ORTAQ KEÇMİŞDƏN ORTAQ
GƏLƏCƏYƏ
ÇARİZMİN
İŞĞALÇILIQ SİYASƏTİ ÜMUMTÜRK
TARİXİ KONTEKSTİNDƏ-Qızıl Orda və ondan
törəmə tatar xanlıqları
(tarixi-etnoqrafik oçerklər)
K A Z
A N X
A N L
I Ğ I
Kazan xanlığı Rusiya tərəfindən
işğal olunan ilk türk-İslam ölkəsidir. Moskva, məhz burada
Qızıl Orda dövründən davam edən əsarət
boyunduruğundan qurtulmuş, əfsanəvi türk-tatar
döyüş sisteminə qarşı duruş gətirmə
bacarığını təsdiq etmiş, hərbi-siyasi rəqabət
qabiliyyətini burada sınaqdan keçirmiş, müsəlman
dünyası qarşısında ilk dəfə psixoloji
üstünlük qazanmış, ilk dəfə onun üzərində
qələbə dadmış və bundan ruhlanaraq, qəsbkarlıq
strategiyasını genişləndirmişdir. Kazanın
işğalı köçəri tatarların hərbi yenilməzliyi
haqqında ənənəvi baxışları yerlə yeksan
etmiş, sonrakı istilaçı yürüşlərin mənəvi-ideoloji
əsasını qoymuşdur. Təsadüfi
deyil ki, Kazan xanlığı və işğal ərəfəsində
onun ətrafında baş verən sosial-siyasi proseslər
rus-sovet tarixşünaslığında tipoloji sxem səviyyəsində
öyrənilmiş, ümumiləşdirilmiş, sonrakı
analoji hadisələr bu sxemə
uyğunlaşdırılmışdır. Dənizin
bütün xüsusiyyətləri bir damla suda təzahür
etdiyi kimi, Qızıl Orda törəmələrinin və digər
müsəlman türklərin Rusiya qarşısında sonrakı məğlubiyyətlərini
şərtləndirən bir çox mühüm amillər
Kazan xanlığı uğrunda aparılmış mübarizələrin
və onun süqutu ilə nəticələnmiş
proseslərin gedişində tam və dolğun əksini
tapır. İkinci bir tərəfdən yaddan
çıxarmayaq ki, Kazanın işğalı Rusiyanın
yalnız sərhədlərinin genişlənməsi, əhalisinin
artması, iqtisadi resurslarının böyüməsi ilə
nəticələnməklə qalmamış, həm də
onun beynəlxalq statusunu dəyişmiş, dövlətlərarası
mövqeyinin güclənməsinə səbəb olmuşdur.
Rusiya çoxmillətli dövlətə
çevrilmiş, imperiyalar cərgəsində yer tutmaq
üçüm addımlarını yeyinlətmişdir.
Növbəti 350 ilin fasiləsiz və məqsədyönlü
işğalçı müharibələr proqramını məhz
burada çızmağa başlayan Rusiya bununla həm də
inkişafın intensiv yolundan imtina etmiş, taleyini ekstensiv
perspektivlə bağlamış, qanlı bir hərbi-siyasi təcrübənin
təməlini qoymuşdur.
Bu mənada
Kazanın işğalı haqlı olaraq türk-müsəlman
xalqlarının “əsarət zəncirində birinci həlqə”
sayılır. Nə qədər məcazi səslənsə
də bu ifadə türk-İslam tarixinin acı gerçəkliyini
dəqiqliklə ifadə edir. Kazanın
alınmasından əvvəl Aşağı Volqaboyu öz təbii-coğrafi
mövqeyinə görə Orta Asiya, Qafqaz, Xəzər və
Qara dəniz bölgələrini Rusiya ilə bağlayan
önəmli nəqliyyat qovşağı olmaqla bərabər
həm də mədəni-mənəvi cəhətdən
bir-birinə yad və yabançı olan iki dünya- müsəlman
və xristian dünyaları arasında ayırıcı xətt
kimi tarixi bir missiyanın daşıyıcısi idi. Kazan- Mərkəzi
Asiyada, Qafqazda, Anadoluda yaşayan türk-müsəlman
xalqlarının dini-mədəni vəhdətinin təminatında
tarix boyu keçilməz bir sipər kimi həyati rol
oynamışdı. Belə demək mümkünsə, təbii-mədəni
müxtəlifliyin pozulmazlığının qarantı
olmuş, mədəniyyətlər və sivilizasiyalar
arasında zorakı müdaxilələrin
qarşısını almış bu xanlığın
süqutu ilə rusların Volqaboyundan Xəzər istiqamətində
irəliləmələri, Aşağı Ural regionuna
yayılmaları üçün başlıca maneə aradan
qalxmış, isti dənizlərə çıxmaq
arzuları üçün ümid işığı
parlamışdı. Kazanın, daha sonra Həştərxanın
