BƏRƏMUM BİOLOJİ
FƏAL MƏHSULDUR
Müasir dövrdə ekaloji
təmiz qida məhsullarından istifadə
olunması insan
sağlamlığını şərtləndirən əsas
amillərdən biridir. Məlumdur ki, insan bədənində
olan zəhərli maddələrin təxminən
70%-i qida, 20%-i hava,
10%-i su ilə daxil olur. Bu baxımdan, qidalanmada süni və sintetik qidalara deyil, təbii – bitki və
heyvani qidalara daha çox üstünlük vermək lazımdır.
Çünki süni və sintetik qidalarda zərərli və zəhərli maddələrin miqdarı normadan çox olur. Təbii qidalarda isə insan orqanizmi üçün lazım olan maddələr çoxdur. Buna görə də təbii məhsul istehsal edən sahələrin inkişaf etdirilməsi aktual məsələlərdən biridir. Təbii qida məhsulu istehsal edən sahələrindən biri arıçılıqdır. Naxçıvan Muxtar Respublikası ərazisində 100 mindən çox arı ailəsi var. Naxçıvanın təbii-coğrafi iqlim şəraiti və bitki örtüyünün müxtəlifliyi arıçılığın normal inkişafını təmin edir. İstehsal olunan arı məhsullarının tərkibi və keyfiyyətinin yüksək səviyyədə olması diqqəti daha çox cəlb edir.
Arıcılıqda istehsal olunan məhsulların hamısı insan oqranizmi üçün faydalıdır. Arılar müxtəlif bitki və ağac çiçəklərindən qida maddəsi toplayır və onları orqanizmində yenidən işləyərək qiymətli məhsullara (bal, mum, bərəmum (vərəmum), arı südü və s.) çevirirlər. Mum sənayesinin 40-dan artıq sahəsi məlumdur. Müasir dövrdə metallurgiyada, radiotexnikada, aviasiyada, kimya sənayesində və s. sahələrdə mum əvəzedilməz xammaldır. Mum təbabətdə müxtəlif məlhəmlərin, plastrların və s. hazırlanmasında, ətriyyat sənayesində mumdakı efir yağlarından geniş istifadə olunur.
Bərəmum bitki və heyvan mənşəli məhsuldur. Bərəmumun elmi adı “propolis”dir. El arasında “arı yapışqanı”, “bərəmum”,
“vərəmum” və
ya “güllük” adlanır. Arılar bitki və ağaclardan topladığı
yapışqan və qatran maddələrini bədənlərindəki fermentlərlə
dəyişdirərək bərəmum
(propolis) hazırlayırlar.
Arılar pətəkdəki çatları, dar deşikləri bərəmum
ilə sıvayır.
Bu da arı
ailəsini rütubətdən,
soyuqdan və ya istidən, həmçinin bəzi zərərvericilərdən qoruyur.
Bərəmumun sabit kimyəvi tərkibə malik deyil. Pətəkdəki bərəmumun miqdarı
arıların cinsindən,
coğrafi və iqlim şəraitindən,
pətəyin dizaynından,
təbiətdəki xammalın
miqdarından, arı ailələrinin gücündən
və vəziyyətindən
asılıdır. Bir arı
koloniyasından (ailəsindən)
10 ilə 300 qram arasında bərəmum toplamaq mümkündür.
Bərəmumun may ayının
sonundan avqustun sonuna qədər toplanması tövsiyə
olunur. Arılar iyulun
ikinci yarısında və avqustun ilk yarısında daha çox bərəmumun istehsal edirlər. Çünki bu mövsümdə
arılar qışlama
üçün hazırlaşırlar.
Bərəmum toplanmasının ən sadə və ən çox istifadə olunan üsulu əllədir. Arıçılar bərəmumu çərçivələrin
asqılarından, izolyasiya
ətəklərindən, gediş-gəliş
deşiklərindən və
pətəklərdəki müxtəlif
yarıqlardan müəyyən
kəsici alətlə
qoparırlar.
