TARİX və ƏBƏDİYYƏT
Düşüncələrimi
ipə-sapa düzməkdən ötrü yaddaşımda son
30 ilin salnaməsini varaq-varaq çevirirəm...
Düşünürəm
ki, bu tarixin hər səhifəsində bu təsisatın
adı var, imzası var.
Yeni Azərbaycan
Partiyasının - doğma partiyamın yaranmasından 30 il
ötür və mən bir igidin ömrü qədər olan
bu illər haqqında düşüncələrimi yazıya
çevirmək istəyirəm.
Bu
illər təkcə bir siyasi partiyanın fəaliyyət
müddəti deyil, Azərbaycanın müstəqillik tarixinin
böyük bir parçasıdır, əslində, elə bu
tarixin özüdür, çünki bu tarix Yeni Azərbaycan
Partiyası ilə birgə yaşanıb, birgə
yaradılıb və birgə yazılıb!..
Xəyal məni
bir anlıq neçə ilin əvvəlinə, təlatümlü
günlərə aparır, belə bir partiyanın meydana
çıxması zərurəti, bunu vacib edən səbəblər,
film kimi kadrlar, epizodlar gözlərimin önündən
ötüb keçir.
Və insan
psixologiyası ilə ictimai şüur arasındakı bənzərliklərə
heyrətlənməyə bilmirəm...
30 il əvvəl Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycan xalqı təhlükələr qarşısında özünü, dövlətini qorumaq gücünü göstərdi.
Elin, ulusun ağır çətinliklərlə üzləşib, gələcəyə tərəf səmtini itirdiyi, müstəqillik yolunun ta başlanğıcında çar-naçar qalıb yenicə göyərən ümidlərini, arzularını, istiqlal ruhunu əldən vermək üzrə olduğu zamanda arasındakı ən güclü birinin, bu gücü də sözdə deyil, əməllərində təsdiqləmiş əsl Liderin ətrafında birləşməsi, taleyini onun müdrikliyinə etibar etməsi ulularımızdan gələn mənəvi haraya cavab, onların yolunun davam etdirilməsi, mənəvi mirasının yaşadılması idi.
Xalqımızın öndə gedən insanları, xalqın, dövlətin gələcəyinə görə məsuliyyət hissi duyan düşünən beyinləri ötən əsrin 90-cı illərinin əvvəllərində, Azərbaycanın böhranlı günlərində belə etdilər və onların səsinə səs verən cəmi xalqımızla birgə müstəqil dövlətimizin keçmişini, bugününü və gələcəyini hifz etmiş oldular.
Nə yaxşı ki, belə bir düz yol seçildi, ona görə Azərbaycan əsrlərboyu başımıza gələnlərə rəğmən bu günə qədər mövcuddur, ayaqdadır, qüdrətlidir, xalqımızın milli ruhu, kimliyi yerindədir.
Diridir, oyaqdır...
***
Yeni Azərbaycan Partiyası xalqımızın yeniliklər, müsbət dəyişikliklər arzusunun ifadəsi kimi dünyaya gəldi, bununla belə keçmişin nailiyyətlərinə də xilaf çıxmadı bu partiya, gələcəyi keçmişin təcrübə və ənənələri üzərində yaratmaq yolunu seçdi və ümummilli liderimiz Heydər Əliyevin də bəyan etdiyi kimi, dünənin, bugünün və gələcəyin partiyasına çevrildi.
Dünənin, bu günün və gələcəyin partiyası!..
Aradan illər keçəndən sonra bu bir neçə kəlmənin mahiyyətinə varanda Heydər Əliyev müdrikliyinə bir daha heyran qalırsan.
Bu üç kəlmədə üç zaman bir araya gəlib...
Bu üç kəlmədə üç zaman bir-birinə söykək olub...
Bu üç kəlmədə dünyanın, həyatın ahəngi kimi, üç zaman bir-birini tamamlayır...
Keçmiş, bu gün və gələcək!!!
Heydər Əliyevin böyüklüyü onda idi ki, o, heç zaman keçmişinə kəc baxmadı, əksinə, dünəni ilə daim qürur duydu. Çünki ömrün hər gününü şərəflə yaşamışdı, ömrün hər gününün məsuliyyətini dərk etmişdi və başqalarından da əsas gözləntisi bu idi.
İnanırdı ki, onun zəkası işığında, əzəmətli şəxsiyyətinin kölgəsində yaradılan partiya da məhz belə olacaq.
