104 ilin zirvəsindən baxış

 

Müstəqillik Gününü ərazi bütövlüyümüzün təmin olunması fonunda qeyd etməyimiz böyük qürur, xoşbəxtlik, sabaha əminlik, yeni-yeni hədəflərə doğru inamla addımlamaqdır

 

Reallığa əsaslanan bu fikir daim vurğulanır ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan və gələcəyə böyük inamla addımlayan xalq yenilməzdir, tarixin bütün sınaqlarından alnı açıq, üzü ağ çıxacaq. Zəngin dövlətçilik tarixinə malik olan Azərbaycan xalqının timsalında bunu böyük qürur və fəxr hissi ilə qeyd edə bilərik.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104-cü ildönümünü qeyd edirik. 104 il özündə bütün məqamları, keçilən yolun hamar, yaxud keşməkeşli olduğunu, xalqımızın bu illər ərzində yenilməzliyini, məğrurluğunu təsdiqləyən mühüm hadisələri yaşadığımızı  ehtiva edir. Bu gün dünyaya səs salan, ədalətin, beynəlxalq hüququn daim qalibiyyəti şərtləndirən əsas amil olduğunu təsdiqləyən Vətən müharibəsindən sonra ölkəmizin qədəm qoyduğu yeni inkişaf mərhələsində dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik tarixi günlərin mahiyyət və məzmun baxımından daha dəqiq təsbit olunması zərurəti yarandı. Belə ki, artıq 18 Oktyabr - Müstəqilliyimizin Bərpası Günü, 28 May isə Müstəqillik Günü kimi qeyd olunur.

Xalqımız hər iki tarixi günü böyük sevinc hissi ilə qeyd edir. Artıq 30 ilə yaxın həllini gözləyən Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub, torpaq həsrətinə son qoyulub, tariximizdə yeni səhifə açılıb. Azərbaycan bu illərdə sülh danışıqlarına üstünlük verdiyini atdığı hər addımında sübut etdi. İşğalçı Ermənistan danışıqlara qatılsa da bunu imitasiya naminə etdikləri 44 günlük İkinci Qarabağ müharibəsində bir daha təsdiqlədi.

Zaman hadisələrə düzgün dəyər vermək, mahiyyətini dərindən dərk etmək üçün zəngin mənbədir. 44 gündə 30 ilin işğalına son qoyulduğunu böyük inam və qürur hissi ilə qeyd edirik. Əsas olan bu Qələbəni şərtləndirən amillərdir. Vətən müharibəsində Qələbənin əldə edilməsinin əsasında siyasi, iqtisadi, hərbi, xarici siyasət sahəsində uğurlar, ən ümdəsi torpaq, Vətən sevgisi əsas rol oynadı. Azərbaycan müstəqilliyini 1991-ci il oktyabrın 18-də yenidən bərpa etsə də onun sevincini ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yaşamağa başladı. 1993-2003-cü illər tariximizə dirçəliş, inkişaf, tərəqqi dövrü kimi yazıldı. O illərdə qoyulan möhkəm təməl 2003-cü ildən başlanan yolun Qələbə ilə nəticələnməsinə əsas verdi. Cənab İlham Əliyev 2003-2020-ci illəri ərazi bütövlüyümüzün bərpasına hazırlıq illəri kimi xarakterizə edir. Azərbaycan iqtisadi möcüzələr ölkəsi kimi tanındı, beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirdi, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdırdı. Bütün bunların təsdiqi kimi cənab İlham Əliyevin son illərdə diplomatiya sahəsində qazandığı uğurlara diqqət yetirmək kifayətdir. Belə ki, 2019-cu ildə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyan edən Prezident İlham Əliyev bir ilin tamamında xalqımıza Zəfər sevincini yaşatdı, Ermənistana və ona havadarlıq edən dövlətlərə reallığı sübut etdi. Onu da qeyd edək ki, «Valday» Diskussiya Klubunda səsləndirdiyi bəyanatların davamı olaraq Prezident İlham Əliyev 2019-cu il oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı Ermənistanın təcavüzkar siyasətini tutarlı faktlarla sübut etmişdi. 2020-ci il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində, eləcə də həmin ilin iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın faşist ideologiyasını, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa edən Prezident İlham Əliyev işğalçı ölkənin baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçmişdi. “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir” fikrini bütün dünyaya bəyan edən dövlət başçısı İlham Əliyev Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, Azərbaycanın öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağını bildirmişdi.

