Müstəqilliyimiz
dönməzdir, əbədidir…
17 noyabr - Milli
Dirçəliş Günüdür
Ötən əsrin
sonlarında keçmiş SSRİ məkanında yaranan təlatümlər
nəticəsində özünü qüdrətli dövlət
kimi tanıtsa da əslində iqtisadi böhran
bataqlığında qalan oraq- çəkic bayraqlı «sovetlər»
məkanı dağılırdı. İllərdən bəri
müttəfiq respublikaları buxovlayaraq saxta beynəlmiləlçilik
şüarı altında saxlayan imperiyanın
dağılmasının qarşısını almaq
mümkün deyildi. İllərdən bəri kommunist
ideologiyasına qarşı aparılan «soyuq müharibə»
geniş miqyasda həyata keçirilirdi. İmperiyanın
süqutu üçün yollar axtaran siyasətçilər
milli zəmində münaqişələr yaratmağa daha
çox üstünlük verirdilər. Əsası olmayan
ideyalar əsasında qurulan imperiyanın qırılma həlqəsi
kimi Azərbaycan seçildi. O dövrdə SSRİ-nin ilk və
son prezidenti Mixail Qorbaçov üçün də bu
seçim daha münasib idi. Çünki Fransada səfərdə
olarkən Azərbaycanın tarixi ərazisi olan Dağlıq
Qarabağın Ermənistana birləşdirilməsi ilə
bağlı daşnakların müraciətinin müsbət həlli
üçün zaman yetişmişdi.
Beləcə Topxana meşəsinin yandırılması, Ağdamda günahsız iki gəncin qətlə yetirilməsi, Xankəndidə mitinqlərin keçirilməsi ilə başlanan «Qarabağ oyunu»na start verildi. İnsanlar arasında gərginlik yaradan vəziyyətlə əlaqədar 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda keçirilən mitinqlərlə başlayan milli dirçəliş hərəkatı bütün ölkəni bürüdü. Mixail Qorbaçovun rəhbərlik etdiyi Kremlin Qarabağ məsələsi ətrafında apardığı siyasətə etiraz olaraq ölkəmizdə antisovet hərəkatı başlandı. Ermənilər Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi ilə bağlı illərdən bəri hazırladıqları planlarını həyata keçirməyə başladılar. Respublikamızda vüsət alan etiraz aksiyalarında, Bakının Azadlıq meydanında keçirilən mitinqlərdə iştirak edən insanların müstəqillik, istiqlaliyyət arzusu Azərbaycan xalqını azadlıq uğrunda mübarizəyə səslədi. Bu oyanış haqqı, ədaləti, hüquqlarının qorunmasını tələb edən xalqımızın birlik, dirçəliş yolunda mübarizəsinin bələdçisi oldu, milli azadlıq hərəkatının başlanğıcı kimi tarixə yazıldı. Etiraz aksiyaları Sovet qoşunları tərəfindən dağıdılsa da, xalqın ucalan səsi, həmrəyliyi imperiyada xof yaratdı. Sonrakı illərdə mübarizəni daha da gücləndirən Azərbaycan xalqı uzun illər arzusunda olduğu istiqlaliyyət naminə mübarizliyini bütün dünyaya nümayiş etdirdi. Müstəqilliyimizin banisi, qarantı isə ulu öndər Heydər Əliyev oldu. «Məhz buna görə biz həmişə deyirik ki, Heydər Əliyev müstəqil Azərbaycanın banisidir. Hər dəfə o tarixi yada salaraq, təəssüf hissi ilə qeyd edirik ki, əgər müstəqilliyimizin ilk illərindən Heydər Əliyev hakimiyyətdə olsaydı, bizim ölkəmiz Dağlıq Qarabağ problemi ilə üzləşməzdi. O, heç vaxt imkan verməzdi ki, orada separatçılar baş qaldırsınlar. Heç vaxt imkan verməzdi ki, xalqımıza qarşı bu qanlı cinayət törədilsin» söyləyən Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin «Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır» sözlərinin həyatda təsdiqləndiyini qürurla bildirir. O illərdə başlanan dirçəliş hərəkatı ilə ulu öndər Heydər Əliyevin daimi tövsiyəsi olan «Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir» sözləri qəhrəmanlıq tariximizə əbədilik yazıldı.
