Şanlı Qələbəmiz hər şeyi özü deyir
Dövlət
başçısı İlham
Əliyevin qeyd etdiyi kimi, müstəqillik illərində biz bir amalla
yaşayırdıq ki, doğma
torpağımızı düşmənin əlindən alaq, işğaldan azad edək və ərazi bütövlüyümüzü
bərpa edək. Biz buna nail
olduq
“Müstəqillik
bizim ən böyük
sərvətimizdir, ən böyük dəyərimizdir.
Müstəqillik illərində biz bir amalla
yaşayırdıq ki, doğma
torpağımızı düşmənin əlindən alaq, işğaldan azad edək və ərazi bütövlüyümüzü
bərpa edək. Biz buna nail olduq.” Dövlət başçısı,
Müzəffər Ali Baş
Komandan İlham
Əliyevin Yeni
Azərbaycan Partiyasının tarixi Zəfərimizin
reallıqları fonunda keçirilən
VII qurultayında səsləndirdiyi bu
fikirlər dünənimizə baxış əsasında
perspektivlərin aydın mənzərəsini yaradır.
Son iki ildə bayramları, ölkəmizin həyatında əhəmiyyətli rol oynayan tarixi günləri sözün əsl mənasında bayram abu-havasında, xoş ovqatda qeyd edirik. Tarixi Zəfərimiz, eyni zamanda, tarixi günlərə yenidən baxmağı bir zərurətə çevirdi. Bu baxımdan «Müstəqillik Günü haqqında» Azərbaycan Respublikasının Qanunu xüsusi əhəmiyyət kəsb edir. Bildirilir ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olundu. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir. Beləliklə, 1918-ci ildə İstiqlal Bəyannaməsinin qəbul olunduğu 28 May Azərbaycan Respublikasında Müstəqillik Günü, 1991-ci ildə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul olunduğu 18 oktyabr isə Müstəqilliyin Bərpası Günü hesab olunmalıdır.
Müstəqilliyimizin bərpasının 31 ilinin ümumi təqdimatı 44 günlük İkinci Qarabağ müharibəsidir. İkinci Qarabağ müharibəsi Azərbaycanın bütün sahələrdə, ən əsası ordu quruculuğunda qazandığı uğurların təqdimatı oldu. Dövlət başçısı İlham Əliyev «Əlbəttə ki, ordu quruculuğu hazırlığı da əsas məsələlərdən biri idi və bizim şanlı Qələbəmiz hər şeyi özü deyir» söyləyərək bildirir ki, bütün bu hazırlıq istiqamətləri nəticədə bir nöqtədə birləşdi – 44 günlük müharibədə və bizim tarixi Qələbəmiz bizim qürur mənbəyimizdir. Bundan sonra əsrlərboyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır.
Əlbəttə, müstəqilliyimizin, suverenliyimizin qorunması, daimi olması üçün güclü ordumuzun olması vacib amillərdən biridir. Bu fakt da hər kəsə məlumdur ki, Azərbaycanın ordu quruculuğuna xüsusi diqqət göstərməsi, hərbi büdcəsini artırması işğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər tərəfindən daim reallığa uyğun olmayan şəkildə şərh edilirdi. Bu, Azərbaycanın sülh danışıqlarında maraqlı olmaması kimi dünya ictimaiyyətinə çatdırılırdı. Rəsmi Bakı buna cavab olaraq daim bildirirdi ki, müdafiə qabiliyyətimizi gücləndirmək Azərbaycanın suveren haqqıdır. Ölkəmizin tam haqqı var ki, işğal altında olan torpaqlarını istənilən yolla azad etsin. 30 ilə yaxın dövrdə Ermənistanın və ona dəstək göstərənlərin imitasiya naminə danışıqları Azərbaycan xalqının səbir kasasını doldurdu. Rəşadətli Azərbaycan Ordusunun şücaəti dünyaya səs saldı, 30 ildə dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların edə bilmədiklərini etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olundu, işğala son qoyularaq ölkəmizin həyatında yeni dövr başladı. Dövlət başçısı «Hərbi sahədə müharibə bizim şanlı səhifəmizdir» fikirlərinin davamı olaraq qeyd edir ki, eyni zamanda, təcrübədir. Bu təcrübə bizim üçün əsas olacaq və olmalıdır. Daha müasir ordunun yaradılmasına göstəriş verilib: «Çünki indi hərbi ekspertlər, beynəlxalq hərbi ekspertlər deyirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıbdır. Biz elə planlaşdırmalıyıq ki, bəlkə də əlli ildən sonra XXII əsrin müharibəsinə də hazır olaq. Çünki güc hər şeyi həll edir. Əfsuslar olsun ki, bu, belədir. Beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər.» Azərbaycan 30 ilə yaxın həsrətlə gözlədiyi sevinci yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızı ərazi bütövlüyümüzə qovuşdurdu.
Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etməsinin 31 illiyini yüksək əhval-ruhiyyə ilə qeyd edən xalqımız Zəfəri bizlərə yaşadan ölkə Prezidenti İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarlığını ifadə edir. Qanları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qəhrəmanlıq, şücaət göstərən qazilərimizə Allahdan şəfa diləyirik.
Tarix baxımdan çox da böyük olmayan 31 ilin ölkəmizə qazandırdığı uğurların miqyası geniş olmaqla yanaşı, qürurvericidir. Müstəqilliyimizin bərpasının 29-cu ildönümü Vətən müharibəsinin getdiyi dövrə təsadüf edirdi. Həmin vaxt 27 sentyabrdan başlanan Qarabağ savaşının oktyabrın 18-dək dövründə tarix yazan Azərbaycan Ordusunun qələbələrini önə çəkərək «Zəfər sizinlədir, Azərbaycan əsgəri!» söyləyərək, dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti, xalqımızın iradəsi, Silahlı Qüvvələrimizin gücü, qüdrəti sayəsində bütün işğal altında olan torpaqlarımızın azad olacağına, üçrəngli bayrağımızın Şuşada dalğalanacağına əminlik ifadə olundu. Çünki Oələbə müjdəli əsgərlərimizin döyüş ruhu yüksək idi. Hər gün Azərbaycanın tarixinə qələbə səhifəsi kimi yazılırdı. Təbii ki, bu uğurlar möhkəm təmələ, dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətinə, tarixi həqiqətlərə və real faktlara əsaslanır. Azərbaycan bir qarış torpağını belə düşmənə verməyəcəyini ən yüksək tribunalardan bəyan edirdi.
Dövlətinin, xalqının gələcəyini düşünən lider hər zaman uğurların təminatçısı olur. Müstəqilliyimizin bərpasının ilk illərinin xaosunun, özbaşınalıqlarının, hakimiyyət uğrunda mübarizələrin hansı uğursuzluqlara yol açdığı tariximizin qara, ləkəli səhifəsi kimi xatırlanır. Həmin illərdə ölkəmizə rəhbərlik edənlərin öz şəxsi ambisiyalarını hər şeydən üstün tutmaları Azərbaycanı öz dövlət müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Ən əsası Silahlı Qüvvələrimizin torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının qorunmasına xidmət etməsi ərazilərimizin işğalına gətirib çıxardı. Bu gün Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilər AXC-Müsavat cütlüyünün səriştəsizliyi ucbatından düşmənə verilib.
«1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Çünki məhz o illərdə həm dövlətçiliyin əsasları qoyuldu, Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları qoyuldu və bu gün də ölkəmizin əsas ideoloji şüarı Azərbaycancançılıq məfkurəsidir. Məhz Heydər Əliyev tərəfindən qoyulan bu əsaslar bu gün Azərbaycan xalqına yol göstərir.» Dövlət başçısı İlham Əliyev bu fikirləri ilə müstəqil Azərbaycanımızın 30 illik tarixinin aydın mənzərəsini yaradır. Cənab İlham Əliyev bunu da qarşıya mühüm vəzifə kimi qoyur ki, tarixi paralellər fonunda Azərbaycanın müstəqillik tarixində keçdiyi yol düzgün şərh edilməli, bugünkü və gələcək nəsillərə çatdırılmalıdır.
Tariximizin səhifələrini vərəqləyək. 1990-cı il 20 Yanvar faciəsindən sonra ulu öndər Heydər Əliyev birinci şəxs idi ki, Qanlı Yanvar faciəsini törədənlərə qarşı öz iradlarını irəli sürdü, onları ittiham etdi, sovet hökumətini, onun rəhbərinin fəaliyyətini pislədi. Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi və bu, müstəqillik uğrunda birinci addımlar idi. Ondan sonra, artıq Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi 1990-cı ilin noyabr ayında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək, «Sovet Sosialist» sözlərini çıxardı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı o vaxt ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın dövlət bayrağı kimi elan edilmiş və Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmışdır ki, burada da bu addım atılsın. 1991-ci ilin əvvəllərində Sovet İttifaqının saxlanılmasına dair Azərbaycanda referendum keçiriləndə Naxçıvanda ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə referendum keçirilməmişdir. Bütün bu addımlar müstəqillik yolunda atılan addımlardır. Eyni zamanda, yuxarıda da qeyd etdiyimiz kimi, bu addımlar onu göstərir ki, ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təşəbbüskarıdır, onun banisidir.
