YAP GƏLƏCƏYƏ YOLLAR AÇIR

 

Şəxsiyyət və siyasi sistem dövrün tələbinə uyğunlaşdığı kimi dövrü, zamanı da şəxsiyyətin amalı və əməli dəyişdirir, formalaşdırır. Şəxsiyyət dövrün memarı, qurucusu, insanlığın meyarıdır. O, bəşəriyyətə bəxş etdiyi dəyərlərlə qurmaqla, tikməklə, yaratmaqla, insanları xeyirxah əməllərə-sülhə, əminamanlığa, haqqa, ədalətə sövq etməklə aliləşir, unudulmur, daim xatırlanır, yad edilir.

Adını və əməllərini Azərbaycan xalqının qəlbinə, tarixinə qızıl hərflərlə yazmış ulu öndərimiz Heydər Əliyev də xalqımız, bəşəriyyət tərəfindən unudulmayan, daim xatırlanan və yad edilən bir şəxsiyyətdir.

Heydər Əliyevin həyatı və fəaliyyəti çətin mübarizələrdə formalaşmış, özünə yeni, mənalı, həm də ağrılı bir ömür qazandırmışdır. Sovetlər İttifaqı dövründə təhlükəsizlik orqanlarında rəhbər, Azərbaycan KP MK-nın birinci katibi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Sov.İKP MK Siyasi Bürosunun üzvü kimi məsul və çətin vəzifələri şərəflə daşıyan və ən ağrılı günlərdə öz xalqının yanında olan bir ömrün, bir insanın keçdiyi yol onun sonrakı həyatına işıq salmaya bilməzdi.

Yeni Azərbaycan Partiyasının yaranması və Heydər Əliyevin xalq tərəfindən təkidlə ikinci dəfə hakimiyyətə gətirilməsi də məhz onun əvvəlki illərdə keçdiyi mənalı yolun, gərgin fəaliyyətin, xalqa və Vətənə verdiyi faydaların nəticəsi idi.

Xalq Yeni Azərbaycan Partiyası yaranmamışdan əvvəl belə dəfələrlə Heydər Əliyevə müraciət etmişdi, hakimiyyətə gəlməsi, parlamentdə çıxış etməsi, ona tətbiq edilən yaş senzinin götürülməsi barədə səsini ucaltmışdı. İnsanlar yaxşı bilirdilər və dərk edirdilər ki, yaranmış çətin vəziyyətdən, qarşıdurmalardan, işğaldan, hakimiyyətsizlikdən xalqı və ölkəni yalnız Heydər Əliyev xilas edə bilər və etməlidir. Bu, yalnız xalqın deyil, həm də dövrün tələbi idi.

Haqlı olaraq ulu öndərimiz Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını zamanın, dövrün tələbi kimi qiymətləndirdi, 1990-cı illərin əvvəllərində mövcud şəraitlə əlaqədar partiyanın yaradılmasının bir zərurət kimi meydana gəlməsini əsaslandırdı.

Heydər Əliyev Yeni Azərbaycan Partiyasını Azərbaycanda gedən ictimai-siyasi proseslərin bəhrəsi kimi dəyərləndirir və deyirdi: Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilatı mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır”.

Əlbəttə, o dövr çətin və təlatümlü dövr idi. Torpaqlarımız erməni təcavüzkarları tərəfindən işğal olunur, daxildə siyasi çəkişmələr səngimir, özbaşınalıq, hakimiyyətsizlik, səriştəsizlik, beynəlxalq aləmdə münasibətlərdəki ziddiyətlər, iqtisadi-siyasi böhran ölkəni ağır vəziyyətə salmışdı. Belə bir vəziyyətdə, çətin dönəmdə partiya yaratmaq, siyasi meydana atılmaq böyük cəsarət və siyasi yetkinlik tələb edirdi.

Ancaq Heydər Əliyev və silahdaşları bunu bacardılar. 91 nəfərin müraciətinə Heydər Əliyev xalqın və Vətənin düşdüyü ağır vəziyyəti nəzərə alıb yox demədi. 21 noyabr 1992-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə təsis konfransı keçirildiYeni Azərbaycan Partiyası yaradıldı.

Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaranmasına baxmayaraq siyasi meydanda yeni bir mədəniyyət formalaşdırdı. O, aqressivliyi, düşmənçiliyi tamamilə kənara qoydu. Sübut etdi ki, müxalifətdə olmaq dövlətə, milli maraqlara zidd getmək, uğurları inkar etmək deyil, xalqa xidmət etmək, partiyanın ali məqsədlərini həyata keçirməkdir. Siyasi sistemi dəyişmək, ali məqsədlərə istiqamətlənən, dövlətin və xalğın mənafelərinə yönəldilən bir sistem yaratmaqdır. Bu prinsip və amillər YAP yarandığı ilk gündən özünü göstərdi.

