Zəfərimizin həmrəylik simvolu

 

Ayırıcı deyil, birləşdirici layihə olan, bütün Türk dünyasını əhatə edəcək Zəngəzur dəhlizinin bərpası bu qardaşlığın dünya xalqlarına əməkdaşlıq töhfəsi olacaq

 

«Dost da, qardaş da yaman gündə tanınar» el məsəlinin yaratdığı hikməti tarixin dönəmlərində üzləşdikləri çətinlikləri birlikdə aradan qaldırmaqla doğruldan Türkiyə ilə Azərbaycanın qardaşlığı əsrlərdir davam edir. Rusiya İmperiyası ilə Osmanlı hakimiyyəti arasında Birinci Dünya müharibəsi dövründə baş verən Sarıqamış döyüşündə türk qardaşları ilə birlikdə düşmənə qarşı vuruşan azərbaycanlılar özləri üçün Vətən hesab etdikləri bu torpaqlar uğrunda şəhid olmuşlar.

Həmin döyüşlə bağlı mənbələrdə yazılan «Sarıqamış məğlubiyyəti Türkiyə ilə bərabər Azərbaycanın da məğlubiyyətinə səbəb oldu. Bu uğursuzluqdan güclənən erməni terrorçuları Azərbaycana üz tutdular, buranı kənd-kənd, oba-oba yandırıb külə döndərdilər. Ən dəhşətlisi isə budur ki, Anadolunun şərqində Ermənistan dövləti yaratdılar. Sarıqamış savaşında əsir götürülən minlərlə türk əsgərini Rusiya Cənubi Qafqaza gətirərək o vaxt «cəhənnəm adası» adlandırılan Nargində yerləşdirdi» sözləri həmişə ürək ağrısı ilə xatırlanır.

Türkiyə ilə Azərbaycanın qardaşlığının sarsılmazlığına daha bir nümunə Çanaqqala döyüşüdür. Osmanlı imperiyası ilə Antanta dövlətləri arasında baş verən bu döyüşdə Türkiyənin 253 min əsgəri ilə yanaşı, 3 minə yaxın azərbaycanlı da şəhid olub. Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın Çanaqqala Zəfərinin 100 illiyi münasibətilə keçirilən mərasimdə birgə iştirakları qardaşlığın əbədiyyət simvolu kimi yaddaşlarda qaldı. Hər ilin 18 mart tarixində keçirilən Çanaqqala Şəhidlərini Anma Günündə Anadolu torpaqlarında şəhid olmuş Azərbaycan oğullarının da xatirəsi ehtiramla yad olunur. Paytaxtımızdakı Şəhidlər xiyabanında uyuyan türkiyəli əsgərlərin məzarları xalqımız üçün də müqəddəsdir.

1918-ci ildə Azərbaycanın bütün bölgələrində soydaşlarımıza qarşı soyqırımlar törədən erməni –bolşevik birləşmələrinə qarşı vuruşan Türkiyənin Qafqaz İslam Ordusunun əsgərləri yerli əhali ilə birləşərək qırğınların qarşısını aldılar. Bu tarixi qardaşlığı, həmrəyliyi dünya üçün nümünə adlandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Azərbaycan bizim üçün sadəcə dövlətlərdən bir dövlət, azərbaycanlı qardaşlarımız da millətlərdən bir millət deyildir. Biz eyni dili danışan, eyni inanca mənsub, ortaq bir tarixi keçmişi olan, sözdə deyil, əməldə qardaş, bir millət, iki dövlətik. 1918-ci ildə Bakını işğaldan azad edən Qafqaz İslam Ordusunun yarısı Anadolu xalqından, yarısı da Azərbaycan xalqından ibarət idi. Bakını, Gəncəni, Dərbəndi, Dağıstanı düşməndən bu qardaşlar çiyin-çiyinə verərək yan-yana şəhid olaraq azad ediblər… Bizim nəzərimizdə Qarsdakı, İğdırdakı, Ərzurumdakı vətəndaşımızla Naxçıvandakı qardaşımız arasında heç bir fərq yoxdur. Bizim üçün İzmir, İstanbul, Ankara, Antalya nədirsə, Bakı da elədir» sözləri bu qardaşlığın heç zaman silinməyəcək etiketidir. 1993-cü ilin aprel ayının əvvəllərində Ermənistanın Kəlbəcər rayonunu işğal etməsi ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinin Bəyanatının səslənməsi, işğalçı dövlətlə sərhədlərini bağlaması, diplomatik münasibətlərini kəsməsi sevincləri, kədərləri bir olan, bütün sahələrdə «Bir millət, iki dövlət” prinsipi»nə sadiqliklərini əməli işləri ilə doğruldan hər iki xalq haqqında deyilən «Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz» sözlərinin təsdiqidir.

