Azərbaycanı Müzəffər Liderlə

yeni zirvələrə aparan partiya

 

Yeni Azərbaycan Partiyası-30

 

Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi tamam olur. Bu 30 illik fəaliyyəti dövründə Yeni Azərbaycan Partiyası ümummilli liderimiz Heydər Əliyevin ideyalarına əsaslanaraq çox böyük və şərəfli inkişaf yolu keçib. Lakin partiyamızın yaranması o zamankı mürəkkəb siyasi və sosial-iqtisadi şərait fonunda heç də asan olmayıb. İlk dövrdə partiyamız ağır sınaqlardan keçib, yaranması yolunda böyük çətinliklər və təzyiqlərlə üz-üzə qalıb.

 

Partiyanın yaranmasını zəruri edən mürəkkəb

ictimai-siyasi vəziyyət və xalqın tələbi

 

AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin qanunazidd əməlləri, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyillərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğınına və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Digər tərəfdən isə Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü, torpaqlarımızın bir hissəsini işğal etməsi vəziyyəti daha da gərginləşdirirdi.

Ölkəni belə bir mürəkkəb vəziyyətdən çıxara biləcək liderin hakimiyyətə gəlməsi və siyasi institutun yaradılması tarixi zərurətə çevrilmişdi. Belə bir çıxılmaz vəziyyətdə xalqımız yeganə çıxış yolunu ümummilli lider Heydər Əliyevin liderliyində gördü. Xalqımız çox yaxşı başa düşürdü ki, ölkəni bu ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi cəsarətli, uzaqgörən, zəngin dövlətçilik təcrübəsinə malik bir rəhbər çıxara bilər. Bunun üçün 91 nəfər ziyalı yeni yaranacaq Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməsi üçün 1992-ci il oktyabrın 16-da ulu öndər Heydər Əliyevə müraciət etdi.

Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Ulu Öndər xalqın səsinə səs verdi və bu çətin və məsuliyyətli vəzifəni üzərinə götürdü. Beləliklə, 1993-cü ilin iyun ayında xalqın istəyi və tələbi ilə ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının rəhbəri olaraq yenidən hakimiyyətə gəlişi müstəqil Azərbaycan tarixində dönüş nöqtəsi, yeni bir mərhələ oldu.

 

Ölkəmizi uçurumdan inkişafa yüksəldən dahi lider

 

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla yanaşı, müstəqilliyimizin möhkəmlənməsinin və ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. Heydər Əliyev tərəfindən atılan çevik və əməli addımlar nəticəsində ölkədə qısa müddət ərzində ictimai-siyasi sabitliyə nail olundu, qanunsuz silahlı dəstələr və separatçı qüvvələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, müharibədə uzunmüddətli atəşkəsə nail olunmaqla erməni təcavüzü dayandırıldı.

Ümummilli Liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli Dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı.

Ulu öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycan Respublikası Konstitusiyasının hazırlanmasında, qəbul edilməsində gərgin liderlik əməyi və töhfəsi danılmazdır. Konstitusiyanın qəbulu dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artması baxımından müasir tariximizin çox mühüm ictimai-siyasi hadisəsi olmuşdur. Konstitusiyanın qəbulu yalnız yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt deyil, ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi idi.

Əldə edilən bu nailiyyətlər və uğurlar nəticəsində Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrildi və Azərbaycanın siyasi sistemində xalqımızın milli maraqlarını və dövlətçilik mənafeyini əks etdirən güclü və etibarlı siyasi təşkilat adını qazandı. Bu gün Yeni Azərbaycan Partiyası xalqın böyük etimadını və inamını qazanmış, ölkə daxilində möhkəm mövqeyə malik, eyni zamanda, geniş beynəlxalq münasibətlər qurmağı bacarmış ən böyük siyasi təşkilatdır. Partiyamız cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını özündə birləşdirir, bütün regionlarda yerli təşkilatları uğurla fəaliyyət göstərir. Bu gün Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Hazırda 800 min nəfərə yaxın üzvü olan partiya cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin təbliğində yaxından iştirak edir.

 

YAP-ın beynəlxalq münasibətləri

ölkəmizin nüfuzunu gücləndirib

 

Yeni Azərbaycan Partiyası ölkə daxilindəki uğurlu fəaliyyəti ilə yanaşı, yarandığı gündən beynəlxalq müstəvidə də davamlı fəaliyyət göstərir. Belə ki, Yeni Azərbaycan Partiyası həm Avropanın, həm də Asiyanın bir çox ölkələrinin aparıcı siyasi partiyaları ilə ikitərəfli və çoxtərəfli əlaqələrini inkişaf etdirib, o cümlədən Türkiyə, Rusiya, Rumıniya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Kanada, Çin, Cənubi Koreya, Pakistan, Tacikistan və digər ölkələrin aparıcı siyasi partiyaları ilə uzun müddətdir sıx və qarşılıqlı münasibətlərə malikdir.

