Sözün daş nağılı və
daş ağırlığı
Gözəl pedaqoq, istedadlı
şairə, vətənpərvər ziyalı Mahirə
Nağıqızının doğum gününə...
Mahirə Nağıqızı
(Hüseynova) həm gözəl pedaqoq, həm istedadlı
şairə, həm də vətənpərvər ziyalı
kimi ictimai mühitə çox yaxından tanışdır.
Dağları insanda vüqar və qürur yaradan, Azərbaycanın
ziyalılar yurdu olan Naxçıvanda Babək rayonunun Sust kəndində
dünyaya göz açıb Mahirə xanım. Mahirə
xanım həm alim kimi çoxsaylı monoqrafiya, kitab və məqalələrin
müəllifidir, öz sözləri desək, “öyrədənlərin
öyrədənidir”.
Hətta
gözəl bir pedaqoq kimi “İlin ən yaxşı müəllimi”
adını alıb, Azərbaycan Respublikasının
“Qabaqcıl təhsil işçisi” döş nişanı
ilə təltif edilib. Alim kimi ana dilimizin tədqiqi sahəsində
çoxsaylı qiymətli əsərlər ərsəyə
gətirib, elm sahəsindəki xidmətlərinə görə
“İlin alimi” Mediya mükafatını alıb. Və
bunların fövqündə həm də istedadlı, təbli
bir şairə kimi tanınıb, “Mənim anam” (Bakı, “Vətən”
nəşriyyatı, 2006), “Su at dalımca, ana” (Bakı, “Vətən”
nəşriyyatı, 2006), “Ana sevgisindən doğan nəğmələr”
(Bakı, “Avropa” nəşriyyatı, 2008), “Yaşadacaq anam məni”
(Bakı, “Qismət” nəşriyyatı, 2009), “Ana kəndim
Xalxalım” (Bakı, “Avropa” nəşriyyatı, 2010),
“Ömrün çıraqdır sənin” (Bakı, “Avropa” nəşriyyatı,
2010), “Sözün hikməti” (Bakı, “Vətən” nəşriyyatı,
2012), “Analı dünyam” (Bakı, “Vətən” nəşriyyatı,
2015), “Haqqa çağıran səs” (Bakı, “Vətən”
nəşriyyatı, 2015), “Bayatılar” (Bakı, “Apostroff” nəşriyyatı,
2015), “Bayatılar və üç şeir” (Bakı,
“Apostroff” nəşriyyatı, 2015), “Ruhuna beşiksə,
tanı, Vətəndir” (Bakı, Afpoliqraf mətbəəsi,
2017), “Salam olsun” (Bakı, 2021) kimi şeir kitabları ilə
geniş oxucu kütləsi tərəfindən sevilib, rəğbətlə
qarşılanıb. Mahirə Nağıqızı bir
şairə kimi istedadlı əsərlərinə görə
“Qızıl qələm” mükafatına layiq görülüb.
Hazırda hər üç vəzifənin öhdəsindən
uğurla gələrək öz xidmətlərilə ölkəmizin
inkişafına mühüm töhfələr verir.
İstedadlı şairə Mahirə
Nağıqızının son şeir kitablarından biri
“Onun daş nağılı” adlanır. Sözümüz də
elə bu kitabda toplanmış şeirləri haqqındadır.
Söz
var su kimidir, lətafətilə, şırıltısı
ilə axıb insanı özünə məftun edir, söz
var daş kimidir, daş, qaya ağırlığı var, mənasını,
hikmətini anlamaq ağırlığı ilə üzləşirsən.
Müasir ədəbi prosesdə öz qələmi və
imzası ilə tanınımış Mahirə
Nağıqızı-Hüseynovanın şeriyyəti də
məhz belədir: bəzən su kimi lətafətli,
axıcı, bəzən də daş kimi ağır,
yüklü. İndiyə qədər ədəbiyyatda anaya həsr
edilən minlərlə şeirin arasında bir fərqli fikir
nümayiş etdirmək çox da asan olmayıb, heç
deyil də. Nə qədər desən, ədəbiyyatımızda
ana mövzusunda yazılmış bir-birindən gözəl,
maraqlı əsərlər vardır. Amma Mahirə
Nağıqızının yaradıcılığına
bilxassə sevgim və rəğbətim məhz onun minlərlə
ana şeiri arasında fərqliliyini və özünəməxsusluğunu
göstərən “Onun daş nağılı” şeirindən
boy atıb böyüyüb. Ümumiyyətlə, şairənin
bədii irsində ANA mövzusu başlıca yerdə gəlir,
hər sözünün başında durur,
yaradıcılığında əzəmətli bir obraz kimi
canlanır. Hətta diqqət edilsə, şeir
kitablarının bir çoxunun adı da ANA kəlamı,
onun məhəbbəti, sevgisi ilə bağlıdır.
