Neft sənayesinə böyük töhfələr
verən alim
Arxivdə
yaşayan ömürlər
Tanınmış
geoloq-neftçi alim, Lenin mükafatı laureatı,
geologiya-mineralogiya elmləri namizədi Mirkazım Mirəhəd
oğlu Məmmədov 1911-ci il dekabr ayının 6-da
Bakının Ramana qəsəbəsində fəhlə ailəsində
anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra
Mirkazım M.Əzizbəyov adına Azərbaycan Sənaye
İnstitutunun geoloji kəşfiyyat fakültəsinə daxil
olmuş, bu ali təhsil ocağını 1936-cı ildə
bitirmişdir. Özünün əmək və istehsalat fəaliyyətinə
“Əzizbəyovneft” Trestində başlamışdır.
Trestin kəşfiyyat bürosunda texnik-geoloq kimi
çalışan gənc mütəxəssis sonralar mühəndis-geoloq,
neft ustası, trest rəisinin sənaye üzrə müavini,
istismar üzrə baş geoloq vəzifələrini
tutmuşdur.
Mirkazım müəllimin istehsalatda əldə etdiyi zəngin təcrübə onun elmə həvəsini daha da artırmış, bununla əlaqədar olaraq 1938-ci ildən etibarən Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat İnstitutunda elmi işçi kimi çalışmışdır. Bu dövrdə o, elmi-tədqiqat işlərini vacib və məsuliyyətli bir sahəyə – neft laylarının modelləşdirilməsi, neft yataqlarının hidrodinamik hesabatlarını aparmağa yönəltmişdir.
1941-1945-ci illərdə Böyük Vətən müharibəsi illərində M.Məmmədov könüllü olaraq ordu sıralarına yazılaraq ön cəbhəyə yollanmışdır: Ukrayna cəbhəsində vuruşan Mirkazım Leninqradın müdafiəsinin iştirakçısı olmuş,döyüş xidmətlərinə görə medallarla, “ Qızıl Ulduz” ordeni ilə mükafatlandırılmışdır.
Müharibə başa çatdıqdan sonra ordu sıralarından tərxis olunan Mirkazım yenidən sevdiyi peşəyə qayıdır, bütün bilik və bacarığını Azərbaycanda neft sənayesinin inkişafına həsr edir.
1946-cı ildə Mirkazım Məmmədov “Kirovabadneft” Trestinə, sonra “Azneft” İstehsalat Birliyinə baş geoloqun müavini təyin olunur. 1953-cü ildən 1959-cu ilin dekabrına kimi M.Məmmədov keçmiş Azərbaycan SSR Neft Sənayesi Nazirliyində əvvəlcə Geoloji İdarədə neft yataqlarının işlənib hazırlanması şöbəsinin rəisi, sonra isə Geoloji İdarənin rəis müavini olmuşdur.1960-cı ilin fevralından onu “Azneft” İstehsalat Birliyinə Baş geoloqun müavini təyin edirlər.
1965-ci ilin noyabrında Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyi yaranarkən tanınmış geoloq-neftçini bu nazirliyin Geologiya Baş İdarəsinin rəisi vəzifəsinə təyin edirlər. 1970-ci ilin avqustuna kimi o, bu məsul vəzifədə şərəflə işləmiş, yenidən “Azneftmaş” İstehsalat Birliyinin neft və qaz yataqlarının işlənməsi şöbəsinə rəis göndərilmişdir.