ələ keçirilməsi Rusiyanın Osmanlı dövləti
sərhədlərinə- bir tərəfdən Qafqazda Terek
çayı sahillərinə, o biri tərəfdən Azak
(Azov) qalasına yaxınlaşmasına imkan vermiş, bu iki
dövlət arasında loyal münasibətlər getdikcə
siyasi rəqabət, sonra isə sivilizasiyalararası
toqquşma və açıq düşmənçilik həddinə
çatmış, bütün İslam dünyası
üçün təhdid mənbəyinə
çevrilmiş, bir sözlə, tarixin gedişatı normal məcrasından
çıxmışdı. Beləliklə,
türk-İslam xalqlarının siyasi, eləcə də mədəni
taleyində dərin yaralar açmış məğlubiyyət
və əsarət epoxasının ilk qurbanı
Kazandır,-desək, yanılmarıq. Bu
baxımdan Kazan xanlığında hərbi-siyasi və mədəni
işğal proseslərinin nəyə görə xüsusi qəddarlıq
və amansızlıqla aparılması da
anlaşılandır. Özünü dünya
xristianlarına “üçüncü Roma” kimi təqdim etmək
istəyən çar Rusiyası, əlinə keçən
fürsətdən istifadə edərək, Kazan
xanlığını təkcə
öz “günahlarına” görə cəzalandırmamışdı;
Qızıl Ordanın, onun digər varislərinin, hətta
bütün müsəlmanların hayıfını da bu
xalqlardan çıxmışdı.
Deyilənlər
Kazan xanlığının işğalı ilə
bağlı bu oçerkin digərləri ilə müqayisədə
daha geniş və təfərrüatlı işlənilməsinin,
bu mövzuya
xüsusi diqqət yetirilməsinin səbəbləri
haqqında aydın təsəvvür yaratmaq
üçün, yəqin ki, kifayətdir...
Cəsarətlə deyə bilərik ki, Kazan
xanlığının bütün tarixi Moskva Rusiyası ilə
hərbi-siyasi mübarizələrdə keçib. Amma rus-tatar
qarşıdurmasının kökü daha dərində
axtarılmalıdır. Rus
döyüşçülərinin Volqaboyuna ilk dəfə
985-ci ildə, Kiyev knyazı Vladimirin bulqarlar üzərinə
yürüşü zamanı ayaq basdıqları məlumdur.
O vaxtdan etibarən bulqar-rus münasibətləri
qarşılıqlı silahlı basqın və talanlar zəminində davam
edib. Bulqarlar, eləcə də bölgədə
yaşayan digər türkəsilli etnoslar, xəzərlər,
peçeneqlər, xüsusilə qıpçaq-polovetslərlə
(“polovets” sözü rus dilində “çöllü/
çölçü” mənasında işlədilir)
qarşıdurmalar kilsə salnamələrində (“Ötən
illərin hekayəti” və s.) və Kiyev rus ədəbiyyatının
ilk nümunələrində də geniş təsvirini
tapıb. “İqor yürüşü
haqqında söyləmə” (qeyd edək ki, bu əsər, Azərbaycan
dilinə ilk dəfə Qüdrət Cəfərov tərəfindən
“İqor polku haqqında dastan” adı ilə tərcümə
olunmuşdur. Biz T.Vəlixanlının
müntəxabatına istinadla ikinci tərcüməni-
Rüstəm Kamalın variantını əsas
götürürük) bu baxımdan daha çox
tanınıb və araşdırılıb. T.Vəlixanlının
yazdığına görə, rus ədəbiyyatşünaslığında
əsas fərziyyə kimi (“Slovo o polku İqoreve” ilk dəfə
XVIII əsrin sonlarında qraf Musin-Puşkin tərəfindən
XVI yüzilliyə aid əlyazmalar içərisində
aşkar edilmişdir) “söyləmə”nin
1185-ci ildə knyaz İqorun başçılıq etdiyi rus
qoşunlarının polovetslər üzərinə
yürüşündən bəhs etməsi fikri
götürülür. Həmin il knyaz
İqorun oğlu Vladimir, qardaşı Vsevolod və
qardaşı oğlu Svyatoslav ilə birgə öz
drujinası ilə poloveslər üzərinə
yürüş etməsi İpati (1185) və Lavrenti (1187)
salnamələrində də təsdiqlənir. “Söyləmə”də
deyildiyinə görə, qıpçaqlar əvvəlcə
gözlənilməz hücumdan çaşqınlığa
düşür və yürüşün birinci günü
“poloves torpaqlarının var-dövləti tar-mar edilir, poloves gözəlləri
əsir götürülür. Lakin növbəti
gün səhər tezdən qüvvələrini səfərbər
edən poloveslər ikinci döyüşdə qalib gəlirlər.
