Azərbaycan Xalq Cümhuriyyəti və
Naxçıvan
1918-ci ilin mayında müsəlman Şərqində ilk
dəfə yaradılmış yeni suveren dövlət – Azərbaycan
Xalq Cümhuriyyəti (AXC) çətin və mürəkkəb
şəraitdə iki ilə yaxın yaşayıb fəaliyyət
göstərdi. Bu Cümhuriyyət Rusiya ilə yanaşı
dünyanın bir sıra böyük dövlətlərinin
siyasi, iqtisadi siyasətlərinin məngənəsində
mübarizə aparmalı oldu, öz suverenliyini qoruyub saxlamaq
üçün bütün vasitələrə əl
atdı, bu yolda çox mürəkkəb problemlərlə
üzləşdi. Böyük dövlətlərin təzyiqi
altında 1918-ci il mayın 29-da Azərbaycan Milli Şurası
Azərbaycan-Ermənistan arasındakı sərhəd
problemini müzakirə edərkən öz suverenliyini qoruyub
saxlamaq naminə İrəvan şəhərinin ermənilərə
verilməsi qərarını çıxarmağa məcbur
oldu və bu qərarı ürək ağrısı ilə
“tarixi zərurət”, “labüd bəla” hesab etdi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə
qonşu ölkələr Azərbaycana qarşı bir
sıra ərazi iddiaları irəli sürürdü. Bu zaman Azərbaycanın ərazisi
113.9 min kv. km idi. Onun
97.3 min kv.km-i mübahisəsiz, 16,6 min kv. km-i mübahisəli hesab edilirdi.
Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə
götürdüyü çətin tarixi vəzifəni
şərəflə yerinə yetirdi. Azərbaycanın ilk
parlamenti və hökuməti, dövlət aparatı təşkil
edildi, ölkənin sərhədləri müəyyənləşdirildi,
bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət
dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər
həyata keçirildi. Ölkənin ərazi
bütövlüyü və milli təhlükəsizliyi təmin
edildi, qısa müddətdə yüksək döyüş
qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə
və demokratik prinsiplərə uyğun dövlət
orqanları quruldu, maarifin və mədəniyyətin
inkişafına xüsusi diqqət yetirildi, təhsil milliləşdirildi,
ilk universitet təsis olundu və s.
Azərbaycan Xalq Cümhuriyyəti ölkənin ərazi
bütövlüyünü və suverenliyini qoruyub saxlamaq
üçün çətin şəraitdə mübarizə
aparır, bütün imkanlarından istifadə edir,
taleyüklü məsələlərin həllinə
çalışırdı. AXC-in hökuməti və parlamenti
öz fəaliyyətində, daxili və xarici siyasətində
Naxçıvanla bağlı bir sıra məsələlərə
diqqət yetirir, bölgənin ermənilər tərəfindən
tutulmasına imkan vermir və ona siyasi, hərbi, maddi və mənəvi
köməkliyini göstərirdi.
Rusiya Azərbaycandan qoparıb imperiyaya birləşdirilmiş
ölkəmizin tarixi torpaqlarının – İrəvan
quberniyasının, həmin əraziyə tabe edilmiş
Naxçıvan diyarının, Şərur-Dərələyəz
və Ordubad qəzalarının süni surətdə
yaradılmış Ermənistana birləşdirilməsini
elan etdi.
Ermənistan Respublikasının Naxçıvana
hücumları, hakimiyyət çəkişmələri bu
diyarı daha çıxılmaz vəziyyətə
salmışdı. Əhalinin xeyli hissəsi qaçqına
çevrilmişdi.
Naxçıvana köçürülmüş erməni
əhalisi diyarda vəziyyətin daha da mürəkkəbləşməsinə
çalışırdı. Naxçıvandakı
ermənilərə, xarici qüvvələrə arxalanan Ermənistan
Respublikası Naxçıvan diyarına yiyələnmək
üçün öz fəaliyyətlərini daha da
genişləndirirdi. Onlar Naxçıvana
Ermənistanın bir hissəsi kimi baxır və diyarın
müxtəlif yerlərində fitnəkarlıqlar törədirdilər.
