Alməmməd Eldaroğlu
yaradıcılığının
dil-üslub xüsusiyyətləri
Oxucu qəlbini fəth edən,
şeirlərində fərqli, özünəxas deyim və
duyum tərzi ilə diqqəti cəlb edən,
Naxçıvanda yaşayıb, yazıb-yaradan şairlərdən
biri də Alməmməd Eldaroğludur. O, zəhmətkeş
ailədə dünyaya göz açıb.
Uşaqlığı və gəncliyi də elə kənd həyatı
ilə bağlıdır.
“Xatirəli boş məkanlar görürdüm, Altmış yaşla məhəllədən keçəndə” - deyən ömrünün kamil, müdrik çağını yaşayan şair kövrək duyğularını, uşaqlıq xatirələrini qələmə aldığı “Uşaq vaxtı kəndimizdə gəzəndə” adlı şeirində gözlərimiz önündə Dəmirçi kəndinin haylı-küylü küçələrinin canlı mənzərəsi nikbin bir aləm yaradır. Şeirin əsas məzmununda lirik “mən”in xatirələri dayanır. Müəllif kövrəkliyi, unudulmazlığı təkcə sözün məna yükü ilə yox, sözün ahəngi, ritmi ilə təqdim edir:
Arxası Sarıdaş, sinəsi Araz,
Hünəri Ağrıdağ yolları taraz,
Səfər kəhrizindən aşağı bir az
Bir doğma məkan var adı Dəmirçi,
Çox görüb sultanı, xanı Dəmirçi.
Danışana yerli-yersiz gülərdik,
Yarış keçib, ağac atlar minərdik,
Simdən maşın düzəldərdik, sürərdik,
Uşaq vaxtı kəndimizdə gəzəndə.
Adi uşaq məşğuliyyətini ədəbiyyata gətirərkən sözün bədii həyatına can vermək, ruh qatmaq şairdən ustalıq tələb edir. Şən və şıltaq, qayğısız uşaqlıq duyğuları şairin xatirələrindən süzülür, “qaş altında” canlanır və beləcə, bu məhəllənin poetik tarixçəsi mənəvi yaddaşa çevrilərkən obrazlı deyim və duyum tərzi emosionallığı artırır, şeirin təsir gücünü qüvvətləndirir.
Məlumdur ki, hər təcrübə dilə aforistik ifadə gətirir. Şairin canlı danışıq dilindən alınmış söz, ifadə və tərkiblərdən sıx-sıx istifadə etməsi, ata-babalarının dilindəki müdrik ifadələri yaddaşına köçürməsi və onlardan yerli-yerində istifadə etməsi onun yaradıcılığındakı əsas məqamlardandır: “Günəş qürub etsə, Ay edər cövlan”, “Sağkən ölən mən kişini Ağlamayın, mən gedirəm”, “Sınıq qəlblə ruh yüksəlməz”, “Sinəyə köz düşər, üzülsə ilmə” və s. Eldaroğlunun poeziyasından gətirilən nümunələrdəki aforizm səviyyəsində deyilmiş sözlər bədii dilimizi zənginləşdirən dil faktlardır.
“Vətən əmanətdir”, “Vətən harayı”, “Dağlar qartalı” və s. kitablarının əsas mövzu və mündəricəsini Vətən sevgisi təşkil edir. Eldaroğlunun lirikası bu mövzuda olan şeirlərlə zənginləşir, kamillik qazanır. Vətənpərvərlik mövzusu şairin lirikasında yüksək poetik gözəlliklə həzin, insani bir sevgi ilə də vətən sevgisi əks olunur. O, çılğınlıqla, yüksək ötkəmliklə, həm də qürur hissi ilə doğma yurdunu “Azərbaycan” adlı şeirində belə tərənnüm edir:
Açsa qartal qanadları
Zirvələrin vüqarıdır.
Öyünməli övladları
Zəkalıdır, dühalıdır.
A.Eldaroğlu “Heydər – Azərbaycan oldu əbədi!” şeirində Ulu Öndərə bəslənilən ümumxalq məhəbbətini aşağıdakı şəkildə tərənnüm etmişdir:
Gəldi Günəş kimi millət oyandı,
Bayrağa, Qurana bir oldu andı.
