Zamanın
sınaqlarından çıxmış partiya
Yeni Azərbaycan Partiyası-30
Azərbaycan
1991-ci ildə dövlət müstəqilliyini qazandıqdan sonra böyük faciələrlə
üzləşmişdi. Həm hakimiyyətə
gəlmək üçün, həm də
hakimiyyətdə olduqları zaman AXC-Müsavat cütlüyünün
səriştəsiz və naşı fəaliyyəti, eyni zamanda bir
sıra üzvlərinin xəyanətkarlığı nəticəsində
dövlətçilyimizə ağır zərbələr vurulmuşdu. Hakimiyyət uğrunda didişmələr, şəxsi və
qrup maraqlarının dövlət mənafelərindən
üstün tutulması daxili
ictimai-siyasi sabitliyin
pozulmasına, qanunsuz silahlı dəstələrin
özbaşınalığına gətirib
çıxarmışdı. Ölkədə əhalinin
yaşayış səviyyəsi günbəgün pisləşirdi.
Azərbaycanın bir sıra dövlətlərlə,
o cümlədən qonşu
dövlətlərlə münasibəti korlanmış,
respublikamız beynəlxalq aləmdə təklənmişdi.
Cəmiyyətdə ümidsizlik əhval-ruhiyyəsi hökm sürürdü. Məhz belə bir faciəli vəziyyətdə xalqı təlaşdan çıxarmağa, onun sabaha inamını qaytarmağa qadir olan mütəşəkkil siyasi qüvvənin – Partiyanın yaranma zərurəti yaranmışdı. Bunu zaman tələb edirdi. Məhz belə bir vaxtda, 1992-ci il oktyabr ayının 16-da 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvanda yaşayan Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin müraciətdə Heydər Əliyevdən yeni bir partiya yaratmaq və yaradılacaq bu siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Əslində bu bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Bir neçə gün sonra, 1992-ci il oktyabr ayının 24-də ümummilli liderimiz Heydər Əliyevin məşhur 91-lər kimi tanınan ziyalıların ona ünvanlanan tarixi müraciətinə cavab olaraq Yeni Azərbaycan Partiyasının yaranmasına və ona rəhbərlik etməyə razılıq verməsi xalqımızda yaranmış ümidsizlik hissini dağıtdı və gələcəyə inam yaratdı. Beləliklə, 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.
Banisi ümummilli liderimiz olan Yeni Azərbaycan Partiyasının qarşısında duran ən mühüm vəzifələrdən biri Heydər Əliyevin müstəqil, qüdrətli və zəngin Azərbaycan dövləti qurmaq konsepsiyasının ardıcıl surətdə həyata keçirilməsinin müsbət nəticələrini vətəndaşlar arasında geniş təbliğ etmək, partiyanın sosial bazasının daha da genişləndirilməsinin ideya zəminini yaratmaq olmuşdur. Buna görə də Heydər Əliyevin irəli sürdüyü, bəyan etdiyi fikirlərin, ideyaların ictimaiyyət arasında geniş və hərtərəfli şəkildə izah olunması, eyni zamanda partiyanın Proqramında təsbit olunmuş prinsiplərin təbliğ edilməsi Yeni Azərbaycan Partiyasının əsas qayəsini təşkil etmişdir. Dövlətçiliyin bütün prinsiplərini özündə etiva edən Heydər Əliyev yolunu rəhbər tutan Yeni Azərbaycan Partiyası yarandığı gündən müstəqillik, azərbaycançılıq, dövlətçilik, sosial ədalət, dünyəvilik, milli tərəqqi, soykökə qayıdış və bu kimi dəyərlərin təbliğinə xüsusi yer vermişdir.
Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi səhnəsinə qədəm qoyarkən onun ən başlıca şüarı “Yeni, müstəqil Azərbaycan uğrunda!” şüarı olmuşdur. Məmnunluq hissi ilə qeyd edə bilərik ki, partiyamızın banisi, ümummilli liderimiz Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində bu şüarda səslənən müddəalar faktiki olaraq həyata keçirilmişdir.
