Yeni Azərbaycan Partiyası zamanla Heydər
Əliyev şəxsiyyətinin
vəhdətindən yaranmışdı
Məlumdur ki, siyasi proses subyektdən
kənar təsisatların və qüvvələrin
qarşılıqlı fəaliyyəti nəticəsində
təşəkkül tapan obyektiv amillərlə, öz
qanunauyğunluqları ilə şərtlənir və
formalaşır. Siyasi proses sosial vaakumda yox, məhz
sosial mühitdə üzə çıxan çoxsaylı
obyektiv və subyektiv xarakterli hadisələrin təsiri sayəsində
baş verir. 1990-1992-ci illərdə ölkəmizdə
hökm sürən hərc-mərclik, xarici qüvvələrin
təzyiqi, AXC - Müsavat cütlüyünün hakimiyyət hərisliyi, qanunsuz
silahlı dəstələrin
qarətçilik əməlləri, bir tərəfdən
də bədnam qonşularımız
ermənilərin bizim dədə-baba torpaqlarımıza
acgözlüklə etdikləri hücumlar ictimai- siyasi vəziyyəti
və xalqın güzəranını gündən-günə
ağırlaşdırmış, ölkəmizi
parçalanmaq və məhv olmaq
təhlükəsi qarşısında qoymuşdu. Hər
yerdə anarxiya, özbaşınalıq hökm
sürürdü.
Belə bir ağır dövrdə Vətənimizin, xalqımızın qüdrətli, ölkəmizdə siyasi proseslərin öz axarına düşüb inkişaf etməsi üçün ona dayaq olan böyük, güclü xilaskar şəxsiyyətə və minlərlə insanları özündə birləşdirə biləcək Ümumxalq partiyasına ehtiyacı var idi. Bunu dövr, Vətən, xalq gözləyirdi və tələb edirdi. 1992-ci ildə xalqımızın avanqard dəstəsi, adları artıq tarixə düşmüş 91 nəfər ziyalısı əsl vətəndaşlıq cəsarəti göstərərək Naxçıvana-dünya şöhrətli böyük şəxsiyyətə- Heydər Əliyevə rəsmi müraciətlə üz tutdu: “Hamımız görürük ki, respublikamızın, xalqımızın vəziyyəti gündən-günə ağırlaşır. Azərbaycan sözün əsl mənasında siyasi, mənəvi böhran keçirir. Bunun da əsas səbəbi son illər respublikada mövcud olan və getdikcə daha da güclənən hakimiyyət böhranıdır. Mövcud iqtidar ictimai- siyasi gedişatlara tam nəzarət edə bilmir. Cəmiyyət obyektiv qanunauyğunluqlardan daha çox subyektiv mülahizələrə əsasən idarə olunur. Məşhur “91-lər”in tarixi müraciəti belə yekunlaşırdı: “Möhtərəm HEYDƏR BƏY! İndiki vəziyyətdə bu çətin məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz.”
Azərbaycan ziyalılarının müraciətinə Heydər Əliyevin cavabında deyilirdi: “Azərbaycanın bugünkü həyatı və gələcək taleyinə dair digər problemlər də məni narahat edir. Lakin Sizin müraciətinizə cavab verərkən göstərilən məsələlərə daha öncə diqqət yetirməyi lazım bilirəm. Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur.”
Bəli, obyektiv zərurət isə o zaman yaranan, xalqı, Vətəni bütün bəlalardan, xaosdan xilas edən, ölkədə dinclik, əmin-amanlıq yaradan,vətəndaşlarımızın yaşayışını, rifah halını getdikcə yüksəldən, sonra da Vətən torpaqlarını 30 illik işğaldan, əsarətdən qurtaran və həmin partiyanın rəhbərləri, ulu öndər Heydər Əliyev və Qalib, Müzəffər Prezidentimiz İlham Əliyev oldu.
21 noyabr 1992-ci ildə Naxçıvan şəhərində yaradılan Yeni Azərbaycan Partiyasının Azərbaycan xalqına ünvanlanan möhtəşəm bəyanatında deyilirdi: “Başlıca proqram məqsədimiz dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyü, sivilizasiyalı, demokratik, hüquqi dövlətin yaradılması, möhkəm əmin- amanlıq və ictimai həmrəylik, sabit və sosial istiqamətli iqtisadiyyat yaratmaqdan,irqindən, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq şəxsiyyətin hüquq və azadlıqlarının hərtərəfli inkişafı və etibarlı müdafiəsini təmin etmək məqsədilə geniş demokratik islahatların həyata keçirilməsi uğrunda mübarizə aparmaqdan ibarətdir.”