Digər tərəfdən daşnakların
ingilislərdən yardım alaraq Culfanı ələ
keçirmiş qaniçən Andranik Ozanyan
Naxçıvanın şəhər və kəndlərini
talan edir, dinc əhalini öldürürdü.
Azərbaycan Xalq Cümhuriyyəti yarandığı
gündən Naxçıvan diyarının əhalisi bu
respublika ilə birləşməyə hazır olduğunu
bildirsə də mövcud siyasi və beynəlxalq vəziyyət
Naxçıvan əhalisinin arzusunu həyata keçirməyə
imkan vermirdi.
Bununla belə, Naxçıvan əhalisi bölgənin
Azərbaycanın tərkib hissəsi kimi qorunub
saxlanılması üçün inadla mübarizə
aparırdı. Onlar 1919-cu il yanvarın 4-də Azərbaycan
Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Fətəli
xan Xoyskiyə ünvanlanmış müraciətdə
Naxçıvan, Şərur və Ordubad ərazilərində
ermənilərin törətdikləri vəhşiliklər
haqqında geniş məlumat verirdi.
1919-cu il yanvarın 7-də Azərbaycan hökuməti
Ermənistan hökumətinə nota göndərməyə məcbur
oldu. Notada Azərbaycan xalqına qarşı
zorakılığa son qoyulması tələb olunurdu.
Yanvarın 8-də Azərbaycan Xalq Cümhuriyyəti
Parlamenti vəziyyəti müzakirə etdi, qəbul olunmuş
qətnamədə hökumətə ciddi tədbirlər
görməyi tapşırdı. Yanvarın 25-də
Parlament “İrəvan quberniyasındakı hadisələrə
dair” məsələni yenidən müzakirə etdi. M.Ə.Rəsulzadə bəyanatla
çıxış edərək bildirdi ki, Naxçıvan
qəzasında ermənilər günahsız müsəlmanların
qanını tökür. O, hökuməti bir daha kəskin
tədbirlər görməyə çağırdı.
Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin
Naxçıvandakı vəhşiliklərinə son qoymaq
üçün müttəfiqlərin Qafqazdakı Ali
Komissarına müraciət etdi.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilə
Naxçıvan bölgəsinin əlaqələrinin
yaradılmasında və əhalinin problemlərinin həllində
İrəvan quberniyasından olan ictimai xadimlərin, onların
yaratdıqları müxtəlif təşkilatların
mühüm rolu olmuşdur. Yanvarın 5-də
Bakıda İrəvan quberniyasında yaşayan azərbaycanlı
nümayəndələrin fövqəladə iclası
keçirilmiş və quberniya müsəlmanlarının həmyerlilər
cəmiyyəti yaradılmışdı.
Həmyerlilər cəmiyyəti öz nümayəndəsi
kimi Mirabbas Mirbağırovu İrəvan quberniyasına
göndərdi. AXC hökumətinin razılığı ilə
M.Mirbağırov Gəncəyə gəlmiş, burada ona 12 nəfər
Azərbaycan zabiti qoşulmuş və onlar Ordubadda əhali ilə
görüşdükdən sonra 1919-cu il fevralın 19-da Naxçıvana
çatmışlar.
M.Mirbağırov və onunla gələn heyət yerli
hökumətin rəhbərləri, ingilis general-qubernatoru və
xalqın nümayəndələri ilə görüşləri
oldu. Fevralın 23-də keçirilən
yığıncaqda xalq yekdilliklə Azərbaycana birləşmək
arzusunda olduqlarını bildirdilər. Nümayəndələr
Azərbaycanın təmsilçiləri kimi mövcud yerli
hökuməti tanıdıqlarını bildirdilər. M.Mirbağırov könüllü surətdə Azərbaycana
birləşmək barədə rəsmi akt tərtib etməyi
məsləhət gördü. Siyasi,
iqtisadi, hərbi, mülki və mədəniyyət məsələlərinə
dair maddələrdən ibarət olan akt hökumətin, Milli
Şuranın və əhalinin nümayəndələri tərəfindən
imzalandı.
