Demokratik dəyərlərin təcəssümü
olan 27 yaşlı
Konstitusiyamız
Müstəqil Azərbaycan
Respublikasının 12 noyabr 1995-ci ildə qəbul olunmuş
ilk Milli Konstitusiyası ölkəmizin həyatında
mühüm tarixi hadisə kimi yadda qalmışdır. Bu
gün qəbul edilməsinin 27 illiyini qeyd etdiyimiz, 3 dəfə
keçirilən ümumxalq (referendum) səsverməsi nəticəsində
edilən dəyişikliklər yolu ilə mütərəqqi
müddəalarla daha da təkmilləşən, ümumbəşəri
dəyərlərə və mütərəqqi milli ənənələrə
söykənən Əsas Qanunumuz dövlətimizin
inkişafına mühüm töhfələr verir.
Ümummilli
lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə
hazırlanaraq 27 il bundan əvvəl qəbul edilmiş Konstitusiya ümumxalq səsverməsi
(referendum) yolu ilə qəbul edilib. Müstəqil Azərbaycan
Respublikasının Konstitusiyası ölkəmizdə
demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu
prosesinə hüquqi baza yaratdı və onun inkişafına
güclü təkan verdi. Konstitusiya qəbul edilən gün
- noyabrın 12-də respublika parlamentinə ilk dəfə
çoxpartiyalı sistem əsasında demokratik seçkilər
də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik
tarixində müstəsna əhəmiyyəti nəzərə
alınaraq 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər
il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə
başlandı.
Azərbaycan
konstitusionalizminin tarixinə nəzər salsaq görərik
ki, ilk Konstitusiya 1921-ci il may ayının 19-da qəbul edilib.
SSRİ Konstitusiyasına uyğunlaşdırılmış
yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul
olunub. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son
Konstitusiya da əvvəlkilər kimi SSRİ Konstitusiyasına
uyğunlaşdırılmışdı. 1995-ci ildə qəbul
olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk,
ümumilikdə isə ölkəmizin tarixində
dördüncü Konstitusiyasıdır.
Bu
Konstitusiya dövrün reallıqlarına və
çağırışlarına uyğun olaraq mükəmməl
hüquqi sənəddir. Müstəqil dövlətimizin ilk
Konstitusiyası əvvəlkilərdən köklü surətdə
fərqlənir. Belə ki, əvvəlkilər sosializm
quruluşunun Konstitusiyası idi və əvvəlki Əsas
qanunlarda sivil dövlət quruculuğunda əsas institut olan
hakimiyyətin bölgüsü prinsipindən imtina edilmişdi.
Lakin yeni Konstitusiyada bu tarixi və metodoloji səhv aradan
qaldırılmış, hakimiyyətin qanunverici, icra hakimiyyəti
və məhkəmə hakimiyyətindən ibarət
bölgüsü aparılmışdır. Sovet
konstitusiyalarından fərqli olaraq, insan və vətəndaş
hüquqlarının və azadlıqlarının təmin
olunması, şəxsiyyətin toxunulmazlığı, insan
həyat və sağlamlığının qorunması,
layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və
insanpərvərlik prinsipləri Azərbaycan
Konstitusiyasının başlıca mahiyyətini təşkil
edir. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət
Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer
verilməsi (Konstitusiyanın 48 maddəsi, yəni üçdə
biri insan və vətəndaş hüquq və
azadlıqlarına həsr edilmişdir) ölkəmizin
demokratiya ideallarına sadiqliyinin göstəricisidir. Bununla
yanaşı, hakimiyyət bölgüsü, şəxsiyyətin
toxunulmazlığı, insan həyat və
sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin
təmin olunması, humanizm prinsipləri Azərbaycan
Konstitusiyasının hüquqi mahiyyətini əks etdirən
mühüm məsələlərdir.
Konstitusiyada
xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi
olması, idarəçiliyin hakimiyyət bölgüsü əsasında
təşkil edilməsi kimi təməl
prinsiplər təsbit olunmuşdur. Konstitusiya qəbul edildikdən
sonra ölkəmizdə dövlət hakimiyyəti
orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi
istiqamətində mühüm addımlar atılmış,
beynəlxalq təcrübə və tövsiyələr nəzərə
alınmaqla məhkəmə-hüquq islahatları həyata
keçirilmiş, bir sıra yeni institutlar - Konstitusiya Məhkəməsi,
İnsan hüquqları üzrə müvəkkil (Ombudsman),
yerli özünüidarəetmə orqanları olan bələdiyyələr
yaradılmış və fəaliyyətə
başlamış, xüsusi mülkiyyət institutunun
inkişafı və ümumiyyətlə, mülkiyyət
hüquqlarının müdafiəsi ilə bağlı
mükəmməl təminat sistemi
formalaşmışdır. Bu institutlar Əsas Qanunun ehtiva
etdiyi dəyərlərin müdafiəsinin və dövlətin
hüquqa bağlılığının təmin edilməsinə,
ölkəmizin hüquq sisteminin inkişafına öz
töhfəsini verməklə hüquqi tənzimləmə məsələləri
üzrə müsbət təcrübə
formalaşdırır, konstitusiya nəzarəti
funksiyalarını yerinə yetirməklə Konstitusiyanın
birbaşa tətbiqini həyata keçirir.
