Tolerantlıq xalqımızın

həyat fəlsəfəsidir

 

Bu günlərdə Bakıda «Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyəri» mövzusunda keçirilən konfrans ölkəmizin İslami dəyərlərə sadiqliyinin ifadəsidir

 

Şərq ilə Qərb arasında, tarixi İpək Yolunun üzərində yerləşən Azərbaycanda formalaşmış tolerantlıq, dünya xalqlarının mədəniyyətlərinə, birgəyaşayış qaydalarına hörmətlə yanaşma xalqımızın əsrlərdən bəri qoruduğu mənəvi sərvətlərindəndir.

İslam Əməkdaşlıq Təşkilatına, eyni zamanda, Avropa Şurasına üzv olan nadir ölkələrdən sayılan Azərbaycanın dünyada qlobal multikulturalizm mərkəzi adlandırılması xalqımızın əsrlərdən bəri dinlərarası ənənələrə, mənəvi dəyərlərə göstərdiyi ehtiramın nəticəsidir. İslam aləminin ayrılmaz parçası olan, çoxkonfessiyalı, çoxmillətli ölkə kimi tanınan Azərbaycanda dini və etnik müxtəliflik milli sərvət kimi əsrlərdən bəridir qorunur, təbliğ edilir. «Tolerantlıq geniş anlayışdır. O, təkcə dinlərin biri-birinə dözümlülüyü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına dözümlülük mədəniyyətlərə dözümlülük deməkdir» sözləri ilə ölkəmizdə müxtəlif dini konfessiyalar arasında dostluq, əməkdaşlıq mühitinin formalaşmasına xalqımızın həyat tərzi kimi böyük önəm verən ulu öndər Heydər Əliyev İslami dəyərləri ən yüksək mənəviyyat mənbəyi adlandırmışdır.

Azərbaycana səfər etmiş Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin, Roma Papası Fransiskin, İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərinin dinlərarası dialoqun yüksək səviyyədə təşkil olunduğu ölkəmiz haqqında söylədikləri xoş sözlər xalqımızın multikulturalizm ənənələrinə sadiqliyinin təsdiqidir. İnkişafını milli köklər üzərində təkmilləşdirən ölkəmiz dünyanın müxtəlif yerlərində baş qaldıran dini dözümsüzlüyə qarşı mübarizədə də həmişə fəal olmuşdur.

Bakıda Dünya Dini Liderlərinin sammitlərinin keçirilməsi də göstərir ki, multikulturalizm Azərbaycanın brendi, dövlət siyasətidir. Mahiyyət etibarilə dinlərarası dialoqun möhkəmlənməsinə, dini ayrı-seçkiliyə qarşı birgə mübarizənin gücləndirilməsinə, multikulturalizm dəyərlərinin təbliğinə həsr olunan Bakı Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu kimi beynəlxalq tədbirlərin keçirildiyi ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir.

Milli-mənəvi sərvətlərimizin, tarixi abidələrimizin yaşadılmasında böyük xidmətləri olan ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev də İslami dəyərlərimizin, adət-ənənələrimizin qorunmasını vətəndaşlıq borcu kimi qarşıya qoymuşdur. «Azərbaycan xalqı həmişə öz milli-mənəvi dəyərlərinə sadiq olub. Bu gün Azərbaycan dövləti milli dəyərlərimizin qorunması üçün ardıcıl siyasət aparır. Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik» söyləyən Prezident İlham Əliyevin sadiq qaldığı uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda mövcud olan tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Bu siyasət dünya ölkələri tərəfindən nümunəvi model kimi qəbul olunur və dəstəklənir.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti ISESCO-nun və UNESCO-nun xoşməramlı səfiri humanist təşəbbüsləri ilə dünyada tanınan Mehriban xanım Əliyevanın vurğuladığı kimi, Azərbaycanda müxtəlif dinlərin, millətlərin və mədəniyyətlərin nümayəndələri sülh şəraitində bir ailə kimi yaşamışlar və bu ənənə davam etməkdədir. «Azərbaycan bu gün çoxmillətli, çoxkonfessiyalı ölkədir və yenə də tolerantlıq və dözümlülük ideyaları cəmiyyətdə çox güclüdür» söyləyən Mehriban xanım Əliyeva əlavə olaraq bildirir ki, müqəddəs dinimiz olan İslami dəyərlərə, öz kökünə hörmətlə yanaşan xalqımız mədəniyyəti, dini və tarixi ilə fəxr edir.

Bu günlərdə Bakıda «Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyəri» mövzusunda konfransın keçirilməsi tolerantlıq və multikultural dəyərlərə sadiq ölkəmizə beynəlxalq səviyyədə , İslam aləmində göstərilən etimaddır.Türk coğrafiyasının tanınmış elm və din xadimlərinin iştirak etdikləri həmin tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bildirmişdir ki, Azərbaycan Türk-İslam dünyasının istiqbalına, sivilizasiyamızın perspektivlərinə və dünyada sülhün, təhlükəsizliyin təminatına önəmli töhfələr vermişdir. Konfransda islami dəyərlərin zənginliyi, kamilliyi, insana aşıladığı mənəvi keyfiyyətlərlə bağlı fikir mübadiləsi aparılmış, Azərbaycanın dövlətlərin ortaq mənafe və ümumi maraqlarına xidmət edən, İslam sivilizasiyasının təbliğindəki rolu yüksək dəyərləndirilmişdir. Diqqətə çatdırılmışdır ki, Türk-İslam mədəniyyətinin inkişafı, zənginləşdirilməsi və təşviqi üçün səylərin birləşdirilməsi qorxulu terror olan ksenofobiyaya qarış mübarizədə ən qüdrətli silahdır. Şuşada Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının təsis edilməsi, qəbul olunan Bəyannamə rəmzi və tarixi əhəmiyyətə malik olmaqla terror yuvası kimi tanınan Ermənistanın dini mənsublarının revanşist çağırışlarının xəyal olduğunun da təsdiqidir.