M.Mirbağırovun Naxçıvana səfəri, AXC ilə
Naxçıvanın əlaqələrinin
artırılması sahəsindəki təkliflərinin
çox böyük əhəmiyyəti oldu. Azərbaycan
hökuməti Naxçıvanın problemləri ilə
sistematik məşğul olmağa başladı. Azərbaycan hökuməti
M.Mirbağırovun və Naxçıvanın Müvəqqəti
hökumətinin işlər müdiri Bəhram xan
Naxçıvanskinin təklifləri əsasında 1919-cu il fevralın 28-də Naxçıvan
general-qubernatorluğu yaratdı. Bəhram xan
Naxçıvanski general-qubernator təyin olundu. Genaral-qubernatorluğun nəzdində Şura
yaradıldı. Bölgədə idarəçiliyin,
yerli hakimiyyətin təşkili və qoşun hissələrinin
saxlanması üçün 1,5 milyon manat
pul ayrıldı.
1919-cu ilin əvvəlində ingilislər
Naxçıvanı tutaraq Araz-Türk Respublikasını,
Naxçıvan Milli Komitəsini ləğv etdilər. İngilislər
Naxçıvanı Ermənistanın tərkibinə daxil etmək
üçün hər cür üsul və vasitələrə
əl atırdılar.
AXC hökumətinin Naxçıvan bölgəsinə
dair suveren hüquqlarının bərqərar edilməsinə
yönəldilən tədbirlərin həyata keçirilməsi
ingilislər tərəfindən müdafiə olunmur və
müxtəlif maneələrlə
qarşılaşırdı. Belə ki, 1919-cu il
martın 10-da Ermənistanla Naxçıvan şəhərindəki
daşnak hərbi hissələrindən Ermənistanın
daxili işlər nazirinin adına göndərilən məlumatda
deyilirdi ki, ingilis komandanlığı daşnakların Şərurun
bir sıra kəndlərini tutmasına etiraz etmir. 1919-cu il mayın 4-5-də ingilis generalı Devi
Naxçıvana gələrək bildirmişdir ki,
Naxçıvan və Şərur qəzası Ermənistan
Respublikası ərazisində yerləşdiyinə görə
Ermənistan hökumətinə tabe olmalıdır. Daşnaklar ingilis zabitlərinin bilavasitə köməyi
və iştirakı ilə 1919-cu ilin iyununda
Naxçıvanın bir hissəsini tutsalar da,
Naxçıvan Milli Komitəsinin hərbi hissələri
daşnakların nizami qoşununu əzərək
Naxçıvan ərazisindən kənara atdı.
AXC rəhbərliyi Naxçıvanla bağlı hərbi
səciyyəli müəyyən işləri görə bilməsə
də bəzi diplomatik-siyasi yollardan istifadə edirdi. Bu sahədə
Azərbaycan hökumətinin İrəvan və Tiflisdəki
diplomatik nümayəndələrin səmərəli və
işgüzar fəaliyyəti, Azərbaycan rəhbərliyini
və Xarici İşlər Nazirliyini obyektiv məlumatlarla təmin
edirdi.