Ötən əsrin sonlarında Azərbaycanda yaranan xaosu, Kremlin əmrlərini dövlətçilik mənafeyindən üstün tutanların, xalqın etiraz səslərini boğmağa çalışanların xəyanətlərini, AXC-Müsavat cütlüyünün kreslo uğrunda davasını «Xalq milli əhval-ruhiyyə ilə milli mənlik zirvəsinə qalxırsa, onun başında duran adamlar isə öz şəxsi mənafelərinə görə xalqın başından basırlarsa bax, bu, xalqın ən böyük faciəsidir» sözləri ilə xarakterizə edən ulu öndər Heydər Əliyev suverenliyimizin qarantı olmaqla insanlara azadlıq yolunda bələdçilik etdi. Xalqına xəyanət edənlərin mənfur niyyətlərinin qarşısını cəsarətlə aldı.
Göründüyü kimi, Azərbaycan xalqının azadlıq uğrunda mücadiləsi çətin sınaqlarla üzləşib. Xalqımızın qəhrəmanlıqla dolu salnaməsində tarixi, əlamətdar günlər çox olub. Bəxtinə uğur yazılan tarixlərdən biri də 17 noyabr 1990-cı ildir. Həmin gün xalqını canından artıq sevən Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyası dövlətçilik salnaməmizə yazıldı.
Həmin gün ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin tarixi sessiyasında qəbul olunan qərar xalqımızın müstəqillik arzusunu gerçəkləşdirdi. Deputatların təklifi ilə sessiyanın aparılması parlamentin sədrinə, yaxud hansısa millət vəkilinə deyil, xalqımızın sevimlisi, müdrik şəxsiyyət Heydər Əliyevə həvalə edildi. Gərgin, eyni zamanda, qürurverici müzakirələr saatlarla davam etdi. Ulu öndər Heydər Əliyevin təklifi ilə «sovet, sosialist»” sözləri muxtar respublikanın adından çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağı dövlət bayrağı kimi qəbul edildi, himnimiz, gerbimiz bərpa olundu. Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, bu bayraq rəsmi dövlət bayrağı kimi təsdiq olunsun. Bu təşəbbüs müstəqilliyimizin ilk əlamətləri kimi xalq tərəfindən dəstəkləndi. Sessiyada qəbul olunmuş qərara əsasən Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin bundan sonra Ali Məclis adlandırılması, üçrəngli bayrağın, himn və gerbin qəbul olunması ilə bağlı qəbul olunmuş qərar Azərbaycanın Prezidentinə, hakimiyyət və qanunvericilik orqanlarına, dövlətin rəsmi informasiya vasitələrinə ünvanlandı. Azərbaycan xalqı üçün tarixi əhəmiyyətli bu qərarın qəbulu ilə ulu öndər Heydər Əliyev daim arzusunda olduğu müstəqilliyimizin əbədiyyət tarixini yazdı. Ulu Öndər bildirdi ki, qəbul olunmuş bu mühüm əhəmiyyətli qərar yuxarının göstərişi ilə məcburi qəbul olunmuş sənəd deyil, xalqın arzusunu əks etdirən tariximizin qarantıdır. O tarixdən müstəqillik rəmzi olan, varlığımızı təsdiqləyən bayrağımız dövlət atributu olmaqla müqəddəs sayılır.
Dövlət başçılarının andiçmə mərasimlərində Qurani-Kərimlə birgə bayrağımızı öpərək, xalqa , milli- mənəvi dəyərlərə sadiq qalacaqlarına söz vermələri onu göstərir ki, üçrəngli bayrağımız da müqəddəs dini kitabımız qədər əzizdir. Elə bir dövlət himni yoxdur ki, orada həmin ölkənin bayrağının adı çəkilməsin. Çünki bayraq hər bir dövlətin, millətin əsrdən-əsrə, nəsildən-nəsilə ərmağanı, varlığını bildirən müqəddəs əmanət, əbədiyyət simvolu, «vətəndaşlıq vəsiqəsi», millətin qürur, iftixar mənbəyidir. Dövlət bayrağımızın möhtəşəmliyini, milli dirçəliş ruhunun qürurunu yaşamaq haqqını xalqına bəxş edən ulu öndər Heydər Əliyev həqiqi mənada xilaskarlıq missiyasını o çətin dövrlərdə cəsarətlə yerinə yetirdi. «Məhz 1990-cı illərin əvvəllərində Naxçıvanın taleyi həll edilirdi. Əgər o illərdə Heydər Əliyev Naxçıvanda olmasaydı və naxçıvanlılar Ulu Öndərin ətrafında sıx birləşməsəydilər, Naxçıvanın taleyi çox ağır ola bilərdi» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu qərarın qəbulu ilə xalqımızda milli təfəkkür ideyası formalaşdı. Milli dirçəliş ruhunun formalaşması ilə xalqımızda özünəqayıdış inamı gücləndi. Həmin günün tarixi əhəmiyyətini dəyərləndirən Prezident İlham Əliyev 17 noyabr 2007-ci ildə Bakıda Dövlət Bayrağı Meydanının yaradılması ilə bağlı Sərəncam imzaladı. Dövlət başçımız İlham Əliyevin 17 noyabr 2009-cu il Sərəncami ilə Dövlət Bayrağı Günü təsis olundu.
