Heydər Əliyevin bioqrafiyası milli
mücadilə tariximizin
həlledici mərhələsidir
Müsahibimiz “Yeni Azərbaycan”
qəzetinin baş redaktoru
Alqış Musayevdir
- Qarşıdan Yeni Azərbaycan Partiyasının
yaranmasının 30 illik yubileyi
gəlir. YAP-ın yaranması haqqında bir
çox maraqlı fikirlər var. Sizin fikrinizcə, Yeni Azərbaycan Partiyasının
yaradılması zamanın, yoxsa cəmiyyətin
tələbi idi?
- Yeni Azərbaycan Partiyası haqqında danışarkən onun bir neçə özəlliyinin qeyd edilməsi vacibdir. Bilirik ki, partiyaların yaranmasının, elan olunmasının bəlli bir standartı var. Adətən bir neçə nəfərin ictimai-siyasi baxışları üst-üstə düşürsə, bir araya gəlib, siyasi təşkilatların təsis qərarını verirlər. Siyasi platformaları ictimaiyyətə təqdim olunur, müzakirələrə qoşulur, öz ideyalarını təbliğ edirlər. İmkan daxilində bütün üslublardan istifadə edib özlərinə qarşı rəğbət oyatmağa, ictimai etimad qazanmağa çalışırlar. Bu yolla özlərini siyasi rəqabətə hazırlayırlar. Bu, başadüşülən, məqbul bir yoldur. Çünki siyasi partiyanın cəmiyyətdəki yerini, nüfuzunu onun formalaşdıra biləcəyi elektorat müəyyən edir. Seçici hansı partiyaya səs verəcəyini, hansı siyasi instituta üzv olacağını dəqiqləşdirmək üçün ona təklif olunan layihələri, ideyaları saf-çürük etməlidir. Bu isə bir qədər vaxt tələb edir. Nəzərə alaq ki, siyasi partiyalar hakimiyyətə sahib olmaq üçün yaradılır. Vətəndaş, seçici onu, onun ölkəsini gələcəkdə idarə edəcək qüvvəni tanımalıdır, dərindən öyrənməlidir. Ona görə də partiyaların yaranması, uğur qazanması, ortaya çıxması bir sıra amillərdən asılıdır.
Yeni Azərbaycan Partiyası isə tamam fərqli bir şəraitdə yarandı. 1990-1992-ci illərdə Heydər Əliyevin adı, şəxsiyyəti ətrafında toparlanmağa hazır onminlərlə, yüzminlərlə ictimai fəal vardı. O günlər Heydər Əliyev bir milli ideyanı ifadə edirdi. Təbii ki, Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışının müxtəlif əsasları vardı. Amma ən ciddi səbəblərdən biri yüzillərin sınağından çıxmış sosial normalar idi: Xalq o şəxsə ikinci dəfə inanır ki, o, xalqın ümidlərini bir dəfə doğrulda bilib. Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycan xalqının canlı və əfsanəvi qəhrəmanına çevrilmişdi. Artıq 1990-cı illərin əvvəlində cəmiyyətimizin siyasiləşmiş böyük kəsimi Heydər Əliyevin ətrafında birləşməyə, təşkilatlanmağa hazır idi. Bu yerdə bir faktı xatırlatmaq yerinə düşür… Əslində, Heydər Əliyevin qurtuluşçuluq missiyasının gerçək tarixi 1990-cı il yanvarın 21-dən başlayır. Həmin gün təhdidlər altında yaşamasına baxmayaraq, O, bizim Moskvadakı daimi nümayəndəliyə gəlib bəyanatla çıxış etdi. Bu, sıradan bir çıxış deyildi. Bu addımı ilə Heydər Əliyev Kremlin bütün başbilənlərinə bəyan etdi ki, Azərbaycan xalqı tək deyil, onun Heydər Əliyev kimi mübariz övladı və dahi, milli lideri var. O, həmin gün 20 yanvar gecəsi əzilmiş, təhqir edilmiş, yerlə-yeksan olmuş Azərbaycan xalqını ayağa qaldırmışdı, ümidləndirmişdi. Ona görə də Yeni Azərbaycan Partiyasının yaranması təbii-tarixi inkişafın bir qanunauyğun təzahürü kimi meydana çıxdı.
Burada ikinci bir məqam var. Yeni Azərbaycan Partiyası demək olar ki, müstəqilliyimizlə yaşıd siyasi təşkilatdır. Həm də xüsusi vurğulmaq lazımdır ki, bu yaşıd məfhumu təkcə zamanla məhdudlaşmır.