Bərəmumun tərkibi insan bədəninin bütün
sistemlərinin normal işləməsi
və daxili orqanları üçün
zəruri olan 800-dən
çox maddə ilə təmsil olunan bənzərsiz bir təbii məhsuldur. Tərkibində
fitontsidlər, spirtlər,
qlikozidlər, polisaxaridlər,
taninlər, aromatik turşuların efirləri
və flavonoidlər
var. Bərəmumda mikroelement
şəklində manqan,
sink, barium, titan, mis, qalay,
nikel, kobalt, vanadium, xrom, qurğuşun, kalsium, fosfor, kalium, kükürd, natrium, dəmir, maqnezium, molibden, alüminium, silisium, civə, selen, zirkonium, flüor və stibium olur.
Coğrafi şəraitdən asılı
olaraq bərəmum tünd yaşıl, qəhvəyi, qonur, boz və tünd
sarı rəngdə olur. Acı dada və xarakterik
kəskin qatran qoxusuna malikdir. Soyutduqda tədricən sərtləşir
və kövrək kütləyə çevrilir.
Bərəmumun ərimə temperaturu
80 - 100 °C arasında dəyişir.
23 °C temperaturda efirdə
təxminən
66%, 34 °C-də - təxminən
80%, etil spirtində temperaturdan asılı olaraq 50 ilə 70% arasında, suda 7 ilə 11% arasında, asetonda 20 ilə 40% arasında həll olur. Daha yaxşı həllolma
efir və etanol, xloroform və etanol, toluol və etanol qarışıqlarında
baş verir. Bərəmumun tərkibində
təxminən 55% qatran
və balzam, 10% efir yağı, 30% mum və 5% tozcuq var. Onun kimyəvi tərkibi toplandığı
yerdən və bitki növündən asılı olaraq dəyişir.
Bərəmumun bioloji aktiv xüsusiyyətləri
onun tərkibində olan müvafiq üzvi və mineral maddələrin tərkibindən
asılıdır. Şəfa xüsusiyyətləri
(antioksidan, antibakterial,
antivirusal və s.) kumarinlər, artipellin C, diterpenlər, liqnanlar, ferul və xinon
turşuları ilə
əlaqələndirilir. Əsas bioloji aktiv maddələr
flavonoidlər, benzoy, kofein və digər fenol turşular, həmçinin
fenol turşunun esterləridir. Bundan başqa, bərəmumda az miqdarda
vitaminlər və amin turşuları olur. Bunların miqdarı da
coğrafi şəraitdən
asılı olaraq dəyişir.
AMEA Naxçıvan Bölməsi
Təbii Ehtiyatlar İnstitutu “Mineral xammalın
kimyası və texnologiyası laboratoriyası”nda
aparılan tədqiqatlardan
məlum olmuşdur ki, Naxçıvan Muxtar Respublikasının Şərur, Culfa və Babək rayonları ərazisindən
toplanmış bərəmum
nümunələrində qudron,
kofein və benzoy turşuları, az miqdarda fenilalanin
vardır. Şahbuz və Ordubad
rayonlarının dağlıq
ərazilərindən toplanmış
bərəmum nümunələri
isə yuxarıda qeyd olunan komponentlərlə
yanaşı makro və mikroelementlər, həmçinin suda həll olan vitaminlərlə (C, B3 və
B6) zəngindir. Ümumiyyətlə, bitki örtüyü ilə zəngin olan ərazilərdə olan arı ailələrindən
toplanmış bərəmumun
tərkibi daha zəngin olur. Belə bərəmumun rəngi boz və tünd
sarıya çalır.
Asfalt yollara yaxın ərazilərdə olan arı ailələrindəki
bərəmumun tərkibində
qudron çox olduğu üçün
qara və tünd qəhvəyi rəngdə olur.
Lap qədim zamanlardan
xalq təbabətində
bərəmumdan müxtəlif
xəstəliklərin və
yaraların müalicəsində
geniş istifadə olunmuşdur. Bərəmum biogen stimulyator
kimi təsir göstərən və qiymətli dərman xüsusiyyətlərinə malik
olan bioloji aktiv maddələr kompleksidir. Müasir tibbdə bərəmum
və onun bioloji aktiv komponentləri
bir çox xəstəliklərin müalicəsində
təsirli vasitə kimi tətbiq edilir.
