Müasir Azərbaycan ulu
öndər Heydər
Əliyevin həyat
amalının təntənəsidir
«Heydər Əliyev İli»nin təsis
edilməsi, həmçinin Tədbirlər Planının təsdiqlənməsi
dahi şəxsiyyətin dövlətimiz, xalqımız
qarşısında xidmətlərinin çoxşaxəliliyini,
miqyasının böyüklüyünü təsdiqləyir
Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edildi. Ölkə Prezidentinin 28 noyabr 2022-ci il tarixli Sərəncamı ilə 18 müddəadan ibarət «Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər planı təsdiqləndi. 2023-cü il çərçivəsində görüləcək işlər bunlardan ibarətdir: Heydər Əliyev İli” ilə bağlı yerli və beynəlxalq əhəmiyyətli forum, konfrans, simpozium, dəyirmi masa və seminarların keçirilməsi; yerli və xarici mediada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən veriliş, sənədli film və videoçarxların nümayiş etdirilməsi, müsahibə və məqalələrin dərc edilməsi; Azərbaycan Respublikasının şəhər və rayonlarında elm və mədəniyyət xadimlərinin, tanınmış ziyalıların iştirakı ilə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər keçirilməsi; Azərbaycan Respublikasının şəhər və rayonlarında “Heydər Əliyev İli”nə həsr olunmuş müxtəlif müsabiqələrin, sərgi, festival və düşərgələrin, konsert və tamaşaların təşkili; Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri tərəfindən “Heydər Əliyev İli” ilə bağlı tədbirlər keçirilməsi; Azərbaycan diaspor təşkilatları, koordinasiya şuraları, Azərbaycan Evləri və həftəsonu məktəblərində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbirlər keçirilməsi; Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlarda “Heydər Əliyev İli” ilə əlaqədar tədbirlərin təşkili; “Heydər Əliyev İli” çərçivəsində idman yarışlarının və beynəlxalq turnirlərin təşkili, “Heydər Əliyev İli” ilə əlaqədar ölkə ərazisində müvafiq poster və bannerlərin yerləşdirilməsi, rəqəmli bilbordlarda və monitorlarda videoçarxların nümayiş etdirilməsi; Ulu Öndərin irsinə həsr olunmuş əsərlərin, kitabların və monoqrafiyaların nəşri; Ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələr üçün “Heydər Əliyev təqaüdü”nün təsis edilməsi; Təhsil müəssisələrində “Heydər Əliyev dərsləri”nin keçirilməsi; «Heydər Əliyev İli» çərçivəsində sosial dəstək tədbirlərinin və xeyriyyə aksiyalarının keçirilməsi; Azərbaycan Respublikasının şəhər və rayonlarında ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyalarının keçirilməsi və abadlıq işlərinin aparılması; Azərbaycan Respublikasının “Heydər Əliyev – 100” yubiley medalının təsis edilməsi; Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş poçt markalarının və xatirə nişanlarının buraxılması; Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələrin hazırlanması, Heydər Əliyev Mükafatının təqdimat mərasiminin keçirilməsi.
«Heydər Əliyev İli»nin təsis edilməsi, həmçinin Tədbirlər Planının təsdiqlənməsi dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin çoxşaxəliliyini, miqyasının böyüklüyünü təsdiqləyir. Müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Bu fikir özündə bütün məqamları ehtiva edir. Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını uğurla yerinə yetirərək Azərbaycanı xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi böhrandan xilas etdi. Torpaqlarımızın işğalının qarşısını aldı. 1994-cü ildə dahi şəxsiyyətin səyləri nəticəsində cəbhə xəttində atəşkəsin əldə olunması ölkəmizdə sabitliyin möhkəmləndirilməsində öz sözünü dedi. Sabitlik bütün inkişafın əsasıdır. Azərbaycan yenidən quruldu. Dövlətçiliyin əsasları yaradıldı.