İqor və oğlu Vladimir əsir
alınır, qardaşı Vsevolod və qardaşı
oğlu Svyatoslav həlak olurlar”. Maraqlıdır
ki, əsərdə İqorun talançı basqını rus
ağsaqqalları tərəfindən heç də təqdir
olunmur. Bunu böyük knyaz Svyatoslavın “ahu-zar
içində söylədiyi altun sözləri”ndən də
anlamaq mümkündür:
Ey
övladlarım İqor və Svyatoslav!
Çox
erkən düşdünüz
Poloves
torpağında
qılınc çalmağa,
şöhrət həvəsinə.
Ərliklə
hünər qazanmadınız,
Namərdcəsinə kafir qanı axıtdınız.
Göründüyü kimi, knyaz Svyatoslav diqqəti
İqorun igidliyinə deyil, “namərdliyi”nə yönəldir.
Söyləmədə knyaz Vladimirin əsirlikdə
poloves xanı Konçakın qızı ilə evlənməsi,
knyaz İqorun əsirlikdən qaçıb, Kiyevə dönməsi
kimi faktlar da əksini tapır. “Rus knyazları və
poloves xanları arasında qohumluğun vurğulanması əsərin
nikbin sonluqla tamamlanmasına gətirir”. (T.Vəlixanlı)
...Lakin mətləbdən
uzaqlaşmayaq. Tarixə qayıtsaq, rus knyazlıqları və
Bulqar dövlətinin Cuci ulusunun (Qızıl Ordanun) tərkibinə
daxil olmazdan əvvəl onların ən azı 11
döyüşdə qarşı-qarşıya gəldikləri
məlumdur. Belə bir statistika da var ki, bulqarların 4 hücumuna
əvəz kimi Vladimir-Suzdal knyazları Volqaboyuna 7 hərbi-işğalçı
yürüş etmişlər ki, bunların da altısı
XII əsrin ikinci yarısı-XIII əsrin əvvəllərinə
düşür. Əlbəttə ki,
bulqar-tatarların və rusların Qızıl Ordaya tabe
olması ilə aradakı düşmənçilik müəyyən
qədər səngiyir, amma imperiyanın zəifləməsi
ilə köhnə ədavət yenidən baş
qaldırır və münaqişə alovlanır. Belə ki, 1376-1431-ci illər arasında Moskva
knyazları tatarlar üzərinə 5 dəfə
irimiqyaslı hücum keçirmiş, 1431-ci ildə isə
Bulqar şəhərini almış və talan etmişdilər.
Rus-bulqar (rus-tatar) münasibərlərinin sonrakı mərhələsi
Kazan xanlığı dövrünə, daha doğrusu,
Uluğ Məhəmmədin bu xanlığı
yaratdığı illərə təsadüf edir. 1437-ci ildə 3 minlik
qoşunu ilə Krımdan səfərə çıxan Məhəmməd
xan hələ özünü Orda hakimi, Moskva
knyazlığının torpaqlarını isə öz
“mülkü” hesab edir, Belyov şəhəri və bir qədər
şimala doğru- Moskva knyazlığı ilə sərhəddə
yerləşən digər əraziləri ələ
keçirmək istəyinə də haqq
qazandırırdı. Ə.Dəmirin təbirincə
desək, o, “parçalanmış ölkəsini yenidən
birləşdirmək qayəsi ilə hərəkət
edirdi”. 1439-cu ildə Uluğ Məhəmməd Nijni Novqorodu tutaraq Moskva üzərinə
yerimiş, lakin Kremli ala bilməyib geri dönmüş,
qayıdanbaş Kolomnanı və yol üstündəki
başqa yaşayış məntəqələrini
yağmalayıb yandırmışdı.
Xanlıqda daxili vəziyyəti qaydaya salıb daha da
güclənən Uluğ Məhəmməd 1444-1445-ci illərdə
oğlu Mahmudla birlikdə Moskva üzərinə ikinci səfərinə
çıxdı və bu dəfki yürüşü tam qələbə
ilə nəticələndi. Nijni Novqorod yenidən
işğal olundu, Vladimir alındı, Suzdal
yaxınlığındakı döyüşdə
böyük knyaz II Vasili Vasilyeviç və onun yaxın
qohumu Mixail Vereyski əsir götürüldü.