Yanılmadı!..
Heydər Əliyev zamana insanın öz dəyərlərinə, prinsiplərinə, ideyalarına sadiqliyinin ölçü vahidi kimi baxırdı.
Özü bu sədaqəti keçmişinin hər anında qorumuşdu, hesab edirdi ki, digərləri də həyatın ucuz parıltılarına aldanıb ideallarını qat-qat aşağı nəsnələrə qurban verməsələr, mənəvi zirvələrdə qərar tuta bilərlər.
O, büsbütün dövlət adamı idi, illərin təcrübəsi ilə bir dövlətin necə idarə edilməli olduğunu, hüquq və öhdəliklərini incəliklərinə qədər duyurdu, cəmiyyətin ehtiyaclarını, qayğılarını, güclü və zəif tərəflərini hiss edirdi, problemlərin necə yoluna qoyulmalı olduğunu bilirdi.
Yeni Azərbaycan Partiyasının fəaliyyətinə, qarşıya qoyduğu məramlara da Heydər Əliyev belə baxırdı. İnanırdı ki, bu partiya o illərin çox yayğın küçə-meydan təfəkküründən, qaragüruh düşüncələrindən, hər şeyi bir anda tar-mar edib guya yerində qısa müddətə nəsə yaratmaq hay-küyündən uzaq duracaq.
Kəmiyyətə deyil, keyfiyyətə üstünlük verəcək, öz sıralarında ən sağlam düşüncəli adamları bir araya gətirib, cəmiyyətdə mütərəqqi dəyişiklik, inkişaf meyillərinin tərcümanı olacaq.
Bu meyillərin insanlar arasında düzgün yayılmasına, görülən işlərin doğru kommunikasiyasına, atılan addımların öz məqsədinə çatmasına yardım göstərəcək.
Heydər Əliyev qurucu bir insan idi, nəyisə qurub-yaratmağın, köklü dəyişikliklər aparmağın necə çətin, uzun vaxt alan proses olduğunu, cəmiyyəti xaosa, anarxiyaya, başıpozuqluğa çəkməyin insanların həyatına hansı fəlakətləri gətirəcəyini yaxşı görürdü, toplumun dəyişiklikləri tədrici və daim hər günkündən bir az da yaxşılığa doğru davam edən bir proses kimi anlamalarını arzulayırdı.
Heydər Əliyev yaxşı bilirdi ki, küçədə-meydanda şüarlar hayqırmaqla dövlət qurulmaz, xalqın taleyi küçələrdə həll olunmaz, demokratiya adı altında cəmiyyəti saran xaos mühiti insanların həyatına ancaq ağrı-acılar gətirə bilər, necə ki, 90-cı illərin əvvəllərində gətirirdi.
Bu böyük dövlət adamının onun adı ətrafında, ideyaları işığında yaradılan Yeni Azərbaycan Partiyasına böyük ümidləri vardı və partiya uzun illər davam edən fəaliyyəti ilə bu ümidi doğruldaraq dünənin, bugünün və gələcəyin partiyası inamını qorudu.
Adətən, o təsisatlar böyük uğur qazanır və tarixdə əbədi olur ki, onları zəmanə özü yaratsın, dövr özü ərsəyə gətirmiş olsun.
Yeni Azərbaycan Partiyası da zəmanənin yaratdığı, tarixi şəraitin həyat verdiyi siyasi təsisatdır və bu partiyanın 30 illik fəaliyyəti boyu qazandığı uğurların mayasında bu HƏQİQƏT durur.
***
Yeni Azərbaycan Partiyasının yaradılması ərəfəsində müstəqilliyini yenicə qazanmış dövlətimiz ağır günlərini yaşayırdı. Ermənistanın ölkəmizə qarşı işğalçı müharibəsi davam edirdi, lay divar oğullarımız cəbhədə həyatlarını itirirdilər, düşmən əlinə keçən torpaqlarımızın əhatəsi getdikcə böyüyürdü, aparılan siyasətin yanlışlığı ucbatından qonşularla münasibətlər gərginləşdiyindən onlar da açıq-gizli dəstəkləri ilə Ermənistanın əlini gücləndirirdilər.
Başda əyləşənlərinsə başı hakimiyyət davasına, vəzifə kürsülərinin bölgüsünə qarışmışdı, Azərbaycanın taleyi onları o qədər də maraqlandırmırdı. Cəmiyyətdə ümumi bir məyusluq əhvalı hökm sürürdü. Hamı hakimiyyəti təsadüflər nəticəsində ələ keçirmiş səriştəsizlərin ölkəni uzağa apara bilməyəcəklərinin fərqində idi.