İstər Vətən, istərsə də bizi dünyaya gətirən
və vətənlə bağlayan ANA məhəbbəti Mahirə
Nağıqızının bütün
yaradıcılığının nüvəsində,
fövqündə dayanır.
Adıgedən
“Onun daş nağılı” adlı şeirində də elə
ana nəvazişi ilə ana zəhmətkeşliyi, onun fədakarlığı
və dözümlülüyü elə poetik ustalıq və
fərqli, özünəməxsus dillə ifadə edilib ki,
heyran olmaya bilmirsən. Sözün əsl mənasında
şeirdə əzəmətli və məhəbbət dolu
bir ANA obrazı var:
Atamla
yanaşı daş qaldırardı,
Deyərdi
bu daşlar ocaq daşıdı.
Bezmədi,
qəlbində nə gücü vardı,
Anam
sinəsində ocaq daşıdı.
Bir dəfə
taledən gileylənmədi,
Tapdı
ocağında, bizdə varlığı.
Yoxluğa
sınmadı, yoxa enmədi,
Onu
qorxutmadı daş ağırlığı.
Xəbərim
olmayıb süd əmməyimdən,
Bəlkə
döşləri də daşıymış onun.
Əlini
başıma çəkdiyi gündən,
Duydum
əllərinin daş olduğunu.
Şairə
ana məhəbbətindən, ana nəvazişindən məharətlə
söz açır. Amma bu məhəbbət daş kimi
ağır, nəvazişi daş kimi möhkəm olur.
Əlbəttə, hamı bilir ki, ana ilə balanın mənəvi
və fizioloji bağlılığı, məhəbbətlə
təması ananın balasına canından can
qatdığı - döşlərindən süd əmizdirdiyi
zaman olur. Şairə isə ana əzəmətini məhz bu
məxsusi məqamda – ananın ən məhrəm, zərif
yeri olan, zillətlərə, ən ağır əməyə
tab gətirərərək daşlaşan döşlərindən
balasına süd əmizdirmə anının özünəməxsus
ifadəsində əks etdirib. Şairə daş
parçalayan, qayalar qıran, palçıq
qarışdırıb kərpic qaldıran bir ana əlinin
daş ağırlığında gizlənən ana nəvazişini
ən sadə dil konstruksiyaları ilə canlı-canlı, təsirli
ifadə etməyə qabil olub. Anasının sədaqətini,
evinə, ocağına bağlılığını məhz
bu daşlara dözən tabında, tavanında taparaq əks
etdirib. Bununla da təkcə bir ananın deyil, milyonlarla azərbaycanlı
anası – qadınının obrazını, heysiyyət və
həssasiyyətini, sədaqət və qeyrətini, məhəbbət
və nəvazişini ümumiləşdirərək əsl
azərbaycanlı anası kimi öz anasının
simasında obrazlaşdırıb. Doğrusu, şeiri oxuduqca
öz anamı, nənəmi düşünmədim də
deyil. Bütün analarımızın simasını, ədasını,
həyatını və obrazını gördüm bu şeirdə.
“Çöllərdə yavanlıq axtaran”, “daş əllərilə
özünə sığal verməyə utanan və bu
sığala yadırğayan”, “bütün gəlinliyini corab
toxuyub, paltar yamayıb, çörək bişirib, ev təmizləyən”
saçı süpürgəli, əli qabar və daş,
“yalana, harama uymayan ərilə öyünən”, “daşı
daş üstə qoyub, amma ürəyindən daş asmayan”,
“ocaq daşı deyə sinəsinə
qaldırdığı hər daşla ocaq daşıyan”
möhtəşəm, əzəmətli, fədakar bir ANA
obrazı, siması canlandırılıb misra-misra,
söz-söz.