Silahsız
sülh qurdu, savaş dayandı,
Müqəddəs
ocağa döndü məbədi,
Heydər-Azərbaycan
oldu əbədi!
Alməmməd
Eldaroğlu
xoşbəxt sənətkardır. O, “polis mundirli”
polkovnik 30 il hüquq mühafizə orqanlarında müxtəlif
vəzifələrdə çalışaraq qanun keşiyində dayanıb,
haqqı və haqlı olanı hər şeydən uca tutan
sadə xalq adamı, eyni zamanda, Vətənə, torpağa,
xalqa, el-obaya bağlı şairdir. O, Vətən gözəlliklərinin
vurğunudur. Bu məftunluq poetik mükəmməlliyə
malik misralardan boy verir:
Dağ
oğlu, aranlı siz deyin mənə,
Şoran torpaqlarda duzlu daşam mən.
Qanun
keşiyində, öz görəvində,
Bir polis mundirli vətəndaşam mən.
Şair öz narahat duyğularını, tədirgin
düşüncələrini ifadə edərkən dilimizin zəngin
xüsusiyyətlərindən məharətlə istifadə
edib, ritmə girən sözləri zərgər dəqiqliyi
ilə seçib. Məlumdur ki, fikrin təzahürü olan
dil onun dərinliyini, xaslığını ifadə edən ən
layiqli və tutarlı materialdır. A.Eldaroğlu
dilimizlə bağlı, ədəbi dil normalarının
pozulması, gənclərin Qərb dillərinə olan meyli və
ana dilində danışarkən yerli-yersiz yad dillərdən
olan qırıq-qırıq kəlmələrdən istifadəsi
şairi təbdən çıxaran məqamlardır. Həmin məqamlar şeirin ruhunda, ideya və məzmununda
spesifik cəhət kimi üzə çıxır.
A.Eldaroğlunun yaradıcılığında yurdumuzun
təbiəti və onun gözəllikləri xüsusi yer
tutur. Bu mövzuda yazdığı lirik nümunələr
Vətən gözəllikləri, onun sıra dağları,
ayna bulaqları, meşələri, çəmənlikləri
kimi də mənalandırılır. A.Eldaroğlunun
qələmində bəzən təbiət dil açır.
Onun “Çərəkə gölündə”,
“Yağış”, “Yağış yağır evimə”,
“Qızıl payız...” və s.
şeirlərində hər şey
konkretdir, təsəvvürə gələndir. Təbiətin
füsunkar gözəlliklərini sanki gözlə
görür, ürəyimizlə duyur, hiss edirik. Vətən
təbiətinin gözəlliklərini axıcı bir dillə təsvir
edən şair həm də kövrək ruhuna sadiq qalaraq
çox həzin notlarda fikrini və duyğusunu bildirir. Poetik bir ab-havaya malik bu şeirlərində Alməmməd
Eldaroğlunun istəyi təbiətin gözlə
görünən gözəlliklərinin bədii dillə təsviridir.
Şairin əsas obrazı təbiət olan
“Yarımçıq yuxu” şeirlərində fikir,
düşüncə və deyim tərzi də fərqlidir.
Eldaroğlu
orijinal bir əsər yazıb. Mövzuya yeni
münasibət, fərqli yanaşma tərzi diqqəti çəkir:
Dərin
yuxuların yeddinci qatı,
Dağlar ətəyində çay qırağında.
Yəhəri
belində köhlənmış atı,
Bir ocaq çatmışdım göz
çırağımda.
Alməmməd Eldaroğlunun lirik qəhrəmanının
məhəbbəti, sözün tam mənasında,
realdır, həyati, insani məhəbbətdir. Onun “İlk məhəbbətim”,
“Görünməyən sevgi”, “Vəfasız”, “Olmaz belə,
sevgilim”, “Mənim gülüm, mənim yarım”, “Bu
zalımın balası” və s. “Könül
çırpıntıları” silsiləsindən olan
şeirləri mənəvi duyğuların təzahürü
baxımından daha yaddaqalandır. Bu lirikada məhəbbət
həm də ali mənəvi sərvət
kimi qiymətləndirilir, ona yüksək dəyər verilir.