İndi sual edirəm: Nə az, nə çox düz 30 il bundan əvvəl qəbul edilən bəyanatda səslənən tezislərin hamısı öz reallğını, öz yerini tapmadımı? Buna nə deyirsiniz, ay bəzi ağzıgöyçək müxalifətçilər?! Zaman göstərdi ki, Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ölkəmizin ən şanlı dönəmlərində güclü Lider ətrafında yaradılan, irəliyə doğru həmişə əzmlə addımlayaraq inkişaf pillələrində şərəfli yeri olan Yeni Azərbaycan Partiyası müstəqilliyimizin bərpasından sonra öz fəaliyyət konsepsiyasını və prioritetlərini zamanın çağırışlarına, reallıqlarına əsasən necə uğurla müəyyənləşdirdi. 1993-2003- cü illər ərzində Yeni Azərbaycan Partiyasının qurucusu, müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin rəhbərliyi ilə ölkəmiz əbədiyaşar, tarixi nailiyyətlər əldə etdi, sabitlik və inkişaf diyarına çevrilərək, diplomatiya sferasında etibarlı tərəfdaş, sayılıb seçilən dövlətlərin öncüllərindən oldu.
Mən Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi 30 illiyi ərəfəsində onun fəaliyyətinə başqa yazılardan fərqli olaraq elmi, siyasi, fəlsəfi yanaşmalarla nəzər salmaq istərdim.
Yeni Azərbaycan Partiyası siyasi prosesin strukturunun subyekti, yəni real hakimiyyət və ya onun daşıyıcıları; prosesin məqsədi kimi yaradılan və ya əldə edilən obyektiv, yəni prosesin vasitələri, metodları, resursları, icraçıları yaranandan daim xalqın, Vətənin tərəqqisi yolunda fəaliyyət göstərmişdir. YAP ölkəmizdə gedən siyasi proseslərin ideal və mənəvi tərəfləri, onun daim hərəkətdə olan resursları kimi çıxış edir. Siyasi prosesin ideal və mənəvi tərəflərinə elm, bilik, milli və mənəvi dəyərlər, vətəndaşlarımızın əhval- ruhiyyəsi, onların vətənpərvərlik ideologiyası, ictimai əhatə dairəsinin daim zənginləşməsi, Vətəni sevmək, onu qorumaq, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparmaq, Ulu Öndərin həmişəyaşar ideyalarını təbliğ etmək, yaymaq, yaşatmaq... və digər amillər daxildir. Doğma və yenilməz partiyamızın ulu öndər Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə, siyasi ustalıqla işlənib hazırlanmış, hazırda ölkəmizin ictimai- siyasi həyatında misilsiz rol oynanan siyasi nəzəriyyə və konsepsiyalar toplusu siyasi məqsədlərin gündən-günə daha geniş vüsətdə həyata keçirilməsində fəal iştirak edir. YAP siyasi prosesə aid məqsədləri elə formalaşdırır ki, hər bir qədirbilən Azərbaycan vətəndaşı bir daha şahid olub inanır ki, ölkəmizin ictimai-siyasi həyatında baş verən hər bir siyasi gedişatlar, uğurlu hadisələr, işğaldan azad olunmuş rayonların ərazilərində bərpa, yeni, böyük quruculuq işləri sosial- tarixi proseslərin xüsusi fəaliyyəti kimi böyük önəm kəsb edir. İnsan amili, xalqın zəka potensialına qayğı və diqqət, keçmiş zəngin tarixi irsə daimi isti münasibət, müasir dünya siyasətinin nəbzini həmişə öz əlində tutub saxlamağı bacarmaq Yeni Azərbaycan Partiyasının inkişaf meyillərinin əsasını təşkil edir. Çoxistiqamətli siyasi proseslərin inkişaf səbəbləri də çoxcəhətlidir - azərbaycançılıq, milli dövlətçilik, müstəqil ideologiya, mütərəqqi dünya siyasətinə inteqrasiya və qloballaşmanın zaman keçdikcə daha güclü reallığa çevriləcəyini əsas tutmaq, maliyyə və ya digər xarakterli hadisələr sayəsində iqtisadiyyatda, sosial strukturda, mənəvi- siyasi dəyərlər sistemində yüksəlişə doğru baş verən dəyişiklik, eləcə də cəmiyyətin siyasi sferasının özünün təkamülü nəticəsində yaranan tərəqqi və inkişafın iri addımları və ürəkaçan siyasi mənzərələri göz önündədir.
