Zəfərlərdən Zəfərlərə

 

Heydər Əliyevin əbədiyaşar ideyaları Azərbaycanı yeni-yeni uğurlara aparır

 

Hər bir xalqın tarixinin taleyüklü dönəmlərində, daha dəqiq desək, “olum, ya ölüm” dilemması qarşısında qalanda siyasət meydanına elə şəxsiyyətlər atılır ki, onlar nəinki öz toplumlarını, bütövlükdə dünyanı gözlənilən böyük təhlükələrdən xilas etməklə adlarını tarixə qızıl hərflərlə yazırlar. Belə tarixi şəxsiyyətlər təkcə öz xalqlarını və dünyanı kataklizmlərin qorxunc “caynağından” qoparıb inkişaf, tərəqqi yoluna çıxarmaqla kifayətlənmirlər. Onlar özlərindən sonra elə bir irs qoyub gedirlər ki, bu ideologiya tarix boyu təmsil etdikləri xalqların inkişaf, tərəqqi yoluna nur saçır, qarşıya çıxan bütün problemlərin həllində açar rolunu oynayır.

Heç də təsadüfi deyildir ki, indiyədək bəşər tarixinin yetişdirdiyi bu keyfiyyətlərə malik dahi şəxsiyyətlər sırasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı birincilər sırasında çəkilir. Hətta bir az da irəli gedərək əminliklə deyə bilərik ki, Heydər Əliyevin adı belə tarixi şəxsiyyətlərin siyahısında birinci çəkilməyə layiqdir. Bu məqamda sual oluna bilər: Bu əminliyimizə zəmin yaradan hansı amillərdir? Bu sualın cavabını tapmaq üçün qısaca olaraq tarixi faktlara müraciət etmək zərurəti yaranır. Faktlar isə sübut edir ki, dünya binə olandan indiyədək tarixin elə bir mərhələsi olmayıb ki, hər hansı bir lider öz xalqını iki dəfə zamanın sərt sınaqlarından, ağır imtahanlarından sağ-salamat çıxarsın, onu məhv olmaq təhlükəsindən xilas edərək inkişaf, tərəqqi yoluna istiqamətləndirsin. Tərəddüd etmədən demək olar ki, dünya tarixində belə bir çətin missiyanı ilk dəfə məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev böyük məharətlə yerinə yetirib.

Fikrimizi əsaslandırmaq üçün gəlin birlikdə yaxın tariximizin səhifələrini vərəqləyək. Ötən əsrin 60-cı illərində SSRİ-nin tərkibində olan Azərbaycan İttifaqın ən geridə qalmış, bütün sahələrdə tənəzzülün girdabına yuvarlanmış  milli ucqarlarından biri, bəlkə də birincisi idi. Bütün sahələrdə qarşısıalınmaz geriləmə, ətalət, durğunluq, ruh düşgünlüyü, sabaha inamsızlıq ovqatı hökm sürürdü. Demək olar ki, Azərbaycanı, o dövrün ifadəsi ilə desək, “Biləcəridən o tərəfdə tanıyan yox idi.” Ölkənin belə bir acınacaqlı durumda olduğu bir vaxtda - 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə keçmiş SSRİ-nin ən geridə qalmış aqrar respublikasının həyatında inkişaf, tərəqqi, artıq ölməkdə olan milli ruhun yenidən dirçəlməsi və milli-mənəvi dəyərlərin intişar tapması dövrünün əsası qoyuldu. Ölkəmiz həmin dövrdə formal surətdə müttəfiq respublika statusunda  “Qırmızı imperiya”nın tərkibində olmasına baxmayaraq məhz Ümummilli Liderin rəhbərliyi ilə bugünkü müstəqil, hüquqi, dünyəvi, unitar və demokratik  Azərbaycan dövlətinin təməlləri atıldı.

Ulu Öndərin 1969-1982-ci illəri əhatə edən respublikamıza rəhbərliyinin birinci dövründə Azərbaycanın bütün sahələrdə qazandığı misilsiz uğurlar haqqında günlərlə, aylarla, hətta illərlə danışmaq olar. Təkcə bircə fakt - totalitar Sovet rejiminin meydan suladığı həmin dövrdə dahi rəhbər Heydər Əliyevin ana dilimizin nəinki qorunub yaşadılması, hətta dövlət dili statusu alması yönündə dönməz mübarizəsi bizə əsas verir uca səslə deyək ki, Ulu Öndərin həyat və fəaliyyətinin hər anı Vətənə və xalqa misilsiz xidmət nümunəsidir.