Eldaroğlunun
sərbəst və heca vəznində yazdığı şeirlərində
dili nə qədər
sadədirsə, qəzəllərində ifadə etməyə
çalışdığı fikirlər çox heyrətamizdir.
Eldaroğlu yaradıcılığını təhlil
məqsədi ilə “ələk-vələk” edən bir tədqiqatçı
kimi, həmçinin bir oxucu həssaslığı ilə
yanaşdığım üçün deyə bilərəm
ki, onu yaradıcılığının şah damarı qəzəllərdir.
Sanki şair daha çox qəzəllərində dünya
yola salmış dərvişin müdrik fikirlərini ortaya qoyur, bəzi
beytlər aforizm səviyyəsinə yüksəlir:
Alməmməd,
el sözü var, “zər qədrini zərgər bilər”,
Sən də yaz, qoy şeirini başqa qəzəlxan
oxusun.
Zəngin, duyğu və düşüncələrin
bitkin bir tərcümeyi-halı kimi qəbul etdiyimiz qəzəlləri
axıcılığı ilə diqqəti cəlb edir.
Buradakı ifadə yeniliyi, poetik
intibahın zərifliyi, sözlərin sadə və səmimiliyi
oxucuda xoş bir təsir buraxır.
Mənəvi-əxlaqi axtarışlar Alməmməd
Eldaroğlunun poema
yaradıcılığında əsas yer tutur. Bu isə həmin
əsərlərdə yüksək bədii-fəlsəfi mənalandırmaya
zəmin yaradır. Poemaları
A.Eldaroğlunun yaradıcılıq imkanlarının
genişliyini, bədii dilinin rəngarəngliyini bir daha ortaya
çıxarır, hər bir yeni əsər uğurlu
yaradıcılıq imtahanı kimi nəzər-diqqəti cəlb
edir. Alməmməd Eldaroğlunun
poemaları məzmun və mündəricəsindən
asılı olmayaraq bütünlükdə bu poemalar ülvi
məqsədləri, idealları, amalları təcəssüm
etdirən nümunələrdir. “Dağlar qartalı”,
“Qonaq getmişdim Araza”, “Niyə belədi dünya?” və s. adlı poemalar
üçün də lirizm səciyyəvi keyfiyyətdir. Dil-üslub gözəlliyi, oxucu qəlbini isindirən,
düşüncəsini cilalandıran fikir və hisslər
Alməmməd Eldaroğlunun
poemalarında da sadiq qaldığı ədəbi-estetik
prinsiplərdir. Ona görə də
şairin poemaları da lirik şeirləri kimi oxucu
marağına səbəb olur, zövqünü
oxşayır.
A.Eldaroğlunun özünəməxsus deyim tərzi də
xüsusi olaraq diqqəti cəlb edir. Şairin söz
seçimi və onları mirvarı kimi ipə-sapa düzmək
məharəti bədii ovqatı ilə diqqəti cəlb edir. Xalq dilinin
şirinliyi, axıcılığı, ümumxalq
danışıq dilinə xas söz və ifadələrdən
istifadə etmək sadə xalqın ürəyindən xəbər
verən, onun əsərlərinə daha da canlılıq
qatan, lirizmini şirinləşdirən və şair təbini
fərdiləşdirən üslubi məqamlardır.
Şairin yaradıcılığında rast gəldiyimiz dialektdən alınan - “xıl-xış, göndəm,
girinc olmaq, girə salmaq, ovxamaq,
övlə, kirimək, puçur, yavanlıq,
düz-qoş, ala-çalpov,
öcət, kərdi, başmaq,
yarmalamaq” və s. kimi Naxçıvan dialekt və
şivələrinə məxsus bu nümunələrdən ədəbi
dil faktı kimi yerli-yerində, qədərincə istifadə
etməsi nəticəsində bu sözlərin poetikliyi şeirlərin ruhuna hopub. Yeri gəlmişkən
onu da vurğulayaq ki, A.Eldaroğlu bütün
yaradıcılığı boyu ədəbi dil normalarına
riayət edir və özünün də qeyd etdiyi kimi,
“izahlı lüğətimizdə olmayan sözlərdən
istifadə etmir”. Onun
poeziyasında rast gəldiyimiz bir neçə dialektizm
şeirin ədəbi ruhuna aşina olmaq, təbiliyi qorumaq,
şair üslubunu fərdiləşdirmək məqsədi ilə
istifadə edilmişdir.