Həmin vaxtlar xüsusilə Naxçıvan çox ağır günlərini yaşayırdı. Hakimiyyət rəhbərliyi Moskvadan qayıtdıqdan qısa müddət sonra yerli sakinlərin dəstəyi ilə Naxçıvan Ali Məclisinin Sədri seçilən Heydər Əliyevə qısqanc münasibət bəslədiyindən bu bölgəni taleyin ümidinə buraxmışdı.
Blokada şəraitində, qışın şaxtasında işıqsız, qazsız, çörəksiz qalmış soyuq Naxçıvan bir də hakimiyyətin soyuq münasibətinin məşəqqətlərini yaşayırdı. Belə bir durumda Heydər Əliyevin əzmini, iradəsini ümid işığına çevirərək Naxçıvanı qoruması, bütün imkanlardan istifadə etməklə onu ağır vəziyyətdən çıxarmağa çalışması insan fədakarlığının rəsmi idi.
***
...Bu sətirləri yaza-yaza unudulmaz 1992-ci ili, həyəcan və intizar dolu bir axşamı xatırlayıram...
Bir qrup jurnalist Naxçıvana getmişdik, soyuq bir payız günü idi, hamılıqla qərara gəldik ki, Heydər Əliyevi mütləq və mütləq ziyarət etməliyik.
Üzdə bəlkə büruzə verməsək də, hər birimizin içində qəribə bir həyəcan vardı - Azərbaycan xalqının XX əsrdə yetirdiyi, uzaqdan-uzağa görüb varlığı ilə qürur duyduğumuz ən böyük dövlət adamı ilə görüşməyin, üz-üzə əyləşməyin, kəlmə kəsməyin həyəcanı...
Bu əzəmətli Lideri ilk dəfə idi ki, bu qədər yaxından görürdüm, onun media mənsublarına isti münasibətinə, rəğbətinə şahid olurdum...
Ziyarətinə gəlmiş
jurnalist qrupunu elə Naxçıvan Ali Məclisinin binası
önündə, pilləkənlərin üstündəcə
qarşıladı, sonra söhbətimizi Heydər Əliyevin
iş otağında davam etdirməyə başladıq, Ulu
Öndərin ətrafında dövrə vurub əyləşdik,
onun xoş aurasına düşdük.
Qrupumuzda müxtəlif firqələri, siyasi baxışları, mövqeləri təmsil edən jurnalistlər vardı, amma Heydər Əliyev şəxsiyyəti aradakı bütün fərqliliklərə rəğmən hamını öz ətrafında bir araya gətirmişdi.
Bu mənzərə - sanki balaca bir iş otağına sığışmış Azərbaycanın kiçik simvolu idi.
Onun aurasında, söhbətlərində, baxışlarında, bölüşdüyü düşüncələrində hər hansı ayrıcalıqlar yox idi, Azərbaycanın gələcəyi vardı, ölkənin taleyi ilə bağlı əndişələr, qayğılar ifadə olunurdu, müstəqil dövlətimizin gələcəyinə strateji baxış ortaya qoyulurdu, vəziyyətdən çıxmaq üçün görülməli olan işlərdən söhbət açılırdı.
Naxçıvanda işıqlar yanmırdı...
Elektrik enerjisi fasilələrlə verilirdi - yazardım, amma buna heç fasilələrlə verilmək də demək olmazdı.
İqlimi kifayət qədər sərt olan, qışda havaların indikindən də soyuq keçdiyi, şaxtanın qılınc kimi kəsdiyi o illərdə hər yerdən təcrid olunmuş, evlərində işıq, qaz yanmayan, insanları övladlarının qarnını doyurmağa gündəlik bir parça çörəyin qayğısı ilə yaşayan bir bölgə təsəvvür edin.
Heydər Əliyev o ağır vaxtların Naxçıvanına rəhbərlik edirdi, bizimlə söhbətləşdiyi bu alaqaranlıq, soyuq iş otağında gecəsini-gündüzünə qatıb vəziyyətdən çarə tapmağa çalışırdı, gümanı gələn yerlərdən, xüsusən dar günlərimizin həyanı qardaş Türkiyədən kömək istəyirdi, şəxsi nüfuzunun gücü ilə mümkün köməyi alırdı və bununla Naxçıvanı qoruyurdu.
