. Şuşanın tarixi
abidələrinin bərpasına start verilib. Natəvan bulağı bərpa
edilib...
Ötən bir il ərzində
yaddaqalan mühüm hadisələrdən biri də Prezidentin
Şuşa səfəri çərçivəsində şəhərin
Baş planı əsasında tikiləcək yeni
yaşayış kompleksinin təməl daşının
qoyulması olub. Baş plan hazırlanarkən
Şuşanın tarixi əzəmətinin
qorunması əsas götürülüb. Mədəniyyət
paytaxtımızda həyata keçirilən bütün layihələr
tarixlə müasirliyin vəhdəti üzərində qurulur
və tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl
şəhərlərindən birinə çevriləcək.
Bu kompleks tədbirlər onu göstərir ki,
Şuşanın dirçəldilməsi sürətlə
gedir və şuşalılar Şuşaya qayıdacaqları
gün uzaqda deyiil.
Mədəniyyət
paytaxtımızın həyatında mühüm hadisələrdən
biri 2021-ci ilin dekabrın 24-də Prezident İlham Əliyevin 60 illik yubileyini qalib Sərkərdə,
Müzəffər Ali Baş Komandan kimi Zəfərimizin
qürur zirvəsi olan Şuşada qeyd etməsi oldu. Dövlət
başçısının qədim Şuşa şəhərinə
ilyarım ərzində gerçəkləşdirdiyi
9 səfərin hər biri tarixi hadisə olmaqla yanaşı,
Qarabağın tacının tarixinin təqdimatında əhəmiyyətli
rol oynayan mühüm tədbirlərin keçirilməsi ilə yadda qalır. Hər səfər, hər
bir tədbirdəki çıxışı Müzəffər
Ali Baş Komandanın Azərbaycan xalqına verdiyi müqəddəs
vədin gerçəkləşməsinin qürurunun, üzərinə
düşən ən böyük missiyanı ləyaqətlə
yerinə yetirməsinin, ata vəsiyyətinə əməl
etdiyi üçün yaşadığı xoşbəxtlik hissinin geniş şəkildə,
bütün təfsilatı ilə
ictimaiyyətə təqdimatıdır. Qalib Azərbaycanın qalib
Prezidenti, torpaqlarımızın xilaskarı kimi
işğaldan azad edilmiş torpaqlarımızda görülən işlərin
hesabatını vermək böyük qürurvericidir.
Ötən
musiqi festivalından keçən bir ildə
Şuşanın həyatında müşahidə etdiyim və
qürur hissi keçirdiyim yenilikləri həm
Prezidentimizin səfərlərinin, həm də gördüklərimin fonunda ifadə etməkdən sonsuz
qürur duyuram. Şuşanı erməniləşdirməyə
çalışanların qədim
torpağımızın bugünkü reallıqlarını
görüb hansı hissləri keçirdiklərini
düşünmək çətin
deyil. Amma bu reallıqlar sübut edir ki, Şuşa Azərbaycana
məxsusdur, burada daş-daş üstə qoyulduqca, bu əzəmətli
məkan qonaqlarını qarşıladıqca növbəti tədbirə ev sahibliyinə
qədər daha da möhtəşəm, daha da qürurlu
olmağa çalışır. Bu əzəmət
Şuşamızın tarixi simasıdır.
Mədəniyyət
paytaxtımızın tarixinə nəzər salaq.
Füsunkar Şuşa şəhərinin əsası 1750-ci
ildə Qarabağ
xanı Pənahəli xan tərəfindən
qoyulub. Pənahəli xanın qala
üçün seçdiyi yer əvvəllər tamamilə
meşə ilə örtülü bir sahə idi və
üç tərəfdən sıldırım qayalarla əhatə
olunduğundan, gələcək şəhər
üçün əlverşli təbii səngər rolunu
oynayırdı. Pənahəli xan tərəfindən
qısa bir müddət ərzində salınan bu şəhər
əvvəllər öz banisinin adı ilə "Pənahabad"
adlanırdı. Lakin sonralar şəhərin
yaxınlığında yerləşən Şuşakəndin
adı ilə
"Şuşa qalası" adlanmağa
başlandı. Tarix boyu bu qala yağı
düşmənlərin basqınlarına, hücumlarına məruz
qalsa da, heç vaxt əyilməmiş, alınmaz olmuşdur. Bir mühüm məqamı da
xüsusi qeyd etmək istəyirəm ki, musiqinin onun hər daşına,
qayasına, ab-havasına hopduğu şəhərlərdən
söz düşəndə Şuşanın adı birincilər
sırasında çəkilir. Şuşa 1992-ci ildə
antimilli ünsürlərin xəyanəti nəticəsində
işğal olunsa da azadlığına qovuşacağına
əmin idi və qovuşdu da!