Son 30 ildə Azərbaycanın dövlət müstəqilliyinin bütün məsuliyyəti YAP-ın üzərinə düşüb. Ötən əsrin əvvəllərində Azərbaycan adlı coğrafiyaya siyasi məzmun gətirildi. Cümhuriyyətimiz Şərqin ilk demokratik dövlət təsisatı elan edildi. Amma bu proses uzun çəkmədi. Elan olunmuş siyasi məzmunu dövlətçilik məzmunu ilə tamamlamaq mümkün olmadı. Cümhuriyyətimiz cəmi iki il yaşaya bildi.
1990-cı illərdə yenidən həmin vəziyyət təkrarlandı. Siyasi məzmun yenidən bərpa olundu. Həmin ərəfədə siyasi məzmunu dövlətçilik və idarəçilik məzmunu ilə zənginləşdirə biləcək yeganə güc, nüfuz və təcrübə sahibi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev idi.
İndi biz çox asanlıqla deyirik ki, xalq Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Amma bir qədər həssaslıqla yanaşsaq, xalq Onu hansı hakimiyyətə dəvət etmişdi? Həmin günlər Azərbaycanda hakimiyyət adına, dövlətçilik adına hər hansı bir əlamət mövcud deyildi. Heydər Əliyev quru yerdə müstəqilliyin sütunlarını bərqərar etdi. Müstəqilliyi geri dönməz bir prosesə çevridi.
Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına etdiyi vəsiyyət-müraciətində 10 il ərzində gördüyü işlərin dəqiq təsnifatını verib.
Ulu Öndərimiz deyirdi: “İlk növbədə, dövlətçiliyimizin əsasını təşkil edən ictimai-siyasi sabitliyə nail olmuş, milli birlik və qanunların aliliyinə söykənən vətəndaş cəmiyyətinin təməlini qoymuşuq. İkincisi, hər bir dövlətin, onun yaşamasının qayəsini təşkil edən ölkə iqtisadiyyatını yenidən qurmuşuq, inkişaf yoluna çıxarmışıq.
Üçüncüsü, Azərbaycan xalqının istək və arzularının ifadəsi olan, özünün bütün müvafiq təsisatlarına malik güclü, demokratik dövlətimizi qura bilmişik, onun müstəqilliyinin dönməzliyini təmin etmişik”.
Şübhəsiz ki, bu nailiyyətlər hakim partiyanın fəal iştirakı və şahidliyi ilə həyata keçirilib. Bu baxımdan demək olar ki, Yeni Azərbaycan Partiyası müstəqil, müasir, milli dövlətçilik tariximizin özü deməkdir. YAP-ın Sədri Heydər Əliyevin bioqrafiyası müstəqil dövlətçilik tariximizin ən mükəmməl və həlledici kəsimidir.
- YAP müxalif siyasi təşkilat
kimi yaradılmışdımı?
- Mən bu yerdə vacib bir məqamı qeyd etmək istəyirəm. Siyasi partiyaların tarixində nadir hallarda olur ki, partiya yaranır, qısa müddətdən sonra hakim partiyaya çevrilir. Yeni Azərbaycan Partiyasının təşkilat komitəsinin ilk iclası 1992-ci il noyabrın 5-də baş tutub. Heydər Əliyev təşkilat komitəsinin sədri seçilib. Partiya müxalifət partiyası kimi yaranıb. Artıq 6 aydan sonra onun yaradıcısı və Lideri ölkənin bütün məsuliyyətini öz üzərinə götürmüşdü və bildiyimiz kimi, həmin gün tariximizə Qurtuluş Günü kimi daxil olur.
Qeyd etdik ki, YAP müxalif partiya kimi yaranıb. Bu, özü də bir xüsusi mövzudur. YAP-ın
müxalifətçilik təlimi
bütün siyasi partiyalar üçün bir örnək sayıla bilər. Həmin müddət ərzində
partiya və onun lideri yalnız
dövlətçilik prinsipləri
ilə fəaliyyət
göstərib. Bu haqda kifayət qədər nümunələr
var.
Ümumiyyətlə, Heydər Əliyevin hər sözü bir nəsihət, hər addımı, hər davranışı
bir mərhələdir.
1993-cü ilin fevral
ayında Bakıda Əbülfəz Elçibəylə
görüşən Heydər
Əliyev idarəçilikdə
buraxılan səhvlərlə
bağlı öz fikirlərini bildirir. Əbülfəz Elçibəy isə səhvlərin olduğunu
etiraf edir və bəraət qazanmaq üçün deyir ki, biz hakimiyyətə
təzə gəlmişik,
təcrübəmiz azdır,
hələ öyrənirik.
