Ruhun şad olsun, Cavid əfəndi!

 

Prezident İlham Əliyevin Hüseyn Cavidin 140 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncam Azərbaycanın ədəbi irsinə, cavidsevərlərə töhfədir

 

Azərbaycanın ədəbi irsinə bəxş etdiyi biri-birindən qiymətli əsərlərində düşüncələrini, insanlara məhəbbət duyğularını, bədii kamilliyini vəhdət halında birləşdirərək «Mənim Tanrım gözəllikdir, sevgidir» misraları ilə bildirən, dünya romantizm ənənələrindən ustalıqla bəhrələnən, Azərbaycan dramaturgiyasında yeni mərhələnin təməlini qoyan filosof-şair Hüseyn Cavid poeziyamızda az-az təsadüf olunan fəlsəfi lirikanın dəyərli nümunələrinin müəllifidir.

İnsanları humanist ideallar uğrunda mübarizəyə səsləyən mənzum faciələri və dram əsərləri ilə xeyirlə- şərin mübarizəsində haqqın- ədalətin qələbəsini sözün qüdrəti ilə bildirən şair insanları bəşəri dəyərlərin ən qiymətli varlığı kimi sevir. Parlaq xarakterlərlə zəngin əsərləri ilə oxucularının zövqünü formalaşdıran və ölkəmizdə teatr mədəniyyətinə yeni nailiyyətlər qazandıran qüdrətli şair-dramaturq taleyinə yazılmış qısa ömür yolunda «Ana», «Maral», «Şeyx Sənan», «Şeyda», «İblis», «Azər», «Peyğəmbər», «Topal Teymur», «Səyavuş», «Xəyyam» kimi ölməz əsərləri ilə Azərbaycan ədəbiyyatının qızıl fondunda əbədi yaşam haqqı qazanmışdır. Sovet rejiminin «danışan dilləri kəsmək» cəzası olan repressiyalarının ən sərt dövründə mübarizlik ideyalarını qələminin gücü, ürəyinin hökmü ilə çatdıran şair «qılınc və qələm» seçimində sözün qüdrətini bütün təzyiqlərdən kəsərli hesab etmişdir. Hədələrdən, qadağalardan qorxmayaraq mənəvi yüksəkliyini, şəxsiyyətinin bütövlüyünü ləyaqətlə qorumuşdur. Sovet totalitarizminin günahsız qurbanlarından olan, söz xəzinəsinin ən varlı ədiblərindən sayılan, Azərbaycan xalqının qəlbində «Cavid əfəndi» adı ilə əbədiləşən şair-dramaturqun bu il anadan olmasını 140 illiyi tamam olur. Hüseyn Cavidin yubileyinin yüksək səviyyədə keçirilməsi barədə Prezident İlham Əliyevin imzaladığı Sərəncamda qeyd olunduğu kimi, Azərbaycanda ədəbi-bədii fikrin inkişafında müstəsna rol oynamış böyük söz ustası Hüseyn Cavid haqqın-ədalətin tərənnümçüsü idi.

Şairin həyatı çox keşməkeşli olub. Ümumbəşəri problemlərə humanizm mövqeyindən yanaşan, əsərlərində dövrünün problemlərini sözün qüdrəti ilə qələmə alan Hüseyn Cavidlə birgə ailəsi də ağrılı-acılı günlər keçirib. Yaşadığı dövrdə hakim olan sovet ideologiyasının mənfur tələblərinə tabe olmayan, eyni zamanda, ətrafındakı daxili düşmənlər tərəfindən haqsız ittihamlara məruz qalan Cavid əfəndi haqqında çıxarılan ədalətsiz hökmlə çoxları kimi o da gedər- gəlməz yol adlandırılan Sibirə sürgünə göndərilir.

Amma ədalətsiz səbəblərdən məhkum olunan digər günahsızlar kimi Hüseyn Cavid də sonradan bəraət almışdır. Sənətə, ziyalılara, yaradıcı insanlara qayğı ilə yanaşan «Tarix hər şeyi öz yerinə qoydu. Hüseyn Cavidin cənazəsi də Sibirdən öz Vətəninə gətirildi, onun adı da yüksəldi» sözləri ilə dramaturqun ədəbi fəaliyyətini yüksək qiymətləndirən ulu öndər Heydər Əliyevin diqqəti sayəsində Vətəninə «qayıdan», mütərəqqi ideyaların carçısı Hüseyn Cavidin biri-birindən dəyərli əsərləri xəzinə kimi həmişə sevilir. Ulu Öndərin şairin yenidən doğma torpağına qovuşması naminə göstərdiyi xidmət nadir hallarda rast gəlinən cəsarət , özünəgüvən, vətəndaşlıq borcu idi.