Uluğ Məhəmməd xanın hüzuruna gətirilən
Vasili diqtə edilən bütün şərtlərə: əsirlikdən
qurtarmaq üçün böyük məbləğdə
fidyə (bəzi mənbələrdə bu məqsədlə
Moskva knyazlığının bütün xəzinəsinin
verildiyi deyilir), habelə illik xərac ödəməyə,
rus əsirlərin qaytarılmayacağına, bufer zona kimi
Qasım xanlığının yaradılmasına, habelə
bu şərtlərin yerinə yetirilməsinə və təzminat
məsələlərinə nəzarət etmək
üçün kazanlı inzibatçıların Moskvada və
vilayət mərkəzlərində yerləşdirilmələrinə
razılıq verir. Beləliklə, Moskva Rusu Kazan
xanlığından asılı duruma düşür və
üzərinə vaxtilə Vladimir-Suzdal Rusunun Qızıl
Orda qarşısında yerinə yetirdiyi mükəlləfiyyətlərlə
müqayisədə daha böyük yük götürür. Yeni öhdəliklər
tərəflər arasında imzalanan 1446-cı il
müqaviləsi ilə təsbit olunur, lakin müqavilənin
şərtlərindən xəbər tutan nüfuzlu boyarlar bu
alçaldıcı sənədi rədd edirlər. Qasım xanlığında məscidlər tikilməsinə
icazə veriləcəyi, knyazlığın Tverdən
başqa bütün ərazisinin tatarlara təslim ediləcəyi
barədə söz-söhbətlər yayılır, kütləvi
etirazlar başlayır. Vasilinin əsirlikdən
qayıdan kimi taxtdan salınacağını görən
Kazan xanı onu bir müddət Kurmışda saxlayır, həyəcanlar
nisbətən yatışandan sonra isə 500 nəfərlik
qoşunla Moskvaya yola salır. Qoşun onu
həm qorumalı, həm də nəzarətdə
saxlamalı idi. Sakitlik cəmi 3 ay yarım
sürür, sonra isə üsyançılar yenidən
baş qaldırır, II Vasilini taxtdan endirib, gözlərinə
mil çəkirlər. Uluğ Məhəmməd
imzaladığı müqaviləyə əsasən,
oğlanları Qasım və Yaqubu göndərib
üsyanı yatırır və müttəfiqi Vasilinin
böyük knyazlığını bərpa etdirir. Doğrudur, Vasili əhdinə onun qədər vəfalı
çıxmır; Məhəmməd xanın ölməsini
(1446) fürsət bilərək, boyarların etimadını
qazanmaq üçün 1461-ci ildə Kazana qoşun çəkmək
niyyətinə düşür. Lakin rus
qoşunları Muroma çatmamış məsələ
danışıqlar yolu ilə sahmana salınır, tərəflər
arasında yeni müqavilə bağlanır. Kazan tərəfi yeni müqavilədə də əvvəlki
sülhün şərtlərini saxlamağa müvəffəq
olur. Uluğ Məhəmməddən sonra
taxta çıxan oğlu Mahmud 1463-cü ilədək səltənət
sürür, sonra hakimiyyətə növbə ilə onun
oğulları Xəlil və İbrahim keçir. Mahmud
və oğullarının taxtda olduqları 20 il ərzində
ruslarla hərbi münaqişələr ara verir, münasibətlər
nizama düşür, nisbi sabitlik hökm sürür və
Şərq bazarları ilə Rusiya arasında beynəlxalq
ticarət mərkəzi kimi Kazanın mövqeyi möhkəmlənir.
Lakin II Vasilinin ölümündən (1462) sonra
böyük knyazlığa gələn III İvan
yaranmış vəziyyətlə qane olmur, Kazan
xanlığının asılılığından
çıxmağı öz xarici siyasətinin əsas məsələsinə
çevirir və bu istiqaməti yeri
düşdü-düşmədi, açıq şəkildə
bəyan etməyə başlayır. O, knyazlığın iqtisadi durumunu
və Qərb dövlətləri (Papalıq, Avstriya imperiyası,
Venesiya, İngiltərə krallığı) ilə əlaqələrini
gücləndirir, 60-cı illərin ortalarından etibarən
Kazana qarşı siyasətini daha da sərtləşdirir,
xanlığın siyasi həyatına müdaxilə etməyə
çalışır.
1467-ci ildə Mahmud oğlu Xəlil vəfat edəndə
Kazan əsilzadələri arasında xan seçkisi ilə
bağlı fikir ayrılığı yaranır. Bir qrup taxta mərhumun
oğlu İbrahimin çıxmasını istəyir,
başqa bir qrup isə Uluğ Məhəmmədin oğlu
Qasım xanı Kazana dəvət etməyi məsləhət
görürdü. O, artıq çoxdandı ki,
Qasım xanlığına başçılıq edir (xanlığın
adı da onun şərəfinə verilmişdi) və
rusiyameylliliyi ilə tanınırdı. Qasımın
Moskva tərəfindən dəstəklənməsi Kazan əyanları
arasında düşən bu ixtilafa da siyasi çalar verirdi.
