Harda əcdadımın ayaq izi var,

bu zəfər bayrağım orda ucalsın

 

9 Noyabr - Dövlət Bayrağı Günüdür!

 

Bayraq sözü qədim türk dövlətlərində “Batrak” şəklində işlənirdi və bu söz nizə mənasını verirdi. Heç kəsə sirr deyil ki, türk dövlətləri üçün bayraq çox müqəddəsdir. Çünki bayraq  bir millət kimi bizim varlığımızın, suverenliyimizin simvolu, tariximizin xatirəsidir.

Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilib. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan bolşevikləri bu bayraqdan imtina edblər.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan həmin bayraq düz 70 il sonra 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilib. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması barədə Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırıb. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti həmin vəsatətə baxıb və bu bayrağın yenidən Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb.

Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, dahiyanə uzaqgörənliklə həyata keçirdiyi daxilixarici siyasət nəticəsində respublikamızda anarxiyanın, özbaşınalığın qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi, ölkənin parçalanmasına yönəlmiş separatçı cəhdlər uğursuzluğa düçar oldu. Üçrəngli bayrağımızın ikinci dəfə dövlət rəmzi kimi təsbit edilməsi də ulu öndər Heydər Əliyevin  rəhbərliyi ilə hazırlanan, 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilərək Azərbaycan Konstitusiyasında da öz əksini tapdı.

Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi ucaldığı 9 noyabr (1918-ci il) günü Azərbaycanın Dövlət Bayrağı Günü kimi təsis edildi. Beləliklə, 2010-cu ildən etibarən noyabrın 9-u hər il respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

İki il öncəyə qədər bizə dost olan ölkələrin başçıları, nümayəndələri öz çıxışları, əlamətdar günlərdə səsləndirdikləri təbriklər zamanı həmişə bütün azərbaycanlıların da ən ümdə arzularını dilə gətirirdilər: “Azərbaycanın dövlət bayrağının işğaldan azad edilmiş bütün torpaqlarda dalğalanmasını arzulayırıq”. Ölkə başçısı isə əminliklə bəyan edirdi ki, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan Bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.

2020-ci il sentyabrın 27-də Ermənistan ordusu müxtəlif istiqamətlərdən Azərbaycanın kəndlərinə, hərbi mövqelərinə hücum etməyə başladı. Ermənistanın növbəti təxribatından sonra Silahlı Qüvvələrimiz əks-hücuma keçdilər.  Nəticədə 44 gün davam edən Vətən müharibəsizamanı ən müasir silahlara yiyələnən, intellektual potensiala malik olan gənclərimiz, peşəkar hərbçilərimiz qısa müddət ərzində rayonlarımızı, şəhərlərimizi, qəsəbə və kəndlərimizi bir-birinin ardınca düşmən tapdağından azad etdirdilər. Düşməndən təmizlənən torpaqlara əzəmətli Azərbaycan Bayrağı sancılırdı.  

Artıq hər kəs həyəcanla mədəniyyət paytaxtımız Şuşada üçrəngli bayrağımızın dalğalandığı günün müjdəsini gözləyirdi. İkinci Qarabağ müharibəsinin 43-cü günündə nəhayət ki, Azərbaycan xalqının bu arzusu reallaşdı. 2020-ci il noyabrın 8-i  tariximizə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan, həm də coğrafi baxımdan mürəkkəb relyefə malik Şuşa şəhərini işğalçılardan azad etdi. Yeri gəlmişkən qeyd edək ki, bu 44 gün ərzində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi qələbə kimi qiymətləndirildi. Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2021-ci il yanvarın 15-də Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı. Prezident İlham Əliyev hərbçilərlə görüşündə 2010-cu il sentyabrın 1-də etdiyi çıxışı xatırladaraq bildirdi: “Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılanda mən çıxış edərkən demişdim ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır. Bax, bu gün gəldi”.

Artıq Azərbaycan xalqı ərazi bütövlüyü təmin olunan dövlətinin Bayraq Gününü xüsusi coşqu və sevinclə qeyd edir. Bu gün əldə olunan bütün nailiyyətlər uzun illərdir Prezident İlham Əliyevin siyasi iradəsinin və düşünülmüş, uzaqgörən siyasətinin bəhrəsidir.

9 Noyabr – Dövlət Bayrağı Gününüz mübarək!

 

Günel Eyyubova

 

İki sahil.- 2022.- 6 noyabr.- S.4.