Vətəni sevmək azdır...
Ruslan Ağamalıyev: Fəxr edirəm
ki, müəllim olmaqla
yanaşı, həm də qalib ordunun əsgəriyəm
“Vətəni
sevmək azdır, onu qorumaq
gərəkdir. Vətənim demək azdır,
Vətənin olmaq gərəkdir” müdrik deyimini dilində
əzbər edən, düşmənə qan
udduran, üçrəngli
bayrağımızı Qarabağ səmalarına
ucaldan, 30 illik yurd həsrətimizi vüsala
qovuşduran polad biləkli,
mübariz ruhlu igidlər
sırasında Ruslan Ağamalıyev
də var. O, İkinci
Qarabağ savaşının əsrə
bərabər 44 günündə
sinif otağını hərb
meydanı ilə əvəz edən,
silahla yeni tarix yazan, şücaəti
ilə düşmənə unudulmaz dərs
keçən qəhrəman Azərbaycan müəllimidir.
Şagirdlərinin müəllimi, əsgərlərinin komandiri Ruslan Ağamalıyevin məktəbdən səngərə uzanan şərəfli döyüş yolunun oxunmamış kitaba bənzəyən səhifələrini birlikdə vərəqlədik, iki il öncəyə qiyabi ekskursiya etdik.
Söhbətimizi təqdim etməzdən öncə Vətən müharibəsi iştirakçısı haqqında qısa məlumatı oxucularımızın diqqətinə çatdırırıq:
Ruslan Ənvər oğlu Ağamalıyev 1978-ci ilin mayın 15-də Zəngəzur mahalının Qarakilsə rayonunda anadan olub. 1995-ci ildə Bakı şəhəri 144 nömrəli tam orta məktəbi bitirib. 1995-1999-cu illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsidə təhsil alıb. 2000-ci ildən paytaxtdakı 157 nömrəli tam orta məktəbdə tarix müəllimi vəzifəsində çalışır. 2002-2004-cü illərdə Füzuli rayonunda hərbi xidmətdə olan R.Ağamalıyev baş leytenant rütbəsi ilə xidmətini başa vurub. Hazırda 157 nömrəli tam orta məktəbin müəllimi olmaqla yanaşı, AMEA-nın Tarix İnstitutunun doktorantıdır.
Vətən müharibəsi başlayan kimi cəbhə bölgəsinə yollanan R.Ağamalıyev Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Həmsöhbətim 2020-ci ilin Tovuz hadisələrindən sonra çoxları kimi hərbi komissarlığa müraciət edib: “Sentyabr günlərinin birində səbirsizliklə gözlədiyim zəng gəldi. Bir həftəlik hərbi hazırlıq keçdikdən sonra isə döyüşlərə qatıldım. Motoatıcı tağım komandiri kimi müharibədə iştirak etdim. Döyüş yolumuz əvvəl Füzuli, sonra Cəbrayıldan keçdi. Daha sonra isə Xocavənd rayonu istiqamətində irəlilədik. Son dayandığımız nöqtə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi oldu. Ən qızğın döyüşümüz də Xocavənddə şəhər istiqamətində oldu. Demək olar ki, mühasirəyə düşmək təhlükəsi ilə üzləşdik. Üç tərəfdən düşmənin atəşi altında idik. Şükür ki, çətinliklərimiz olsa da sonda yaxşı qurtardıq. ”
Ruslan müəllim vurğuladı ki, Qələbənin əldə olunmasında ən vacib cəhətlərdən biri də Azərbaycan xalqının hər zaman olduğu kimi, müharibə günlərində də Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşməsi oldu: “Qırx dörd günlük savaş dönəmində yadımda qalan hadisələrdən biri xalqımızın əsgər və zabitlərimizə qarşı göstərdiyi doğmalıq, sevgi hissləri idi. Onlar bizim üçün ərzaq, meyvə və digər zəruri ehtiyac duyulan məhsulları gətirərək əllərindən gələn köməyi göstərməyə çalışırdılar. Arxa cəbhədən gələn dəstək gücümüzə güc qatırdı. Ordunun gücünü xalqdan aldığı barədə indiyədək dediklərimizi, yazdıqlarımızı həmin vaxtlarda canlı yaşayırdıq. Qürurlu günlər idi . Hələ bizi döyüşdən qalib olaraq qayıtdıqda görəydiniz. İnsanlar bizi necə böyük ruh yüksəkliyi ilə qarşılayırdılar... Onların gözlərində əsgərlərimizə olan minnətdarlıq duyğusunu, qüruru və inam hissini görməmək mümkün deyildi. Vətənpərvər xalqımızın öz Prezidentini, ordusunu necə dəstəklədiyi, onların ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. Bu, Prezident- xalq-ordu birliyinin təntənəsi idi. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü.”
Ruslan Ağamalıyev əsgər və zabitlərimizin şücaətindən danışarkən diqqətə çatdırdı ki, müharibə dövründə Azərbaycan Ordusunun döyüş əzmi çox yüksək səviyyədə idi: “ Təəccüblü deyil ki, savaş müddətində ordumuzda bir nəfər də olsun fərari olmadı. Amma düşmən tərəfdən on minlərlə fərari var idi. Ən ağır və çətin döyüşlərimizdə belə əsgərlərimiz özünəinam hissini, döyüş əzmini, soyuqqanlılıqlarını itirmədilər. Döyüş zamanı ayrı-ayrı əsgər və zabitlərin göstərdiyi şücaəti unutmaq mümkün deyil. Ona görə də bu hadisələri hələ də xatırlayır və xəyallara dalıram.”
