8 Noyabr şərəf
və ləyaqət tariximizdir
Daha Şuşanın başı
dumanlı deyil
Azərbaycanın
şanlı tarixinə daha bir Zəfər Günü
yazıldı. Bu, Azərbaycanın qədim
və tarixi şəhəri olan Şuşanın 2020-ci il
8 noyabr tarixində işğaldan
azad olunması günüdür.
Bununla bağlı Prezident
İlham Əliyev həmin ilin dekabr ayının 3-də Sərəncam
imzalayıb. Sərəncamda qeyd
olunur ki, hər bir azərbaycanlı üçün
əziz olan Qarabağın incisi Şuşa şəhərinin
noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması
müharibənin taleyində həlledici rol
oynayıb, düşmənin siyasi-hərbi rəhbərliyinin
məğlubiyyəti etiraf etməsinə
və hərbi əməliyyatları dayandırmasına
səbəb olub.
Şuşa şəhərinin və
onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti
nəzərə alınaraq, xalqımızın
döyüş əzminin və qüdrətinin təntənəsinə
çevrilən, dövlətimizin gələcək
inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət
kəsb edən bu misilsiz qələbə - Zəfər
Günü hər il noyabrın 8-də təntənəli
şəkildə qeyd edilir.
Prezident İlham Əliyev Şuşanın işğalda qalmasını qəbuledilməz hal kimi dəyərləndirirdi: « Hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar.»
Məhz Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük döyüşlərdə düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu. İşğaldan, əsirlikdən azad edilən digər torpaqlarımız kimi, ölkəmiz üçün strateji əhəmiyyət daşıyan Laçın rayonu da 28 ildən sonra əsl sahiblərinə qaytarıldı. Laçının erməni vandallarından xilası Böyük Qələbənin davamı olaraq qondarma Dağlıq Qarabağ iddiasına son qoydu”. Bununla da mənfur düşmənlərimizin öz doğma ocaqlarından didərgin saldığı qarabağlıların yurd həsrəti bitdi. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, nəhayət, Azərbaycanın dilbər guşələrindən biri olan Laçında üçrəngli bayrağımızın dalğalanması Azərbaycan tarixinin ən parlaq səhifələrinə çevrildi. Ali Baş Komandanımız İlham Əliyev xalqa müraciətində qeyd edib ki, artıq Ermənistanın məğlubiyyətindən sonra bölgəmizdə yeni reallıq yarandı: «Bu reallığı biz yaratdıq. Azərbaycan yaratdı bu reallığı. Biz düşməni torpaqlarımızdan qovduq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik. Bu qətnamələr 27 il idi ki, kağız üzərində qalırdı. Bu qətnamələr 27 il idi ki, sadəcə olaraq, bir çoxları üçün kağız parçası idi, təkcə Ermənistan üçün yox, başqaları üçün də. Biz deyirdik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir, BMT Təhlükəsizlik Şurasının qətnamələri tələb edir ki, işğalçı qüvvələr torpaqlarımızdan çıxsın. Amma bunun nəticəsi olmadı. Biz beynəlxalq hüquq praktikasında və bölgəmizdə yeni reallıq yaratdıq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik. Biz ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğala son qoyduq. Ümid edirəm ki, biz bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını təşkil etdik».
Artıq 30 illik həsrətdən, nisgildən sonra Qarabağın tutqun üzü açıldı, qədim və müqəddəs şəhərimiz Şuşanın başındakı duman, çən dağıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz, qəhrəman əsgərlərimiz müqəddəs torpaqlarımızdan düşmənin murdar ayağını kəsdi. Bütün elimizə, obamıza qələbə ərməğan etdi, yurdundan didərgin düşən yüzminlərlə vətəndaşımızın Vətən yarasına məlhəm çəkdi, yurda qayıdış ümidlərini dirçəltdi. Qalib Sərkərdəmiz işğaldan azad edilən Vətən torpaqlarına başı dik, üzüağ, qürurlu bir qəhrəman kimi qədəm qoydu...
Barbar Ermənistan 30 ildə elə məkrli planlar qurmuşdu ki, daha Azərbaycan xalqı bu torpaqlara qayıtmayasın. Elə bilirdilər ki, Şuşanı, Laçını, Kəlbəcəri, Ağdamı, ümumiyyətlə, Qarabağı xalqımızın qəlbindən çıxarıb ata biləcəklər. Buna görə də işğal etdiyi bütün yurdlarımızı viran etmiş, daşı daş üstündə qoymamışdılar. Təbiətimizə qənim kəsilmiş, çaylarımızı qurutmuş, meşələrimizi yandırmış, qiymətli ağaclarımızı kəsib məhv etmişdilər. Bu illər ərzində yeraltı-yerüstü sərvətlərimizi talayaraq qəsb etmiş, maddi-mədəni abidələrimizə sahib olmağa çalışmışdılar. Doğma torpaqlarımızda Azərbaycan xalqından heç bir nişanə qalmaması üçün ağlagəlməz vəhşiliklərə əl atmışdılar. Amma yanılmışdılar, cılız ağılları ilə anlaya bilməmişdilər ki, Qarabağ Azərbaycandır! Azərbaycan Ordusunun bir-birinin ardınca azad etdiyi yurdlarımızın çəkiliş kadrlarına baxdıqca, o viranə qalan yurdlarımızı gördükcə insanlar dəhşətə gəlir. Ancaq bu gün dağılan məscidlərimizdən ucalan azan səslərini eşitdikcə ruhumuz dincəlir, ümidlərimiz dirçəlir, güvənimiz artır.
Azərbaycanın bu tarixi Zəfəri həm də Dağlıq Qarabağla bağlı bütün müzakirələri kökündən dəyişdi. Məlum olduğu kimi, danışıqlar prosesində hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu. Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisinə, o cümlədən Şuşa şəhərinə girməsi fikri ümumiyyətlə, yaxına buraxılmırdı. Hətta keçmiş Şaumyan, indiki Goranboy rayonunun bir hissəsinin ermənilərin nəzarətinə verilməsi tələb edilirdi.
Bəli, məhz 44 günlük savaşın nəticəsi olaraq 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi. Bu mənada danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəlisi belə hazırda ölkəmizin əldə etdiyi üstünlüklə müqayisə edilə bilməz. Prezident İlham Əliyev bu barədə deyib ki, ərazi bütövlüyümüzü bərpa etmişik, təcavüzkarları işğal edilmiş torpaqlardan qovmuşuq: «Demişdim, biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var».
Elçin Zaman
İki sahil.- 2022.- 6 noyabr.- S.2.