Müstəqilliyimizin bərpasının ilk illərində ulu öndər Heydər Əliyev hakimiyyətdə olsaydı, Azərbaycan dövləti, xalqı həmin illərdəki faciələri, çətinlikləri yaşamazdı. Müstəqilliyimizin bərpasının birinci dövrü, yəni 1991-1993-ci illər Azərbaycan tarixinə faciəvi dövr, ən əsası qara bir ləkə kimi yazılıb. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, tariximizin hər bir səhifəsi bizim üçün əzizdir. Şübhəsiz ki, tariximizin parlaq səhifələri ilə yanaşı, qaranlıq səhifələri də vardır. Bu səhifələr vərəqləndikcə Azərbaycan tarixinin zənginliyi təsdiqlənməklə yanaşı, keçdiyi yolun nə qədər çətin, hamar olmadığı aydın görünür. 1993-cü il dönüş ili idi. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə növbəti mərhələnin - inkişaf, tərəqqi dövrünün əsasını qoydu. Dövlət başçısı İlham Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbirdə söylədiyi bu fikirləri xatırlatmaq istərdik: «İyirmi il həm böyük bir müddətdir, həm də kiçik. Kiçikdir ona görə ki, tarix üçün 20 il heç nədir. Müstəqil bir ölkənin inkişafı üçün 20 il o qədər də böyük müddət deyildir. Ancaq, eyni zamanda, bu 20 il ərzində o qədər böyük işlər görülmüşdür ki, biz bu 20 ili böyük müddət kimi də qəbul edə bilərik və edirik... Müstəqil Azərbaycan bundan sonra əbədi yaşayacaqdır. Bu 20 il 120 il, 220 il, 520 il olacaqdır.» Ölkə Prezidenti İlham Əliyevin bu əminliyinə əsas verən amillər mövcuddur. Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət və bu xəttin uğurlu davamı Azərbaycanın qarşısında daha böyük zirvələri fəth etmək, biri-birindən əhəmiyyətli uğurlara imza atmaq imkanları yaradıb. Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki, inkişafın Azərbaycan modeli öyrənilməli və digər ölkələr bunu tətbiq etməlidir. Hər zaman önə çəkilən bir fakt da bunun təsdiqidir. 2008-ci ildən dünyanı bürüyən və nəticələri bu günə qədər hiss olunan iqtisadi və maliyyə böhranından Azərbaycanın uğurla çıxması, hazırkı dövrdə dünyanın COVID-19-la mübarizə apardığı zamanda ölkəmizin təkmil təcrübəni ortaya qoyması düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Azərbaycan yalnız daxildə deyil, beynəlxalq aləmdə həyata keçirdiyi tədbirlərlə diqqət mərkəzindədir. Azərbaycan təşəbbüsləri ilə bir-birinə əks qütbləri bir araya gətirir. Dünyaya birlik, həmrəylik mesajlarını ünvanlayır.
Azərbaycan iqtisadi möcüzələr ölkəsi kimi tanınır, yeni iqtisadi və sosial çağırışların müzakirə olunması üçün əsas məkan seçilir. Dünyanın ən islahatçı ölkələri sırasında yer almaq düzgün qurulan siyasətin, uğurlara yol açan sosial-iqtisadi islahatların nəticəsidir. Bu günün əsas çağırışlarından biri həyata keçirilən iqtisadi islahatların fonunda əhalinin sosial müdafiəsini gücləndirmək, yoxsulluq problemi ilə mübarizə aparmaqdır. Azərbaycanın özünü dünyaya sosial dövlət kimi təqdim etməsi bu sahədə əldə olunan uğurların təsdiqidir. Yoxsulluğun azaldılmasına xidmət edən Dövlət proqramlarının uğurlu icrası, əhalinin məşğulluğunun təmin edilməsi, aztəminatlı ailələrin ünvanlı sosial yardım proqramlarından bəhrələnməsi və s kimi addımlar bu gerçəkliyi təsdiqləyir ki, insan amili dövlətin siyasətində prioritet məsələdir. Təbii ki, bu addımları şərtləndirən əsas amillərdən biri ölkənin iqtisadi imkanlarının genişlənməsidir.
Ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi uzaqgörən siyasətinin nəticəsi idi. Ümummilli Lider dünya təcrübəsinə istinadən bildirirdi ki, heç bir ölkə təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Ulu öndər Heydər Əliyevin birinci şah əsəri kimi dəyərləndirilən «Əsrin müqaviləsi»nin ölkəmizə qazandırdığı uğurlar göz önündədir. Ən önəmlisi «Əsrin müqaviləsi» Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirdi, Azərbaycanın bu gününə və sabahına inamı daha da artırdı. 2017-ci ildə «Yeni əsrin müqaviləsi» imzalandı. Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini bir daha möhkəmləndirdi. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində «Əsrin müqaviləsi»nin rolunun təsdiqi kimi Azərbaycan neftinin 2006-cı ildə Ceyhan terminalına məhz 28 May-Respublika Günündə ( hazırda Müstəqillik Günü) çatmasını xüsusi önə çəkən dövlət başçısı İlham Əliyev bunun rəmzi mənası olduğunu belə açıqlamışdır: «Əsrin müqaviləsi» imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi durumunu və beynəlxalq münasibətlər sistemində yeri və rolunu təsəvvür etmək çətin deyildi.» Ölkəmizin iştirakı olmadan hazırda bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü, Azərbaycanın təşəbbüslərini gerçəkləşdirən ölkə kimi tanınması da deyilənlərin təsdiqidir.
Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qürurludur. Artıq bayram günlərində təbriklərimizin mahiyyəti, ifadə etdiyi arzular da dəyişib, yeniləşib. Hər zaman üçrəngli bayrağımızın işğaldan azad olunmasını arzu edir, soydaşlarımızın tezliklə öz doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyimizi ifadə edirdik. Bu gün isə arzular başqadır. Torpaqlarımız ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində öz sahiblərinə qayıtdı, torpaq həsrətinə son qoyuldu. Bugünümüzün əsas hədəfi, arzusu, istəyi işğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işlərini tamamlamaq, soydaşlarımızın Böyük Qayıdışını təmin etməkdir. Artıq Qarabağımızın cənnət məkana çevrilməsi üçün bütün zəruri tədbirlər görülür. Böyük Qayıdışın ilk addımı atılıb. Zəngilanın Ağalı kəndi sakinlərini qarşıladı. Şuşamız, Cıdır düzü iki ildir ki, «Xarıbülbül» musiqi festivalına, Vaqif Poeziya Günlərinə ev sahibliyi edir. İki dost, qardaş ölkənin- Azərbaycan və Türkiyənin müttəfiqlik sənədinə-Şuşa Bəyannaməsinə şahidlik edən Şuşanın son bir ildə diplomatik mərkəz kimi nüfuz qazanması qürurvericidir.
Təkcə işğaldan azad edilməsi Azərbaycanın müstəqilliyinin yenidən bərpası ərəfəsində təsadüf edən Füzulinin timsalında işğaldan azad edilmiş torpaqlarımızın böyük quruculuq meydanına çevrilməsini fəxrlə qeyd edə bilərik. Bu gün Qarbağdan mə Şərqi Zəngəzurdan dünyaya hava qapısının açılması həm bu ərazilərimizin böyük inkişaf dövrünü yaşadığını təsdiqləyir, eyni zamanda, dünyaya lazım olan mesajları çatdırır. Müstəqilliyinin yenidən bərpasının 29 ilini, daha dəqiq desək 27 ilini, yəni ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyət qaydışından sonra torpaqlarmızın işğaldan azad edilməsi istiqamətində hazırlıq işlərinə həsr edən Azərbaycanın qarşısında bundan sonra daha böyük hədəflər dayanır. Qalib Azərbaycan yeni reallıqları diktə edərək sözünün nə qədər əhəmiyyətli olduğunu təsdiqləyir. Uğurlarımızın fonunda bu həqiqəti bir daha qeyd edə bilərik ki, müstəqillik yalnız atributları ilə ölçülmür. Müstəqillik müstəqil siyasət həyata keçirməkdir ki, Azərbaycan davamlı uğurlara bu siyasəti ilə nail olur. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın adına qalib sözünü əlavə edən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə xalqın sevgisi sonsuzdur.
Yeganə Əliyeva
İki sahil.- 2022.- 18 oktyabr.- S.3.