Şuşa xalqımız
üçün
müqəddəs məkandır
Qırx dörd günlük Vətən
müharibəsində Prezident, Müzəffər Ali Baş
Komandan, qətiyyətli Sərkərdə İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin
döyüş hazırlığı, mənəvi-psixoloji
ruhu, bölmələrimizin yüksək peşəkarlığı
sayəsində Ermənistan ordusu darmadağın olundu. Azərbaycan
Ordusu canı-qanı bahasına Ermənistan silahlı qüvvələrinin
məğlubedilməzliyi barədə illərdir
formalaşdırılmış mifi qısa müddətdə
dağıtdı.
Xalq orduya, onun gücünə elə inanırdı ki, artıq düşməndən azad edilən kəndlər adi qarşılanırdı. İkinci Qarabağ müharibəsi başlandığı gündən rəşadətli ordumuzun ardıcıl qələbələrindən sonra artıq hər kəs həyəcanla Şuşa müjdəsini gözləyirdi. Müharibənin 43-cü günündə nəhayət ki, Azərbaycan xalqının bu arzusu reallaşdı. Beləliklə də, 2020-ci il noyabrın 8-i tariximizə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ilk gündən “Qarabağa doğru!” şüarı ilə əks- hücuma keçən Silahlı Qüvvələrimiz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan, həm də coğrafi baxımdan mürəkkəb relyefə malik Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün ərzində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi qələbə kimi qiymətləndirildi. Çünki işimiz yarımçıq qalmadı. Azərbaycanın qoruq şəhəri, qeyrət qalası, Qarabağın döyünən ürəyi, Qafqazın incisi Şuşanın azad edilməsi qürur rəmzi olmaqla yanaşı, həm də Zəfərimizin taclandırılması kimi qiymətləndirildi. “Azərbaycan musiqisinin beşiyi” eləcə də “Şərqin konservatoriyası” adlandırılan bu əsrarəngiz təbiətə, təkrarsız gözəlliyə malik şəhər təkcə qarabağlılar üçün yox, bütün azərbaycanlılar üçün müqəddəs məkan, milli qürur yeridir. Bir sözlə, Şuşa hər bir vətənpərvər azərbaycanlının qəlbində başqa taxt-taca sahibdir.
Onu da qeyd edək ki, Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək çağdaş tariximizə Zəfər Günü kimi yazıldı.
Bir faktı xatırlatmaq yerinə düşərdi ki, Şuşa noyabrın 8-də azad edilsə də, onun ətrafında döyüşlər bir neçə gün əvvəldən aparılırdı. Ekspertlər bildirirlər ki, Şuşanın azad edilməsi üçün, ümumiyyətlə, şəhərin ətrafının, strateji baxımdan vacib yüksəkliklərin, oraya gedən yolların azad edilməsi uğrunda 10 gündən artıq hərbi əməliyyatlar aparıldı. Məsələn, Daşaltı və bu kimi əməliyyatlar aparılmasaydı Şuşanın azad edilməsində problemlər yaranardı. Şuşa əməliyyatı haqqında Rusiya mediasında dərc edilən bir məqalədə bu fikirlər yer alırdı: “Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralısını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar”. Şuşa əməliyyatı üçün seçilən taktika dünya hərb tarixində tamamilə yeni idi.
Müharibənin sona çatmasından az sonra Şuşa artıq bərpa və böyük quruculuq dövrünə qədəm qoydu. 2021-ci il 14 yanvar tarixindən - Prezidentin Şuşaya ilk səfərindən etibarən bu unikal diyarımızın bərpasına başlandı və qısa müddət ərzində böyük işlər görüldü. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya yüksək gərginlikli xətlər çəkildi, yarımstansiya tikildi və s. daha böyük layihələr həyata keçirildi. Şuşada bir çox infrastruktur obyektlərinin, mədəniyyət və tarixi abidələrin bərpası və yenidən qurulması ilə bağlı tədbirlər görüldü, yeni təməlqoyma mərasimləri baş tutdu. 2021-ci ilin mart və may aylarında Şuşaya növbəti səfərlər zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir sıra mühüm obyektlərin əsasını qoydular. Şuşada Qafqazın ən nəhəng məscidinin və Şuşa şəhər 1 saylı məktəbin təməlləri qoyuldu. May ayında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva milli qürur, milli mənlik, mədəniyyət, incəsənət və tarix beşiyimiz olan Şuşada möhtəşəm “Xarıbülbül” musiqi festivalını təşkil etdi. İyunun 15-də qardaş Türkiyənin Prezidenti Şuşaya səfər etdi, bir sıra mühüm tədbirlər təşkil olundu, tarixi Şuşa Bəyannaməsi imzalandı. Avqustun 29-da Şuşa şəhərinə növbəti səfərləri zamanı Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Şuşa şəhərinin Baş planı təqdim olundu. Həmin səfər zamanı bir sıra obyektlərin açılışı oldu, yeni layihələrin təməli qoyuldu. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, eyni zamanda, Vaqifin büstünün açılışı oldu. Görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin açılışı baş tutdu. Natəvanın adını daşıyan bulaq istifadəyə verildi. Şuşanın simvollarından biri olan və təmir-bərpa zamanı füsunkar memarlıq ansamblı qorunub saxlanılan “Qarabağ” hoteli də cəmi bir neçə ay ərzində istifadəyə verildi. Cənab İlham Əliyev avqust ayında Şuşada “Otel və Konfrans Mərkəzi”nin təməlini qoydu. Avqustda Şuşada Vaqif Poeziya Günləri keçirildi. Beləliklə, zəngin mədəniyyət ənənələrimizin 30-40 ildən sonra yaşadılması gerçəkləşdi.
Bu millət Şuşa həsrəti, Cıdır düzü, xarıbülbül nisgili ilə 30 ilə yaxın yaşasa da, amma o sevgini bir an unutmadı, ölkə başçısına, Prezident İlham Əliyevin yürütdüyü siyasətə güvəndi, arxalandı. Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzaladı. Sərəncamda deyilir ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır.
Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Aprelin 22-23-də Dünya Azərbaycanlılarının V Qurultayının bu unikal şəhərdə keçirilməsi sözün əsl mənasında tarixi hadisədir. Qurultayda geniş nitq söyləyən Prezident İlham Əliyev diqqəti Ermənistanın təcavüzkar, terrorist siyasətinə yönəldərək bəyan etdi ki, bu gün Şuşaya gələn hər bir insan, hər bir azərbaycanlı görür ki, Şuşa Azərbaycan şəhəridir: “Əgər belə olmasaydı, Şuşa belə ağır vəziyyətdə olmazdı. Siz, indi buraya gələn qonaqlar müharibədən ilyarım keçəndən sonra gəlirsiniz. Əgər müharibədən dərhal sonra gəlsəydiniz, görərdiniz ki, nə vəziyyətdədir. Hələ də dağılmış vəziyyətdədir. Ancaq Şuşa bərpa olunur, Şuşa dirçəlir və Şuşanın dirçəlməsi ilə bağlı gedən işlər çox genişmiqyaslıdır və bu haqda sizə məlumat veriləcək”.
Günel Cəlilova
İki sahil.- 2022.- 6
noyabr.- S.14.