Mələklərin gülüşündən
yarandın…
XX əsrin əvvəllərində
Azərbaycanda milli azadlıq hərəkatı
gücləndi. Azərbaycanın demokratik
qüvvələri, mütəfəkkir şəxsiyyətləri,
siyasi xadimləri yurdumuzun
müstəqilliyi, xalqımızın azadlığı uğrunda mübarizəyə qoşuldular.
Rusiya imperiyasının
dağılması Azərbaycanda müstəqil dövlət yaratmaq üçün
şərait yaratdı. 1918-ci il mayın
28-də Azərbaycan Xalq Cümhuriyyəti
(AXC) elan edildi. AXC-nin yaradılması xalqımızın həyatına
böyük və əlamətdar hadisə
kimi əbədi daxil oldu.
Həmin
tarix Müstəqillik Günü kimi təntənə ilə
qeyd edilir. Müsəlman Şərqində ilk demokratik
respublikanın elan edilməsi xalqımızın imperiya əsarətindən
qurtulmaq üçün apardığı milli azadlıq
mücadiləsinin qanunauyğun nəticəsi, dərin tarixi
kökləri olan dövlətçilik ənənələrimizin
bərpası idi.
İstiqlal
şairi Əhməd Cavad xalqımızın istiqlaliyyət rəmzi
olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından ilham
alaraq yazırdı: Sən qüdrətin aşıb-coşan
vaxtında
Mələklərin
gülüşündən yarandın.
Sehr
dilli bir fırçanın əliylə
Ahuların duruşundan yarandın.
AXC-nin yaranması xalqımızın azadlıq, istiqlaliyyət əzminin parlaq nümunəsi idi. 1918-ci il mayın 27-də Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya Müsəlman Şurasının (Zaqafqaziya Müsəlman Parlamentinin) üzvləri də ayrıca iclas keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etdi. Bununla, əslində Azərbaycanın tarixində ilk parlament yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. Həmin iclasda Azərbaycan Milli Şurasının r Ryasət Heyəti və sədri seçildi. Məmmədəmin Rəsulzadə Milli Şuranın sədri oldu. Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. İclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul etdilər.
İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə, bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun- parlamentli respublikanın yaradılacağından xəbər verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:
1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.
4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.
5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.
6. Müəssislər Məclisi toplanana qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.
Azərbaycan Xalq Cümhuriyyətinin öz dövlətçilik atributlarını qəbul etməsi, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində atdığı addımlar xalqımız üçün taleyüklü əhəmiyyət kəsb etmişdir. Cümhuriyyətin böyük uğurlarından biri Paris Sülh Konfransında 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqil dövlət kimi tanınması olmuşdur. Lakin ölkənin öz neftini xarici bazarlara çıxarmaqdan təcrid edilməsi nəticəsində yaranmış siyasi, iqtisadi və sosial böhran güclənirdi. Həmçinin parlament daxilində hökm sürən hərc-mərclik, Qarabağda və Zəngəzurdakı erməni silahlı dəstələri ilə qarşıdurmalar gündən-günə dərinləşirdi. Əhalinin əsas hissəsinin ağır durumu isə bolşevik təbliğatı üçün münbit zəmin yaradırdı. İrəvanın ermənilərə paytaxt kimi verilməsindən sonra İrəvan mahalından qaçqın düşmüş 150 mindən artıq soydaşımızın vəziyyəti olduqca gərgin idi. Belə bir vəziyyətdə parlamentin son 8 iclasında bolşevik ultimatumunun qəbul edilməsi aprel işğalı ilə nəticələndi.
Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Müsəlman Şərqində ilk parlamentli respublika olan AXC süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Xalqımız ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. Ümummilli liderimiz Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə mühüm yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin xidmətlərini hər zaman yüksək qiymətləndirmiş, Cümhuriyyət ənənələrinin yaşadılmasına və inkişaf etdirilməsinə daim böyük əhəmiyyət vermişdir. 1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikası 1918-1920-ci illərdə 23 ay ərzində mövcud olan və müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir.
Bu gün AXC-nin varisi-sabitlik adası olan müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf, tərəqqi yolunda inamla irəliləyir.
Zahid Rza
İki sahil.- 2022.- 28
may.- S.9.