22 iyul, 1990-cı il: Azərbaycanın
dövlət müstəqilliyinin əbədiyyət
tarixi
Həmin gün ata yurdu
Naxçıvana dönən ulu öndər
Heydər Əliyevin Vətənə Qayıdışı ilə
Ümummilli Liderin
xilaskarlıq missiyasının təməli qoyuldu
Azərbaycanın
müstəqilliyinin ulu öndər Heydər
Əliyevin adı ilə bağlı olduğunu
təsdiqləyən tarixi hadisələr
çox olsa da Ümummilli Liderin Naxçıvan MR Ali
Məclisinin Sədri işlədiyi müddətdə
canından çox sevdiyi
xalqı üçün göstərdiyi
fədakarlıq yalnız böyük şəxsiyyətlərə
məxsus dahilik nümunəsidir. İki mərhələdə respublikaya
rəhbərlik etsə də, daim arzusunda olduğu Azərbaycanın
müstəqilliyi naminə göstərdiyi qətiyyət, cəsarət,
siyasi iradənin bəzi məqamları məhz
bu dövrlə bağlıdır. Kremldə
çalışdığı müddətdə belə Azərbaycanın
inkişafı naminə tarixi xidmətlər
göstərən, filosofların təbirincə deyilsə, liderliyin atributları olan
ağılının, zəkasının, təfəkkürünün
hikməti və natiqlik bacarığı
ilə müasirləri arasında seçildiyini
tarixi xidmətləri ilə göstərən
ulu öndər Heydər Əliyev fenomen insan olduğunu
məhz o illərdə təsdiqlədi.
«Xalqlar görkəmli şəxsiyyətləri ilə tanınır» söyləyən müdriklərin «Bəşəriyyət dahilərə, tarixi şəxsiyyətlərə möhtac olduğu qədər də onlara borcludur» hikmətini əməli fəaliyyəti ilə doğruldan Ulu Öndərin nəsil şəcərəsi, siyasi fəaliyyəti bütünlükdə hər bir Azərbaycan vətəndaşının ömür səhifələrində yaşayır. İdeyaları, idarəçilik təcrübəsi dünənimiz, bugünümüz, sabahımız üçün məktəb, bələdçi olan ümummilli lider Heydər Əliyevin siyasi irsi o qədər zəngin , mənalı və dəyərlidir ki, hələ neçə on illər bundan sonra da nəsillər bu varislik xəzinəsindən istifadə edəcəklər. Adı həmişə milli dövlətçiliyimizlə, müstəqilliyimizlə qoşa çəkilən, fenomen siyasətçi kimi təcrübəsi daim öyrənilən, ən çətin məqamlarda xalqını arxasınca aparmaq qabiliyyətinə malik qətiyyəti ilə seçilən Ulu Öndərin adının Azərbaycanla bir çəkilməsi xalqının övladına məhəbbətinin ifadəsidir. Müdrik şəxsiyyətin mənalı həyatının xronologiyasına nəzər salmaqla dahilik zirvəsinə yüksəlməyin şərəfli olduğu qədər də enişli- yoxuşlu yollardan keçildiyini görmək olar.
…Siyasi biliyi, dövlətçilik təcrübəsi baxımından ittifaqda birləşən respublikaların başçılarından müqayisəolunmaz dərəcədə fərqlənən, fenomen istedada malik Heydər Əliyevin fitri qabiliyyəti ilə Kremldə çalışdığı illərdə çoxları kimi, korafəhim rəhbər M. Qorbaçovu da qısqandırırdı. O dövrdə İttifaqın «düşünən beyni» hesab olunan Kremldə çalışan, sonralar isə yazdıqları kitablarında SSRİ adlı «nəhəng» dövlətin mərkəzi sayılan bu məkanda baş verən fitnə-fəsadlar barədə açıqlamalar verən o dövrün rəsmiləri də etiraf edirdilər ki, orada təmsil olunan ən layiqli dövlət adamı, işinin məsuliyyətini fəaliyyəti ilə doğruldan obyektiv, vicdanlı, savadı ilə müsahiblərini heyran edən yeganə şəxsiyyət Heydər Əliyev idi. Təbii ki, dayaz düşüncəli, ermənipərəst «baş kommunist» özü üçün «təhlükə» hesab etdiyi belə hazırlıqlı kadrları ətrafında istəməzdi. Ona görə də özünə münasib ermənilərdən ibarət «fitnəkar komandasının» yalanları, böhtanları ilə tarixi şəxsiyyət Heydər Əliyevi Kremldən uzaqlaşdırdı, hətta onun Moskvadan getməsinə belə qadağa qoydu. Bu korafəhim «rəhbər» unutdu ki, Ulu Öndərin ucaldığı zirvə ilə müqayisədə yüzlərlə qorbaçovlar zərrəcik belə ola bilməzdilər. Ulu Öndərin məcburi istefasından sonra Qorbaçovun xeyir-dua verdiyi Dağlıq Qarabağ münaqişəsinin təməli qoyuldu.