Gəlin, həmin fakta bir daha nəzər salaq. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”  Şübhəsiz, Ulu Öndərin o dövrdə SSRİ məkanında aydın səmada ildırım çaxması effekti doğuran bu addımı Kreml tərəfindən qəzəblə qarşılansa da, Ümummilli Lideri fikrindən daşındırmaq mümkün olmadı. Nəticədə Heydər Əliyevin bu təşəbbüsü 1978-ci ilin 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapdı. Dahi şəxsiyyətin bu cəsarətli addımı, eyni zamanda, gələcək müstəqil dövlətçiliyimizin milli rəmzlərindən birinin məharətlə qorunub saxlanmasına zəmin yaratdı, Heydər Əliyev siyasi irsinin əbədiyaşarlığını təmin etdi.

Heydər Əliyev millətimizi və milli dövlətçiliyimizi ikinci dəfə  məhv olmaq, tarix səhnəsindən silinmək təhlükəsindən xilas etməsindən söhbət açmamışdan əvvəl Onun 1993-cü ilin iyununda xalqın iradəsi, çağırışı və təkidli tələbi ilə hakimiyyətə qayıdışı ərəfəsindəki Azərbaycanın siyasi, hərbi, iqtisadi, sosial və iqtisadi həyatında cərəyan edən mənfi tendensiyalara qısa nəzər yetirmək zərurəti yaranır. Həmin dövrdə yenicə müstəqilliyini elan etmiş ölkədə yaranmış xaos, anarxiya, özbaşınalıq şəraitindən istifadə edərək hakimiyyəti silah gücünə qamarlamış AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində ərazilərimiz biri-birinin ardınca Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunur, iqtisadiyyat çökür, sosial gərginlik pik həddə çatırdı. Bir sözlə, ölkə sürətlə uçuruma yuvarlanır, vətəndaş müharibəsinin ayaq səsləri günlər keçdikcə daha gur eşidilirdi. Ölkəmiz üçün belə bir taleyüklü məqamda xalqın təkidli çağırışlarını səs verərək, əgər belə demək mümkündürsə, artıq batmaqda olan gəminin - gənc Azərbaycan dövlətinin sükanı arxasına keçən ulu öndər Heydər Əliyevin həmin vaxt söylədiyi aşağıdakı fikirlər bu Vətən fədaisinin Azərbaycan xalqını və dövlətini hətta öz canından da çox sevməsinin aydın təzahürü idi: “Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm.”

Bəli, xilaskar Lider bu dəfə də vədinə sadiq qaldı. Özünün dərin zəkasına, tükənməz intellektual potensialına, yenilməz siyasi iradəsinə, zəngin dövlətçilik təcrübəsinə və təbii ki, Onun gücünə güc qatan canından da artıq sevdiyi, uğrunda hətta ölümə belə getməyə hazır olduğu xalqının etibarına, etimadına arxalanaraq gənc müstəqil Azərbaycan dövlətini tarix səhnəsindən silinmək təhlükəsindən xilas etdi.

Heydər Əliyev milli maraqlara əsaslanan fəaliyyəti ilə ölkədə milli həmrəyliyi və inkişafı təmin etdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Ən əsası, nizami ordu yaradıldı, Birinci Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu. Müstəqil Azərbaycanda ilk parlament seçkiləri keçirildi, referendum yolu ilə Milli Konstitusiyamız qəbul edildi. Mətbuat üzərində senzura aradan qaldırıldı. Dünyanın tanınmış transmilli şirkətləri ilə haqlı olaraq sonralar “Əsrin müqaviləsi” adını alan neft müqavilələrinin imzalanması ilə Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Eyni zamanda, respublikamızın beynəlxalq əlaqələrinin formalaşdırılması və inkişaf etdirilməsi, ölkənin dünya birliyinə inteqrasiyası prosesinə başlanması dövlətimizin tərəqqi yolunda inamla irəliləməsinə yol açdı. Həmçinin Ulu Öndərin müəyyənləşdirdiyi və həyata keçirdiyi rasional, praqmatik xarici siyasət kursu sayəsində beynəlxalq münasibətlərin aktoru kimi çıxış edən dövlətlərlə müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri formalaşdırıldı.