Yeni Azərbaycan Partiyasının Sədri, qətiyyətli Prezidentimiz cənab İlham Əliyevin diplomatik uğurları mühüm əhəmiyyət kəsb edən dövlət, hakimiyyət təsisatlarının qərarlarında getdikcə daha böyük mənalar kəsb etməkdədir. Elə buna görə də möhtərəm Prezidentimiz, yenilməz, çoxminli partiyamızın rəhbəri İlham Əliyevin çoxistiqamətli siyasi, dövlətçilik fəaliyyətində çoxsaylı funksiyalar sırasında strateji vəzifələr başlıca yer tutur. Bu işlərin dolğun məzmunu Azərbaycan cəmiyyətinin qüdrətli inkişaf strategiyasının və taktikasının unikal təcəssümüdür. Bu, bir danılmaz həqiqətdir ki, minlərlə Azərbaycan vətəndaşının həvəslə, qürurla üzvü olduğu Yeni Azərbaycan Partiyasının ideologiyası dünyanın ən nadir tarixi şəxsiyyətlərindən olan ulu öndər Heydər Əliyevin siyasi təfəkkürünə, milli, intellekt dühasına bağlı idi. Zəngin dövlətçilik səriştəsinə sahib olan dahi dövlət xadiminin ”Demokratik, hüquqi, dünyəvi dövlət qurmaq” devizi ilə etdiyi çağırış qısa zaman kəsiyində ölkədə bir canlanma yaratmışdı. Çünki Heydər Əliyevin zəngin siyasi təcrübəsi, dərin, hərtərəfli ictimai- siyasi bilikləri, milli- mənəvi təəssübkeşliyi və milli identiklik çalarlarına bağlı ümumbəşəri dəyərləri bu siyasi toplumun fəaliyyətinin əsas istiqamətini təşkil edirdi. Ümummilli lider Heydər Əliyevin xalq qarşısında göstərdiyi xidmətləri Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi fikirli, mənəvi cəhətdən sağlam insanlarını onun ətrafında daha sıx birləşdirdi. Bu günlər artıq 30 yaşını qeyd edən, Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası Prezidentimiz cənab İlham Əliyevin təbiri ilə desək, “mütərəqqi fikirli insanlar - indi YAP- ın ətrafında birləşən siyasi elita yüksək səriştəlilik, qabiliyyət və peşəkarlıqla əhatə olunmuşdur.” Strateji funksiyanın uğurla reallaşması yalnız elitanın keyfiyyətli kadr tərkibi, həmçinin cəmiyyətdə qərarlaşan ictimai rəyin vəziyyəti və onun qəbul edilən siyasi qərarda əks etdirilməsi ilə müəyyən olunur. Ölkəmizin getdikcə mədəni, intellektual, gedişli- gəlişli meydana çevrilməsində, beynəlxaq, diplomatik əlaqələrimizin genişlənməsində,“iqtidar- xalq” modelinin real gercəkliyində Birinci vitse- prezidentin,Yeni Azərbaycan Partiyası Sədrinin Birinci müavini Mehriban xanım Əliyevanın böyük əməyi vardır. Pariyamıza savadli, bilikli gənclərin axını, tərəqqi, inkişaf mərhələsinin yeni dalğaları Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyətinin bəhrəsidir. YAP-da siyasi elitanın formalaşmasında siyasi toplumun məfkurəsindəki novatorluq həm də Mehriban xanım Əliyevanın fəaliyyəti ilə səciyələndirilir.
Siyasi elitanın fəaliyyəti ilə bağlı olan funksiyalardan digəri kommunikativ əlaqələndirici funksiyadır,- yəni xalqın bütün təbəqələri ilə daim təmasda, əlaqədə olmaq işidir. Bu funksiya siyasi proqramlarda əhalinin müxtəlif sosial qrupları və təbəqələrinin mənafe və tələbatının əks etdirilməsini və bunların praktiki fəaliyyətdə reallaşmasını nəzərdə tutur. Kommunikativ funksiya özündə müxtəlif sosial birliklərin əhval- ruhiyyəsinin xüsusiyyətlərini üzə çıxarmağı, ən mühüm müxtəlif məsələlərə dair ictimai rəydə baş verən dəyişikliklərə dərhal və düzgün münasibət bildirməyi səciyyələndirir. Bu funksiya eləcə də sosial məqsədlərin, ideya və dəyərlərin müdafiə olunmasını nəzərdə tutur.
Yeni Azərbaycan Partiyasının Sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov siyasi elitanın fəaliyyətini ifadə edən təşkilatçılıq funksiyası işlənib hazırlanmış xəttin praktikada reallaşmasını, siyasi qərarların strateji yönünün müxtəlif siyasi tədbirlər sistemində ifadə olunmasını dilə gətirərək demişdir: ”Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə heç bir proses mümkün deyildir. Azərbaycan bir çox hallarda çox mühüm proseslərin təşəbbüskarıdır və bütün hallarda bölgədə gedən bütün layihələrin iştirakçısıdır.”