Ümummilli lider Heydər Əliyevin 1993-ci ilin iyun ayında ümumxalq tələbi nəticəsində siyasi hakimiyyətə gəlməsi YAP-ın inkişafında yeni, uğurlu mərhələdir. YAP-ın qarşısında iqtidar partiyası kimi cəmiyyətin siyasi sistemində özünün aparıcı mövqeyini təsdiq etmək, həm də müstəqil dövlət quruculuğu proseslərində yaxından iştirak kimi şərəfli bir vəzifə dururdu.

Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyavi dövlətin qurulması, vətəndaşların dincfiravan həyatının təmin edilməsi, dövlətçilik, azərbaycançılıq, vətəndaş həmrəyliyi, sosial ədalət prinsipləri YAP-ın ali məqsədi, qarşıya qoyduğu əsas vəzifə idi.

Yeni Azərbaycan Partiyası siyasi meydana çətin bir dövrdə atılmasına baxmayaraq tez bir zamanda xalqın etimadını qazandı. Demokratik ənənələrə sadiqlik nümayiş etdirdi, sivil siyasi münasibətlərə üstünlük verdi, ölkədə ictimai-siyasi sabitliyi bərpa etdi, vətəndaş müharibəsinin, özbaşınalıqların qarşısını aldı, erməni təcavüzünü dayandırdı, Azərbaycanın gələcək demokratik inkişafının siyasi özülünü qoydu, siyasi münasibətlər sisteminə yeni müsbət dəyərlər gətirdi.

Ümummilli Liderin siyasi gedişləri, həyata keçirdiyi iqtisadi tədbirlər yenicə müstəqillik əldə etmiş və müharibə şəraitində yaşayan bir ölkə olan Azərbaycana beynəlxalq aləmdə böyük hörmət və etibar qazandırdı. Həyata keçirilən məqsədyönlü siyasət əksər iri beynəlxalq şirkətlərin, xarici investorların diqqətini ölkəmizə yönəltdi. Ulu Öndərin gərgin əməyinin və möhkəm iradəsinin  bəhrəsi olan “Əsrin müqaviləsi”nin imzalanması isə Azərbaycanın bir müstəqil dövlət kimi beynəlxalq arenada nüfuzunu yüksəltdi və möhkəmləndirdi. “Əsrin müqaviləsi”nin imzalanması gələcəyə hesablanmış uzaqgörən siyasət və bugünkü qələbələrimizə, iqtisadi inkişafımıza yol açan proqram idi.

Heydər Əliyev dünya azərbaycanlılarının ümummilli lideri idi. O, azərbaycançılıq ideologiyasının banisi olaraq fəaliyyətinin bütün dövrlərində dünya ölkələrində yaşayan azərbaycanlıları bir olmağa, Azərbaycanla sıx əlaqə yaratmağa səsləyir və onlara lazımı dəstək verirdi. Heydər Əliyevin “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” sözləri dünya azərbaycanlıları üçün çağırış və örnək oldu. Bu çağırışla o, xarici ölkələrdə yaşayan azərbaycanlıların qarşısında qədim tarixə, zəngin mədəni irsə, yüksək mənəvi dəyərlərə malik olan Azərbaycanı dünyada tanıtmaq, xalqı sevdirmək və ucaltmaq vəzifəsini qoyurdu.

Azərbaycanın müstəqillik tarixində əldə etdiyi uğurlarda partiyamızın nəfəsi, dəst-xətti hər an duyulur. Öz ətrafında 800 minə yaxın insanı birləşdirən Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır, ulu öndərimiz Heydər Əliyevin dediyi kimi dünənin, bu günün və gələcəyin partiyasıdır. Etnik mənsubiyyətindən, dilindən və dinindən asılı olmayaraq ürəyi Azərbaycanla döyünən hər bir kəs partiya ətrafında sıx birləşməyi, onun prinsiplərinə əməl etməyi özünün həyat amalı hesab edir.

Prezident İlham Əliyev partiyanın tarixinə, keçdiyi yola böyük önəm verərək deyir:” Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixində böyük fenomendir. Nəinki Azətbaycanda qonşu ölkələrdə də Yeni Azərbaycan Partiyası kimi güclü, mütəşəkkil qüvvə yoxdur.”

Ümummilli liderimiz Heydər Əliyev yolunun ən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin ölkədə keçirdiyi nəhəng islahatlar prosesində YAP üzvləri yaxından və fəal iştirak edirlər.

Heydər Əliyev yolu ilə irəliləyən Yeni Azərbaycan Partiyasının uğurlarının kökündə, heç şübhəsiz, Prezident İlham Əliyevin həyata keçirdiyi daxilixarici siyasətin xalq tərəfindən müdafiə olunması dayanır.

