Kütləvi məzarlıqlar:

Erməni faşizminin növbəti sübutu

 

Birinci Qarabağ müharibəsindən bu yana 4000 azərbaycanlı itkin düşüb, onlardan çoxu işgəncəyə məruz qalıb, öldürülüb və kütləvi məzarlıqlarda dəfn edilib

 

Təxminən iki yüz ilə yaxın bir müddətdə insanlıqdan nəsibini almayan erməni millətçiləri öz havadarlarının köməyi ilə xaqlımıza qarşı məqsədyönlü şəkildə etnik təmizləmə və soyqırımı siyasəti həyata keçiriblər. Tarixi faktlar göstərir ki, ötən əsrin 80-ci illərinin axırlarında kütləvi qırğınlarla nəticələnən bu etnik təmizləmə militarist Ermənistanın hökuməti tərəfindən planlı çəkildə həyata keçirilib. Tarixi torpaqlarımızda zaman-zaman aşkar edilən kütləvi məzarlıqlar məhz bu soyqırımı siyasətinin bariz nümunəsidir.

Xüsusilə erməni barbarları Birinci Qarabağ müharibəsində amansızcasına qətlə yetirdikləri azərabycanlıları kütləvi məzarlıqlarda basdıraraq izləri itiriblər. Həmin dövrdə ən böyük qətliam 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xo­calıda baş verib. Xocalıda girov götürülən 1275 nəfərdən 150-sinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Bundan başqa, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunun Ağdaban kəndində 67 sakinini işgəncələrlə qətlə yetirib. Həmin gün 90-100 yaşlı 8 qoca, 2 uşaq, 7 qadın diri-diri yandırılıb, 2 nəfərin taleyindən isə indiyədək xəbər yoxdur. Həmçinin ötən il Kəlbəcər rayonunun Ballıqaya ərazisində kütləvi məzarlıq aşkar edilib. Növbəti belə məzarlıq Şuşanın Daşaltı kəndində tapılıb. 1992-ci ilin yanvarında uğursuz Daşal­tı əməliyyatı zamanı 90-a yaxın azərbaycanlı həyatını itirib. Onlar­dan 30 nəfərə yaxını itkin düşmüş sayılırdı. İnsanlıq əleyhinə cinayətlərdən biri də Kəlbəcər rayonunda “Tunel” adlanan ərazidə 1993-cü il martın 31-də törədilib. 82 nəfərin 50-dən çoxu diri-diri yandırılıb, 31 nəfər girov götürülüb. Bu ərazidə də kütləvi məzarlığın olduğu bildirilir. Azərbaycanlıların kütləvi bas­dırıldığı məzarlığın aşkar olunduğu yerlərdən biri də Kəlbəcərin Baş­lıbel kəndidir. 1993-cü ilin aprelin əvvəllərində bu kəndin 73 sakini evlərini vaxtında tərk edə bilməmiş və düşməndən qorunmaq üçün kahalara sığınmışdılar. Aprelin 18-də ermənilər onlardan 14 nəfərini girov götürüb, 18 nəfəri qətlə yetiriblər.

Qırx dörd günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilər minalardan təmizləndikcə, burada Birinci Qarabağ müharibəsi zamanı barbar ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirilən mülki Azərbaycan vətəndaşlarının kütləvi məzarlıqları aşkarlanır. Bu günlərdə Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri apararkən insan qalıqları aşkar ediblər. Aşkarlanan qalıqların Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi və eyniadlı kənd uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxs və ya şəxslərə aid olduğu bildirilir. Fərrux kəndində aşkarlanan qalıqlar Birinci Qarabağ müharibəsində ermənilərin törətdikləri cinayətlərin əyani təsdiqidir. Bundan əvvəl Kəlbəcərin Başlıbel kəndində erməni vandalizminin sübutu olan kütləvi məzarlıq aşkarlanmışdı. Bundan başqa, bir müddət əvvəl Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkarlanıb. Birinci Qarabağ müharibəsi zamanı Edilli kəndində ermənilər tərəfindən girovluqda saxlanılan şəxslərin həmin məzarlıqda dəfn olunduğu bildirilir. Məzarlıqda burada əsirlikdə saxlanmış 15–20 nəfərin işgəncə ilə qətlə yetirilib gizlədildiyi güman edilir. Şübhəsiz, belə məzarlıqlar işğal edilmiş bir çox məntəqələrdə mövcuddur.