Azərbaycan
Xalq Cümhuriyyətinin Baş nazirləri olmuş F.Xoyski və
N.Yusifbəyli imkanları daxilində Naxçıvana köməklik
edir, onun Azərbaycan ərazisi kimi qorunub saxlanılması
üçün siyasi, diplomatik, maddi və mənəvi vasitələrdən
istifadə edir və qəhrəman
naxçıvanlıların fəaliyyətlərini də
yüksək qiymətləndirirdilər. F.Xoyski parlamentin
iclasında Naxçıvan bölgəsinin qəhrəman əhalisinin
Vətənə qovuşmaq üçün öz həyatları
və ailələri ilə risk edərək mübarizəyə
qalxıb azadlığa çıxdıqlarını
söyləmişdi. N.Yusifbəyli 1919-cu il
avqustun 18-də parlamentdəki çıxışında bu
bölgə ilə bağlı qeyd etmişdir ki,
Naxçıvan öz qüvvələri ilə
istilaçıları devirərək Azərbaycanla birləşməyə
hazır olduğunu bildirmişdi. 1919-cu il
dekabrın 22-də N.Yusifbəyli parlamentdəki
çıxışında yenidən bu məsələyə
qayıdaraq demişdir: “İgid naxçıvanlılar, şərurlular
və vedibasarlılar bu məsələni özləri həll
ediblər; onlar həyatlarını, ailələrinin şərəfini
və var dövlətlərini riskə qoyaraq doğma
torpağa-vətənə qovuşmaq üçün
ayağa qalxıb azad oldular və bununla da hökumətin
işini asanlaşdırdılar. Güman edirəm ki, haqq və
ədalət tərəfdarları bu qətiyyəti, fədakarlığı
və vətənpərvərliyi görəndən sonra
onların qanuni hüquqlarını danmayacaqlar...”.
Qeyd etməliyik ki, AXC Naxçıvanla əlaqələrin çətinliyini nəzərə alaraq Azərbaycan Respublikasının nümayəndəsi Qarabağ general-qubernatorunun Naxçıvan bölgəsinin idarəsi üzrə köməkçisi fəaliyyət göstərmişdir. Bir qədər sonra isə Qarabağ general-qubernatorluğu nəzdində Naxçıvan bölgəsinə dair xüsusi tapşırıqlar üzrə müvəkkillik vəzifəsi yaradıldı. Səməd bəy Cəmillinski Naxçıvanın general-qubernatoru təyin edildi. Naxçıvan və Ordubadda yerli hakimiyyətin və silahlı qüvvələrin təşkili üçün 1919-cu ilin avqustunda S.Cəmillinskinin sərəncamına 1 mly. manat vəsait ayrıldı.
1919-cu ilin ikinci yarısında bölgədə ABŞ-ın rolu artdı. Amerika polkovniki Rey AXC hökumətinə bildirmişdi ki, Naxçıvan və Şərur-Dərələyəz qəzaları xüsusi zona təşkil edir və həmin yerlərdə bütün idarəçilik işlərinə cavab verə biləcək Amerika general-qubernatorluğu təşkil olunacaqdır. Lakin ABŞ-ın bu mövqeyi AXC hökuməti və Naxçıvan Milli Komitəsi tərəfindən qəbul edilmədi. Belə olan halda müttəfiqlərin Ali Komissarı V.Haskelin adı ilə elan edilmiş 20 bənddən ibarət layihə Azərbaycan hökumətinə göndərilsə də bu qəbul edilmədi. Yeni layihə 12 bənddən tərtib edildi və yenə də hökumətə təqdim edildi. Azərbaycan hökuməti də öz növbəsində layihə hazırlayıb Haskelə təqdim etdi. Bu da qəbul olunmadı. Naxçıvan Milli Şurasının və bütün Naxçıvan əhalisinin təkidi ilə polkovnik Delli Naxçıvanda general-qubernator kimi qəbul edilmədi. Beləliklə, C.Rey və E.Delli cəhd göstərsələr də general-qubernatorluq yarada bilmədilər, onların missiyası süquta uğradı.
Beləliklə, aydın olur ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti və parlamenti hərbi-siyasi vasitələrdən istifadə edərək ölkənin ərazi bütövlüyünü qorumağa çalışmış, Naxçıvanın itirilməsinə və ermənilər tərəfindən işğal edilməsinə yol verməmiş və bu istiqamətdə ingilislər və amerikalılarla diplomatik danışıqlar aparmış, eyni zamanda Naxçıvana hərbi və maddi köməklik göstərməklə məqsədlərinə nail olmuşdur.
İsmayil HACIYEV,
AMEA
Naxçıvan Bölməsinin sədri, akademik
İki sahil.-
2022.- 24 may.- S.6.