…20 iyul 1990-cı ildə Azərbaycana gələn Ulu Öndər qurub-yaratdığı doğma respublikasında «sürprizlərlə» qarşılaşdı. Kremlin hər bir əmrinə itaət etməklə milli- mənəvi dəyərlərini itirən Azərbaycanın o dövrdəki kommunsit ideologiyasının quluna çevrilmiş ələbaxan, dövləti idarət etmə təcrübəsi olmayan səbatsız «rəhbərləri» Ulu Öndərin Vətənə dönüşünü özlərinin sonu kimi başa düşərək Ona qarşı təxribatlar hazırladılar. Torpaqlarımızın ermənilər tərəfindən işğal olunduğu, Azərbaycanın varlığı sual altında qaldığı o ağır günlərdə Azərbaycan xalqını bir sual düşündürürdü: Hər an gözlənilən faciələrin qarşısını almaq olarmı? Məhz o zaman insanlar çıxış yolunu müəyyənləşdirdilər: Olar. Əgər hakimiyyət xalqa dəyər verən, Vətənini canından artıq sevən müdrik rəhbərin əlində olsaydı bu cür xaos yaranmazdı. O zəka sahibi isə el ağsaqqalı Heydər Əliyev idi. Beləcə, iki gün Bakıda qalan, paytaxtda sabitliyin pozulmasını istəməyən müdrik insan doğulub –boya başa çatdığı Naxçıvana gəlir. Moskvadan Naxçıvana QAYIDIŞ bəzi bədxahların qərəzlə söylədikləri kimi əyalət mərkəzinə deyil, böyük siyasətə yenidən, daha müqəddəs vəzifələr naminə fəal, qətiyyətli qayıdış idi. «1990-cı illərin əvvəllərində - xalqımız üçün ən ağır dövrdə yenə də Heydər Əliyev öz liderlik keyfiyyətlərini göstərmiş, böyük cəsarət, vətənpərvərlik göstərmiş və qanlı 20 Yanvar hadisələrini Sovet İttifaqının mərkəzində, Moskva şəhərində pisləmişdir. Mən o günü yaxşı xatırlayıram. Mən fəxr edirəm ki, o gün atamla birlikdə idim və Heydər Əliyevin o qətiyyətli çıxışı, Vətəninə, xalqına olan bağlılığı bütün Azərbaycan xalqına bir daha göstərdi ki, o, xalqa bağlı olan böyük bir liderdir.
Ondan sonra Naxçıvanda işləyərkən müstəqilliyə gedən yolu açdı. Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını dövlət bayrağı elan etmişdir və atılmış digər addımlar ona xalqın məhəbbətini daha da artırmışdır. Bununla bərabər, o vaxt Azərbaycanda hakimiyyətdə olan AXC-Müsavat cütlüyü xalqın inamını tamamilə itirmişdi. Onların antimilli siyasəti xalqda böyük hiddət doğururdu. Bacarıqsızlıq, qeyri-peşəkarlıq nəticəsində ölkə demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü. Ölkəmizi xaos, anarxiya bürümüşdü, qeyri-qanuni silahlı birləşmələr küçələrdə əli silahlı gəzirdilər, insanları incidirdilər. O illərdə ölkəmizi kütləvi rüşvətxorluq bürümüşdü. Torpaqlarımızın işğal altına düşməsi, iqtisadi böhran, sənaye böhranı, hərbi böhran demək olar ki, ölkəmizin gələcək müstəqil həyatına böyük təhlükə yaradırdı. Belə olan halda əlbəttə ki, xalq öz ümidini Heydər Əliyevə bağlamışdı. Ona görə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi. Partiya yaradılandan sonra bütün cəmiyyətimizdə böyük dəstəyə malik oldu» söyləyən Prezident İlham Əliyev bu sözləri ilə həmin günlərdə yaşanan çətinlikləri xarakterizə edir.
Ulu Öndərin Naxçıvan Muxtar Respublikasından başlanan fəaliyyətinə nəzər salaq.