Həmin dövrdə gənc, müstəqil dövlətimizin xarici siyasətində Azərbaycan lobbisi problemi həllini gözləyən vacib məsələlər sırasına daxil edilmişdi. Ulu öndər Heydər Əliyevin çoxsaylı xarici səfərləri zamanı Azərbaycan diasporu ilə keçirdiyi səmimi görüşləri onun bu məsələyə hansı səviyyədə diqqət və qayğı ilə yanaşdığının göstəricisi idi. Məhz dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra istər daxildə, istərsə də qürbətdə yaşayan soydaşlarımız arasında milli Azərbaycan dövlətçiliyinin varlığına və gələcəyinə inam yarandı, onların Vətənlə əlaqələri genişlənərək bu proses ardıcıl xarakter aldı.

Təbii ki, Ulu Öndərin istər Sovet Azərbaycanına rəhbərlik etdiyi 1969-1982-ci illərdə, istər fəaliyyətinin Moskva mərhələsini əhatə edən 1982-1987-ci illərdə, istərsə də müstəqil dövlətimizin sükanı arxasında olduğu 1993-2003-cü illərdə xalqımızın dünəni, bu günü və gələcəyi naminə gördüyü nəhəng işləri, yeni Azərbaycanın dövlətçilik irsinin təməl prinsiplərini təşkil edən əbədiyaşar ideyalarının təntənəsini bir yazı çərçivəsinə sığışdırmaq mümkün deyil. Amma dahi strateqin zəngin siyasi irsindən söhbət açarkən Onun yaratdığı və Azərbaycanın son illərdə bütün sahələrdə qazandığı cahanşümul nailiyyətlərdə, həmçinin Vətən müharibəsində tarixi Qələbəmizdə böyük payı olan Yeni Azərbaycan Partiyasının (YAP) fəaliyyətinə toxunmamaq mümkün deyil. Təxminən bir ay yarımdan sonra yaradılmasının 30 illik yubileyini qeyd edəcəyimiz YAP təsis olduğu gündən indiyədək Heydər Əliyevin ölməz ideyalarının əbədi yaşaması və qalib gəlməsi üçün üzərinə düşən bütün vəzifələri layiqincə və  yüksək peşəkarlıqla yerinə yetirib. Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin Sədrliyi ilə Yeni Azərbaycan Partiyası Qafqaz regionunda ən güclü siyasi qüvvə olmaqla Azərbaycan xalqının milli maraqlarına xidmət edir.

Bəli, 1993-cü ilin o təlatümlü iyun günlərindən keçən 29 ildən artıq zaman məsafəsi xalqımızın o dövrdəki seçiminin nə dərəcədə düzgün və  ədalətli olduğunu bir daha sübut edir. Məhz xalqımızın o dövrdəki doğru seçiminin nəticəsidir ki, bu gün ümumxalq məhəbbəti qazanmış Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib və məğrur Azərbaycan dövləti Ümummilli Liderin həmişəyaşar ideyaları əsasında uğurla inkişaf edərək yeni zirvələr fəth edir. Ulu Öndərin özü qədər inandığı və şah əsəri olan müstəqil Azərbaycan dövlətinin sükanını etibar etdiyi Prezidentimiz İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 19 ildə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirdi və əbədi etdi. Cənab İlham Əliyev ata vəsiyyətini layiqincə yerinə yetirdi, xalqımızın başını uca etdi və Vətən müharibəsi günlərində Azərbaycan xalqını bir daha milli şüur, özünüdərk və Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq məfkurəsi ətrafında bir yumruq kimi birləşdirdi. Dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi də dahi şəxsiyyətin ideyalarının yaşamasının və Azərbaycana yeni qələbələr qazandırmasının əyani təzahürüdür. Bu gün Azərbaycan xalqı xoşbəxtdir ki, dahi Heydər Əliyev kimi Ulu Öndəri olub və qətiyyətli, sözü ilə əməli bir, milli-mənəvi dəyərlərimizə, tariximizə, Vətən torpağına ürəkdən bağlı olan və gücünü xalqımızdan alaraq dəmir yumruğu ilə tarixi haqq-ədaləti bərpa edən İlham Əliyev kimi Prezidenti, Ali Baş Komandanı var.

 

Cavid Əkbərov

 

İki sahil.- 2022.- 5 oktyabr.- S.7.

 

Yazı Yeni Azərbaycan Partiyasının 30-cu ildönümü ilə əlaqədar fərdi yazı müsabiqəsinə təqdim etmək üçündür.