… Hüseyn Cavidin nəşinin qalıqlarının Azərbaycana gətirilməsi və doğma yurdu Naxçıvanda torpağa tapşırılması nadir hadisələrdən olmaqla Azərbaycan xalqının öz oğluna ehtiramı , sonsuz məhəbbətinin ictimai-siyasi məzmun ifadə edən vətənpərvərlik təşəbbüsünün və təəssübünün nümunəsi idi. Azərbaycana bağlılığını xalqına məhəbbəti, zəkasının qüdrəti ilə bildirən ulu öndər Heydər Əliyevin Cavidin nəşinin uzaq Sibirdən Vətəni Naxçıvana gətirilməsi üçün SSRİ kimi nəhəng bir dövlətin yüksək səviyyəli şəxslərinə müraciət etməsi təbii ki, cəsarət tələb edirdi. Xalqımızın zəngin mənəvi dəyərlərinə, maddi-mənəvi irsinə, incəsənətinə qayğı ilə yanaşan ulu öndər Heydər Əliyev bütün maneələri dəf etmək qüdrətində olduğunu ziyalılara, sənətkarlara göstərdiyi qayğısı ilə də bildirirdi. Ədibin nəşinin gətirilməsi çətin proses olsa da bu vəzifənin öhdəsindən gələ biləcək heyətdə təmsil olunanlardan biri, o dövrdə Naxçıvan Muxtar Respublikasının daxili işlər nazirinin müavini vəzifəsində çalışan polkovnik, müharibə veteranı Telman Əliyevin söylədiyi kimi, Cavid yaradıcılığına olan sevgi bütün maneələri aşa biləcək qədər güclü idi. Cavidin yubileyi ərəfəsindəki görüşümüzdə o illəri yada salaraq söhbətimizə «Oktyabr cavidlər ayıdır» sözü ilə körpü salan Telman müəllim bəzi məqamları xatırlatdı:

- Azərbaycan ədəbiyyatında özünəməxsus yaradıcılığı, fəlsəfi düşüncələri, əsərlərinin əsas motivlərini təşkil edən bədii romantizmi ilə seçilən Hüseyn Cavidin 100 illik yubileyi respublikada yüksək səviyyədə qeyd olunuduğu həmin ərəfədə Naxçıvana gələn ulu öndər Heydər Əliyev açıq havada şəhərin bir qrup sakini, ağsaqqalları ilə görüşüb, söhbət edirdi. Mərasimdə iştirak edən hərbi prokuror Əhməd Əhmədov üzünü Ulu Öndərə tutaraq sovet ideologiyasının, repressiyasının günahsız qurbanlarından olan Hüseyn Cavidin nəşinin Vətəninə gətirilməsinə kömək etməsini xahiş etdi. Bir anlıq düşüncəyə dalan, «Çətin ki, Cavidin cəsədindən bir iz qala» söyləyən Ulu Öndər onu da bildirdi ki, şairin məzarından götürülən bir ovuc torpağın ata yurduna gətirilməsi belə söz ustadının ruhunu rahatladar.

Cavid yaradıcılığının vurğunu olan Ulu Öndər sonradan bu təklifi götür-qoy edərək qəti qərarını bildirdi. 1982-ci il oktyabrın 12-də Naxçıvan Vilayət Partiya Komitəsində Hüseyn Cavidin məzarının tapılması, cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsi ilə bağlı qərar qəbul olundu. Şairlə bağlı məlumatların əldə olunması üçün müvafiq orqanlarla əlaqələr yaradıldı. Bunun üçün ayrılan heyət məsələyə vətəndaşlıq mövqeyi ilə yanaşaraq səylərini əsirgəmədi.

Muxtar respublikanın daxili işlər nazirinin müavini kimi mənim, o zaman SSRİ Ali Sovetinin ən gənc deputatı Zakir Nəsirovun təmsil olunduğumuz heyətə başçılıq 1976-1983-cü illərdə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsində təbliğat və təşviqat, partiya işi şöbələrinin müdiri vəzifəsində çalışan sonra vilayət partiya komitəsinin katibi vəzifələrində işləyən Həmid Cəfərova həvalə edildi.

- Adətən Sibir adı gələndə insanların ağlına ilk növbədə sərt şaxtalar, keçilməz yollar canlanır. Yəqin ki, sizin üçün də bu səfər asanlıqla başa gəlməyib.