Hər
əldə bir ayrı dad olduğu kimi, hər qələmdə
də bir ayrı məharət var. Hər qələm öz qəlbinin,
hissinin söz duyumu və dadını varaqlara tökür,
sözdən mətah ortaya qoyur. Böyük ustad, “qəlb
şairi” dahi qələm sahibi Məhəmməd Füzuli
deyirdi ki, “Söz candır əgər bilirsə insan,
Sözdür ki deyərlər, özgədir can...”. Mahirə
Nağıqızının şeriyyətinin elə bir mərhəmliyi,
məlhəmliyi, qəlbəyaxınlığı var ki, bu qədər
canayaxınlığın sirri
haqqında düşünməyə bilmirsən.
Düşünürəm ki, Mahirə xanımın şeir
dilində ana dilimizin qanadlı sözlər xəzinəsindən
istifadə edilməkdən başqa bir də ana dilimizin məna
müxtəliflikləri ifadə etmə qüdrətinə bələdçilik
və istifadə məharəti də özünü təzahür
etdirir. Şairə şeirlərindən biridə
yazırdı:
Bitər
sərhədlərin bu yer üzündə,
Qəlbimdə
sərhədin nədən bitmədi?
Gəmisən,
üzürsən eşq dənizimdə,
Sənə
məhəbbətim, Vətən, bitmədi.
Vətənə
məhəbbətin min-min sözdə ifadə
tapdığı eyniyyətin orijinal, bənzərsiz bir
nümunəsi qarşımızda dayanıb. Vətən
siyasi cəhətdən konkret sərhədlərlə yer
tapır, lakin bir vətəndaş, insan qəlbində Vətən
və ona məhəbbət sonsuz, hüdudsüz, sərhədsizdir.
Bir gəmi okeanda, dənizdə üzüb son həddə,
limana çatar, sahilə
dayanar, amma şairənin eşq mehrabında üzən vətənə
məhəbbət gəmisi limansızdır, çünki
onun məhəbbət okeanı hüdudsuz, sahilsizdir. Şairə
böyük sənətkarlıq məharətilə
obrazlı ifadələrini ən orijinal, özünəməxsus
ifadə tapıntıları ilə, söz oyunları ilə
əks etdirməyə müvəffəq olub. Məcazların
çox maraqlı, həm də orijinal nümunələrini ərsəyə
gətirməklə şeriyyətinə min bir rəng,
canına can, ruhuna ruh qatıb. “Canımı verərəm səndən
ötəri, Ruhum sağlığından xatircəm olsun”: bu
gözəl misra Mahirə Nağıqızının Vətənə
məhəbbətinin, vətənpərvərliyi və fədakarlığının
özünəməxsus təbiri və ifadəsidir. Və yaxud da “Arzuları göyərməyən
kəslərin, Torpaq üstdə sinədaşı göyərər”
və başqa bu kimi neçə-neçə söz mənalandırmaları
şairənin istedadlı təbinin göstəricisi,
şeriyyət ustalığı kimi təzahür tapır.
Duyumlu,
analıq, bacılıq heysiyyətinə malik istedadlı
şairə Mahirə Nağıqızının dərin bir
qəlb göynərtisi ilə yazdığı “Şəhid nəğməsi”
şeirində ürək sızıltısı ilə milli
qürur bir-birinə yovuşuq təzahür tapıb. Şairə
çox məharətlə, doğru ifadə edib ki:
Burdan
yavaş gedin, astadan keçin,
Qəbirlər
titrəyər, daş dinə bilər.
Bir
güllə gücünə sakit olanlar,
Bir
addım səsinə diksinə bilər.
Boy
vermiş məzarın qəbir daşları
Bir
ömrün daşlaşan arzu-kamıdır.
Onların
sağlığı döyüşən əsgər,
Məzarı
–Vətənin istehkamıdır.
Şairənin
həmyerlisi, böyük söz ustadı xalq şairi Məmməd
Araz əsgəri “sərhəd dirəyi”
adlandırırdı. Şairə Mahirə
Nağıqızı da şəhidləri
“sağlığında döyüşən əsgər”, məzarlarını
isə “Vətənin istehkamı” adlandırır və
dolayısı ilə böyük söz ustadı ilə fikir
həmrəyliyi nümayiş etdirir, hər bir əsgəri Vətənin
istehkamı kimi obazlı ifadə edir. Şairə “Şəhid
nəğməsi”, “Son döyüşə hazır ol”, “Al
bayrağım” və b. kimi şeirlərində vətən
məhəbbəti, qəhrəmanlıq, fədakarlıq və
vətənpərvərlik hisslərini ülviləşdirərək
ifadə edir. Vətənin qeyrətli qızı Mahirə
Nağıqızı “Son döyüşə hazır ol”
şeirində hələ 44 günlük Vətən
müharibəsindən, şanlı Zəfərimizdən əvvəl
hamı kimi özünün torpaqlarımızın
işğaldan azad edilməsi haqda arzularını dilə gətirib,
bu döyüşü son döyüş, Şuşaya olan səfəri
müqəddəs pirimizlə görüş
adlandırıb:
Azərbaycan
əsgəri, yolun Şuşaya gedər,
O
yürüşün naminə son döyüşə
hazır ol!