Məlumdur
ki, konstitusiya dövlətin ali hüquqi qüvvəyə
malik qanunu olmaqla yanaşı, digər qanunlar kimi dəyişməz
deyil, daim təkmilləşdirilir. Buna görə də
konstitusiyaya müəyyən vaxtlarda dəyişikliklərin
olunması, müasir tələblərə
uyğunlaşdırılması bütün dövlətlər
üçün səciyyəvi haldır. Çünki
Konstitusiya xalqın və dövlətin inkişaf prioritetlərini
özündə əks etdirməli, vətəndaşın
hüquq və azadlıqlarına daha etibarlı təminat
mexanizmləri formalaşdırmalıdır. Bu baxımdan, ölkəmizdə
indiyə kimi üç dəfə Konstitusiya islahatı həyata
keçirilib. Belə ki, 2002-ci və 2009-cu illərdə
keçirilmiş referendumlar, habelə qəbul edilmiş bir
sıra Konstitusiya qanunları vasitəsilə Konstitusiyaya insan
hüquqlarının qorunmasının və dövlət
idarəçiliyinin səmərəliliyinin
artırılmasına yönəlmiş mühüm dəyişiklik
və əlavələr edildi. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü
ilə 2016-cı ildə keçirilmiş referendumla isə
Konstitusiyaya üçüncü dəfə edilmiş əlavə
və dəyişikliklər ali dövlət hakimiyyəti, məhkəmə
hakimiyyəti orqanlarının və bələdiyyələrin
fəaliyyətinin təkmilləşdirilməsinə, insan
hüquq və azadlıqlarının daha səmərəli təmin
edilməsinə güclü zəmin yaratdı.
Bu dəyişikliklər
də öz növbəsində Azərbaycanın hüquq sisteminin
inkişaf etmiş dövlətlərin hüquq sisteminə və
beynəlxalq hüquq normalarına
uyğunlaşdırılması, ölkəmizdə
demokratikləşmə proseslərinin dərinləşməsi,
insan hüquqlarının və azadlıqlarının daha səmərəli
müdafiəsi məqsədlərinə xidmət etmişdir.
Qürurverici
haldır ki, xalqımız Əsas Qanunun qəbulunun 27-ci
ildönümünü qalib xalq kimi ikiqat sevinc hissi ilə
qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində
tarixi Qələbənin qazanılması və Azərbaycanın
ərazi bütövlüyünün bərpa olunması
Konstitusiyamızın ölkəmizin bütün ərazisində
tətbiqinə imkan yaradıb. Bu Qələbə sayəsində
30 ilə yaxın müddətdən sonra beynəlxalq
hüququn prinsip və tələbləri yerinə yetirilib və
işğaldan azad edilmiş ərazilərdə
Konstitusiyanın hüquqi qüvvəsi təmin olunub. Eyni zamanda, işğal olunmuş
torpaqların azad edilməsi və ərazi
bütövlüyümüzün bərpası həm də
soydaşlarımızın konstitusion hüquqlarından biri
olan təhlükəsiz yaşamaq hüququnun da bərpa
olunmasının əsasını qoydu. Konstitusiyamıza əsasən
Azərbaycan Respublikasının ərazisi vahiddir,
toxunulmazdır və bölünməzdir.
Konstitusiyanın
qüvvədə olduğu 27 illik dövr ərzində onun
müddəalarının həyata keçirilməsində zəngin
təcrübə toplandı, ölkəmizin ali qanunvericilik sənədində
əks olunmuş konsepsiyalar inkişaf etdirilərək
güclü sosial dövlətin yaradılmasına, inkişaf
etmiş iqtisadiyyatın qurulmasına, vətəndaşlarımızın
hüquqlarının səmərəli müdafiəsinə
xidmət edən çoxsaylı normativ hüquqi aktlar qəbul
edildi. Universal dəyərlərə əsaslanan milli Konstitusiyamız
ölkəmizin müstəqilliyinin, demokratikliyinin və
inkişafının fundamental əsasını təşkil
edir və bu gün də böyük hüquqi, siyasi və
ideoloji potensiala malikdir. Beləliklə, ötən zaman Konstitusiyamızın nə qədər
güclü, kamil və həyati sənəd olduğunu təsdiqləmiş
və o, demokratik sənəd kimi özünü
doğrultmuşdur. Konstitusiyaya hamı tərəfindən
ardıcıl və dönmədən əməl olunması,
dövlət və cəmiyyət həyatının
bütün sahələrinin Əsas Qanunumuzun tələblərinə
uyğunlaşdırılması hər birimizin müqəddəs
vətəndaşlıq borcudur. Konstitusiyaya ciddi riayət
edilməsi dövlətin uğurlu inkişafının və
cəmiyyətdə vətəndaş həmrəyliyinin əsasıdır.
Yaqut Ağaşahqızı
İki sahil.- 2022.- 12 noyabr.- S.9.