- Təbii ki, oktyabr ayında Sibirə getmək cənub iqliminə alışanlar üçün ikiqat çətin idi. Amma, necə deyərlər, əmr icra olunur, müzakirə edilmir. Bizi bu həyəcanlı səfərə ruhlandıran ümummilli lider Heydər Əliyevin tapşırığı və Cavid şəxsiyyətinə hörmət idi. Şairin qəbrinin tapılması, cənazəsinin qalıqlarının Vətənə gətirilməsi ilə bağlı tapşırığın yerinə yetirilməsi bizim hər birimiz üçün qürur idi.

Sibirə yola düşməzdən əvvəl Maqadan və İrkutsk vilayətlərinin daxili işlər orqanları ilə əlaqə yaratdıqlarını, lazımi məlumatların toplandığını qeyd edən Telman müəllim Cavidin şəxsi işinin tapılmasında birgə fəaliyyətin müsbət nəticələndiyini bildirdi:

- Təbii ki, SSRİ məkanında, kommunist ideologiyasının sərt qanun- qaydalarının mövcud olduğu şəraitdə belə çətin işin öhdəsindən gəlmək asan deyildi. Üstündən uzun illər keçmiş belə bir məsələnin reallaşması, Sibirdəki dəmir seyflərin açılması, tükləri ürpədən «sovsekretno» sözünün qarşılığında gizli sənədlərin öyrənilməsi çoxlarına xəyal kimi görünürdü. Lakin bu məsələdə də Ulu Öndərin qətiyyəti özünü təsdiqlədi. Cavidin ruhunun rahatlanması üçün imkansızı belə reallaşdıran Ulu Öndərin nüfuzu sayəsində qarşıya çıxan bütün çətinliklər həll olundu. Cavidin məzarının ucsuz-bucaqsız Sibirdə axtarılıb-tapılması və nəhayət onun Azərbaycana gətirilməsi, müvafiq icazələrin alınması üçün müdrik şəxsiyyət Heydər Əliyev cəsarəti, qətiyyəti lazım idi. Bir məsələni də diqqətə çatdırıb ki, biz yolda olanda xəstə halda qoyduğum bacımın vəfat etməsi xəbərini aldım. Amma Cavidə olan hörmətim, ehtiramım səbəbindən yoldan geri qayıtmadım.

- Sibirdə səhrada qum axtarmaq məsəlinə uyğun Cavidin məzarını tapmaq o qədər asan olmazdı.

- Əlbəttə, haradasa üstündən onillər keçmiş bir hadisənin izinə düşmüşdük. Sibirə gələndən sonra Cavidlə bağlı arxiv sənədlərini araşdırdıq. Öyrəndik ki, Hüseyn Cavid 1941-ci il dekabrın 5-də İrkutsk vilayətinin Tayşet rayonunun əlillər xəstəxanasında vəfat edib, Şevçenko kəndindəki qəbiristanlıqda 59 saylı qəbirdə torpağa tapşırılıb. Onu da qeyd edim ki, bu məsələdə Sov. İKP İrkutsk Vilayət Partiya Komitəsinin əməkdaşları bizə hər cür kömək göstərirdilər. Cavidin olduğu” əlillər evinin 1956-cı ildə dağıdılması, Sibirin sıx meşələrində yerləşən Şevçenko kəndinin itib-batması, orada indi heç kimin yaşamaması haqqında məlumatlar bizdə ümidsizlik yaratdı. Amma ruhdan düşmədik. Hər ehtimala qarşı bu kəndin yaşlı sakinləri ilə görüşdük. Vaxtilə burada yerləşən 21 saylı həbs düşərgəsini və əlillər xəstəxanasını tanıyan az saylı adamlarla söhbət etdik. Yerli sakinlər bildirirdilər ki, şaxtalı günlərdə həmin yerlərə getmək təhlükəlidir. Lakin ulu öndər Heydər Əliyevin tapşırığının məsuliyyəti bizi yolumuzdan döndərə bilməzdi. 1982-ci il oktyabrın 21-də neçə-neçə repressiya qurbanının həyatına son verildiyi Tayşet şəhərindən 75 kilometr aralı məsafədə yerləşən Şevçenko kəndinə yollandıq. 1941-ci ildə Cavidin saxlanıldığı islah-əmək düşərgəsində keşikçi dəstəsinin rəisi işləmiş 72 yaşlı Darafiy Tradyakovla görüşümüz məqsədimizə nail olacağımıza ümidimizi artırdı. O bildirdi ki, Şevçenkoda 40 min insanın dəfn olunduğu qəbiristanlıq dağılmayıb”. Oktyabrın 21-də 100 hektarlarla ərazisi olan sərt Sibir meşəsinin əhatəsində yerləşən həmin kənddə olduq. Şevçenko rayon prokuroru Yelena Xaritinovanın yardımı ilə 59 saylı məzar tapıldı. Qəbrin açılması üçün sanksiya imzalandı və nəhayət Cavidin nəşini tapmaq mümkün oldu.