***
Heydər Əliyevin iş otağında idik, masasının üzərində neft çırağı yanırdı, çırağın şöləsi Onun tunc kimi möhkəm, qətiyyətli çöhrəsində əks olunur, divara bu böyük şəxsiyyətin əzəmətli kölgəsi düşürdü.
Cəmi bir neçə il əvvələ qədər böyük imperiyanın rəhbər şəxslərindən biri kimi qurulmasına, inkişafına bilavasitə rəhbərlik etdiyi nəhəng infrastruktur layihələri ilə ittifaq boyu insanların evlərini, iş yerlərini işığa, nura qərq edən, milyonlarla insanın həyatına rahatlıq gətirən dövlət adamının indi özünün neft çırağının işığında əyləşib çalışması, balaca bir şəhərə heç olmasa ikicə saatlığına elektrik enerisinin verilməsi üçün çarə araması adama o qədər heyrətli gəlirdi ki...
Amma qəribədir ki, bu düşüncələrdə ümidsizliyə, bədbinliyə də yer yox idi!
Və ola da bilməzdi!..
Çünki qarşımızda problemlərlə mübarizə aparan, çətinliklərin üzərinə gedən və əzəməti ilə bütün çətinliklərdən də, problemlərdən də daha böyük, daha güclü, daha uca görünən əsl şəxsiyyət əyləşmişdir.
Heydər Əliyevin səsindəki qətiyyət adama ancaq ruh verirdi.
Hiss
edirdin ki, pis günün ömrü az
olacaq...
Bu çətinliklər,
çarəsizliklər, qayğılar ötüb keçəcək...
Heydər
Əliyev mütləq işıqlı bir yol tapacaq, mütləq!..
O
danışırdı, jurnalist həmkarlarımızın
adda-budda suallarını cavablandırırdı, özü
bizə suallar ünvanlayırdı, ölkədəki vəziyyətdən
dolayı narahatlıqlarını, nigaranlıqlarını
bölüşürdü, hərdən söhbətimizi kəsən
telefon zəngləri ilə qonşu dövlətlərin rəhbərləri
ilə danışırdı və biz onun əzəmətində,
düşüncələrində, gələcəyə
baxışında Azərbaycanı qısa zamanda çətin
durumdan çıxarmağa qadir Lideri görürdük.
Əslində,
bu, bütün Azərbaycan xalqının baxışı
idi!..
Onun
üzündəki çıraq şöləsindən
bütün Azərbaycan vətəndaşlarının
ürəyinə ümid işığı düşürdü,
bütün Azərbaycan xalqının nəzərləri
Naxçıvana dikilmişdi, düşüncələrdə
onun adı əks-səda verirdi, qəlblərdə onun tezliklə
Azərbaycanı üzləşdiyi vəziyyətdən
çıxaracağına inam göyərirdi.
Yeni Azəbaycan
Partiyasını bu inam dünyaya gətirdi...
Qəlblərdəki o yaşıl ümid fidanları
pöhrələnərək, torpağın dərinliklərinə
rişələnərək, partiyanın emblemindəki
köklü-köməcli həyat ağacının simvoluna
çevrildi.
***
Heydər
Əliyevlə görüşümüzdən cəmi bir
neçə gün sonra tarixə "91-lər" kimi
düşəcək bir qrup tanınmış
ziyalımız Heydər Əliyevə üz tutub, Yeni Azərbaycan
Partiyasının yaradılmasını və bu partiyanın
fəaliyyətində iştirak etməsini ondan xahiş etdi.
Heydər Əliyev ziyalıların müraciətini hər
zamankı kimi, onda da cavabsız qoymadı, onların
çağırışına həssaslıqla
yanaşdı, müraciətə cavab verərək belə
bir partiyanın yaradılmasının tarixi zərurətdən
doğduğunu və əgər bu partiya yaradılarsa, onun
işində iştirak etməyə hazır olduğunu
bildirdi.
Onda Naxçıvana gediş-gəliş indiki qədər
asan, uçan təyyarələr isə təzə, rahat və
təhlükəsiz deyildi. Üstəlik, Heydər
Əliyevin rəhbərliyi ilə yaradılan partiyanın təsis
konfransında iştirak etmiş şəxslərin ovaxtkı
hakimiyyətin təzyiqləri ilə üzləşəcəkləri
də şübhə doğurmurdu. Məqam
sahibləri onları buna görə cəzalandırmağa
çalışacaqdılar, küçələrdə
silahlı adamların at oynatdığı, xaotik bir vəziyyətin
hökm sürdüyü zamanda belə bir cəsarət hətta
kimlərəsə həyatları bahasına başa gələ
bilərdi.