Şuşa bu il may 12-də növbəti
V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalına ev
sahibliyi ilə bir daha dünyaya mesajlarını
ünvanladı. Qeyd etdiyimiz kimi, üç
gün davam edən festivala dünyanın üç qitəsinin
– Asiya, Afrika və Avropanın on ölkəsindən müxtəlif
folklor üslublarında çıxış edən
musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın
regionlarından folklor kollektivləri
qatılmışdılar. Festivalın
açılış konserti Cıdır düzündə
qurulan böyük səhnədə keçirildi. Proqram
Fikrət Əmirov adına Azərbaycan
Dövlət Mahnı və Rəqs Ansamblının
ifasında “Vətən süitası” ilə
başladı. Sonra Əməkdar
artistlər İlkin Əhmədov, Babək Niftəliyev və
Səbinə Ərəblinin ifasında “Qarabağ şikəstəsi”nin sədaları Şuşa dağlarına
yayıldı. Azərbaycan muğamına yüksək dəyər
verən ulu öndər Heydər Əliyevin “Bizim xalqımızın
böyük musiqi mədəniyyəti tarixi var. Azərbaycan
xalqının qədim dövrlərdən indiyə qədər
yaşayan xalq musiqisi, xalq mahnıları, Azərbaycan
muğamları milli sərvətimizdir” fikirlərinə
istinadən böyük qürur hissi ilə qeyd edirik ki, bu
gün
muğamlarımızın ruhu oxşayan, könülləri
fəth edən xoş sədası bu sənətin beşiyi
olan Şuşadan ucalaraq Azərbaycana,
bütün dünyaya
yayılır, xalqımızın qanına, canına,
yaddaşına hopur. Bəli, tarix təkrarlanır.
Eyni zamanda, tarixinə sahib çıxan xalq məğlubedilməz
olur. Azərbaycan tarixi Qələbəsi ilə dağları, daşları,
havası muğamımıza həsrət qalan
Şuşamızı yenidən əvvəlki şöhrətinə, ab-havanı
yaşamağa qaytardı. Bu gün hər
birimiz fəxr edirik ki, əvvəlki kimi yenə də
Cıdır düzündə “Qarabağ şikəstəsi”
səslənir.
Festivalda Vətən müharibəsinin
ilk günündən Azərbaycanın yanında olan, mənəvi
və siyasi dəstək göstərən qardaş Türkiyəni Ankara Türk Dünyası Musiqi və
Xalq Rəqsləri Ansamblı təmsil etdi. Hər zaman Azərbaycanın
yanında olan qardaş Türkiyə bu gün həmin dəstəyini
musiqinin vasitəsilə çatdırdı. Nəzərə
alsaq ki, musiqi də bir siyasətdir, xalqları bir araya gətirir,
bu halda həm dost Türkiyənin, eyni zamanda, üç qitənin
– Asiya, Afrika və Avropanın on ölkəsindən müxtəlif
folklor üslublarında çıxış edən
musiqiçilərin, rəqs kollektivlərinin ifalarının əhəmiyyətini geniş
şərh etməyə ehtiyac
qalmaz.