İntizarda
Laçındı, Zəngilandı, Kəlbəcər,
Pir
görüşün naminə, son döyüşə
hazır ol!
Artıq
bizim səbrimiz doldu, komandan – dedin,
Baş
komandan vur- dedi, oldu, komandan – dedin.
Siz
göstərən yönüm- yön, yoldu komandan – dedin,
Dirənişin
naminə, son döyüşə hazır ol!
Bayraq
mövzusunda yazılan çoxsaylı şeirlər içərisində
şairə Mahirə Nağıqızının ruhu və məhəbbəti
ilə süslədiyi “Al bayrağım” adlı qiymətli
şeiri nəzər diqqəti cəlb edir. Ədəbiyyatımızda
bu mövzunun ustadı türk
dünyasının böyük şairi Əhməd
Cavaddır və ustadın bu mövzu ənənə
halını alaraq digər sənətkarlarımız tərəfindən
uğurlu nümunələrlə davam etdirilib. Elə şairə
Mahirə Nağıqızının da “Al bayrağım”
şeiri bir tərəfdən bu ənənənin müasir
dövrümüzdə uğurlu davamı, “yarandın” rədifi
ilə ustad Ə.Cavada rəğbətinin təzühürü,
eləcə də dövlətimizə, dövlətçiliyimizə,
müstəqilliyimizə və ümumən milli qürur,
heysiyyət və kimliyimizə olan sonsuz rəğbətini
ifadə edir. Və şairə milli bayrağımızın
rənglərini içimizin, ruhumuzun rəng çaları
kimi xarakterizə etməklə bərabər, ruhumuzu
üçrəngli uca bayrağımızın dirəyi
adlandırır:
Min illərdir
içimiz rənglərini göyərdir,
Yaşamaq
haqqımızın əbədi rəmzisən bir.
Ruhumuz-qəlbimizdə
asılan dirəyindir,
O dirəkdə
uca dur, qal, bayrağım, dalğalan!
Qəlbimizdə
oxunan türkülərlə yarandın,
Altaylardan
salınan körpülərlə yarandın.
Sabahlara
aparan ümidlərlə yarandın,
Al bizləri
qoynuna, al, bayrağım, dalğalan!
Ümumiyyətlə,
şairə Mahirə Nağıqızı ustad Məmməd
Araz kimi şeriyyət dilinə çox məsuliyyətlə
yanaşaraq ana dilinin bütün imkanlarından məharətlə
faydalanaraq çox zəngin söz tərkibi nümayiş
etdirir, orijinal bədii məcazlar ortaya qoyur. Ümumiyyətlə,
şairənin yaradıcılığında Vətən
sevgisi və el, torpaq, yurd məhəbbəti başlıca yer
tutur. Mahirə xanımın yaradıcılığı yurd
sevgisi ilə qaynayıb qovuşur. Şairə bu məhəbbəti
təkcə mövzu-tematika ilə deyil, həm də ana yurdun
doğma, şirin dili ilə, onun şəhdi-şəkəri,
imkanlarından uğurla, məharətlə istifadə ilə
nümayiş etdirir. Şairə çox təsiredici və
orijinal cinaslar yaradır, təzadlar ortaya qoyur, bədii təkrirlər
işlətməklə şeriyyətini əlvanlaşdırır,
gözəlləşdirir və məna, hikmət verir.
“Nazlı, nazlı”, “Niyə?”, “Əllərin”, “Qılbində
bir yuvam olsa”, “Gözəl”, “Həmən yol” və digər
şeirlərində, sözün əsl mənasında,
ustalıqla qurulmuş söz oyunu və məharətli dil
istifadəsini görmək mümkündür. Həm də
ayrıca bir bədii məziyyət burasındadır ki,
istedadlı müəllif təkcə estetik cəhətdən
gözəl, mükəmməl söz rənginliyi
yaratmır, həm də mənaca dərin, hikmətli,
yüksək obrazlılığa malik fikirlər ifadə etməyə
müvəffəq olur. Hətta ustalıq nümayiş etdirən
şairənin elə səkkizlik (gəraylı), onbirlik
(qoşma) şeirlərinə rast gəlirsən ki, ustad el
aşıqlarının şeirlərindən fərqləndirməyə
çətinlik çəkirsən:
Olum
gözlərin qurbanı,
Üzün
məndən niyə döndü?