…22 iyul 1990-cı il. Ulu Öndərin xilaskarlıq missiyasının başlanğıcı olan bu tarixi müstəqillik salnaməmizin ilk səhifələri adlandırmaq daha doğru olar. Həmin gün 100 mindən artıq naxçıvanlının toplaşdığı meydanda həmyerliləri ilə görüşən Ulu Öndərin nitqi siyasətə tarixi dönüşün zəfər çağırışı idi. « Doğma vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm.» Naxçıvanın mərkəzi meydanına toplaşanların sayı çox olduğundan və hər kəsin xilaskarını yaxından görmək istəyindən yaranan sıxlıqdan narahat olan uşaqları görən müdrik ağsaqqal Heydər Əliyev «Uşaqları yuxarı qaldırın. Onlar bizim bayraqlarımız olacaqlar» söylədi. Yaranan qələbəlik həmyerlilərinin ona olan inamı, hörməti, etiramı xalqımızın gələcəyə olan ümidi, milyonların əbədiyyətə uzanan yolunun ilk cığırları idi. Ulu öndər Heydər Əliyev həmin gün hiss etdi ki, qarşıda onu daha məsul vəzifələr gözləyir: Azərbaycanın müstəqilliyini, süverenliyini, bir sözlə, varlığını qorumaqla ümidsizliyə qapılan insanların ürəyində sabaha inam hissini gücləndirmək. Beləliklə, öləziməkdə olan azadlıq ruhunun qaldırılması kimi məsul, çətin, hər bir dövlət başçısının öhdəsindən bilməyəcəyi bir vəzifəni üzərinə götürən Ulu Öndər xilaskarlıq missiyasına xalqın xeyir-duası ilə başladı. O missiya ki, təkcə muxtar respublikanın deyil, bütünlükdə Azərbaycanın müstəqilliyinin əbədiliyini şərtləndirdi. Xalq öz övladına etimad göstərərk Onu Azərbaycan SSR-in və Naxçıvan MSSR-in xalq deputatı seçdi. 17 noyabr 1990-cı ildə parlamentin növbəti iclasına deputat kimi sədrlik edən Heydər Əliyev bir müddət sonra söylədiyi «Müstəqillik qədər çətin yol yoxdur. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir» sözlərinin real həyatda həlli üçün imkan yaradan məsələlər barədə düşüncələrini gerçəkləşdirdi. Azərbaycan Xalq Cümhuriyyətinin atributları – üçrəngli bayrağı, himni, gerbi bərpa olundu. Muxtar respublikanın adından «sovet, sosialist» sözləri çıxarıldı.
3 sentyabr 1991-ci ildə bütün həmyerlilərinin tələbi ilə Naxçıvan MR Ali Məclisinin Sədri seçilən Ulu Öndərin o illərdə cəsarət tələb edən xidmətlərini gələcək üçün təməl adlandıran Prezident İlham Əliyevin sözləri daha xarakterikdir: «Heydər Əliyevin 1970-ci, 1980-ci illərdə də gördüyü işlər, Azərbaycanın inkişafına verdiyi töhfələr və Sovet İttifaqının dağılma ərəfəsindəki fəaliyyəti, cəsarətli addımlar, qanlı 20 Yanvar faciəsinin pislənməsi, Kommunist Partiyası sıralarının tərk edilməsi, Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi təsis edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi, Sovet İttifaqının saxlanmasına dair referendumun keçirilməməsi - bütün bu amillər əlbəttə ki, xalqda Heydər Əliyevə olan məhəbbəti birə on artırırdı. 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılması xalqda böyük ümidlər yaratdı ki, nəhayət, xoşagəlməz hallara son qoyulacaq, nəhayət, Azərbaycanda çox ciddi siyasi qüvvə yaranır, nəhayət, Azərbaycanda siyasi sistem yaranır.» Bu sistemin müəllifi Ulu Öndər, icraçıları isə onun həmyerliləri oldu.
Bu gün ÜDM-də payı artan qeyri-neft sektorunun təməli, bazar iqtisadiyatının başlıca tələblərindən olan özəlləşdirmə siyasəti o illərdə Ulu Öndərin imzaladığı «Naxçıvanda zərərlə işləyən kolxoz və sovxozların ləğv edilməsi və onların əsasında şəxsi təsərrüfatların yaradılması», «Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi» haqqında qərarların qəbulu ilə başladı. «Naxçıvanlıların öz fədakarlığı, işgüzarlığı hesabına Naxçıvan yaşayır, inkişaf edir, Naxçıvanda quruculuq prosesləri gedir» söyləyən ümummilli lider Heydər Əliyev onu da vurğulayırdı ki, Vətənini, torpağını, dövlətini, öz müstəqil Azərbaycanını qorumaq öz ata-anasını qorumaq deməkdir, evini qorumaq deməkdir. Bir övlad kimi böyüyüb boya başa çatdığı torpağını ermənilərin silahlı müdaxiləsindən qoruyan Ulu Öndər in ən böyük xidmətlərindən biri də diaspor fəaliyyətinin təməlini qoyan 31 dekabr- Dünya Azərbaycan türklərinin milli həmrəylik və birliyi barədə qərarın qəbulu idi.
«Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır» aforizmini həyatda əməli işi ilə reallaşdıran Ulu Öndər Naxçıvan MR Ali Məclisinin Sədri kimi muxtar respublikanın erməni təcavüzündən qorunmasına da yenilməz sərkərdə kimi qətiyyət göstərdi. Əhəmiyyətinə görə daha böyük önəm daşıyan, guya «sərhədlərimizi qoruyan» SSRİ-nin 41-ci sərhəd dəstəsinin və 75 saylı mexanikləşdirilmiş moto-atıcı diviziyanın muxtar respublikanın ərazisindən çıxarılması barədə qərar qəbul olundu. Azərbaycanda «qızıl ordu» hissələrinin qaldığı bir vaxtda Naxçıvanda belə bir cəsarətli addımın atılması, rus ordusuna məxsus silah-sursatın, əmlakın, mülkü texnikanın yeni yaradılan Milli Orduya və Azərbaycanın I Sərhəd Dəstəsinə təhvil verilməsi yalnız düşünülmüş, ağıllı siyasətin nəticəsində mümkün ola bilərdi. Məhz o illərdə yaradılan Naxçıvanın inkişafı və müdafiəsi fonduna yığılan vəsait Milli Ordunun möhkəmlənməsinə sərf olundu.
Naxçıvanda olarkən bütün Azərbaycan üçün xidmətlərindən ən önəmlisi respublikanın sərhədlərinin, muxtar respublikanın ermənilər tərəfindən işğalının qarşısının alınmasına yönəldilmiş Qars müqaviləsinin təzələnməsi oldu. Blokadada qalan naxçıvanlıların çətin vəziyyətdən çıxması üçün qonşu İran və Türkiyə ilə əməkdaşlıq gücləndi. Böyük şəxsiyyət olan Heydər Əliyevin nüfuzu bu sahədə də özünü doğrultdu. Naxçıvana hər iki qonşu dövlətdən ərzaq, sənaye malları ən başlıcası isə enerji verildi. Türkiyə ilə qonşu dövlətlər arasında əlaqələrin möhkəmləndirilməsi üçün «Həyat yolu» adlandırılan «Ümid» körpüsü salındı. Paytaxt Bakı ilə yeganə nəqliyyat yolunun intensiv fəaliyyəti üçün geniş imkanlara malik hava limanı, Bakıda Naxçıvan nümayəndəliyi açıldı.
1992-ci ildə Naxçıvan MR Ali Məclisin Sədri kimi anti milli qüvvələrin təhdidlərinə xalqla birliyi sayəsində qalib gələn Heydər Əliyev 1994-1995-ci illərin acı xatirələri kimi yaddaşlarda iz salan dövlət çevrilişlərinə cəhdləri də qətiyyəti, xalqla birliyi sayəsində aradan qaldırdı.