Tarixi sahiblərini növbəti dəfə
qarşılayan Şuşanın yaşadığı sevinci hava da hiss
etdirdi. Yağan yağış qədim şəhərimizin
sevincdən süzülən göz yaşlarının təqdimatı
oldu. Atalarımız “su aydınlıqdır”
deyiblər. Bu aydınlığın fonunda
davam edən festivalda Azərbaycanın
Xalq artisti Polad Bülbüloğlu “Çal oyna” xalq
mahnısını, “Cəngi” Estrada Folklor Rəqs Ansamblı
“Tənzərə”, Əməkdar artist Şirzad Fətəliyev
və nəfəs alətləri qrupu “Turacı” xalq rəqslərini,
Malinin Şeyx Tidiane Sek etnocaz qrupu “Sanqa Bo”
kompozisiyasını, “Pakistan rəngləri” qrupu “Bhanqra” rəqsini,
Melitassi Gürcü Folklor Rəqs Ansamblı “Svanuri” rəqsini
təqdim etdilər. Əməkdar mədəniyyət işçisi,
aşıq Samirə Əliyeva və aşıq Əli
Tapdıqoğlu “Qarabağ qaytağısı” saz
havasını, Xalq artisti Polad Bülbüloğlu və
Bakı Xoreoqrafiya Akademiyasının “Xarıbülbül” rəqs
ansamblı “Qarabağım” mahnısını səsləndirdilər.
Açılış konserti Əməkdar
artist Aybəniz Haşımovanın və "Bülbüllər”
qrupunun ifasında “Vətəndən pay olmayır”
mahnısı ilə başa çatdı.
Bu mahnı ümumilikdə tədbirin
mahiyyətini özündə ehtiva edərək bir daha 30 il
işğal altında qalan torpaqlarımızın dövlətimizin
qətiyyəti, ordumuzun gücü, xalqımızın dəmir
yumruq kimi birliyi, həmrəyliyi sayəsində
azadlığa qovuşmasını dünyaya çatdırdı və bəyan edildi ki, Vətəndən
pay olmaz. Azərbaycan dövləti hər zaman ən yüksək
tribunalardan bəyan edirdi ki, bir qarış torpağımızı belə düşmənə
verməyəcəyik. Silaha sarılan Azərbaycan gəncləri
qanları, canları ilə yazdıqları tarix əsasında
təsdiqlədilər ki, torpaq, əgər uğrunda ölən
varsa, Vətəndir!
Ulu öndər Heydər
Əliyevin yaddaşlara həkk olunan bu fikirləri festival
iştirakçılarının sürəkli alqışları
ilə müşayiət olundu: "Biz Azərbaycan
torpağının bir qarışını da heç kimə
verməyəcəyik!" Bu
anları kövrək hisslərlə yaşayan Müzəffər
Ali Baş Komandan İlham Əliyev bir daha ata vəsiyyətini
yerinə yetirməsindən yaşadığı qürurunu, sevincini
xalqımızla paylaşdı.
Gerçək olan bir
reallığı vurğulamaq istərdim ki, yaşanan hər
hansı bir hadisənin
özəlliyini bəlkə də həmin an
sözlə ifadə etmək çox çətin olur. Amma günlər keçdikcə o xoşbəxtliyi
daha dərindən dərk edir, fikirlərimizi bölüşərək
sanki o anlara yenidən qayıdırıq. Bu
baxımdan V
“Xarıbülbül” Beynəlxalq Folklor Festivalı başa
çatsa da qədim Şuşamızın gözəllikləri
fonunda fikirlərimi paylaşmaqdan böyük sevinc hissi
keçirir, bizlərə bu
gözəl anları, xoşbəxtliyi yaşadan,
xalqımızı Qarabağımıza, Şuşamıza
qovuşduran, tariximizin Zəfər səhifəsini yazan
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə,
rəşadətli Azərbaycan Ordusuna minnətdarlığımı
ifadə edir, şəhidlərimizin müqəddəs
ruhları qarşısında baş əyir, qazilərimizə
Allahdan şəfa diləyirəm. Qalib Prezidentimizin
Şuşadan müraciətində xüsusi yer alan “Bu gün mayın 10-da mən mütləq
burada olmalı idim. Ulu Öndərin xatirəsinə
öz ehtiramımı və Azərbaycan xalqının
ehtiramını buradan ifadə etməli, bir daha deməli idim
ki, biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi
qayıtmışıq və burada əbədi
yaşayacağıq. Qarabağ bizimdir,
Qarabağ Azərbaycandır!” fikirləri Ulu Öndərin
şah əsəri olan müstəqil Azərbaycanın gələcək
uğurlarının bütün dünyaya təqdimatı
oldu.
Vüqar Rəhimzadə,
“İki sahil” qəzetinin baş
redaktoru, Əməkdar jurnalist
Bakı-Şuşa-Bakı
İki sahil.- 2022.- 17 may.- S.5.