O zaman Ulu Öndərimiz bütün
dövrlər üçün
aktual olaraq səslənən bir cavab verib.
Deyib ki, öyrənmək yaxşı xüsusiyyətdir,
öyrənin amma unutmayın ki, xalq heç bir halda təcrübə
materialı ola
bilməz. Yaxud başqa bir
misal. Azərbaycan Prezidenti İlham
Əliyev müsahibələrinin
birində danışır
ki, Türkiyənin Prezidenti Turqut Özal rəhmətə getmişdi. Dəfn törənində iştirak etmək üçün gedən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri Heydər Əliyev VİP salonunda əyləşmişdi. Bu
zaman Azərbaycan prezidenti Əbülfəz
Elçibəy salona daxil oldu. Heydər Əliyev ayağa qalxıb onu salamlayarkən Əbülfəz bəy “Qalxmayın, əyləşin,
Heydər bəy” dedi. Atam isə
“Mən Azərbaycan prezidentinin qarşısında
dayanmışam”,- deyə cavab verdi. Halbuki o vaxt Əbülfəz
Elçibəyin vəzifəyə
təyin etdiyi adamlar əlləri cibində saymazyana dayanmışdılar.
Bu, “Heydər Əliyev Milli Məclisin iclaslarına gələndə
mən ayağa qalxmırdım” deyib öyünən “dərrakə”
sahiblərini ifşa edən, düşüncələr
arasındakı fərqi
böyük ölçülərlə
göstərən unikal
bir hadisədir…
Bu, Heydər Əliyevin
proseslərə və
münasibətlərə bütün
hallarda yalnız dövlətçilik düşüncəsi
ilə yanaşdığını
göstərən çoxsaylı
faktlardan biridir.
Elə götürək
1993-cü ilin iyun hadisələrini. Gəncə hadisələri baş
verən kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri adından bəyanat qəbul edildi. Həmin bəyanat hamını
Azərbaycanın dövlət
başçısı Əbülfəz
Elçibəyin ətrafında
birləşməyə və
hər kəsi hadisələrə təmkinlə
yanaşmağa səsləyirdi.
Çünki həmin günlərdə
Gəncədə baş
verənlər bir şəxsin, bir hərbi korpusun narazılığı ilə
bağlı deyildi.
Ölkədə dövlətçilik, idarəçilik böhranı
yaranmışdı. Belə demək
mümkünsə, Azərbaycan
cəmiyyəti paramparça,
Azərbaycan dövləti
çilik-çilik olmuşdu.
Heydər Əliyev belə bir ekstremal vəziyyətdə Azərbaycan xalqının və dövlətinin siyasi taleyini, qədərini müsbət istiqamətə doğru dəyişə bildi. Buna görə də Heydər Əliyevi Azərbaycanın siyasi taleyi hesab edənlərin məntiqi ilə birmənalı olaraq razılaşmaq mümkündür.
Heydər Əliyev Ona müraciət edən ziyalılara cavab olaraq Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq vermişdi.
- Sizcə Ulu Öndərimiz hansı arqumentləri əsas gətirərək siyasi partiyaya rəhbərlik etməklə razılaşmışdı?
- Məncə, bu suala cavab vermək üçün ən etibarlı və dəqiq mənbə elə Dahi Öndərimizin özüdür. Qeyd edim ki, bizim ictimai fikir tariximizdə dönüş üçün bünövrə olan daha bir sənəd var. O sənədin də müəllifi Heydər Əliyevdir. Söhbət Dahi Öndərimizin kommunist partiyasının sıralarından istefa etməsi ilə bağlı ərizədən gedir. Mən bu ərizə-sənədi şərh etməzdən öncə bir məsələyə də toxunmaq istərdim: Heydər Əliyevin orta məktəblərdə tədrisi ilə bağlı məsələyə yenidən baxılmalıdır. Bayaq dediyim kimi, Heydər Əliyevin bioqrafiyasından kənarda müasir Azərbaycanın dövlətçilik tarixi mövcud deyil. Ona görə də elə tarixi günlər var ki, Azərbaycan vətəndaşlarının yaddaşına orta məktəb vaxtlarında yazılmalıdır. Çünki bunları bilmədən nələrin baş verdiyini, hansı proseslərin getdiyini izah etmək çətin olardı.
Heydər Əliyevə məxsus bir çox çıxışlar, müsahibələr, o cümlədən kommunist partiyasının sıralarından istefa ərizəsinin mətni orta məktəblərdə tədris olunmalı, tarix kitablarına salınmalıdır. Mən əminəm ki 2023-cü il “Heydər Əliyev İli”ndə bu problem də öz həllini tapmış olacaq.