«Heydər Əliyev İli» dahi şəxsiyyətin müasir müstəqil Azərbaycan Respublikasının, dövlətçiliyimizin bugünkü tərəqqisində, ən əsası qalib ölkə kimi beynəlxalq aləmdə tanınmasında rolunu və xidmətlərini ümumiləşdirir. Bugünkü qalib Azərbaycan ulu öndər Heydər Əliyev siyasətinin təntənəsidir. Lakin 2023-cü ilin ümumilikdə “Heydər Əliyev İli” elan edilməsi bu dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən araşdırılmasına, bu günədək çap olunan elmi əsərlərin, kitabların sırasına yenilərinin əlavə olunmasına geniş imkanlar yaradacaq. Tədbirlər Planında da bu kimi müddəalar öz əksini tapır. Onun fəaliyyətinin hər bir mərhələsi - istər Azərbaycanda hakimiyyətinin birinci dövrü (1969-1982), istər Naxçıvan mərhələsi, istərsə də müstəqilliyimizin bərpasından sonrakı dövr ayrı-ayrılıqda tədqiqat mövzusudur.
Sərəncamda da qeyd edildiyi kimi, ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan ulu öndər Heydər Əliyevin həyat amalının təntənəsidir. Dahi şəxsiyyət hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək biri-birindən mühüm addımlar atmışdır. Bu fikir hər zaman önə çəkilir ki, ulu öndər Heydər Əliyev hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın ən geridə qalmış respublikasından qabaqcıl ölkəyə çevirdiyi kimi, hakimiyyətinin ikinci mərhələsində də müstəqilliyimizin xilaskarı kimi adını tarixə qızıl hərflərlə yazdı. 1969-1982-ci illərdə qoyulan möhkəm iqtisadi təməl bugünümüz üçün əsas oldu. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışandan sonra müstəqilliyimizin ilk illərində Azərbaycanın yaşadığı çətinliklər fonunda hakimiyyətinin birinci dövrünü belə xarakterizə edirdi ki, o dövrlərdə yaranmış iqtisadi potensial bizim böyük sərvətimizdir. Bu sərvət də Azərbaycanın tam sərbəst, heç bir dövlətdən asılı olmayaraq yaşamasına imkan verir. Biz müstəqilliyimizi tam bərpa etdikdən və qarşıda duran vəzifələri həyata keçirdikdən sonra ölkəmizin bu iqtisadi potensialının bəhrələrini Azərbaycanın hər bir vətəndaşı görəcək və bunun sayəsində şən, firavan yaşayacaqlar.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən, daha dəqiq desək, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin iqtisadi inkişaf dinamikasına diqqət yetirmək kifayətdir ki, Ümummilli Liderin bu fikirlərinin reallıqda öz təsdiqini tapdığını əminliklə qeyd edək. Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün böyük idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soykökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir. Ümummilli Lider bildirirdi ki, milli azadlığa nail olmaq üçün xüsusən xalqımızda milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır.
Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan ulu öndər Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Ümummilli Lider bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş, respublikamızın malik olduğu bütün imkanlardan onun inkişafı üçün istifadə etmişdir.
Əvvəldə də qeyd etdiyimiz kimi, zamanın hökmü ilə ötən əsrin 90-cı illərin başlanğıcında dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini tamamilə itirmək təhlükəsi ilə qarşılaşdı. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi.
Ulu öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayır, dövlətinə, xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin əyani təcəssümüdür. Hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu önə çəkərək irəli sürdüyü “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisini atdığı addımları ilə təsdiqləyən ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana biri-birindən əhəmiyyətli uğurlar qazandırdı. Milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrildi və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edildi. Tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalanmasının 23-cü ilində “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsinin təqdimatı oldu. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi ilə Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə çevrildi. İllər keçdikcə Azərbaycanın enerji sektorunda qazandığı uğurlar, iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu artırdı. 2014-cü ildə təməli qoyulan və 2018-ci ildə rəsmi açılış mərasimi keçirilən Cənub Qaz Dəhlizi Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin təqdimatı oldu. 2018-ci ilin iyununda Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən olan TANAP, 2020-ci ilin dekabrında isə TAP istifadəyə verildi. Ötən bu illər ərzində Azərbaycanın enerji sektorunda qazandığı uğurlar qeyri-neft sektoru sahəsində də mühüm addımların atılmasını şərtləndirdi. 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olması əsas məsələ kimi önə çəkildi. Azərbaycanın iqtisadi inkişafı beynəlxalq səviyyədə möcüzə kimi dəyərləndirilir. Eyni zamanda, ölkəmiz beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşır.
Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərini bir yazıda əhatə etmək mümkün deyil. Bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, bu günlərdə 30 illik yubileyini qeyd edən Yeni Azərbaycan Partiyasının yaradılması da dahi rəhbərin fəaliyyətinin Naxçıvan mərhələsinin əsas tərkib hissələrindən biridir. Bu baxımdan ki, partiyanın hansı dövrdə, hansı şəraitdə yaradıldığı məlumdur. Prezident İlham Əliyevin partiyanın yaradılmasının 30 illiyinə həsr olunan tədbirdə, həmçinin ötən il YAP-ın VII qurultayında qeyd etdiyi kimi, faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş - 1993-cü ilin oktyabr ayında Heydər Əliyevin xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçilməsi ilə ölkəmizin böhrandan çıxma prosesi başlanmış oldu. Biz bu tarixi heç vaxt unutmamalıyıq. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı.
Ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında ən böyük xidmətlərindən biri 2003-cü ildə xalqa müraciətində qarşıdakı dövrdə Azərbaycanı möhkəm təməl üzərində uğurla inkişaf etdirməyə qadir ünvanı göstərməsi oldu. 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən dövlətimizin başçısı İlham Əliyev son 19 ildən ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirir. Bu gün Prezident İlham Əliyevin gördüyü işlərin zirvəsində ərazi bütövlüyümüzü bərpa etməklə Ata vəsiyyətini yerinə yetirməsi dayanır. Ümummilli Lider qeyd olunan müraciətində axıra çatdıra bilmədiyi işlərin Prezident İlham Əliyevin xalqın dəstəyi ilə həyata keçirəcəyinə böyük inamını ifadə etmişdi. Ulu Öndər “Ona Özüm qədər inanıram” söyləməklə gələcək inkişafın aydın mənzərəsini təqdim etmişdi. Prezident İlham Əliyev bu müddət ərzində torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işləri çərçivəsində bütün zəruri addımların atılmasına nail oldu. Azərbaycanın iqtisadi imkanları daha da genişləndi. Beynəlxalq münasibətlər sistemində rolu artdı. Münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Ordu quruculuğu prioritet sahə kimi öndə oldu. Dövlətimizin qətiyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir oldu. 44 günlük Vətən müharibəsində şanlı Zəfərimiz Azərbaycanın qarşısında yeni imkanlar yaradır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, ümummilli lider Heydər Əliyev müstəqilliyimizin, Prezident İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi adlarını tarixə qızıl hərflərlə yazdılar.
“Heydər Əliyev İli” çərçivəsində dahi şəxsiyyətin irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun görəcəyi işlər, gerçəkləşdirəcəyi layihələr hədəflərə çatmağa öz töhfəsini verəcək. Çoxşaxəli fəaliyyəti ilə Azərbaycan dövlətinin daha da qüdrətlənməsinə öz töhfələrini verən Heydər Əliyev Fondunun ölkə daxilində, eyni zamanda, xaricində həyata keçirdiyi layihələr ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdimatı mərasimində dövlət başçısı İlham Əliyev onun Heydər Əliyev Fondunun rəhbəri kimi gördüyü işləri yüksək dəyərləndirərək bildirmişdir ki, bu çoxşaxəli fəaliyyət qəbul etdiyim qərarda əsas rol oynadı.
Heydər Əliyev yolu bundan sonra da Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq. Qalib Azərbaycan Ümummilli Liderin görmək istədiyi Azərbaycan kimi sözünün imzası qədər əhəmiyyətini təkmil inkişaf modeli ilə bir daha təsdiqləyəcək. Həyatının yeni dövrünü yaşayan Azərbaycana bu gün beynəlxalq baxış ən yüksək səviyyədədir. Tarixi ədaləti bərpa edən Azərbaycan dünyaya çatdırdı ki, beynəlxalq hüquq əsasdır. Dövlətlərarası münasibətlərdə etimad mühitinin yaradılmasında bu faktorun rolu böyükdür. Azərbaycan tarixi Zəfərimizin fonunda gələcəyə doğru böyük inamla addımlayır.
Yeganə
Əliyeva
İki sahil.- 2022.- 30 noyabr.- S.3.