Bu həqiqət müasir dövrümüzdə daha mühüm hadisələrlə müşaiət olunur. Praqada keçirilən «Şərq tərəfdaşlığı» Proqramının beş illiyinə həsr olunmuş Sammitdə Türkiyənin ünvanına deyilən yalanları « Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır. Çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm» sözləri ilə təkzib edən Prezident İlham Əliyev hər iki qardaş ölkəni birləşdirən siyasi, mənəvi, diplomatik münasibətlərin tarixi keçmişdən qaynaqlandığını bildirir. Bu qardaşlığı Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən Şərqi Aralıq dənizi regionunda Türkiyənin mövqeyini dəstəkləməklə bildirən Prezident İlham Əliyevin «Sizə deyə bilərəm və bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı.» sözlərinin Türkiyədə yaratdığı qürur hissi qardaş sevgisindən qanaqlanırdı.

 Artıq tarixin arxivinə göndərilmiş “Dağlıq Qarabağ mü”naqişəsi”””” nin mövcud olduğu 30 ildə ərazi bütövlüyümüzün tanınması, torpaqlarımızın işğaldan azad olunması üçün qardaşlıq dəstəyini əsirgəməyən Türkiyə İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 gündə daim Azərbaycanın yanında oldu, siyasi, mənəvi, hərbi dəstəyini əsirgəmədi. İkili standartlara həmişə etirazını bildirən Prezident İlham Əliyev tarixi Qələbəmizə aparan yolda «nəyin, necə, harada» həll olunacağını düşünərkən Türkiyə amilinə üstünlük verməsi də təsadüfi deyildir.

Silahlı Qüvvələrimizin peşəkarlığı, yüksək milli ruhu hesabına qazanılan Zəfərimizin məntiqi nəticəsi olan Ermənistanın kapitulyasiya aktını imzalaması ilə Azərbaycan xalqının illərdən bəri davam edən torpaq həsrətinə son qoyuldu. Dəmir yumruğun qüdrəti, xalqımızın birliyi, Qələbə əzmi ilə xalqımıza tarixi Zəfər sevincini yaşadan Siahlı Qüvvələrimiz xilaskarlıq missiyalarını yerinə yetirərək, bütün dünyaya gücümüzü göstərdi, ədalət dərsi verildi, ikili standartların yaratdığı mənfur düşüncələri dağıtdı.

2020-ci ilin dekabrın 10-də paytaxtımızda keçirilən Zəfər paradının xalqımız üçün əhəmiyyətini «Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi» sözləri ilə bildirən Prezident İlham Əliyev üçün ən böyük qürur tribunada qoşa dayandığı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla hərbi keçidi izləmək idi.

Dövlət başçımızın «Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk» sözləri isə düşmənə ikiqat zərbə oldu.

Azərbaycanın hərbi, diplomatiya sahələrində əldə etdiyi uğurlarda Prezident İlham Əliyevin qətiyyətini «Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir» söyləməklə Azərbaycanın Zəfərini türk birliyinin əzəməti, dönməzliyi kimi səciyyələndirən Rəcəb Tayyib Ərdoğan bu şanlı tarixin birlikdə qeyd olunmasını türk dünyasının öndərlərindən olan Mustafa Kamal Atatürkünulu öndər Heydər Əliyevin arzularının gerçəkləşməsi kimi dəyərləndirdi.