Bu gün də partiyamızın beynəlxalq əlaqələri yüksələn xətlə inkişaf etməkdədir və YAP yeni tərəfdaşlarla münasibətlər quraraq beynəlxalq əməkdaşlığının coğrafiyasını genişləndirir. Bununla yanaşı, YAP beynəlxalq məkanda siyasi təşkilatlarla da əməkdaşlığını gücləndirir. Belə ki, YAP-ın Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası (EPP) ilə sıx münasibətləri davam etdirir. Eyni zamanda, partiyamız Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (İCAPP) çərçivəsində də aktiv fəaliyyət göstərir və aparıcı rola malikdir. Yeni Azərbaycan Partiyasının qurduğu bu əlaqələr Azərbaycanın uğurlu xarici siyasətində bilavasitə müsbət rol oynayır.

 

Yeni Azərbaycan Partiyasının fəaliyyətində

yeni mərhələ - VII qurultay

 

Yeni Azərbaycan Partiyası hər zaman öz fəaliyyətində müasir çağırışları nəzərə alır, aparıcı siyasi güc olaraq ölkədə həyata keçirilən islahatlardan kənarda qalmır. Ölkəmizin tərəqqisi, ictimai münasibətlərin inkişaf səviyyəsi daim yeni çağırışlar və reallıqlar yaradır. Məlumdur ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 30 illik həsrətdən sonra tarixi torpaqlarımızı düşmən tapdağından azad etdi və bu tarixi Zəfəri ilə regionda yeni reallıqlar yaratdı. Bu baxımdan, yeni reallıqda ölkəmizin qarşısında dayanan mühüm vəzifələrin icra olunması, o cümlədən postmünaqişə dövründə ölkəmizin siyasi və sosial-iqtisadi inkişafının davamlılığının təmin olunması, milli birliyin möhkəmləndirilməsi, döyüş meydanında əldə edilmiş qəlbənin siyasi-diplomatik müstəvidə davam etdirilməsi, azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, 30 il ərzində doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın layiqli şəkildə Böyük Qayıdışının təmin edilməsi və s. kimi prioritet istiqamətlər müəyyən edilmişdi.

Bu baxımdan ölkədə aparıcı siyasi qüvvə olaraq Yeni Azərbaycan Partiyası da öz fəaliyyətini zamanın tələblərinə və çağırışlarına uyğun qurmalı, ölkəmiz qarşısında dayanan bu mühüm vəzifələrin həyata keçirilməsinə öz töhfəsini verməli idi.  

Bundan irəli gələrək YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında partiyanın qarşısına yeni hədəflər və vəzifələr qoyuldu, strukturu yenidən formalaşdırıldı. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi təsdiq olundu, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası seçildi və bir sıra siyasi partiyaların YAP-a qoşulmasına dair müraciətlərinə baxılaraq, müsbət cavab verildi.

Prezident İlham Əliyev qurultaydakı çıxışı zamanı YAP-ın fəaliyyəti dövründə əldə etdiyi naliyyətlərdən söz açaraq, sonrakı mərhələdə partiyanın müasir dövrün çağırışlarını özündə əks etdirən yeni proqramının hazırlanmasının vacibliyini diqqətə çatdırdı. Möhtərəm Prezidentimiz İlham Əliyevin çıxışlarından irəli gələn tapşırıq və vəzifələri rəhbər tutaraq və ölkəmizin davamlı inkişafını, Azərbaycanın xarici siyasət sahəsində strateji maraqlarını və 44 günlük Vətən müharibəsində şanlı Qələbənin yaratdığı yeni reallıqları nəzərə alaraq YAP-ın “Biz birlikdə güclüyük!” devizi altında yeni Proqramı işlənib hazırlandı və partiyanın İdarə Heyətinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə təsdiq edildi.

Partiyanın yeni Proqramı “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” kimi beş fəsildən ibarət olmaqla sosial-iqtisadi, siyasi, mənəvi-mədəni, ordu quruculuğu, xarici siyasət, vətəndaş cəmiyyəti və s. kimi mühüm sahələri özündə əks etdirir.

Həmçinin yeni Proqramda “Heydər Əliyev irsinin təbliği və təşviqi”, “Güclü iqtisadiyyat və davamlı inkişaf”, “İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı”, “Şəffaflığın artırılması”, “Vətəndaş cəmiyyətinin inkişafı”, “Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi”, “Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması”, “Vətəndaş həmrəyliyinin təminatı”, “Milli maraqlar və xarici siyasət”, “Ordu quruculuğu” və “İşğaldan azad olunmuş ərazilərə Böyük qayıdış”la bağlı hədəflər və onlara nail olmaq üçün vəzifələr müəyyən olunub.

Bir sözlə, VII qurultay partiyamızın inkişaf tarixində yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər. Qurultaydan ötən dövr ərzində yeni Proqram əsasında qarşıya qoyulan yeni vəzifələrin icrası istiqamətində əməli addımlar atılır və yeni hədəflərə nail olunur. Yeni Azərbaycan Partiyası bundan sonra da ümumxalq partiyası olaraq öz fəaliyyətində yeni Proqramla müəyyən edilmiş hədəf və vəzifələri əsas götürərək xalqımızın mənafeyinin, milli və dövlətçilik maraqlarının qorunmasına xidmət edəcək.        

 

Afət Həsənova,

Milli Məclisin deputatı

 

İki sahil.- 2022.- 2 noyabr.- S.5.