İkinci Qarabağ müharibəsi bunun təsdiqi oldu. Reallıq bu idi ki, beynəlxalq təşkilatların qərar və qətnamələrində Azərbaycanın ərazi bütövlüyü dəstəklənsə də konkret zaman yetişəndə icra edilməyən kağız parçası olaraq qalırdı. Lakin səbir, iradə və qətiyyət artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həllində əhəmiyyətli rol oynadı. 30 ilə yaxın dövrdə Azərbaycan səbir, sülh danışıqlarına sadiqlik nümayiş etdirməklə yanaşı, ən yüksək tribunalardan bəyan etdi ki, biz danışıqları imitasiya naminə aparmaq istəmirik. Sülh danışıqları səmərə verməyəcəyi təqdirdə hərb yoluna üstünlük verəcəyimiz şəksizdir. Azərbaycanın öz torpaqlarını istənilən yolla azad etməsi suveren hüququdur. 2020-ci il 27 sentyabrda Ermənistan silahlı qüvvələrinin növbəti təxribatları dövlətimizin, xalqımızın səbir kasasını doldurdu, Müzəffər Ali Baş Komandan «Hücum» əmrini verdi. 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu şanlı Qələbə qazandı, yeni tarix yazdı.

İlyarımdır tarixi Zəfərimizin yaratdığı yeni reallıqları yaşayırıq. Reallıqlardan irəli gələn zərurətlərdən biri də ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yenidən baxılmasıdır. Əvvəldə qeyd etdiyimiz kimi, Azərbaycanın Vətən müharibəsində tarixi ədaləti bərpa etməsi SSRİ dövründə süni şəkildə ortaya atılmış “Dağlıq Qarabağ” ifadəsinin siyasi leksikondan çıxarılması, tarixi torpaqlarımızda qurulmuş Ermənistan ərazisindəki yaşayış məntəqələrinin Azərbaycanın milli toponimləri ilə təqdim olunması və digər məsələləri aktuallaşdırdı. Bununla yanaşı, 28 May tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü adlandırılması ilə bağlı qanun qəbul olundu. Bu, adi düzəliş kimi görünsə də, mahiyyət baxımından böyük məna kəsb edir. Cənab İlham Əliyevin «Mən tam əminəm ki, əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər» fikirləri bir çox məqamlara aydınlıq gətirir.

Qeyd etdiyimiz kimi, tarixinə sahib çıxan xalq məğlubedilməzdir. 104 illik tarixi vərəqlənən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev belə dəyərləndirmişdir: “Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.” Bu qiymətləndirmənin davamı olaraq cənab İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqın milli oyanışının məntiqi yekunu kimi səciyyələndirərək bildirir ki, müsəlman Şərqində ilk parlament respublikası- Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdur.

Tarixi günlərə düzəlişlər Azərbaycan Xalq Cümhuriyyəti və müasir Azərbaycan arasında siyasi-hüquqi varisliyin daha dəqiq və qabarıq formada ifadə olunmasını təmin etdi. Bu, həmçinin ermənilərin “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının adına istinad edərək, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin heç vaxt müstəqil Azərbaycanın tərkibində olmaması və Sovet qanunvericiliyinə uyğun olaraq 1991-ci il 2 sentyabr tarixli referendumla onun tərkibindən ayrılması barədə ortaya atdıqları arqumenti də tam sıradan çıxardı. 28 may tarixinin Müstəqillik Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Uzunmüddətli perspektivdə bu, azərbaycanlıların tarixi torpaqlarına, o cümlədən Zəngəzura dinc yolla qayıdışı perspektivi üçün əsasları daha da gücləndirəcək.

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi tariximizə sahibliyimizin, eyni zamanda, hər bir səhifəsinin bizim üçün əziz olmasının və öyrənilməsinin vacibliyini bir daha nümayiş etdirdi. Həmin Sərəncamda qeyd olunurdu ki, cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb.

Əvvəldə də qeyd etdiyimiz kimi, Cümhuriyyətin adının özünə qaytarılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqillik dövründə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı arxiv materialları açıldı, elmi işlər reallaşdı, həqiqətlər ortaya çıxdı. Ümummilli Lider dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yerinə və roluna xüsusi qiymət verən ulu öndər Heydər Əliyev bildirmişdir: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”. Ümummilli Liderin 1 fevral 2003-cü il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında” Sərəncamını, eyni zamanda, 2007-ci il 25 mayda İstiqlal küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal Bəyannaməsi abidəsinin Prezident İlham Əliyev tərəfindən açılışını xüsusi qeyd etmək istərdik. 2003-cü ildən sonrakı dövrdə Prezident İlham Əliyevin Azərbaycanın hərtərəfli inkişafını təmin edən məqsədyönlü və düşünülmüş siyasətinin uğurları, tarixin ən güclü Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü bərpa etməsi, ölkəmizin regional lider statusu qazanması və regional müstəvidən qlobal müstəviyə doğru inamla irəliləməsi, beynəlxalq miqyasda sayılan, nüfuzli dövlətə çevrilməsi bugünümüzün reallıqlarıdır. Bu fikirlər hazırda Prezident İlham Əliyevə Müstəqillik Günü ilə bağlı ünvanlanan təbrik məktublarında da öz əksini tapır. Həmin təbriklərdə qeyd olunur ki, ölkəmizin iqtisadi inkişafı, dünyanın enerji təhlükəsizliyinə töhfələri, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməsi təqdir olunur. Azərbaycan dünya arenasında haqlı nüfuz qazanıb, beynəlxalq gündəliyin aktual məsələlərinin həllində mühüm rol oynayır.