Yeni Azərbaycan Partiyası ədalətin zəfər çalması naminə mübarizəyə bütün ömrünü həsr etmiş görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin ideyalarını həyata keçirməyə xidmət edən bir partiya olduğundan daim öz fəaliyyətində sosial ədalət prinsipini rəhbər tutmuşdur. Azərbaycanın sahib olduğu əlverişli coğrafi mövqeyini, təbii sərvətləri və intellektual potensialı xalqımızın rifahı naminə səfərbər etmək, ölkənin iqtisadiyyatını tərəqqiyə çatdırmaq kimi olduqca vacib taleyüklü məsələnin həlli hər zaman Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsas məqsədini təşkil etmişdir.
Ölkəmizdə gedən bütün proseslər, həyata keçirilən siyasət xalqımızın əsrlərdən bəri tarixi yaddaşında saxladığı arzularını gerçəkləşdirməyə - müstəqilliyini daimi, əbədi, dönməz etməyə imkan vermişdir. Yeni Azərbaycan Partiyasının tarix və xalq qarşısında ən böyük və ümdə vəzifəsi bu siyasi xəttə sadiq qalmaq, bu yolla inamla irəliləməkdir. Həyat artıq çoxdan sübuta yetirmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən mükəmməl siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək digər qurum mövcud deyil. Ümummilli lider Heydər Əliyev ideologiyası ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının məfkurəsi ən ali ideyalara – xalqımızın istək və arzularının, zəngin gələcəyinin təmin olunmasına və gerçəkləşməsinə xidmət etməkdir.
2003-cü ildə ölkə Prezidenti, 2005-ci ildə isə Yeni Azərbaycan Partiyasının sədri seçilən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin əsas hədəfi güclü və qüdrətli Azərbaycan qurmaq olmuşdur. Məhz bu səbəbdən cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş qətiyyətli və uğurlu siyasət Azərbaycanı güclü dövlətə çevirmişdir. Məhz ölkəmiz öz gücü ilə 30 ilə yaxın müddətdə Ermənistanın işağlı altında olan torpaqlarımızı cəmi 44 gün ərzində işğaldan azad etdi. Müəzffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu möhtəşəm tarixi qələbə qazandı. Azərbaycanın əldə etdiyi parlaq zəfər eyni zamanda yeni reallıqlar yaratdı.
Yeni Azərbaycan Partiyası da hər zaman öz fəaliyyətini günün tələblərinə uyğun quran siyasi təşkilatdır. Partiyanın VII Qurultayı da məhz yaranmış bu yeni reallıqlar fonunda cari ilin mart ayının 5-də keçirdi. Düzdür, bu günə qədər keçirilmiş olan hər bir Qurultay Yeni Azərbaycan Partiyasının həyatında əlamətdar hadisə olaraq qalmışdır. Lakin VII Qurultay bir çox özəllikləri ilə əvvəlki qurultaylardan fərqlənir və bu Qurultay Yeni Azərbaycan Partiyasının həyatında yeni dönüş nöqtəsi hesab edilə bilər. Yeni Azərbaycan Partiyası yaranmasının 29-cu ilini qeyd edir və partiya gələn il keçiriləcək 30 illik yubleyinə yeniləşmiş formatda, daha fəal qədəm qoyur.
Yeni Azərbaycan Partiyasının VII Qurultayında daha mühüm bir məsələ Birinci vitse-prezidentimiz çox hörmətli Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini seçilməsi oldu. Mehriban xanım ictimai-siyasi faliyyəti ilə xalqımızın böyük rəğbətini qazanmışdır. Yeni Azərbaycan Partiyasının həyatında da Mehriban xanım Əliyevanın xüsusi xidmətləri vardır. Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətində Mehriban xanım Əliyeva sədrin birinci müavini kimi görüləcək işlərə öz töhfəsini verəcəkdir.
