Avrasiyanı fəth edən LİDER!

 

Beynəlxalq aləmdə qazandığı uğurları, diplomatik səyləri, qətiyyəti ilə yüksək nüfuz qazanan Prezident İlham Əliyevin Əlcəzairə səfəri Azərbaycanın dünya siyasətində artan rolunun növbəti ifadəsidir

1945-ci ildə Qahirədə təsis edilən, 22 dövlətin birləşdiyi Ərəb Dövlətləri Liqası (ƏDL) siyasi məsələlərə xüsusi diqqətlə yanaşan, Yaxın Şərqdəki sülh prosesində ərəb dövlətlərinin maraqlarını fəal müdafiə edən nüfuzlu təşkilatdır. Ərəb dünyasında yaşayan 400 milyondan çox insanı əhatə edən təşkilata üzv dövlətlər zəngin neft-qaz yataqlarına malikdir. İslam aləminin ayrılmaz parçası olan Azərbaycan kimi, ərəb dövlətlərinin də dünyanın enerji xəritəsində yeri, rolu böyükdür. Ölkəmizin ərəb dövlətləri ilə əməkdaşlığının əsrlərə söykənən zəngin tarixi-mədəni əlaqələri vardır. Dahi Azərbaycan şairləri İmaməddin Nəsiminin və Məhəmməd Füzulinin məzarlarının ərəb ölkələri məkanında yerləşməsi bu bağlılığın nümunəsidir.

Siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələri inkişaf edən Liqa ölkələri ilə Azərbaycanın ikitərəfli münasibətləri beynəlxalq səviyyədə də qarşılıqlı hörmət əsasında davam etdirilir. 2014-cü ildə Ər-Riyadda keçirilmiş Ərəb Dövlətləri Liqası - Orta Asiya - Azərbaycan Əməkdaşlıq və İqtisadi Forumunda qəbul edilmiş Bəyannamədə artıq tarixin arxivinə göndərilmiş «Dağlıq Qarabağ münaqişəsi»nin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında həllinin vacibliyi vurğulanıb. Prezident İlham Əliyevin təşəbbüsü və onun himayəsi ilə Bakıda keçirilən Humanitar forumlarda ƏDL-ya üzv dövlətlərin iştirakı qarşılıqlı etimad prinsiplərinə əsaslanan inamdır. Əlaqələrin daha da intensivləşməsi üçün təşkilatın Bakıda ofisinin yaradılması ilə bağlı təkliflər müzakirə olunur. Müsəlman ölkələri arasında birlik və həmrəyliyin möhkəmlənməsində misilsiz xidmətləri olan Azərbaycan ərəb dövlətləri ilə ikitərəfli, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsində hər zaman maraqlı olub. İslamofobiya meyillərinin gücləndiyi müasir dövrümüzdə mənfi tendensiyalara qarşı mübarizliyini, barışmaz mövqeyini «Bakı Prosesi» təşəbbüsünü irəli sürməklə, müsəlman ölkələri ilə Avropa dövlətlərini bir araya gətirməklə bildirən Azərbaycan humanitar platforma kimi, mədəniyyətlərarası dialoqun dünya miqyasında təbliğinə güclü təkan verir. «Bakı Prosesi»nə, Birləşmiş Millətlər Təşkilatı tərəfindən beynəlxalq platforma kimi tanınan Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarına da ev sahibliyi edən ölkəmiz sivilizasiyalararası dialoq məkanı adını əməli işi ilə doğruldur. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın üzləşdiyi ən böyük problem olan minatəmizləmə prosesinə beynəlxalq aləmdə daha çox diqqət yetirilməsi üçün eyni çətinliklərlə üzləşən ərəb ölkələri ilə əməkdaşlıqda da maraqlıdır.

Bu günlərdə Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının 31-ci Sammitinə ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasına (ƏXDR) səfəri ölkəmizlə bu təşkilat arasındakı münasibətlərin yeni istiqamətlər üzrə inkişafına töhfələr verəcək. Dövlət başçımız İlham Əliyevin ƏXDR-in Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə Zirvə toplantısında Fəxri qonaq statusunda iştirakı Azərbaycan ilə ərəb dövlətləri arasındakı əməkdaşlığın bütün istiqamətlər üzrə inkişafının ifadəsidir.

Şanxay Əməkdaşlıq Təşkilatı, «Avropa siyasi birliyi», Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə kimi digər yüksək səviyyəli tədbirlərdə iştirak edən və hörmətlə qarşılanan Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının növbəti Sammitində iştirakı o deməkdir ki, Avrasiya məkanını fəth edən Prezident İlham Əliyev ərəb dünyasında da nüfuzlu dövlət xadimi kimi tanınır, hörmətlə qəbul olunur. Bir fakt da nəzərə alınmalıdır ki, Ərəb Dövlətləri Liqasında təmsil olunan dövlətlər ölkəmizlə Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatı (QH) çərçivəsində də əməkdaşlıq edirlər.