Həmin ərizə əvəzsiz bir siyasi müntəxəbat nümunəsidir. Əvvəla, o ərizədə Heydər Əliyevin öz keçmişinə obyektiv münasibəti əks olunub. Heydər Əliyev 20-ci əsrin nadir siyasi fenomenidir ki, öz keçmişinə ləyaqətlə yanaşır, öz keçmişinə sahib çıxa bilir və gərəkirsə, öz keçmişindən ləyaqətlə ayrılmağı bacarır. Ərizədə istefanın üç mühüm səbəbi göstərilib. Hansı ki, o səbəbləri Yeni Azərbaycan Partiyasının baş prinsipləri, ideoloji əsasları kimi götürmək olur.
Birinci səbəb nədir?
Ulu Öndərimiz yazır: “1990-cı il yanvarın 20-də mərkəzin və Azərbaycan KP MK- nın siyasi rəhbərliyi altında Azərbaycan xalqına qarşı edilmiş hərbi təcavüzdən sonra məndə kommunist partiyası sıralarından çıxmaq fikri yarandı.Yanvar hadisələrində yüzlərlə günahsız, dinc sakin öldürüldü və şikəst edildi.
Bu antihumanist və hüquqa, konstitusiyaya zidd hərəkəti ittiham edərkən Sov.İKP və Azərbaycan KP MK-nın bu cinayəti açacağına və günahkarları üzə çıxaracağına ümid bəsləyirdim. Və özümü ələ alıb səbrlə gözləyirdim. Çıxışlarıma cavab əvəzinə çox çəkmədi ki, “Pravda”dan başlayaraq, partiyanın mətbu orqanlarında mənə qarşı hücumlar təşkil edildi.”
Müəllif daha sonra yazır: “Yanvar faciəsinin günahkarlarını üzə çıxarmaq və cəzalandırmaq haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, ayrı-ayrı vətəndaşların, görkəmli ziyalıların müraciətlərini Azərbaycanın kommunist rəhbərliyi qətiyyətlə rədd edirdi. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarlarını üzə çıxarmayıb, əksinə bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, zaman keçdikcə bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut edib ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil.”
İkinci səbəbdə Heydər Əliyev yazır: “Mərkəzin ikiüzlü siyasəti nəticəsində Sov İKP-nin havadarlıq etdiyi erməni millətçilərinin səyi ilə Azərbaycanın Dağlıq Qarabağ vilayətində yaranmış kəskin münaqişə vəziyyəti saxlanmaqdadır. Vilayət əslində tamamilə Azərbaycanın idarəçiliyindən çıxıbdır. Azərbaycanın dövlət suverenliyi, ərazi bütövlüyü konstitusiyaya zidd olaraq kobud şəkildə pozulmuşdur.”
İstefaya gətirib çıxaran üçüncü səbəb də konseptual baxışdan ibarətdir: “Bütün cəmiyyətin demokratikləşdiyi, siyasi azadlıqların və plüralizmin bəyan edildiyi bir dövrdə Azərbaycanda 1988-ci ildə ərazi bütövlüyünün müdafiəsinə qalxmış geniş demokratik hərəkat Sov. İKP-nin rəhbərliyi altında Azərbaycan KP MK-nın səyi ilə boğulur”
Dahi Öndərimz əlavə edir ki, Moskva tərəfindən sırınan ittifaq müqaviləsinin əleyhinə çıxmışdır və indi də əleyhinədir.
Və deyir: “Hər hansı suveren dövlətin tərkibində bir neçə suveren dövlət və bundan irəli gələn azadlıqlar, səlahiyyət və funksiyalar ola bilməz”.
Yekunlaşdırsaq, Ulu Öndərimizin kommunist partiyasının sıralarından istefa səbəbləri məhz onun Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməyinə səbəb olub. Məhz bu səbəblər də Yeni Azərbaycan Partiyasının əsas məramına çevrilib. Qarabağ probleminin həlli, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası, Azərbaycanın demokratik yolla inkişafı… Bu gün Yeni Azərbaycan Partiyası həmin hədəflərə nail olub. Naxçıvandan başlayan qurtuluş yolu Şuşada böyük Zəfərlə yekunlaşıb. Heydər Əliyev xatırlatdığımız vəsiyyətində deyirdi: “Mən İlham Əliyevə özüm kimi inanıram”. Hazırda Azərbaycan xalqının böyük əksəriyyəti İlham Əliyevə Heydər Əliyev kimi inanır, güvənir və arxalanır!
İki sahil.- 2022.- 5 noyabr.- S.3.