Bərəmum dermatoloji və ginekoloji problemlərin, neyrodejenerativ xəstəliklərin
müalicəsində, yaraların,
yanıqların və
xoraların yaxşılaşdırılmasında
effektiv şəkildə
istifadə olunur. Bərəmum bir çox antibiotikdən üstündür,
antibakterial, antivirusal xassələrə malikdir.
Müəyyən edilmişdir ki,
bərəmum çəkilmiş
səthə düşən
bütün növ mikrob, bakteriya və viruslar tez bir zamanda
məhv olur. Zəhərlərin, ağır metalların
duzlarını bədəndən
çıxmasını təmin
edir, immunitet sistemini gücləndirir.
Orqanoleptik xüsusiyyətləri və antimikrob aktivliyi ilə fərqlənir. Bununla yanaşı,
bərəmum yüksək
bioloji aktivliyə malikdir, bədənin əlverişsiz ətraf mühit amillərinə qarşı müqavimətini
artırır. İnsan orqanizmini
faydalı maddələrlə
təmin edən bu nadir məhsul xüsusiyyətlərinə görə
tibbdə geniş istifadə edilir. Müxtəlif xəstəlikləri müalicə edərkən
çeynənə və
dəriyə sürtülə
bilər, su və spitrdə məhlulları (emulsiyalar)
şəklində istifadə
oluna bilər. Dəri xəstəliklərinin müalicəsində
bərəmum məlhəmlərindən
istifadə daha yaxşı nəticələr
verir. Bunun üçün bərəmum heyvan və ya birki
yağı, vazelin və südlə qarışdırılır. Bu məlhəmlər dəridəki ləkələri,
yaraları və çatları tez bir zamanda aradan
qaldırır.
Mədə, bağırsaq və boğaz ağrısı xəstəliklərində bərəmumun
su və spirtdə ekstraktlarından
istifadə olunması
daha yaxşı nəticələr verir. Bu ekstraktları hazırlayarkən
suyun və spirtin temperaturu 50 oC-dən aşağı olmalıdır. Çünki bərəmumun tərkibində
olan bioloji aktiv maddələr yüksək temperaturda parçalanır. Bərəmumun
sulu məhlulunda qatılıq 1,7 ilə 2,1% arasında dəyişir. Prostat vəzinin müalicəsində
bərəmumun spirtdə
ekstraktından və şamlarından istifadə
olunması daha yaxşı nəticələr
verir. Stomatologiyada
diş və damaq xəstəliklərinin
müalicəsində bərəmum
əvəzedilməz dərmandır.
Müəyyən edilmişdir ki,
bərəmum ekstraktlarından
istifadə edən şəkər xəstələri
özlərini daha yaxşı hiss edir və müəyyən vaxtdan sonra şəkər
dərmanları qəbul
etməyə ehtiyac qalmır. Bərəmum ekstraktları orqanizmi
normal fəaliyyət üçün
zəruri olan maddələrlə zənginləşdirir
və orqanların
normal həyat fəaliyyətini
təmin edir.
Araşdırmalar göstərir ki, bərəmum ən qiymətli bioloji aktiv arıçılıq
məhsuludur. Bərəmumdan hazırlanan preparatlar
insan xəstəliklərinin
müalicəsində və
bitkilərin zərərli
orqanizmlərdən qorunmasında
təsirli təbii vasitədir. Ondan qida əlavələri kimi istifadə olunması və kosmetika istehsalı üçün perspektivlidir.
Qorxmaz Hüseynov,
AMEA Naxçıvan
Bölməsinin Təbii
Ehtiyatlar
İnstitutunun Mineral xammalın kimyası
və
texnologiyası laboratoriyasının rəhbəri,
kimya üzrə fəlsəfə
doktoru, dosent
İki sahil.- 2022.- 28 may.- S.30.