Açıq
məntiqlə dərk olunan reallıqdır ki, öz
elini-obasını sevməyən insanda Vətən sevgisi,
öz doğma ailəsini sevməyən insanda isə
ümumxalq sevgisi ola bilməz, olsa da səmimilikdən
uzaq olar. Alməmməd babasının adını
daşıyan ada doğru müdrikləşən, ailənin
yükünü çiyinlərinə alan
övlad – atadır. Onun doğmalarına həsr
etdiyi şeirlər qəlbin, gerkçək yaşam hekayəsinin
tərcümeyi-halına çevrilir. Şairin valideynlərinə
həsr etdiyi “Endirin atamı,
endirin göydən”, “Aparma atamı”, “Tüstüdür,
ocağım alışmır, Ana”, “Ana, mənə layla de”,
“Anasızlar”, “Hardasan, ana” və s. “Görünməyən
sevda”lar adlı silsilə şeirlərində hüznlə, qəm-kədərlə,
bədbinliklə həqiqət tam açıqlığı
ilə çulğaşır. Bununla belə,
ömrünün kamil, dolğun çağını
yaşayan “Oğullar həmişə ataya möhtac”- deyən şair
duyğuları uşaq kövrəkliyi ilə yetimləşir
və bu misralar boynubükük
yetim naləsinə çevrilir:
Ürək
yaralıdı, qəddimi əymə,
Anam təzə köçüb, xətrimə dəymə.
“Övladlar
anadan yetim qalarmış” deyən şairin ruhu ömrün hər
çağında ana laylasına möhtacdır:
“Yalvardım, nə olar, mənə layla de”. Eldaroğlunun bu
silsilədən olan şeirlərinin arasındakı
özünəxas bayatıları ana laylasıtək şair
qələmindən qəlbə süzülür, ürəkdə
duyğular oyadır, sarı simlə üst-üstə vurur:
Əzizim,
uca dağlar,
Buludu quca dağlar.
Bir
oğul “Ana!” deyir,
Az
qalır uça dağlar. – Bu bayatıda o
sözləri şair seçmir, sanki ana qəlbinin kövrək
səsi ilə layla çalır.
Alməmməd Eldaroğlu təvəzökar şairdir. Adi sözə bədii don
biçmək, lirizmin imkanlarından istifadə edə bilmək,
mövzunu deyim və duyum tərzi ilə rəngləndirmək
və ən əsası, oxucu qəlbinə yol tapmaq hər kəsə
nəsib olmur. Eldaroğlunun
yaradıcılığı özünə geniş oxucu
kütləsi qazanıb. Çünki bədii
söz sənətinin vəzifəsi insanın mənəvi
varlığının, onun mənəvi
duyğularının hüdudlarını genişləndirməkdən
ibarətdir. Alməmməd Eldaroğlu da
öz şeir çələngləri ilə dəfələrlə
oxucuların görüşünə gəlib. Hər
bir kağız üzərində əriyib 2-3 santim qalan qələmi
onun mənəvi ruhundan qida alıb və mirvari kimi oxucu qəlbinə
süzülüb. Bunun da əsas və
başlıca səbəbi Eldaroğlu poeziyasının
dilinin axıcı və oxunaqlılığında,
üslubunun aydın, səlis, təbii və ifadəli
olmasındadır.
Zülfiyyə İsmayıl,
AMEA Naxçıvan Bölməsi,
filologiya üzrə fəlsəfə doktoru, dosent
İki sahil.- 2022.- 22 oktyabr.- S.14.