O çətin dövrdə Ermənistan tərəfindən blokadaya alınan, ağır vəziyyətdə olan muxtar respublika əhalisini böhrandan xilas edən, ulu öndər Heydər Əliyevin fədakarlığı sayəsində həmin dövrdə iqtidarda olan Azərbaycan rəhbərliyinin Naxçıvana ögey münasibəti nəticəsində yaranan ərzaq, enerji qıtlığı aradan qaldırıldı. Naxçıvanda dövlət çevrilişi cəhdinə belə çalışanların mənfur niyyətlərinin qarşısı xilaskarımızı sevənlərin birliyi ilə alındı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi Azərbaycanın digər bölgələrində Sovet İttifaqının saxlanması üçün qanunsuz referendumun muxtar respublikada keçirilməsinə yol verməyən, bununla da növbəti dəfə müstəqilliyimizi qoruyan ulu öndər Heydər Əliyev «Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir» sözlərinin hikmətini tarixi xidmətlər ilə doğrultdu. Naxçıvandan eşidilən «azadlıq, müstəqillik» çağırışları ümummilli lider Heydər Əliyevin təbirincə deyilsə, suverenlik üçün əsas şərt olan milli oyanışı, milli dirçəlişi, milli ruhu canlandırdı. İnsanlarda milli təfəkkürü, özünə güvəni fomalaşdırdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev çox qısa zamanda uğurlu daxili və xarici siyasəti sayəsində Azərbaycanı inkişaf yolu ilə irəliyə apardı. Xalqın etimad göstərdiyi ulu öndər Heydər Əliyev Prezident kimi də Azərbaycanın müstəqilliyinin əbədiliyi naminə tarixi missiyasını davam etdirdi. «Mənim başlıca arzum Azərbaycanı siyasi və iqtisadi cəhətdən müstəqil, demokratik respublika kimi görməkdir» söyləməklə Azərbaycanın gələcək inkişaf yolunu müəyyənləşdirən Ulu Öndərin xilaskarlıq missiyasının başlıca şərtlərindən olan milli birlik, həmrəylik xalqımıza Qələbə sevincini yaşatdı. 30 il Ermənistanın işğalı altında qalan torpaqlarımızın birliyimiz sayəsində azad olunması milli dirçəlişimizin, torpaqlarımız uğrunda mübarizliyimizin təntənəsi idi.
Daim xalqa güvənən, milli birliyimizi ümumi sərvətimiz adlandıran ulu öndər Heydər Əliyevin inkişaf konsepsiyasını uğurla davam etdirən layiqli varisi Prezident İlham Əliyevin daxili və xarici siyasətinin beynəlxalq aləmdə dəstəklənməsi daha böyük nailiyyətlər qazanmağımıza zəmin yaradır. Dünyanın müxtəlif ölkələrində məskunlaşan soydaşlarımızın təşkilatlanması, etibarlı tərəfdaşlarının sayının artması, Azərbaycanın Avrasiya məkanında güc, söz sahibi kimi qəbul olunması bu gücün sarsılmazlığının ifadəsidir. Şuşanın işğaldan azad olunduğu gün Şəhidlər xiyabanında xalqa müraciət etməklə ata vəsiyyətini yerinə yetirdiyini söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycanın uğurlarının təməlində milli birliyimiz, həmrəyliyimiz, gələcəyə tükənməyən inamımız dayanır. Beynəlxalq siyasi arenada qazanılan uğurlar isə ölkəmizin siyasi, iqtisadi, hərbi qüdrətini möhkəmləndirir.
Xuraman
İsmayılqızı
İki sahil.- 2022.- 17 noyabr.- S.5.