Əlcəzairin Milli Azadlıq Gününə, Milli Ləyaqət Gününə təsadüf edən ƏDL-nin 31-ci Sammitində iştirak edən Prezident İlham Əliyev çıxışında sadalanan məqamlar birgə əməkdaşlığın, ölkələrimiz arasında birliyin ifadəsi kimi dəyərləndirilmişdir. «Mən bu gün şəhidlərin xatirəsini yad etdim, Şəhidlər memorialını, eləcə də Mücahidlər Muzeyini ziyarət etdim və gördüklərim mənə çox təsir etdi. Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik» sözləri ilə Əlcəzairin müstəqilliyi naminə canlarından keçmiş şəhidlərin ruhuna hörmətini ifadə edən, Sammitdə Qoşulmama Hərəkatının sədri kimi iştirak etdiyini bildirən Prezident İlham Əliyev vurğulamışdır ki, 2006-cı ildən təşkilatın müşahidəçi statusunda üzvü olan İslami dəyərlərə sadiq qalan Azərbaycanla ƏDL arasındakı münasibətlərin xüsusi xarakteri var.

Əlcəzair kimi işğaldan əziyyət çəkən Azərbaycana İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini İslami dəyərlərdən qaynaqlanan dost köməyi adlandıran dövlət başçımız İlham Əliyev ölkəmizdə «İslam Həmrəyliyi İli»nin elan olunmasını, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsini multikultural prinsiplərə sadiqlik adlandırmışdır.

BMT-dən sonra ən böyük təsisat olan Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycanın beynəlxalq səviyyədə dəstəklənən təşəbbüslərindən söz açan, ölkəmizin quruma başçılığının 2023-cü ilin sonuna qədər davam etməsi təklifinin yekdilliklə dəstəklənməsini siyasətimizə yüksək etimad kimi dəyərləndirən Prezident İlham Əliyev bəzi məqamları da diqqətə çatdırmışdır. « Biz 2020-ci ilin dekabrında keçirilmiş və sırf COVID-19 ilə mübarizəyə həsr edilmiş BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının təşəbbüskarı olduq. Bütün bu təşəbbüslərin bir ümumi məqsədi var idi - ehtiyacı olan ölkələrə dəstək vermək, resursları səfərbər etmək və peyvəndləri əldə etmək imkanı olmayan ölkələrə dəstək göstərmək.» Xatırladaq ki, Prezident İlham Əliyevin «peyvənd millətçiliyi», vaksinlərin ədalətsiz paylanılması ilə bağlı çağırışları beynəlxalq səviyyədə xeyirxahlıq və insanlığa qayğı kimi dəstəklənmişdir.

Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarının azad edilməsindən bəhs edən Prezident İlham Əliyev həmin müddətdə 67 məsciddən 65-nin dağıdılmasını erməniliyin islamofob mahiyyətinin təzahürü adlandırmışdır. Bildirilmişdir ki, münaqişələrə yanaşmalarda ikili standart olmamalıdır. İşğal adı ilə, olduğugöründüyü kimi adlandırılmalıdır.

Səfər çərçivəsində Milli Mücahidlər Müzeyində olan, 1830-1962-ci illərdə Fransanın müstəmləkəsi altında qalan Əlcəzairdə qətlə yetirilən 1milyondan artıq yerli sakinin xairəsini yad edən dövlət başçımız muzeyin Xatirə kitabına şəhidlərin ruhuna hörmətin ifadəsi olan ürək sözlərini yazmışdır.

Muzeydə Fransanın dinc əhaliyə qarşı törətdiyi qəddarlığı əks etdirən, Xocalı soyqırımına, Qaradağlı, Ağdaban, Edilli faciələrinə bənzəyən fotolar, qan qoxulu sənədlər azərbaycanlılara qarşı fransızsayağı amansız rəftar edən erməni vəhşiliyini xatırladırdı. Bir daha bəlli oldu ki, bu gün terrorçu, faşist xislətli Ermənistanla havadarı Fransanı birləşdirən qana hərislik xislətidir. Muzeydə saxlanılan, Fransada azadlıq mücahidləri olan 1500 əlcəzairlinin öldürüldüyü tarixi əks etdirən «Sena qətliamı» ilə Xocalı soyqırımının ssenariləri oxşardır. Etdikləri cinayətlərə, qətliamlara görə məsuliyyətdən yayınan Fransa ilə Ermənistanın bu sahədə də mövqeləri eynilik təşkil edir. Müstəmləkəsi olduğu ölkələrin xalqlarına qarşı amansız rəftarın nümunəsi olan qətlə yetirdikləri insanların kəllə sümüklərini eksponat kimi saxlayan, şəhidlərin ruhuna belə hörmət qoymayan fransızlardan daha qəddar olan ermənilər öldürdükləri azərbaycanlıları kütləvi məzarlıqlarda basdırmışlar. Yəni, motivlər fərqli olsa da, mahiyyət eynidir: Qana hərislik, insanlığa nifrət!

 Prezident İlham Əliyevin Əlcəzairə səfəri Fransa ilə Ermənistanın işğalçılıq siyasətlərinin eyni mənbədən qaynaqlandığının faktlarla sübutu oldu. Afrikada törətdikləri qətliamlardan xəcalət çəkməyən, özü kimi qəddar Ermənistana havadarlığı sayəsində azərbaycanlıların öldürülməsində əli olan Fransa xalqımızın nəzərində müsəlmanların düşməni, qatildir.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2022.- 3 noyabr.- S.2.