Nüfuzlu əsilzadələrin, saray əyanlarının
“müstəqillik tərəfdarı” və “Moskva tərəfdarı”
(tarixçilər çox zaman “milli partiya” və “Moskva
partiyası” terminlərindən istifadə edirlər) deyə
iki qrupa bölünməsinin təməli də həmin
ixtilaf zamanı qoyulur.
Moskvaya itaətkarlığı ilə tanınan
Qasım xanı Kazan taxtına keçirə bilməyən
III İvan əvvəlki razılaşmaları pozaraq,
xanlığa hücum etdi. Səfər biabırçı məğlubiyyətlə
başlasa da, o dayanmadı, sərhəd şəhərlərinə
(Nijni Novqorod, Murom, Kostroma, Qaliç və s.) gücləndirilmiş
qarnizonlar göndərib, hərbi əməliyyatları
qızışdırmaq yolunu tutdu. Böyük knyaz sülhə
can atan tatarları hər vasitə ilə irimiqyaslı döyüşlərə
təhrik etmək, müharibəni uzatmaq və
Kazan xanlığını zəiflətmək
taktikasını davam etdirirdi. Lakin Novqorod və
onun müttəfiqi olan Litva ilə münaqişənin kəskinləşməsi
iki cəbhədə döyüşməyə gücü
çatmayan İvanı danışıqlara getməyə
vadar etdi. Bir neçə kiçik
yaşayış məntəqəsinin
dağıdılması nəzərə alınmazsa,
1467-1469-cu illər müharibəsi tatarların qələbəsi
ilə başa çatmışdı. Ruslar ilk dəfə
mühasirəyə aldıqları Kazandan qovulmuş, Vyatka
vilayəti və onun inzibati mərkəzi olan Xlınov şəhərini
əldən vermiş, Kazan xanlığının sərhədləri
bir az da genişlənmişdi.
Sülh danışıqlarında Kazana aramsız
basqınlarını dayandırmaq öhdəliyi
götürməyə məcbur olan rusların yeganə
nailiyyəti imzalanan müqaviləyə əsirlərin dəyişdirilməsi
haqqında maddənin salınması idi. Bununla 40 ildən
bəri Kazanda saxlanılan rus kölələri
buraxılmış, III İvanın siyasi nüfuzu nəzərəçarpacaq
dərəcədə yüksəlmişdi. Digər tərəfdən o, tatar cəbhəsindəki
fasilədən yararlanaraq, 150 minlik ordu yaratmış və
1471-1478-ci illərdə Novqorod məsələsini öz
xeyrinə həll etməyi bacarmışdı. Novqorod respublikasının bütün
koloniyaları ilə birlikdə Moskvaya birləşdirilməsi,
əslində, öz-özlüyündə ciddi siyasi uğur
idi. Amma məsələnin siyasi əhəmiyyəti
təkcə bununla bitmirdi. Novqorodun ilhaq
edilməsi ilə Moskva knyazlığı Kazan
xanlığını həm də şimal tərəfdən
təhdid altına almış, coğrafi-strateji mövqeyini
nisbətən yaxşılaşdırmışdı.
Qeyd etdiyimiz kimi, 1467-1469-cu illər kampaniyası
zamanı Novqorod koloniyalarından Vyatka vilayəti və onun mərkəzi
olan Xlınov şəhəri kazanlıların əlinə
keçmişdi. Qazandığı üstünlükdən dərhal
istifadə edən İvan elə 1478-ci ildə bu
torpaqların tatar işğalında olmasını bəhanə gətirib,
İbrahim xanla bağladığı müqaviləni birtərəfli
şəkildə pozmuş və
Xlınovu azad etmək məqsədi ilə hücuma
keçmişdi. O, qələbə
çalmayacağını bilirdi; məqsədi Kazan
xanlığının hərbi gücünü yoxlamaq,
şərait əl verərsə, 60-cı illərdən
fanatikcəsinə yeritdiyi siyasi xətti davam etdirmək idi. Xlınov hücumu, gözlənildiyi kimi, məğlubiyyətlə
nəticələndi, amma inadkar İvan geri çəkilmək
istəmirdi. 1482-ci ildə o, yeni bir müharibəyə
başlamaq üçün hazırlıqlara
başlamışdı: ağır artilleriya vasitələri
tədarük edir, xaricdən muzdlu zabitlər gətirir, ordusunu
təkmilləşdirirdi.
