Bu məkanda hamı ehtiramla ayaq
saxlayır...
Şəhid Aslan Hüseynovun abidəsi
and yerimizdir
Gəncə-Tərtər şose
yolunun üstündəki Qaradağlı kəndinin girəcəyində
qara mərmərdən səliqə ilə tikilmiş və
gül-çiçəyə qərq edilmiş xatirə-bulaq
kompleksi buradan ötüb keçənlərin diqqətini
özünə çəkir...Hamı bir anlıq da olsa ayaq
saxlayır, burada abidəsi ucalan igidi hörmətlə yad
edir, ona Allahdan rəhmət diləyir. Bəli, mərmər
lövhədən boylanan gənc hərbçinin gözlərindəki
qorxmazlıq, mərdanəlik, şəfqət, güclə
hiss olunan gizlin bir nisgil buradan
ötüb-keçən hər kəsi ayaq saxlamağa vadar
edir. Sinəsindəki orden və medallar, fərqləndirici
nişanlar onun igid bir döyüşçü olduğundan
xəbər verir...Bəli, Aslan belə oğul idi.
...Şəhid
Aslan Malik oğlu Hüseynovun adı indi bütün
Qaradağlı kəndinin sakinləri və döyüş
yoldaşları tərəfindən dərin hörmət və
məhəbbətlə anılır. Şərəfinə
ucaldılan abidə isə kənd əhalisinin and yerinə
çevrilib.
Aslan təbiətən
sakit, utancaq və təvazökar bir gənc idi. Ancaq onu da
bilirdilər ki, bu keyfiyyətləri ilə bərabər, həm
də qorxmaz və dönməzdir, qətiyyətlidir. Xoş
rəftarı ilə kənddə təkcə qohum-əqrəbanın
deyil, hamının sevimlisinə çevrilmişdi. Ona görə
ki, kimə bir işdə kömək lazım olurdusa Aslan
orada idi. Az danışıb çox iş görməyi, əvəz
gözləməməsi ilə hamının dərin rəğbətini
qazanmışdı.
Orta məktəbi
bitirəndən bir il sonra günlərin birində Aslan hərbi
xidmətə getdi. Hərbi xidmətini başa vurduqdan sonra
könüllü olaraq ordu sıralarında qaldı və
xidmətini davam etdirdi. Sonra ailə qurdu, bir oğul, bir
qız atası oldu.
2016-cı
ilin aprelində artilleriya bölmələri tərkibində Lələtəpə
uğrundakı döyüşlərdə hünər
göstərdi. Ermənilərin mif düzəltdikləri guya
keçilməz "Ohanyan xətti" igid
artilleriyaçılarımızın sərrast atəşləri
ilə cəmi 40 dəqiqəyə darmadağın edildi.
Gizir Aslan Hüseynovun öz topçu batareyası ilə
düşmən müdafiəsinin yarılmasında və
qoşunlarımızın hücuma keçməsində əhəmiyyətli
xidmətləri oldu. Dəqiq atəşləri ilə
düşmənin bir neçə zirehli texnikasını və
canlı qüvvəsini sıradan çıxardı.
Döyüş dostları ona zarafatla: "Adını
düz qoyublar, Aslansan ki, aslansan"-dedilər.
Döyüşlərdə mərdlik və igidlik göstərdiyinə
görə gizir Aslan Hüseynov “Hərbi xidmətdə fərqlənməyə
görə” və “Şücaətə görə”
medalları ilə təltif olundu.
Dördgünlük
müharibədən çox keçməmiş xidmət
etdiyi hərbi hissənin komandanlığı gizir
Hüseynovu yeni hərbi texnikanın sirlərini mənimsəmək
üçün ixtisasartırma kursuna göndərdi. O, kursda
xaricdən alınmış müasir raket atan silahla
davranmağı öyrəndi, ekipaj komandiri kimi daha da püxtələşdi.
...2020-ci
il sentyabrın 27-də sübh tezdən Azərbaycan
Silahlı Qüvvələri Ermənistanın davamlı təxribatlarına
cavab olaraq Qarabağ torpaqlarını azad etmək
üçün əks-hücum əməliyyatlarına
başladı. Hərbi əməliyyatların birinci
günündə gizir Aslan Hüseynov cəbhənin
Goranboy-Suqovuşan istiqamətində düşmənin hərbi
texnikalarını vurur, piyadaları üçün əsl cəhənnəm
yaradırdı.
Müharibənin
dördüncü günü... Baş gizir Aslan Hüseynov
optik cihazla düşmən tankının
ağır-ağır irəlilədiyini gördü və məsafəni
təyin edərək atəş açdı. Erməni
tankı ona dəyən zərbədən silkələnib
dayandı və qara tüstüyə büründü. Aslan
zirehli maşından özünü yerə atıb sevincini
dostları ilə bölüşmək istərkən lap
yaxınlığında top mərmisi partladı...Aslan
yıxıldı...
Döyüş
dostları ona tərəf tələsdilər, ancaq gec idi. Qəlpə
onu bir neçə yerdən elə yaralamışdı ki..!
...Həmin gün Qaradağlı kəndində iynə atsalar yerə düşməzdi. Onun dəfninə respublikamızın bir çox bölgələrindən də gəlmişdilər. Atası Malik, anası İradə məğrur idilər, ağlayıb-sıtqamırdılar. Onlar özlərini yenilməz qəhrəman valideynləri kimi aparırdılar. Bu gün Vətən torpağının azadlığı qurban tələb edir, bu yolda heç kəs öz canını əsirgəməməlidir. "Otuz ildir bizə qan udduran düşmən nəhayət, nəyin bahasına olursa-olsun müqəddəs torpaqlarımızdan süpürülüb atılmalıdır"-deyirdilər. Əhsən belə valideynlərə!
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə baş gizir Aslan Hüseynov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni“ və "Suqovuşanın azad olunmasına görə” medalı və təltif olundu. Aslan otuz beş yaşında Vətənə layiqli xidməti və sonda şəhadəti ilə xalqımızın əbədi məhəbbətini qazandı.
Qəhrəman Aslanımız iki ildir ki, cismən aramızda yoxdur. Amma o, qəlbimizdə əbədi yaşayır və yaşayacaqdır! Çünki şəhidlər ölməz, Vətən bölünməz!
Vəli İlyasov
İki sahil.- 2022.- 1 oktyabr.- S.17.