Geri qayıtmaq marşrutumuz Şevçenko-Tayşet- İrkutsk- Moskva-Yerevan-Naxçıvan istiqamətində olmalı idi. Lakin İrkutskdan Moskvaya uçarkən stüardessa Bakıdan gələn tapşırığı bizə çatdırdı: «Heydər Əliyevin göstərişi ilə siz oktyabrın 26-da «861»-ci reyslə Moskvadan birbaşa Bakıya uçmalısınız”.» Cavidin nəşinin belə 1937-ci ildə Azərbaycanın düşünən beyinlərinin dövlət xaini kimi aradan götürülməsində xüsusi canfəşanlıq edən ermənilərin murdar torpağından doğma yurduna qayıtmasına razılıq verməyən müdrik şəxsiyyət Heydər Əliyevin bu seçimi ulu Cavidin ruhuna hörmət və ehtiram idi.

1982-ci il oktyabrın 26-da Hüseyn Cavidin nəşi Moskvadan Bakıya, sonra isə Naxçıvana aparıldı. Ata ocağında torpağa tapşırıldı.

Sonrakı illərdə Bakıda və Naxçıvanda Cavidin ev müzeyləri təşkil olundu. Onun Naxçıvandakı məzarı üzərində məqbərə ucaldıldı. Dramaturqun qızı rəhmətlik Turan xanımın xahişi ilə Cavidin həyat yoldaşı Müşkünaz xanımın Bakıdakı, oğlu Ərtoğrulun Naxçıvan şəhər məzarlığındakı nəşləri Cavid türbəsinə köçürüldü. Dünyasını dəyişən Turan xanımın da doğmalarının yanında dəfn olunması ilə sağlıqlarında birlikdə yaşamaq nəsib olmayan Cavidlər ailəsinin ruhları Tanrı dərgahında qovuşdu.

- Telman müəllim, eşitdiyimə görə bu səfər təəssüratları sonradan şeirləşdi, Cavid yaradıcılığına hörmət əlaməti kimi sevildi.

- Düzdür, Cavid şeiriyyətinə çatmasa da, «Gedirsən Vətənə, Vətənə Cavid» şeirini xatırlatmaqla yubileyi ərəfəsində dahi yazarın ruhunu bir daha yad edək:

 

Azəri xalqının dilində sənsən

Ürəyi, diləyi, ümidi Cavid,

Vətənin torpağı gözləyir səni

Gedirsən Vətənə, Vətənə, Cavid.

Bir de, ölüm hara Cavid, sən hara

Azəri xalqına vuruldu yara.

Ölüm yaraşmırdı sən tək ustada,

Sən xalqın şərəfi, şöhrəti Cavid.

Sibir meşəsindəki məzarında

Əbədi bir yuxu aparıb səni.

Həmidin, Telmanın, Zakirin gəlib,

Qəbrini Sibirdən aparır, Cavid.

Ağlayır ürəyi gözü Həmidin

Qəbrinə diz çökür Telmanın, Zakirin.

Sən bu qeyrətli oğlanlarının

Çiynində gedirsən Vətənə, Cavid

Bəsdir qərib eldə yatdın şairim,

Səni aparmağa üç oğlun gəlib.

Həmidin, Telmanın bir də Zakirin

Zənn et ki sənin öz Ərtoğrulun gəlib.

 

Yubileyi ərəfəsində Prezident İlham Əliyevin Sərəncamına əsasən keçirilən tədbirlər, haqqında söylənilən xoş sözlər ulu Cavidin yaradıcılığına məhəbbət, ruhuna hörmətdir. Ən çətin məqamlarda belə çətin vəzifəni yerinə yetirərək şairi doğma torpağına qovuşduranlara da minnətdarlıq edirik.

Bir daha deyirik ki, ruhun şad olsun, Cavid əfəndi!

 

Qələmə aldı:

Xuraman İsmayılqızı

 

İki sahil.- 2022.- 25 oktyabr.- S.7.