Kazan
xanlığında “Rusiya protektoratı” dövrü
Kazan xanlığının daxili siyasi həyatına
rusların müdaxilə etməsi “ənənə”sinin əsası
da məhz bu dövrdə, III İvanın səyləri ilə
qoyulur. Bu məqsədlə
tatar mirzələri, kəraçi bəyləri, nüfuzlu əyanlar
pul və ya yağlı vədlərlə ələ
alınır, dəstəklənir, Kazan sarayında
mühüm məsələlərin müzakirəsi
zamanı rus qoşunları Volqa sahilində dayanıb gözləyir,
bu yolla divan üzvlərinə psixoloji təzyiq göstərilirdi
və s. Artıq Kazanda əsilzadələrdən ibarət
“Moskva partiyası” deyilən ruspərəst qruplaşmanı
tam formalaşmış saymaq olardı. Xüsusilə hakimiyyət
dəyişiklikləri zamanı bu “partiya” fəallaşaraq
daxili sabitliyi pozur, “öz adamları”nı
taxta çıxarmağa çalışırdı. Doğrusuna qalsa, “müdaxilə siyasəti” adlandıra
biləcəyimiz bu üslubu ruslar tatarların özlərindən
öyrənmişdilər. Vaxtilə
Moskvada cərəyan edən hakimiyyət qovğaları
zamanı son sözü Qızıl Orda və Kazan xanları
söyləyirdilərsə, indi artıq rollar dəyişmişdi.
Daxili siyasi proseslərə kənardan göstərilən
kobud müdaxilələr tez-tez baş verən və əksər
hallarda qanlı toqquşmalarla nəticələnən hakimiyyət
dəyişikliklərinə (Ə.Dəmirə görə,
115 il ərzində Kazan taxtına 19 xan
çıxmışdı), siyasi böhranlara (saray
çevrilişləri, eyni şəxsin iki, bəzən
üç dəfə hakimiyyətə gətirilməsi) səbəb
olurdu. Bu siyasət, əsasən, uşaq ikən
müxtəlif bəhanələrlə Rusiyaya aparılan,
orada müvafiq tərbiyə verilib, hakimiyyətə
hazırlanan şahzadələrin əli ilə həyata
keçirilirdi. Rusiyaya bağlanan,
Moskvanın siyasi maraqlarını milli mənafelərdən
üstün tutan və bunları özləri bildikləri
şəkildə uzlaşdırmağa çalışan
Çingiz soylu bəzi şahzadələr çox zaman
hakimiyyət ehtiraslarının qurbanına çevrilirdilər.
Belələrindən biri də İbrahim xanın və
Hursultan xatunun oğlu Məhəmməd Əmin idi. 10 yaşında Moskvaya
aparılmış, III İvan tərəfindən
“oğulluğa” götürülmüş (Kaşir şəhəri
ona “mülk” verilmişdi) və
rus ruhunda yetişdirilmiş Məhəmməd Əmin
ayrı-ayrı vaxtlarda himayədarlarının dəstiyi ilə
üç dəfə Kazan taxtına gətirilməsi millətçi
qüvvələrin kəskin etirazı ilə
qarşılaşmışdı. Xalq
arasında “moskvalı tatar” adı ilə məşhurlaşan
Məhəmməd Əminin hakimiyyətə birinci gəlişi
atası İbrahim xanın vəfatından (1479) sonrakı
dövrə təsadüf etmişdi. Lakin Noqay Ordası
ilə siyasi münasibətlərin, Orta Asiya ilə ticarətin
gücləndirilməsini istəyən əyanlardan (“Moskva
partiyası”na alternativ kimi yaranmış “Noqay tərəfdarları”)
təşkil olunmuş narazı müxalifət ona göz
açmağa imkan verməmişdi. Hadisələr
onunla qardaşı, milli qüvvələrin dəstəklədiyi
Əli (başqa mənbələrdə İlham) xan
arasında arasıkəsilməz mübarizələr məcrasına
keçmiş, xalq iki yerə bölünmüşdü.
Məhəmməd Əmin xan III İvanın
istəklərinə uyğun hərəkət edir, rus tacirlərinə
geniş imtiyazlar verir, onların hüquqlarını qoruyurdu.
