Şuşaya gedən yol…

 

Qırx dörd günlük Vətən müharibəsində əldə edilən Zəfər nəticəsində 28 ildən sonra işğaldan azad olunmuş əzəli və əbədi yurdumuz Şuşa yenidən öz azadlığına qovuşdu. Qarabağın tacı olan Şuşanın azad edilməsi tarixi Qələbəmizin zirvəsi oldu. 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşanın azad edilməsi müjdəsini verərkən Müzəffər Ali Baş Komandan İlham Əliyev demişdi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”

2020-ci il 8 noyabr -Şuşanın düşmən tapdağından azad edilməsi Azərbaycan xalqının tarixinə Zəfər Günü kimi daxil oldu. Prezident İlham Əliyev 2021-ci il mayın 7-də Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzaladı. Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği baxımından bu Sərəncamın müstəsna əhəmiyyəti vardır.

Dövlət başçısı, həmçinin Şuşanın xalqımız üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunduğu kimi, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır: “Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır”.

Azərbaycanın mədəniyyət paytaxtı, dilbər guşəmiz Şuşada bərpa işləri uğurla davam etdirilir. Şuşada bu gün genişmiqyaslı işlər həyata keçirilir.Bu tarixi diyarın abadlaşdırılması, yenidən qurulması, şəhərdə lazımi ifrastruktur layihələrinin icrası həyata keçirilməyə başlanıldı. Vaqif Poeziya Günləri və “Xarıbülbül” festivalı bərpa olundu. 2021-ci il mayın 12-13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa iyirmi doqquz ildən sonra yenidən “Xarıbülbül” musiqi festivalına evsahibliyi etdi. Prezident İlham Əliyev həmin günləri ölkəmizin tarixində əlamətdar günlər kimi dəyərləndirdi. Ölkəmizin başçısı uzun illərdən sonra Cıdır düzündə “Xarıbülbül” festivalının keçirilməsi münasibətilə xalqımızı təbrik edərək bildirdi ki, biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq. Dövlət başçısı çıxışında qeyd etdi ki, bundan sonra biz Şuşada əbədi yaşayacağıq, Şuşanın bərpa edilməsinə artıq başlanılıb. “Xarıbülbül” festivalı bu qədim diyarımızda hər il keçiriləcək: “Biz Şuşanı quracağıq, bərpa edəcəyik, mənfur düşmən isə Şuşanı dağıdırdı. İndi siz - burada olan vətəndaşlar, dostlar gəzəcəksiniz, görəcəksiniz ki, Şuşa hansı dağıntılara məruz qalıb. Amma yenə də deyirəm, biz Şuşamızı, Ağdamımızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Laçınımızı, Kəlbəcərimizi qəlbimizdə yaşatmışdıq. Dağıdılmış məscidləri biz bərpa edəcəyik, amma o məscidlər işğal dövründə bizim qəlbimizdə ucaldılmışdı. İndi isə biz burada, Cıdır düzündə - hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik”.

Tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşa 2023-cü il üçün “Türk dünyasının Mədəniyyət Paytaxtı” elan edilib. Bu barədə qərar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı -TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının martın 31-də Türkiyənin Bursa şəhərində keçirilən növbədənkənar iclasında qəbul olunub.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdəki çıxışında bildirdi ki, Şuşaya gedən yol 27 sentyabrdan başlayır: “Qəhrəman övladlarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşıb. Ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırıb. Bu tarixi gündən cəmi iki il keçib və iki il ərzində bir çox hadisələr baş verib. İllər keçdikcə hərbçilərimizin qəhrəmanlığı hər kəs üçün daha bariz şəkildə aydın olacaq”.

 

Zahid Rza

 

İki sahil.- 2022.- 11 noyabr.- S.13.