Buna rəğmən insanlar bütün təhlükələri
gözə alaraq ürəklərinin səsi ilə Yeni Azərbaycan
Partiyasının təsis yığıncağında
iştirakı özlərinə borc bilmişdilər.
Konfransda
Heydər Əliyev açıq səsvermə yolu ilə
partiyanın sədri seçildi!..
***
Yeni Azərbaycan Partiyasının 30 illik tarixində bir
məqam həmişə diqqətimi çəkib. Adətən partiya
yaradılır və Liderini hakimiyyətə gətirir, Yeni
Azərbaycan Partiyasının tarixində isə proses fərqli
məcrada baş verdi. 1993-cü il iyunun 15-də Heydər Əliyev xalqın
israrlı çağırışları, böhran vəziyyətində
başını itirmiş ölkə rəhbərlərinin
acizanə xahişləri ilə Azərbaycanın ali rəhbərliyinə
qayıdışı ilə Yeni Azərbaycan
Partiyasını da hakimiyyətə gətirdi.
Heydər Əliyevin müstəqil dövlətimizin gələcəyi
ilə bağlı ideallarının gerçəkləşməsində,
qarşıya qoyduğu strateji vəzifələrin yerinə
yetirilməsində, xalqın arzularının
reallaşdırılmasında Yeni Azərbaycan Partiyası da
bütün gücünü, potensialını ortaya qoydu. Bu qurumda bir araya gələn,
zaman-zaman Yeni Azərbaycan Partiyasına axın edən
sağlam təfəkkürlü insanların timsalında
dövlət quruculuğu proseslərinin, sosial-iqtisadi islahatların,
demokratik inkişafın, vətəndaş cəmiyyətinin
formalaşmasının avanqardına çevrildi.
Həyata keçirilən islahatların öz məqsədlərinə
çatmasında, baş verən dəyişikliklərin
düzgün anlaşılmasında, qazanılmış
nailiyyətlərin daha da möhkəmləndirilməsində
və inkişafa mane olan səbəblərin vaxtında üzə
çıxarılaraq həllində mühüm rol
oynadı.
Yeni Azərbaycan Partiyası bu illərdə ölkədə
inkişaf proseslərinin həyata keçirilməsi
üçün son dərəcə zəruri olan peşəkar
kadr bazasını formalaşdırdı, gənc nəslin vətənpərvərlik
tərbiyəsində, dövlətçilik təfəkkürünə
yiyələnməsində, xanımların ictimai fəallığının
təmin olunmasında böyük işlər gördü.
Bu partiya cəmiyyətimizə
siyasi mədəniyyət gətirdi, çoxpartiyalı
sistemin inkişafında müstəsna əməyi oldu, milli
maraqlar məsələsini aktuallaşdırdı,
demokratiyanın təməl düsturlarından olan
"çoxluğun hakimiyyəti, azlığın
hüquqları" düşüncəsini təfəkkür
tərzinə çevirdi, fərqli baxışlar, mövqelər
arasındakı ziddiyyətləri diskussiya məcrasına
yönəltdi, ali qanunverici orqanda
çoxluqda olan partiya kimi milli parlamentarizm ənənələrimizin
inkişafına mühüm töhfələr verdi.
Yeni Azərbaycan
Partiyası milliyyətindən, dilindən, dinindən
asılı olmayaraq Azərbaycanı özünə Vətən
bilən, bu torpaqlara qəlbən bağlı bütün
insanların partiyası oldu, Heydər Əliyevin irəli
sürdüyü azərbaycançılıq
ideologiyasının cəmiyyətdə yayılmasında əhəmiyyətli
rol oynadı, ictimai dialoq təşəbbüsləri, məsələlərə
sağlam münasibəti, daimi inkişaf
çağırışları, Azərbaycana fayda vermək
istəyən bütün insanlara dəstəyi ilə hətta
bu quruma üzv olmayanların da doğma partiyası kimi
tanındı.
Bu partiya müstəqillik dönəmində Azərbaycanda
seçki ənənələrini inkişaf etdirdi,
seçkilərdə geniş təmsilçiliyi, təşkilati
dəyərləri, idarəetmə strukturları, ətrafında
bir araya gələn sosial bazası ilə daim örnək
sayıldı.