Müsahibim qələbə xəbəri aldıqları günü belə xatırladı: “Noyabrın 9-u səhər saatlarından Xocavənd istiqamətində - Qırmızı Bazar ətrafında hücuma keçmişdik. Noyabrın 10-da məlumat verildi ki, artıq müharibə başa çatıb. Noyabrın 22-nə qədər həmin mövqelərdə düşmənlə üzbəüz durduq. Müharibənin qələbəmizlə başa çatdığını biləndə böyük sevinc hissi keçirdik. Bundan da gözəl duyğu ola bilərdimi? ..“
Müharibə iştirakçısı bildirdi ki, qalib ölkənin əsgəri və müəllimi olmaq şərəflidir: “30 ilin ləkəsini tariximizdən sildik. Artıq başımız dik gəzə bilirik. Vətən müharibəsi bizə öz gücümüzə inam hissini öyrətdi. Göstərdi ki, biz bir olarkən çox böyük işlər görməyə qadirik. Tarixi Zəfərimizin qazanılması üçün keçilən yol həyatımın ən xoşbəxt dövrüdür. Qürurluyam və fəxr edirəm ki, mən müəllim olmaqla yanaşı, qalib Azərbaycan Ordusunun əsgəriyəm.”
R.Ağamalıyev əlavə etdi ki, uzun illərdən sonra azad torpaqlarımıza ayaq basmaq insanı həm qürurlandırır, həm fərəhləndirirdi. Biləndə ki, bunda az da olsa payı var insan özünü xoşbəxt hiss edir. Tərxis olunduqdan sonra azad edilmiş ərazilərimizə səfər etməmişəm. Çox istərdim ki, Elm və Təhsil Nazirliyi tərəfindən qazi müəllimlərin bu torpaqlara səfəri təşkil edilsin.”
“Şagirdlərin müəllimi yoxsa əsgərlərin komandiri olmaqmı daha çətin idi” sualına isə müsahibimin cavabı belə oldu: “Şagirdlərimiz gələcəyin əsgərləri, əsgərlərimiz də keçmişin şagirdləridir. Hər bir sahənin öz çətinliyi var. Hansının daha çətin olduğunu deyə bilmərəm. Amma həm müəllim, həm də komandir olmağın oxşar cəhəti odur ki, hər ikisi böyük məsuliyyət tələb edir. Sinifdə müəllim olaraq şagirdinə nəzəri öyrətdiklərini, cəbhədə komandir olaraq əsgərinə praktik olaraq aşılayırsan. Komandir olmağın çətin tərəfləri çoxdur. Komandir möhkəm olmalıdır, qorxusunu büruzə verməməlidir.”
Həmsöhbətim vurğuladı ki, şagirdə təhsil verməklə iş bitmir, onu həm də Vətəni sevən əsl vətəndaş kimi böyütmək lazımdır: “Bizim məqsədimiz təkcə ali məktəblərə tələbə hazırlamaq deyil, həm də vətənpərvər gənclər yetişdirməkdir. Şagirdim İsmayılın da Vətənə olan sevgisi onu şəhidlik zirvəsinə yüksəltdi... Müharibədən qayıtdıqdan sonra eşitdim ki, İsmayıl Kərimli noyabrın 4-də Daşaltı istiqamətində döyüş yoldaşlarını xilas edən zaman şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə cansağlığı versin.”
Ruslan müəllim vurğuladı ki, hər zaman hərəkətim, davranışım, danışığım və nəhayət Vətəni sevməyimlə şagirdlərimə nümunə olmağa çalışıram: “Bunu hansı müəllim bacara bilirsə, o, əsl müəllimdir. Dərslərimdə Qarabağ mövzusunu xüsusi diqqətlə keçir, erməni vandalizminin törətdiyi vəhşilikləri şagirdlərimin diqqətinə çatdırıram.”
“Vətən müharibəsindən qayıtdıqdan sonra şagirdləriniz sizi necə qarşıladı” sualını Ruslan Ağamalıyev belə cavablandırdı: “Şagirdlərim müharibədən qayıtdığımı biləndə pandemiya səbəbindən mənimlə onlayn bağlantı yaratdılar. Şagirdlərimin gözündə sevinc və qürur hissi var idi. Şagirdlərimin məni bu qədər sevdiklərini, mənimlə belə fəxr etdiklərini görəndə illərin əziyyətinin hədər getmədiyini anladım və fərəhləndim...”
Yolunuz işıqlı, qələminiz qüvvətli, uğurlarınız bol olsun, Azərbaycan müəllimi! Vətən də, xalqımız da nə müharibə iştirakçısı kimi, nə də müəllim olaraq etdiklərinizi unutmayacaq, qələmi silaha dəyişərək yazdığınız yeni Zəfər tariximizlə qürur duyur və duyacaqdır!
Yaqut Ağaşahqızı
İki sahil.- 2022.- 13 oktyabr.- S.8.