Hüquqi dövlətin və vətəndaş cəmiyyətinin, bazar iqtisadiyyatı münasibətlərinin inkişaf etdirilməsində, beynəlxalq aləmdə əldə edilən uğurlarda partiyanın Sədri İlham Əliyevin və YAP-ın fəaliyyəti əvəzolunmazdır. Ölkə rəhbərinin həyata keçirdiyi iqtisadi-siyasi islahatlar, enerji sektorunda əldə  edilən nailiyyətlər, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması, regionların inkişafına, mədəniləşdirilməsinə verilən dəstək dövlət rəhbərinə və partiyaya olan inamı, etimadı artırır və daha da gücləndirir. Cənab İlham Əliyevin siyasi, iqtisadi, social, ekoloji və hərbi təhlükəsizlik sahələrində həyata keçirdiyi strategiya unikaldır, gələcəyə hesablanıb və Azərbaycanın hərtərəfli inkişafını təmin etməklə yeni uğurlara zəmin yaradır.

Bu strategiya, uzaqgörənlik 44 günlük müharibədə özünü aydın göstərdi və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrikliyini, cəsarətini, ordumuzun qüdrətini, xalqımızın birliyini bütün dünyaya sübut etdi. 30 il düşmən əsarəti altında olan şəhər və kəndlərimiz, torpaqlarımız erməni təcavüzkarlarından azad edildi, erməni millətçilərinin və onların havadarlarının beli qırıldı, çirkli niyyətlərinin qarşısı alındı, ölkənin ərazi bütövlüyü bərpa edildi.

Hazırda respublikamızın hər yerində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə də möhtəşəm tikinti, bərpa, quruculuq işləri davam etdirilir. Cənab İlham Əliyevin “Biz işğaldan azad olunmuş əraziləri bərpa edəcəyik, cənnətə çevirəcəyik” fikirləri real işlərdə təsdiqini tapmaqdadır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı Dövlət proqramları, layihələr, Fərman, Sərəncam və qərarların ruhu, mahiyyəti, məqsədi bilavasitə YAP-ın Proqram və Nizamnaməsinin tələblərinə, ruhuna uyğundur. Dövlət idarəçilik sisteminin siyasi sitemlə, ideoloji xətlə uyğunlaşdırılması, üst-üstə düşməsi vahid bir prinsipə arxalanmağın göstəricisi olmaqla uğurları qazandıran başlıca amildir. Son illər iqtisadi-siyasi, mədəni sahələrdə, beynəlxalq münasibətlər sistemində bu vahidliyin və ardıcıllığın təmin edilməsi Azərbaycanı bütün sahələrdə inkişaf edən bir ölkəyə çevirmişdir.

Davos Dünya İqtisadi Forumunun son illərdəki hesabatlarından aydın olur ki, Azərbaycan Respublikası uğurlu sosial siyasət həyata keçirən və bu məqsədlə iqtisadi imkanlardan dünyada ən səmərəli istifadə edən ölkədir.

Bu uğurlar, xalqımızın birliyimübarizliyi, qarşıya qoyulan vəzifələr və ali məqsədlərin yerinə yetirilməsi sahəsində görülən işlər Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyanın Sədri cənab İlham Əliyevin dərin məzmunlu nitqində bir daha öz əksini tapmışdır. Ölkə rəhbəri həm də gələcək vəzifələrə böyük önəm verərək bildirmişdir: “Mən bu gün qarşıda duran bəzi vəzifələr barədə öz fikirlərimi həm partiya üzvləri ilə, həm Azərbaycan xalqı ilə bölüşməklə, əlbəttə ki, bütün siyasi qüvvələri, bütün ictimaiyyəti geniş diskussiyaya çağırıram.Buna ehtiyac var. Çünki bir daha demək istəyirəm ki, biz yeni dövrə qədəm qoyuruq. Bölgədə və ölkəmizdə tamamilə yeni geosiyasi vəziyyətdir. Ona görə də biz bütün addımlarımızı düzgün atmalıyıq ki, daim qələbə qazanaq.”

Cənab İlham Əliyevin səsləndirdiyi fikirlər artıq real həyatda özünü doğrultmaqdadır. Qurultaydan keçən az müddətdə istər ordu quruculuğunda, istər əhalinin social rifah halının yaxşılaşdırılmasında, istərsə də daxilixarici siyasət sahəsində yeni uğurlara imza atılmışdır. Xüsusilə işğaldan azad olunmuş ərazilərin bərpası, yeni yolların, tunellerin çəkilməsi, hava limanlarının istifadəyə verilməsi, yaşayış evlərinin tikilməsi işləri sürətləndirilmiş, genişmiqyaslı tədbirlər həyata keçirilmişdir.

Ölkə başçısının təşkilatçılığı və təşəbbüsü ilə yerinə yetirilən mühüm tədbirlər Heydər Əliyev vəsiyyətinə sədaqətin, YAP-ın Proqramından irəli gələn tələblərə etibarın və diqqətin nəticəsi kimi qiymətləndirilməlidir. Bu uğurlar daha xoşbəxt gələcəkdən və xalqın firavan həyatından xəbər verir.

 

Tahir Rzayev,

Milli Məclisin komitə sədri,

YAP Veteranlar Şuranın üzvü

 

İki sahil.- 2022.- 15 noyabr.- S.5.