GÖRKƏMLİ MUZEYŞÜNAS

 

2005-ci ildə Sübhi Fərrux oğlu Kəngərlinin Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülməsi respublikanın elmi, ədəbi və mədəni mühitində böyük razılıq və minnətdarlıqla qarşılandı. Çünki o, bu mühitdə pərvəriş taparaq məhsuldar və səmərəli fəaliyyəti ilə mədəniyyət sahəsində diqqətəlayiq xidmətlər göstərən görkəmli simalardan olmuşdur və son 60 illik bir dövrü əhatə edən həmin mühiti Sübhi Kəngərlisiz təsəvvür etmək çətindir.

M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirərək “yüksək ixtisaslı mədəni-maarif işçisi” ixtisasına yiyələnən S.Kəngərli bu günədək öz ixtisasına uyğun olaraq fəaliyyətini davam etdirməkdədir. S.Kəngərli 1982-ci ilədək Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində inspektor, Elmi-metodiki Mərkəzin şöbə müdiri, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini kimi vəzifələrdə çalışmışdır. Bu illərdə Bakıda nəşr olunan “Mədəni-maarif işi” və “Qobustan” jurnallarında dərc etdirdiyi “Üçillik mədəniyyət tədbirlər planını vaxtından əvvəl yerinə yetirək”, “Diqqət mərkəzində”, “Arzumuz nümunəvi xidmət etməkdir”, “Naxçıvan teatrının rejissoru Vəli Babayev”, “Zəhmətkeşlərin estetik tərbiyəsi”  adlı məqalələrindən aydın olur ki, o, mədəni-maarif sahəsinə adi bir həvəskar kimi yox, püxtələşməyə doğru qətiyyətli addımlarla irəliləyən yaradıcı bir mütəxəssis kimi qədəm qoymuşdur.

1982-ci ildən etibarən – Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində işlədiyi illərdən (1982-2012) S.Kəngərlinin əsas fəaliyyəti daha çox muzeyşünaslıqla bağlı olmuşdur. Muzey işinin təşkili, muzeyşünaslığın elmi-nəzəri problemləri ilə bağlı araşdırmalar  onun bu istiqamətdəki fəaliyyətinin əsas tərkib hissələrini təşkil edir.

S.Kəngərlinin muzey işinin təşkili ilə bağlı fəaliyyəti 1966-cı ildə Naxçıvan Ədəbiyyat muzeyinə elmi işçi təyin edildiyi vaxtdan başlamışdır. Bu, elə  bir vaxt idi ki, 1965-ci ildə Azərbaycan SSR Nazirlər Soveti həmin muzeyin yaradılması haqqında qərar qəbul etmişdi.  1967-ci ildə muzeyin açılışınadək onun qurulması, təşkil edilməsi işləri ilə məşğul olunurdu. S.Kəngərli həmin mərhələdə muzeyə müxtəlif eksponatların toplanılmasında, burada tamaşaçıların marağına səbəb ola biləcək ekspozisiyaların qurulmasında fəal iştirak etmişdir. O, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında direktor işləyərkən də bu işini bir qədər fərqli xarakterdə davam etdirərək burada teatrıla bağlı  müxtəlif sənəd, fotoşəkil və digər materialları hifz edən zəngin fond  yaratmağa nail olmuşdur. Bu vaxt qazandığı təcrübədən sonralar 30 il direktoru olduğu Ədəbiyyat Muzeyinin indi zəngin mənəvi xəzinəyə çevrilən fondunun ərsəyə gətirilməsində həm özü, həm də muzeyin digər əməkdaşları səmərəli şəkildə istifadə etmişdir.

        “S.Kəngərlinin rəhbərliyi dövründə Ədəbiyyat Muzeyi elm və mədəniyyət məbədinə çevrilmişdir”,- desək yanılmarıq. Bu məqamda tanınmış naxçıvanşünas alim Lətif Hüseynzadənin  muzeyin rəy kitabına yazdığı sözləri xatırlatmaq yerinə düşər: “Cəlil Məmmədquluzadə adına Naxçıvan Ədəbiyyat Muzeyi Azərbaycanın başqa şəhərlərində təşkil edilmiş ədəbiyyat-tarix muzeylərindən zəngindir. Bu muzeyi milli mədəniyyətimizin, mənəvi irsimizin zəngin bir xəzinəsi adlandırmaq olar”.

Sonralar muxtar respublikada  fəaliyyətə başlayan muzeylərin, xüsusilə Hüseyn Cavid və Cəlil Məmmədquluzadənin ev muzeyləri, Bəhruz Kəngərli Muzeyi və Cəlil Məmmədquluzadənin Cəlilkənddə Xatirə Muzeyi yaradılarkən artıq səriştəli muzeyşünas kimi məşhurlaşan  S.Kəngərlinin təcrübəsindən və tövsiyələrindən istifadə olunmuşdur.