***
Yeni Azərbaycan
Partiyası - irslə varislik arasındakı vəhdətin,
bağlılığın nümunəsini yaratdı,
düşüncənin gücünü, enerjisini göstərdi,
ideya ətrafında yaradılmış siyasi təşkilatın
ilk Liderinin cismani yoxluğu dövründə də Onun
ideyaları işığında yenə necə inamla, mətinliklə
yoluna davam etməsinin, daha da güclənməsinin, milli
maraqlara, Vətənin inkişafına xidmət göstərməsinin
parlaq örnəyini ortaya qoydu.
Heydər Əliyevin əbədiyyətə
qovuşmasından sonra üzvlərin yekdil dəstəyi,
xalqın sosial sifarişi ilə Yeni Azərbaycan
Partiyasının Sədri seçilən Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
ilə qazanılmış tarixi uğurlar timsalında Ulu
Öndərin bütün arzuları yerinə yetdi.
Bu
böyük dövlət adamının Yeni Azərbaycan
Partiyasının məqsədləri və vəzifələrində
də öz ifadəsini tapmış ən böyük, ən
ülvi vəsiyyəti isə 2020-ci ilin 8 Noyabr günündə
- Zəfər Günümüzdə gerçək oldu...
Müzəffər
Ali Baş Komandan cənab İlham Əliyev həmin
günün səhəri Fəxri xiyabana gedərək, Ulu
Öndərin abidə-kompleksi önündə
Şuşanın azadlığı xəbərini,
Qarabağın, Şərqi Zəngəzurun işğaldan
azad edilməsi müjdəsini qəlbinin səsi ilə Heydər
Əliyevin Vətən səmalarında dolaşan əbədiyaşar
ruhuna yetirdi, daha sonra torpaq uğrunda canını fəda
etmiş övladlarımızın uyuduğu məkandan -
Şəhidlər xiyabanından, Azərbaycan
paytaxtının coğrafi baxımdan da, mənən də ən
uca məqamlarından birindən bu xoş xəbərin
sevincini bütün dünya azərbaycanlıları ilə,
bizi istəyən, haqq işimizi dəstəkləyən hər
kəslə paylaşdı.
Necə də
gözəl, şərəfli və tarixi məqamlar...
Qanad
açıb uçmaq istəyirsən...
Yeni Azərbaycan
Partiyası yaradılan zaman ürəklərdə dolaşan,
müqəddəs dua misalı dillərdə
zikr olunan bir arzumuzu da başa vardı...
Azərbaycanın
ərazi bütövlüyü bərpa edildi və bu partiya
tarixinin ən qüdrətli dövrünü yaşayan, haqq
savaşında qalib gəlmiş güclü bir dövlətin
hakim partiyası kimi əbədiyaşar oldu...
Dönüb
geriyə baxıram... Qəlbimi sevinc, fərəh hissi
bürüyür: bəli, dövlətimiz və dövlətçiliyimiz
etibarlı əllərdədir!..
Yenilənmə - heç zaman başa çatmayan,
davamlı olaraq cəmiyyətin ümumi əhvalını,
insanların təfəkkürünü təravətləndirən,
gələcəyə, təzətər arzu və ümidlərə
kökləyən, daha böyük nailiyyətlərə
yönləndirən əbədi prosesdir.
Yeni Azərbaycan Partiyası da adındakı yenilik
ruhuna, zamanla birgə yenilənmə prinsipinə sadiqdir.
Həyat dəyişdikcə bu partiya da dəyişir, fəaliyyətini
müasir çağırışlara
uyğunlaşdırır, inkişaf proseslərinin
önündə addımlayır.
Şərəflə,
zəfərlə addımlayır!..
Yeni Azərbaycan
Partiyası zamandan irəlidə olan partiyadır və
doğma partiyamızın fəaliyyət tarixini müəyyən
edən 30 il rəqəmi də bu təsisatın möhtəşəm
imzası kimi əbədi parlayacaq!..
Tarixi
yubileyin mübarək, doğma partiyam!
Azərbaycan
var olduqca, yeniləndikcə, inkişaf etdikcə Sən də
var olacaqsan!..
İmamverdi İsmayılov,
Milli Məclisin deputatı,
yazıçı-publisist
İki sahil.- 2022.- 5 noyabr.- S.4.