«Biz Qarabağa həmişəlik qayıtdıq, lakin ermənilər arasında hələ də qisas meyili ilə yaşayanlar, özgə torpağında gözü qalanlar var. Təəssüflər olsun ki, erməni xalqını revanşizm ideyalarına meyilləndirənlər arasında erməni kilsəsi xüsusi canfəşanlıq edir. Xalqını, dövlətinin mövcudluğunu belə təhlükəyə ataraq ambisiyalarını gerçəkləşdirməyə çalışan erməni kilsəsi yalan vədlərlə öz xalqına yeni müsibət və faciələr hazırlayır» sözləri ilə Ermənistanın etnik təmizləmə siyasətini bəşəri dəyərlərə xəyanət adlandıran Allahşükür Paşazadə vurğulamışdır ki, Türk Dövlətləri Təşkilatının Müsəlman dini idarələrinin rəhbərlərinin Şuşada imzaladıqları Bəyanat türk dövlətlərinin bir-birinə sıx bağlı olduğunun sübutudur.

Tədbirdə Ermənistanın 30 il işğal altında saxladığı torpaqlarımızda törətdiyi hərbi, mənəvi terrorlardan ətraflı bəhs olunmuş, ölkəmizdə yaşayan müxtəlif xalqlara məxsus kilsələrin, sinoqoqların, ziyarətgahların, abidələrin dağıdılması vəhşilik, barbarlıq adlandırılmışdır. Vandalizmi, insanlığa qarşı nifrəti genlərində yaşadan ermənilər layiq olduqları vəhşi tayfa adını türklərə və azərbaycanlılara qarşı törətdikləri terrorlarla, soyqırımlarla, faciələrlə təsdiqləmişlər. Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda erməni vəhşiliyini «İndi görə bilərsiniz ki, bir zamanlar həyat dolu olan şəhərdən heç nə qalmayıb. O, dağıdılıb, işğal dövründə dağıdılıb» sözlərilə diqqətə çatdıran Prezident İlham Əliyevin vurğuladığı kimi, 30 il ərzində daşları bir-bir sökməklə kəndləri, şəhərləri viran qoyan ermənilər işğaldan azad olunan ərazilərdə yerləşən 67 məsciddən 65-ni tamamilə dağıdıblar. Ermənistanın işğal altında saxladığı torpaqlarda qanunsuz məskunlaşma siyasətini hərbi cinayət adlandıran Prezident İlham Əliyev ermənilərin azərbaycanlıların tarixi irsinin silinməsi ilə bağlı davam etdirdiyi siyasəti vəhşilik kimi diqqətə çatdırır: «Bizim tarixi abidələrimiz dağıdılır. Azərbaycan məscidləri dağıdılır, təhqir edilir. Bizim məscidlərimizdə Ermənistan inək, donuz saxlayır. Bu, bütün müsəlman aləminə ən böyük təhqirdir. Bizim əcdadlarımızın qəbirləri traktorla dağıdılır. Bunu edən faşistlərdir, vandallardır, vəhşilərdir.»

Çox təəssüf ki, bəzi müsəlman dövlətləri, xüsusilə adını islam respublikası qoyan İran, islami dəyərlərə nifrət bəsləyən ermənilərlə əməkdaşlıq edir, yardımlar göstərirlər.

İslam həmrəyliyinin gücləndirilməsinə çalışan dövlətlərdən fərqli olaran bəzi müsəlman ölkələrində erməni icmaları kifayət qədər böyük imkanlara malikdir. «Biz bunu görürük. Bəzən səfərlər edirlər. Bəzən dövlət başçısı səviyyəsində müsəlman ölkələrinə gedirlər. Biz hər şeyi izləyirik, baxırıq, baxmalıyıq. Bəzən, bəzi müsəlman ölkələrinin dövlət başçıları Ermənistana rəsmi səfərlər edirlər. Əlbəttə ki, bu, bizi haqlı olaraq narahat edir. Bunu açıq şəkildə deyirik, həmrəylik sözdə yox, əməldə olmalıdır» söyləyən Prezident İlham Əliyev müsəlman dövlətlərini həmrəyliyə çağırır. Təbii ki, terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistana yardım göstərən İranın, İordaniyanın şeytani əməlləri İslami dəyərlərə xəyanətdir. Bu yolu tutanlar, adı müsəlman olub şeytana qulluq edənlər unutmasınlar ki, məscidləri dağıdan Ermənistana verilən silahlardan açılan atəşlə öldürülən azərbaycanlılar da İslami dəyərlərə sadiq din qardaşlarıdır. Adı çəkilən konfransda narahatlıq doğuran bu kimi məsələlərdən ətraflı bəhs olunmuşdur.

Dövlət başçımız İlham Əliyevin xəbərdarlıq xarakterli «Mən sual verirəm, necə ola bilər ki, belə çirkin əməllər törədən bir ölkə ilə hansısa əlaqələr olsun, hansısa dostluq haqqında danışsınlar? Hansı dostluq ola bilər? Ona görə, mən bir daha demək istəyirəm, Ermənistan çalışır ki, onları öz tərəfinə çəksin. Ancaq, ilk növbədə, o ölkələrin xalqları buna imkan verməyəcəklər və verməməlidirlər» sözləri müsəlman dövlətlərinin həmrəyliyini gücləndirən birliyə çağırış ifadələridir.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2022.- 26 oktyabr.- S.7.