Naxçıvan muzeylərinin yaranması və fəaliyyəti haqqında hərtərəfli məlumatlar S.Kəngərlinin ”Şərq qapısı”, “Mədəniyyət”, “Dünya pres”, “Ədəbiyyat və incəsənət”, “Nuh yurdu”, “Naxçıvan”, “Qobustan”, “Mədəni-maarif işi”,  AMEA N.Gəncəvi adına Azərbaycan Dövlət Ədəbiyyat Muzeyi və Naxçıvan Dövlət Universitetinin “Elmi əsərləri” kimi qəzet və jurnallarda dərc olunan “Naxçıvanda Heydər Əliyev Muzeyi”, “Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin fəaliyyəti”, “Bəhruz Kəngərli Muzeyinin yaradılması haqqında”, “Naxçıvanda görkəmli şəxsiyyətlərin muzeyləri”, “Akademik Zərifə Əliyevanın Xatirə Muzeyi”, “Naxçıvanda Tarix-Diyarşünaslıq muzeylərinin yaranması və fəaliyyəti”, “Naxçıvan Dövlət Universitetlərinin muzeyləri” sərlövhəli məqalələrində və “Heydər Əliyev muzeylərimizin yaradıcısı və memarıdır”, “Muzey elm və mədəniyyət toplusudur”, “Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi (Bələdçi)”, “Naxçıvanda Cəlil Məmmədquluzadə muzeyləri”, “Ədəbiyyat muzeyində Naxçıvan teatrının fondu”, “Mənim məqalələrim” adlı kitab və kitabçalarında öz əksini tapmışdır.

S.Kəngərlinin adı çəkilən məqalə və kitablarında publisistik ruhla elmi üslub bir-birini tamamlayır. Bu, təsadüfi deyil. Çünki o, 1975-1980-cı illərdə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun qiyabi aspirantı kimi “Şəxsiyyətin ideya-estetik inkişafında mədəniyyət müəssisələrinin rolu” mövzusunda namizədlik (fəlsəfə doktorluğu) dissertasiyası üzərində işləyərkən elmi üslubun sirlərinə daha yaxından bələd olmuşdu. Sırf elmi səciyyə daşıyan “Müstəqillik illərində muzeylərin fondlarının elmi-biblioqrafik tədqiqi”, “Cəlil Məmmədquluzadənin nəsil şəcərəsi”, “Molla Nəsrəddin” Naxçıvandan nə yazırdı”, “Mədəniyyət müəssisələri və estetik tərbiyə” kimi məqalələri və Azərbaycan incəsənəti və muzeyşünaslığına həsr olunan bəzi kitablara yazdığı rəylər də bunu əyani şəkildə nümayiş etdirir.

Müəllifləri Elfira Qurbanova və Aqşin Əlizadə olan “Muzeylərdə elmi-tədqiqat işinin təşkili və metodikası” adlı dərs vəsaitində S.Kəngərlinin elmi yaradıcılığını yüksək qiymətləndirən aşağıdakı cümləni də təsadüfi hesab etmirik: “Naxçıvanda və ümumiyyətlə, Azərbaycanda yeni dövr və ən erkən muzeyçilik təcrübəsi tarixini işıqlandıran Sübhi Kəngərlinin araşdırmaları ciddi maraq doğurur”.

Muzeyşünaslığa aid elmi ədəbiyyatda S.Kəngərlinin əsərlərinə istinadlar da onun tədqiqatlarının yüksək səviyyəsindən xəbər verir. Məsələn, təkcə muzeyşünas Sabir Əmirxanovun “Azərbaycanda muzeyşünaslığın aktual problemləri” monoqrafiyasında S.Kəngərlinin 4 məqaləsinə istinad edilmişdir.

S.Kəngərlinin pedaqoji fəaliyyəti haqqında ayrıca danışmağa ehtiyac vardır. Çünki o, bu sahədə də özünü yaradıcı bir pedaqoq kimi göstərmiş və tələbələrinin sevimlisinə çevrilə bilmişdir.

Qısa müddət ərzində Naxçıvan Şəhər Musiqi Məktəbində müəllim işləməsini nəzərə almasaq, S.Kəngərlinin pedaqoji fəaliyyəti daha çox Naxçıvan Dövlət Universiteti ilə bağlıdır. O, 1973-1980-ci illərdə burada (o vaxt Naxçıvan Dövlət Pedaqoji İnstitutu adlanırdı) etika və estetika fənlərini tədris etmiş, 2014-2021-ci illərdə isə Arxiv işi və muzeyşünaslıq kafedrasının baş müəllimi kimi fəaliyyət göstərmişdir.

Sübhi müəllimin rəhbərliyi ilə tələbələrin yazdığı bəzi “Magistr dissertasiyası” və “Buraxılış işi”nin adını çəkmək kifayətdir ki, (“Naxçıvan Muxtar Respublikasında muzeylərə dövlət qayğısı”, “Böyük demokrat yazıçı və görkəmli mütəfəkkir Cəlil Məmmədquluzadənin ədəbi-ictimai irsinin öyrənilməsi və təbliğində muzeylərin fəaliyyəti”, “Ordubad muzeyləri”)  onun muzey işinin sirlərini gənclərə öyrətməsi və Naxçıvan muzeylərinin fəaliyyətinin hansı dərəcədə tədqiq olunmasının ümumi mənzərəsi haqqında müəyyən təsəvvür əldə edək.

Bu yaxınlarda Sübhi müəllim bir xeyirxah işə də imza atmışdır. Şəxsi arxivinin böyük bir hissəsini AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fonduna hədiyyə etmişdir. İnanırıq ki, həmin arxivdəki müxtəlif sənəd, fotoşəkil və digər materiallar gələcəkdə tədqiqatçılar üçün qiymətli elmi mənbələr olacaqdır.

Azərbaycan xalqı üçün çox əlamətdar bir gün – 28   May Respublika Günü həm də S.Kəngərlinin doğum günüdür, 85 yaşı tamam olur. Bu münasibətlə görkəmli müzeyşünas, ciddi və səmimi insan olan Sübhi müəllimi təbrik edir, ona həyat eşqi ilə dolu uzun ömür arzulayırıq.

 

Fərman Xəlilov,

AMEA Naxçıvan Bölməsinin

Əlyazmalar Fondunun baş direktoru,

filologiya elmləri doktoru

 

İki sahil.- 2022.- 28 may.- S.29.