Türkiyə ilə Azərbaycanın işğaldan azad edilmiş Azərbaycan ərazilərinin bərpasında da birgə iştirak edəcəklərini bildirən Prezident Rəcəb Tayyib Ərdoğanla azərbaycanlı həmkarı İlham Əliyevin Şuşada birgə imzaladıqları Müttəfiqlik Bəyannaməsi Böyük Qayıdışa ünvanlanan bu yola bələdçilik edir. Bəyannamədə əksini tapan müddəaları qardaşlığın, birgə fəaliyyət prinsipinin yol xəritəsi də adlandırmaq olar. Siyasi, iqtisadi-ticari, mədəniyyət, təhsil, idman, gənclər siyasəti ilə bağlı bütün məsələlərin həllində birgə səylərin əhəmiyyətinin əks olunduğu sənəddə göstərilən perspektivlər iki qadaş ölkənin birliyi ilə həyata keçirilir.

Azərbaycanın təşəbbüsü ilə çəkilən Bakı-Tbilisi- Qars dəmir yolunun istifadəyə verilməsi ilə dünyanın enerji xəritəsinin dəyişilməsi, hazırda dünya siyasətinin aktual məsələlərindən olan Zəngəzur dəhlizinin bərpası ilə bağlı iki qardaş ölkənin göstərdikləri birgə qətiyyətin dəstəklənməsi bu dostluğa beynəlxalq səviyyədə göstərilən etimaddır. Şuşada keçirilən «Xarıbülbül» festivalı Türkiyə ilə Azərbaycanın illərdən bəri davam edən qardaşlığının mənəvi təzahürü kimi əsl bayrama çevrildi. Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının inşasında türkiyəli və azərbaycanlı mütəxəssislərin birgə çalışmaları, işğaldan azad edilmiş Azərbaycan torpaqlarında davam etdirilən bərpa-quruculuq işlərində qardaş ölkənin şirkətlərinin çoxluq təşkil etmələri, müdafiə sahəsində əməkdaşlığın güclənməsi bütünlükdə türk dünyasının birlik və həmrəyliyinin möhkəmlənməsinə xidmət edir. Zəngilan Beynəlxalq Hava Limanının açılışında birgə iştirak edən qardaş ölkələrin prezidentləri həmrəyliyin yeni səhifələrinə imza atdılar.

 Bakıda ilk dəfə keçirilən «TEKNOFEST Azərbaycan» festivalı da Türk dünyasının sarsılmazlığının təzahürü, gənclərin elmdə də ən ön sıralarda yer almasının dünyaya çatdırılması idi. Tədbirin möhtəşəmliyi göstərdi ki, bu birlik regionda sülhün və inkişafın qarantıdır. Hazırda bölgədə davamlı sülhün və hərtərəfli əməkdaşlığın normallaşmasını təmin edəcək Zəngəzur dəhlizinin bərpası ilə bağlı hər iki dövlətin göstərdikləri birgə səylər intensivləşir. Bütün dünya ictimaiyyəti də anlayır ki, Şərqi Zəngəzur ərazisindən keçəcək avtomobil və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisaditicari əməkdaşlıq baxımından əlverişli fürsətlər yaradacaq. «Gün gələcək, Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik. İğdıra, Qarsa gedə biləcəyik. Bölgənin tranzit, logistik mərkəz kimi mövqeyi möhkəmlənəcək» söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vurğuladığı kimi, Zəngəzur dəhlizi ayırıcı deyil, birləşdirici layihədir və bütün türk dünyasını əhatə edəcək.

Daim qoşa addımlayan Türkiyə ilə Azərbaycanın işbirliyini, qardaşlığını təkcə bölgə üçün yox, dünya miqyasında da mühüm amil adlandıran Prezident İlham Əliyevin «Burada olarkən Zəngəzur dəhlizindən danışmaya bilmərik. Zəngilan Şərqi Zəngəzurda yerləşir. Buradan keçən Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək. Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin reallaşdırılması üçün praktiki addımlar atırlar və əminəm ki, bu addımlar yaxın gələcəkdə öz nəticələrini verəcək» sözlərinin gerçəkləşəcəyi günə də az qalıb.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2022.- 6 noyabr.- S.6.