Azərbaycana qarşı hərbi təcavüz zamanı Ermənistan tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub. Prezident İlham Əliyev beynəlxalq tədbirlərdə, eləcə də yerli və xarici mətbuat orqanlarına müsahibələrində Birinci Qarabağ müharibəsində Ermənistanın Qa­rabağda törətdikləri insanlıq əleyhinə cinayətlərdən bəhs edərək hərbi əməliyyatlar zamanı əsir götürül­müş insanların naməlum aqibəti, məhv edilmiş soydaşlarımızın gizlədildikləri məzarlıqlar məsələsini daim diqqətə çatdırır.

Erməni vandallarının tarixi Azərbaycan torpaqlarında törətdikləri insanlıq əleyhinə cinayətlər zaman-zaman üzə çıxır. 2022-ci il oktaybrın 4-də Xocavənd rayonunun Edilli kəndində növbəti kütləvi məzarlığın aşkar edilməsi bunun əyani təsdiqidir. Məzarlıqda 12 nəfərə aid qalıqlar aşkarlanıb. Üzərlərində və ətrafda tapılan əşyalardan onların hərbçi olduğu ehtimal edilir. Bundan başqa, aşkarlanan qalıqlardan aydın olub ki, həmin şəxslər ölməzdən əvvəl əlləri və ayaqları məftil və ya kəndirlə bir-birinə bağlanıb. Edillidə aşkar edilmiş qalıqların Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş, bugünədək taleyi naməlum olan soydaşlarımıza məxsus olma ehtimalı yüksəkdir.

Prezident İlham Əliyev, həmçinin 2022-ci il fevralın 23-də Rusiya Federasiyasının paytax­tına rəsmi səfəri zamanı TASS agentliyinə müsahibəsində Ermənistan rəhbərliyini kütləvi məzarlıqların yerlərinin bildirilməməsinə görə ittiham etmişdi: “İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad etdiyimiz ərazilərdə 1700-dən çox həlak olmuş erməni hərbi qulluqçusu bizim tərəfimizdən tapılıb və biz onların hamısını qaytarmı­şıq. Birinci Qarabağ müharibəsi dövründən 3 min 890 azərbaycanlı, o cümlədən, təqribən, 200 uşaq indiyədək itkin düşmüş hesab edilir. Biz erməni tərəfinə kütləvi məzarlıqların yerini göstərmələri barədə müraciət etmişik, lakin hələ cavab yoxdur. Mən bilmirəm niyə?”.

Təbii ki, Ermənistanın 1949-cu il Cenevrə Konvensiyalarının tələblərini kobudcasına pozması və azərbaycanlılara qarşı etnik nifrət siyasəti yürütməsi Edillidə kütləvi məzarlığın üzə çıxması ilə bir daha təsdiqlənmiş oldu.  Məsələ burasındadır ki, təcavüzkar Ermənistan öz cinayətkar əməllərinin ortaya çıxmasının qarşısını almaq məqsədilə bu istiqamətdə əməkdaşlıqdan hələ də boyun qaçırır. İşğaldan azad edilən ərazilər minalardan təmizləndikcə aşkara çıxan kütləvi məzarlıqlar Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətini, dinc insanlara qarşı törətmiş olduğu müharibə cinayətlərini bir daha sübut edir. Dünya ictimaiyyəti bütün baş verənlərə seyrçi qalmamalıdır.  Beynəlxalq təşkilatların və müharibə cinayətlərindən danışan nüfuzlu şəxslərin nəzərinə bir daha çatdırmaq istərdik ki, Birinci Qarabağ müharibəsindən bəri 4000 azərbaycanlı itkin düşüb, onlardan çoxu işgəncəyə məruz qalıb, öldürülüb və kütləvi məzarlıqarda dəfn edilib.

Bəli, bütün bunlar militarist Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması üçün əsaslı dəlillərdir. Qətiyyətlə demək olar ki, təcavüzkar ölkə gec-tez bu cinayətkar əməllərinə görə cavab verəcək.

 

Zahid Rza

 

İki sahil.- 2022.- 5 oktyabr.- S.4.