Hanı,
dediyin söz hanı,
Üzün
məndən niyə döndü?
Ahımı
hara tuşluyam,
Demirəm
bəlkə suçluyam,
Mən
bir qərib, tək yolçuyam,
Üzün
məndən niyə döndü?
Və
yaxud:
Dərələyəz
ağır eldi,
Qədrini
bilənlər bildi.
Yol gedirsən
neçə ildi
Eldən
elə, Nazlı, Nazlı.
Habelə:
Niyə
buludlar ağappaq,
Niyə
qarı çiçək kimi?
Niyə məndən
uzaqdasan,
Niyə xəyal
gerçək kimi?
Eləcə
də:
Yağış
yağar, sellər axar, qum quru,
Yanağını
gülər görüm, qumquru.
O gözlərin
həyat eşqi, dumduru,
Dərd
eləmə sirdaşına, ağlama.
Elə
buna görədir ki, şairənin
yaradıcılığı, üslubu, dili, eləcə də
bədii-estetik cəhətdən mükəmməl əsərləri
bir çox bəstəkarlarımızın da diqqətini cəlb
edib, əsərlərinə nə qədər gözəl
mahnılar bəstələnib. “Azərbaycana”, “Azərbaycan”,
“Ata Heydər, oğul İlham”, “Vətən”, “Layla çal,
yatım, ana” (bəstəkarı S.Mansurova), “Ana”, “Ay ana”,
“Dolanım”, “Balam” (bəstəkarı A.Səlimov) və
başqaları bu gün də sevilə-sevilə dinlənən
ən gözəl mahnılarımızdandır.
Şairənin
çox təsirli məhəbbət motivli şeirləri var.
Ədəbiyyatın ən başlıca mövzularından
birini təşkil edən məhəbbət mövzusunda Mahirə
Nağıqızının da çox orijinal nümunələri
yer alıb. Eşqin qocaman yol yorğunu və yolçusu Yunus
Əmrə deyirdi: Mən yürürəm yana-yana, Eşq
boyadı məni qana. Nə aqiləm, nə divana, Gəl
gör, məni eşq neylədi? Mahirə
Nağıqızı isə deyirdi ki:
Eşq ilə
yola çıxmısan,
Yolu
bağrına sıxmısan.
İndi nədən
darıxmısan,
Denən
məni eşq aparır.
Qəlbin
yuvadırmı aha,
Ahın bədəli
çox baha.
Əlini
qaldır Allaha,
Denən
məni eşq aparır.
Ümumiyyətlə,
yeni dövrün ədəbiyyat-şeir yolçularından
olan istedadlı şairə Mahirə
Nağıqızının “Bacarmadı”, “Səninlə
açılan sabah”, “Görünür”, “Sevginin dili”,
“Gözlərin”, “Sən olaydın”, “Denən məni eşq
aparır” və s. kimi gözəl, məhəbbət dolusu
şeirləri öz oxunaqlılığı ilə diqqəti
cəlb edir.
Mahirə
xanım, özü demiş, “dərdilə bəxtəvər
adam”, sözün ucalığına doğru yol gedən
söz adamıdır. Necə deyərlər, “Mahirə gəlmədi
becə dünyaya, Söz ilə yol gedər uca dünyaya”…
Mahirə xanm haqqında gözəl sözlərini
yazmış filologiya elmləri doktoru Qurban Bayramov demiş,
“Mahirə Nağıqızı Hüseynova bir alim, bir
şair, bir pedaqoq kimi qazandığı bütün statuslar
onun halal-hümmət haqqıdır, halal şərəfidir,
halal şöhrətidir… Və elə bilirəm ki, “haqqın
qalasına” ucalan sənət pillələri ilə o, bir
türk qızı kimi öz halallığı ilə xeyli
irəliləyəcək, xeyli yuxarılara qalxacaq”.
Ramiz Qasımov,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə
doktoru, dosent
Zülfiyyə İsmayıl,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə
doktoru, dosent
İki sahil.- 2022.- 5 noyabr.- S.6.