Uzaqgörən siyasətçi yaxşı bilirdi ki, azadlıq, sərbəstlik olmayan yerdə inkişafa, yeniliyə nail olmaq nəinki çətindir, hətta müşküldür. 1990- cı ildə Bakıda törədilmiş 20 Yanvar hadisələrinə həsr olunmuş, Ali Sovetin yarımçıq dayandırılmış sessiyasını qətiyyətlə pisləyərək Naxçıvanda bu məsələnin müzakirəsini təşkil etdi. Bir vətəndaş kimi məsələyə münasibətini bildirən Heydər Əliyev vaxtı ilə ona ünvanlanmış qərzəli iradlara etiraz edərək əsil həqiqəti insanlara çatdırdı: «Mən Azərbaycanın rəhbəri kimi Ermənistanın Dağlıq Qarabağın işlərinə qarışmasına yol vermirdim və bunu vətəndaş, azərbaycanlı kimi borcum bilirdim.» Yanvar hadisələri törədiləndə Moskvadakı Azərbaycan nümayəndəliyinə gedərək qırğını müstəqil bir dövlətin süverenliyinə qarşı siyasi aksiya hesab edən Heydər Əliyev Naxçıvanda işləyərkən faciəyə siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını qəti tələb etdi. Kremldə baş verən siyasi oyunlardan xəbərdar olan uzaqgörən siyasətçi «ittifaq müqaviləsini» Qorbaçovun xalqları aldatmaq cəhdinin siyasi təzahürü hesab edərək ona qəti etirazını bildirdi. Qorbaçovun «yenidənqurma» oyununun pərdəarxası məqsədini, onun təhlükəli nəticələrini də uzaqgörən siyasəti ilə aydın dərk edirdi. O, «nəticə» ki, Azərbaycana Dağlıq Qarabağ boyda ürək ağrısı, əzab- əziyyət, qaçqın, şəhid sözlərini «bəxş etdi.» Yalan, saxta ideyalar əsasında formalaşan və xalqları 70 ildən artıq əsarətdə saxlayan kommunist partiyasına etiraz edərək despotizm və qan üzərində qurulmuş bu qurumun üzvlüyündən imtina etdi. Muxtar respublikada kommunist partiyasına məxsus bütün strukturlar ləğv etdi, əmlakını milliləşdirdi. Bildirdi ki, çoxpartiyalılıq olmayan cəmiyyətdə demokratiyadan, inkişafdan söhbət gedə bilməz. Cənubi Qafqazın qaynar nöqtələrindən olan Azərbaycan üçün taleyüklü məsələləri, ölkədə gedən proseslərlə maraqlananlar, Naxçıvana gəlir, əsil həqiqətləri müdrik siyasətçidən öyrənirdilər. Bu görüşəlrin biri haqqında söhbətimizə Ulu Öndərin sözləri ilə işıq salaq: «Bir gün Litvadan gələn müxbirdən soruşdum ki, nə üçün gəlibsiniz? Deyir bir gün Bakıda olduq, sonra Naxçıvana gəldik.Deyirəm nə üçün gəlmisiniz, məndən nə istəyirsiniz? Cavab verir ki, bilirsiniz, indi ən böyük dəyişikliklər Naxçıvanda baş verir, bunları eşitmişik. Ona görə də gəldik.»
Müdrik insan Heydər Əliyevin həyatında baş verən, ömür salnaməsini bəzəyən belə misalları çox çəkmək olar. Gördüyü işlərin əhəmiyyətini düzgün qiymətləndirənlər haqlı olaraq qeyd edirlər ki, ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin yaradıcısı və müstəqilliyinin qarantı oldu. İngilis şairi və tənqidçisi Samuel Conson bildirirdi ki, gələcəyi satın ala biləcək tək şey bu gündür. Bu baxımdan vaxtdan səmərəli, yerində, zamanında və məqsədyönlü istifadəyə diqqətlə yanaşan Heydər Əliyevin zəkasına, təcrübəsinə həsəd aparanlar çox idi. Nahaq deyilməyib ki, görəcəyi iş üçün vaxtdan səmərəli istifadə etməklə gələcək uğurların təməlini qoyan Heydər Əliyevin uzaqgörən siyasəti qarşıdakı bir neçə on illər üçün də hesablanıb.
1993-cü ildə Bakıya tarixi QAYIDIŞI ilə insanları bürüyən stresdən, xaosdan, ölkəni isə parçalanmaq təhlükəsindən xilas edən Heydər Əliyev bir daha müstəqilliyin qarantı olduğunu subut etdi. Dahiliyi şərtləndirən amillər çox olsa da qanunauyğunluqlardan biri də budur ki, liderin qiyməti varisliklə müəyyən olunur. Yəni, rəhbər başçılıq etdiyi dövlətin inkişafını bir neçə dəfə artırmaq üçün özünə layiq davamçılar yetişdirməlidir. Ümummilli lider Heydər Əliyev bu sahədə də müdrikliyini təsdiqlədi. 2003-cü ildə keçirilən prezident seçkiləri ərəfəsində xalqa ünvanlanmış tarixi müraciəti ilə bir daha Azərbaycana vurğunluğunu bildirən, müstəqilliyin əbədi olması üçün göstərdiyi xidmətlərin davamlı olmasını istəyən Heydər Əliyev siyasi varisi və özü qədər inandığı cənab İlham Əliyev kimi səriştəli, iradəli dövlət başçısını Azərbaycan xalqına bəxş etdi. Müzəfər Ali Baş Komandan kimi 30 il Ermənistanın işğalı altında qalan torpaqlarmızı azad etməklə ata vəsiyyətinə sadiq qaldığını bildirən Prezident İlham Əliyev bu etimada layiq olduğunu Azərbaycanı bütün dünyada qüdrətli dövlət kim tanıtmaqla da bildirdi.
Xuraman İsmayılqızı
İki sahil.- 2022.- 27 may.- S.3.