Onun səltənəti zamanı Kazan elitasında Rusiyanın
nüfuzu getdikcə yüksəlir, tərəfdarları
artırdı, əyanlar Moskva sarayı ilə əlaqələr
qurmağa çalışır, hətta öz
aralarındakı mübahisələri belə İvanın rəyi
üzrə həll edirdilər. Məhəmməd
Əminin şəxsən başçılıq etdiyi Kazan dəstələri
rus qoşunlarının tərkibində III İvanın
Krım xanı ilə birlikdə Böyük Ordaya
qarşı hərbi səfərində də iştirak
etmişdi. Lakin hadisələrin gedişi
III İvanı qane etmirdi. Millətçi
qüvvələr dinc oturmur, sadə xalq Məhəmməd
Əminin Moskvanın buyruğu ilə oturub-durmasını qəbul
etmir, paytaxtda və müxtəlif yerlərdə tez-tez hakimiyyət
əleyhinə etirazlar baş qaldırırdı. Ölkədəki ikitirəlik, daha doğrusu, nisbi
ikihakimiyyətlilik hökm sürür, “yumşaq” vətəndaş
müharibəsi sosial narazılığı artırır,
millətçi qüvvələr Moskvanın müdaxilə
siyasətinə qarşı təbliğatı gücləndirirdilər.
III İvan Kazan məsələsini
kökündən həll etməyə, ondan
asılılığa biryolluq son verməyə,
xanlığa nəzarəti tam şəkildə ələ
almağa qəralı idi. Lakin xan hakimiyyətinin ilahi və
səmavi təbiətinə dair kütləvi təsəvvürlər,
törə və Orda ənənələri, əsasən
dini zəmində təzahür edən milli müqavimət və
müdafiə ruhu
qarşısında tərəddüd
keçirirdi.
Nəhayət, 1487-ci ildə III İvan öz ordusunu
Kazan üzərinə yeritdi. Şəhərin
mühasirəyə alınması ilə çaxnaşmalar
başladı, içəridəki ruspərəst qüvvələr
hərəkətə keçərək, alternativ xanı-
Əlini devirib, ailəsi ilə birlikdə təslim etdilər.
Kazana soxulan rus əskərləri ilk növbədə Noqay tərəfdarlarını
qılıncdan keçirdilər, “milli partiya”nın
fəalları edam olundu, bəziləri isə Sibir xanlığı
ərazilərinə qaçaraq canlarını qurtara bildilər.
Xan ailəsi Moskvaya göndərildi, taxta yenidən
Məhəmməd Əmin gətirildi, lakin bu dəfə o,
rus müşavirlərlə əhatələnmişdi. Faktiki hakimiyyət onların əlində idi. Şəhər talan olunur, qətl və qarətlər
baş alıb gedir, işğalçı qoşun dinc əhaliyə
divan tuturdu, rus süngüsü üzərində taxta
çıxarılmış xan isə qədim hakimiyyət ənənələrinə
rəğmən, heç nə eləyə bilmirdi. Moskvanın Kazan xanlığına xərac ödəməsinə
son qoyuldu. III İvan “Bulqar knyazı” titulunu qəbul etdi
və bununla da rusların vaxtilə Kazan
xanlığının ərazisində mövcud olmuş
Volqa-Kama Bulqar dövlətinin varisi olması haqqında
iddialara rəsmi don geydirdi (sonradan bu titul IV İvanın Kazana
qarşı işğalçı müharibələrinə
legitimlik qazandırmaq istəyən rus tarixçiləri
üçün də tutalğa olmuşdu). Kazan
tarixində “Rusiya protektoratı dövrü” (1487-1521) belə
başladı. Bu dövrü xarakterizə edən əsas
cəhətləri qısa şəkildə
aşağıdakı kimi ümumiləşdirmək
mümkündür:
Rusiya Volqaboyu ticarəti üzərində nəzarəti
ələ keçirmiş, regionda iqtisadi təsirini
artırıb genişləndirmişdir. Rus tacirlərinə,
ümumiyyətlə xanlıq ərazisində yaşayan rus təbəələrə
xüsusi imtiyazlar verilmişdir.
Kazan xanlığı ərazi
bütövlüyünü, daxili idarəçilik sistemini və
milli-mədəni suverenliyini qorumaq müqabilində dövlət
müstəqilliyinin məhdudlaşması ilə
barışmaq məcburiyyətində qalmışdır. Kazan xanı Rusiya
böyük knyazının razılığı olmadan hər
hansı hərbi-siyasi ittifaqda yer ala bilməzdi, öz iradəsi
əleyhinə olsa belə, Moskvanın hərbi
yürüşlərində müttəfiq kimi iştirak etməyə
borclu idi (Böyük Orda ilə 1490-cı və 1493-cü il müharibələrində olduğu kimi).
Kazan xanları taxta yalnız Moskvanın
razılığı ilə gətirilə bilərdilər. Devrilən xanlar ailə
üzvləri ilə “amanat” kimi Rusiyaya aparılır,
ömürlərinin axırına qədər orada əsir saxlanılır, əksər
hallarda Əlinin kiçik oğlu Xudayqul kimi
xristianlaşdırılırdılar və s. Bu isə Kazan
taxtının qanuni varislərini minimuma endirir, xanlıqda
siyasi ixtilaflara, hakimiyyət böhranlarına yol
açırdı.