Beləliklə, siyasi hakimiyyətin fəaliyyətinin başlıca məzmunu bütövlükdə cəmiyyəti idarə etməkdən, ona ədalətli rəhbərlikdən ibarətdir. Həmin fəaliyyət nəinki cəmiyyətin, dövlətin idarə edilməsində, eləcə də ictimai həyatın ayrı- ayrı sferalarının tənzimlənməsində daha bariz şəkildə özünü göstərir. Bu baxımdan Azərbaycan xalqının, dövlətinin ictimai-siyasi həyatında ümumxalq Yeni Azərbaycan Partiyasının başlıca fəaliyyəti hər addımda özünü göstərir.
Tarixi hadisələr və siyasi gedişatlar sübut etmişdir ki, ictimai- siyasi uğurların əsas şərti və başlıca yönü həmişə rəhbər və lider amili ilə bağlı olmuşdur. Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin 2003- cü ildən başlayan yüksəliş və zəfər dolu yolları, iqtisadi sıçrayış, Azərbaycanın inkişaf templərinə görə dünyada ilk pillələrə çıxması, islahatlılıq strategiyasının öz miqyasına və sürətinə rəğmən kompleks və sistemli xarakter alması, cəmiyyətinin sosial rifahının, birinci növbədə əhalinin həyat səviyyəsinin dəfələrlə yaxşılaşması, yoxsuluğun 10 dəfə, yəni 49 faizdən 5 faizə qədər düşməsi böyük nailiyyətdir. Ölkəmizin beynəlxalq miqyaslı siyasi, mədəni, intellektual mərkəzə çevrilməsində yeritdiyi mükəmməl xarici siyasətin uğurlu bəhrələri, “tərəqqi, təkamül və yeni siyasətə uyğunlaşma” kimi dəyərləndirilən islahatlara, habelə tolerantlıq mühitinin genişlənməsinə, modernləşmə proseslərinin önündə getməsinə nəzər yetirdikdə bütün mənalı həyatını xalqımızın rifahına həsr etmiş ulu öndər Heydər Əliyevin “Azərbaycan dünyaya Günəş kimi doğacaq” kəlamını iftixarla xatırlamalı olursan. Ali Baş Komandanımızın Qarabağımızı cəmisi 44 gün ərzində erməni işğalından azad etməsində tarixi qəhrəmanlığı şanlı Qələbəmizin əbədi ruh yüksəkliyi kimi qəbul edilməlidir.
Hazırda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması ən yeni, ən əlverişli rahatlığa və imkanlara cavab verən evlər, sosial tikintilər həmin regionu nəinki ölkəmizin, hətta bütün dünyanın ən öndə gedən, yüksək tərəqqi etmiş yaşayış məskənlərinə çevirəcəkdir.
Qalib Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev YAP-ın VII qurultayındakı dərin məzmunlu çıxışında konseptual nöqteyi-nəzərdən onu da vurğulamışdır ki, həmin dövrün, zamanın canlı şahidləri fikir və düşüncələrini, təəssüratlarını gənc nəsillər üçün paylaşsınlar. Bu tövsiyə biz qələm sahiblərinin qarşısında bir vəzifə qoyur. Biz o şanlı günləri daha geniş səpkidə, bütün cizgiləri və rəngarəngliyi ilə yazmalı, gələcək nəsillərə vaxtında və obyektivliklə çatdırmalıyıq. Bu, həm də dövrün ictimai- siyasi sifarişi kimi qəbul olunmalıdır. Bizdən sonra gələnlər bilməlidirlər ki, onların yaşadıqları xoş, işıqlı zaman hansı çətinliklərin hesabına əldə olunmuşdur, kimlər bu sahədə necə böyük əzab və əziyyətlər çəkmişlər. Tarixi VII qurultayda o da vurğulanmışdır ki, Azərbaycan XXI əsrin müharibəsini aparmış, Ali Baş Komandan İlham Əliyevin əzmkarlığı və iradəsi ilə ölkəmizin ərazi bütövlüyü təmin edilmişdir.
Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev VII qurultaydakı nitqində bildirmişdir: “Partiyamızın VI qurultayından üç il ötür. Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir”.
Tahir Məmmədov,
Yeni Azərbaycan
Partiyası
Veteranlar
Şurasının üzvü,
siyasi elmlər
üzrə fəlsəfə doktoru
İki sahil.- 2022.- 6 noyabr.- S.10.