VII Qurultayda yeni Nizamnamə qəbul edildi, 40 nəfərdən ibarət İdarə Heyəti formalaşdırıldı və yeni struktur olan Veteranlar Şurası təsis edildi. Partiyamızın sədri, cənab Prezident İlham Əliyev VII Qurultayda yeni dövrlə bağlı bütün məsələləri özündə ehtiva Partiyanın yeni proqramının hazırlanması tapşırığını verdi və qısa zaman ərzində yeni proqram qəbul edildi. Qəbul edilən yeni proqram partiyanın gələcək fəaliyyətini və siyasi hədəflərini müəyyənlşdirəcək bir sənəddir.
Yeni Azərbaycan Partiyasının banisi, ulu öndər Heydər Əliyev qeyd edirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Bu gün Azərbaycan dayanıqlı inkişaf edən iqtisadiyyata malikdir. Ölkə iqtisadiyyatının gələcəkdə də davamlı və dayanıqlı inkişafını təmin etmək, şaxələndilimiş iqtisadiyyat modelinin daha da genişləndirilməsi ölkəmiz, dövlətimiz üçün hər zaman prioritetlərdəndir. Bu istiqamətdə davamlı uğurların əldə edilməsi üçün Yeni Azərbaycan Partiyası cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursa bundan sonra da öz töhfəsini verəcəkdir.
Yeni Azərbaycan Partiyası hər zaman siyasi dialoqa açıq bir siyasi təşkilat olmuşdur. Ölkədə həyata keçirilən islahatlar siyasi sistemdə də yeni yanaşmaların əsas götürülməsini tələb edir. Son illər ərzində siyasi partiyalar arasında yaranmış olan dialoq mühiti də bu yanaşmalardan irəli gəlir. Siyasi sistemimizin əsas sütunu olan Yeni Azərbaycan Partiyası ölkədə siyasi dialoq mühitinin daha da inkişaf etdirilməsi üçün müxtəlif təşəbbüslərlə iştirak etməyi planlaşdırır ki, burada da məqsəd ən böyük milli sərvətimiz olan ümummilli həmrəyliyə nail olmaqdır.
Banisi ulu öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası zamanın sınaqlarından çıxmış, xalqın etimadını layiqincə doğrultmuş partiyadır. Azərbaycan xalqının ən böyük milli sərvəti olan dövlət müstəqilliyini qoruyub saxlayan ümummilli lider Heydər Əliyev 20-ci əsrin sonu - 21-ci əsrin əvvəllərində Azərbaycanı qloballaşan dünyada suveren dövlət kimi formalaşdırmış, milli mənafelərinin reallaşmasının fundamental əsasını qoymuş, mənəvi dəyərlərinin qorunması, mədəniyyətinin inkişafı üçün hər cür şərait yaratmışdır.
Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş uğurlu siyasət nəticəsində Vətən Müharibəsindəki tarixi qələbəmizlə ərazi bütövlüyümüz bərpa edilmiş, xalqın milli qüruru özünə qaytarılmış, dünyada yeni reallıqlar yaradılmışdır. Yeni Azərbaycan Partiyasının qarşısında duran əsas vəzifə bu nailiyyətləri göz bəbəyi kimi qorumaq, ümummilli lider Heydər Əliyev ideyasına sədaqətlə xidmət etməkdir.
Biz gələcəyə çox böyük nikbinliklə və inamla baxırıq. Ümummilli liderimiz, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin qurduğu, yaratdığı müstəqil Azərbaycan bu əsrdə daha yüksək zirvələrə qalxacaqdır. Buna bizim gücümüz, qətiyyətimiz, potensialımız və bu nəcib məqsədimizi həyata keçirə biləcək Yeni Azərbaycan Partiyası kimi qüdrətli, xalq tərəfindən müdafiə edilən təşkilatımız, ümummilli liderimiz Heydər Əliyevin yolunu uğurla davam və inkişaf etdirən dünya azərbaycanlılarının dahi sərkərdəsi - cənab İlham Əliyev kimi prezidentimiz, Müzəffər Ali Baş Komandanımız və partiyamızın sədri vardır.
Cavid Osmanov,
Yeni Azərbaycan Partiyası
İdarə Heyətinin
üzvü,
Milli Məclisin deputatı
İki sahil.- 2022.- 12 noyabr.- S.7.