Müstəqillik Gününü ərazi bütövlüyümüzün bərpa olunması şəraitində qeyd etməyimiz qürurvericidir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azad Qarabağda, azad Şuşada bir araya gələrək Zəfər Qurultayını keçirmələri tarixi Zəfərimizin xalqımıza yaşatdığı ən mühüm hadisələrdən oldu. Azad Şuşadan bir daha birliyimizi, həmrəyliyimizi dünyaya nümayiş etdirdik. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan bayrağının bu gün Şuşada dalğalanmasının, Azərbaycan Prezidenti İlham Əliyevin qəlbləri fəth edən bu bayrağı azad edilmiş bütün bölgələrdə qürurla qaldırmasının, görkəmli şəxsiyyətlərimizin dünyaya gəldiyi, fəaliyyət göstərdiyi, Azərbaycanın mədəniyyət beşiyi Şuşanın bu gün regionun siyasi və mədəniyyət mərkəzlərindən birinə çevrilməsinin hər birimizdə yaratdığı sevinc, qürur təsəvvür olunmazdır. Bundan böyük xoşbəxtlik ola bilərmi?

Bu il Azərbaycanın öz Müstəqillik Gününü qardaş Türkiyə ilə birlikdə qeyd etməsi, 2018-ci ildə Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə əlaqədar keçirilmiş hərbi paradda, həmçinin 2020-ci ildə Vətən müharibəsində qazandığımız möhtəşəm qələbəyə həsr olunmuş Zəfər paradında olduğu kimi, builki tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın birgə iştirakı Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı və müttəfiqliyinin təcəssümüdür. Türkiyə Prezidentinin qeyd etdiyi kimi, iki dost, qardaş ölkənin münasibətlərinin inkişafına xidmət edəcək daha çox imzalar atılacaq. Bu birlik, həmrəylik tarixi köklərə malikdir. Dost ölkələrin Liderlərinin bir-birinə olan səmimi münasibətləri bu əlaqələri daha da zənginləşdirir, yeni çalarlar əlavə edir.

Müstəqillik Günün mübarək, Azərbaycan! Artıq iki ildir ki, bayramlarını Qələbə sevinci ilə qeyd edirsən. Ərazi bütövlüyünü bərpa etməklə bir daha dünyaya mesajlarını ünvanladın. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu tarixi Zəfəri bizə yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdardır. Qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik.

Azərbaycanda ilk Demokratik Respublikanın qurulmasında və fəaliyyət göstərməsində xidmətləri olanlara da hər zaman minnətdarlıq ifadə edilir. Onların gördüyü işlər Azərbaycan xalqının bu günü üçün çox böyük əhəmiyyət kəsb edir. Fəaliyyətləri xalqımız üçün həmişə əziz olacaq.

Müstəqillik tariximizin ayrı-ayrı mərhələlərinin öyrənilməsi, düzgün dəyərləndirilməsi daim ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən qarşıya mühüm vəzifə kimi qoyulub. Ümummilli Liderin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının II qurultayında dahi şəxsiyyət bu mühüm hadisənin müstəqilliyimizin bərpasının 10-cu ildönümünə təsadüf etdiyini önə çəkərək bildirmişdir ki, bu gün 10, 20 yaşı olan gəncin keçmiş dövr haqqında məlumatı yoxdur, Azərbaycanın müstəqillik yolunun ağır dövrlərdən keçməsindən xəbərsizdir. Hər bir nəslin öz keçmişi haqqında aydın təsəvvürə malik olması vacib amillərdəndir. Ümummilli Lider, eyni zamanda, bildirmişdir ki, gənclərimiz tariximizi, dilimizi, mədəniyyətimizi yaxşı bilməlidirlər.

104 illik yolun ümumiləşdirilmiş ifadəsi bugünkü qalib Azərbaycandır. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan son 18 ildən artıq dövrdə Prezident İlham Əliyevin təkmil islahatları ilə daha da yeniləşmiş, müasirləşmiş, dünya birliyinin layiqli üzvü kimi yeri və rolunu artırır. Ən əsası bu gün qalib ölkə kimi diktə edən tərəf olaraq regionda yeni reallıqlar yaratmaqla beynəlxalq münasibətlər sistemində yerinə və roluna yeni əlavələr edir. Qalib Azərbaycanı qarşıda hələ daha möhtəşəm uğurlar gözləyir. 104 ilin zirvəsindən geri baxanda, xalqımızın öz məqsədlərinə nail olmaq üçün bütün çətinliklərə sinə gərdiyini, daim irəli baxdığını gördükdə böyük inamla qeyd edirik ki, sənə daim Qələbə yaraşır yenilməz, məğrur xalqımız.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2022.- 28 may.- S.13.