Uzun müddət neft sənayesi sahəsində çalışan Mirkazım Məmmədov özünü yüksək səviyyəli neft mütəxəssisi kimi göstərmiş, neft-qaz yataqlarının aşkarlanıb tapılması istiqamətində peşəkar kəşfiyyatçı-geoloq kimi tanınmışdır. M.Məmmədov elə mütəxəssislərdən hesab olunmuşdur ki, həm istehsalatda, həm də elmi-tədqiqat işlərində paralel olaraq çalışmış, özünü hərtərəfli alim-geoloq kimi göstərmişdir. Bu cəhətlərinə görə Azərbaycan neftçiləri arasında M.Məmmədovun xüsusi hörməti və nüfuzu olmuşdur. Əfsanəvi “Neft Daşları”nın tədqiqi aparılan geoloji-mühəndis kəşfiyyat işlərində bilavasitə iştirak edən M.Məmmədov bu zəngin neft və qaz ehtiyyatlarına malik arxipelaqın açılmasında iştirakçı olmuş, 1961-ci ildə neft sənayesində xidmətlərinə görə Lenin mükafatı alanların sırasında öncüllərdən biri olmuşdur. Bunlarla yanaşı M.Məmmədovun neft və qaz yataqlarının tapılmasında, istifadəyə verilməsində müstəsna xidmətləri olmuşdur. Quruda və dənizdə aşkarlanan yataqların “Qaradağ”, “Kürovdağ”, “Qarabağlı”, “Zırya”, “Darvin”, “Qum adası”nın istismara verilməsi onun adı ilə bağlıdır. Bütövlükdə M.Məmmədov ömrünün sonuna kimi bütün bilik və bacarığını, təcrübəsini Azərbaycanda neft-qaz kəşfiyyatının keyfiyyətinin yüksəldilməsinə, yeni yataqların axtarılmasına həsr etmiş, bu sahədə yeni mütəxəssislərin yetişdirilməsinə çalışmışdır.
Mirkazım müəllim biliyini artırmaq üçün hər zaman elmi axtarışlarda olmuşdur. 1967-ci ilin noyabrında namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi elmi dərəcəsi almışdır.
1974-cü ildən başlayaraq o, Azərbaycan Dövlət Neft Sənayesinin Elmi-Tədqiqat və Layihə İnstitutunun “köhnə” neft yataqlarının işlənməsini layihələndirilməsinə rəhbərlik etmişdir. Uzun müddət elmi-tədqiqat işləri apararaq Kürdağı neftli-qazlı rayonunda yataqlar üçün geniş proqramlı layihələrin işlənməsinin texnoloji sxemlərinə və layihələrinin tərtibinə rəhbərlik edərək, yataqların elmi əsaslarla işlənməsinə müəllif nəzarətini həyata keçirmişdir.
M.Məmmədovun bütün elmi fəaliyyəti neft və qaz istehsalının tələbləri ilə sıx surətdə bağlıdır. O, neft hasilatının səviyyəsinin qaldırılması və yataqların işlənmə texnologiyasının yaxşılaşması ilə olan çoxlu ixtira və səmərələşdirmə təkliflərinin müəllifidir. Qeyd etmək lazımdır ki, onun 90-a qədər elmi işi var və onların 46-sı məqalə və 2 monoqrafiya şəklində dərc edilib.
Vətən və xalq onun gərgin istehsalat və elmi-pedaqoji fəaliyyətinə yüksək qiymət verib. M.Məmmədov “SSRİ-nin fəxri neftçisi” və “Azərbaycan Respublikasının Əməkdar mühəndisi” kimi adlara layiq görülüb. Alimin elmi məqalələri və yerinə yetirdiyi tədqiqat işləri indiki gənclər üçün bir örnəkdir.
Məmmədov Mirkazım Mirəhəd oğlu 1996-cı ildə Bakı şəhərində vəfat etmişdir.
Rəna Namazova,
Azərbaycan
Respublikası Dövlət Elm və Texnika
Sənədləri
Arxivinin mütəxəssis arxeoqrafı
P.S. Məqalənin
hazırlanmasında ARDETSA-da Məmmədov Mirkazım Mirəhəd
oğluna aid qorunub saxlanılan şəxsi fonddan istifadə
edilmişdir.
İki sahil.- 2022.- 28 may.- S.25.