Kazan
xanlığının qonşu tatar xanlıqları ilə
münasibətləri və rus
asılılığının sonu
Rusların
özbaşınalığı, Çingiz soyuna mənsub
xanlarla oyuncaq kimi rəftar etmələri, onların ailə
üzvlərinə (Orda ənənələrinə əsasən,
xanlar bir qayda olaraq statusca özlərinə uyğun əsilzadələrin
qızları ilə evlənirdilər və onların
nigahı, adətən, siyasi xarakter daşıyırdı)
layiq olmadıqları münasibətin göstərilməsi və
s. tatarların və qohum xalqların milli
duyğularını təhqir edir, heysiyyətlərinə
toxunur, geniş kütlələrin etirazına səbəb
olurdu. Qonşu xanlıqlarda Kazan müsəlmanlarının
kafir hökmü altında yaşamasından narazılıq
güclənir, xüsusən yüksək təbəqə
nümayəndələri arasında ruslara qarşı radikal
barışmazlıq əhval-ruhiyyəsi artırdı.
Başqa cür ola da bilməzdi.
Qızıl Ordanın törəmələri həm siyasi irs və idarəçilik baxımından, həm
də milli-etnik və sosiomədəni genezis etibarilə eyni
kökdən idilər. Əlbəttə ki,
müxtəlf dövlət təsisatları olduqları
üçün onların siyasi maraqları heç də həmişə
üst-üstə düşmür, hətta bəzən
diametral dərəcədə fərqlənirdi. Xanlıqlara Çingiz soyundan gələn eyni xanədan
nümayəndələrinin (əksər hallarda qardaş və
əmiuşaqlarının) hökm etməsi belə mənafe
əksliyini və tez-tez üzə çıxan
qarşıdurmaları aradan qaldıra bilmirdi. Amma eyni
zamanda bunlar qohum dövlət və cəmiyyətlər idilər:
qəbilə-tayfa, nəsil-şəcərə və tarixi
keçmiş eyniliyi, aydın məsələdir ki, siyasət
də daxil olmaqla qarşılıqlı münasibətlərin
geniş spektrinə təsirini göstərməyə bilməzdi.
Eyni tayfanın bir qolu Kazan, başqa bir tirəsi
Həştərxan və ya Krım xanlığında
yaşayırdı. Belə bir şəraitdə
dövlətlərarası münasibətlərdə
sosioetnik-sosiomədəni meyarlar siyasi mənsubiyyət fərqlərindən
heç də az əhəmiyyət
daşımırdı. Sadə xalq bu
xanlıqların bütün ərazisini ayrıseçkilik
qoymadan öz vətəni, ana yurdu bilirdi. Gediş-gəlişin
intensivliyi və sərbəstliyi, belə demək
mümkünsə, “ümumi vətəndaşlıq”
prinsipinin işləkliyi də bununla şərtlənirdi.
Çox zaman hətta xanlıqlar arasında dəqiq
sərhədləri belə müəyyənləşdirmək
mümkün olmurdu (tez-tez meydana çıxan ərazi
mübahisələri də buradan irəli gəlirdi). Elə buna görə müasir tarixçilər
xanlıqların coğrafi demarkasiyasında çətinlik
çəkir, sərhədlərini ən ümumi şəkildə
təsvir etməli olurlar. Kazan xanlığı cənubdan
Həştərxan xanlığı, şərqdən və
cənub-şərqdən Noqay Ordası, şimal-şərqdən
Sibir xanlığı, cənub-qərbdən Krım
xanlığı ilə qonşu idi (xanlığın
şimalında fin tayfalarının yaşadığı
torpaqlar, qərbində isə Moskva knyazlığı yerləşirdi).
Bir sözlə, coğrafi yaxınlıq, Orda ənənələri
üzərində qərarlaşmış ümumi həyat tərzi,
müştərək mədəni irs və
qohumluq əlaqələri bu xanlıqların siyasi
inteqrasiyası üçün möhkəm təbii əsas
yaradırdı. Buna görə də Kazan
xanlığında Moskva təmayüllü qüvvələr
olduğu kimi İslam dünyasına, ilk növbədə isə
qonşu xanlıqlara meyl göstərən qruplaşmaların
olması da qanunauyğun sayılmalıdır. Onlar kafir ruslardan asılılığı
Qızıl Orda varisləri üçün yolverilməz
sayır, bu biabırçılıqdan qurtulmaq
üçün gizli danışıqlar aparır, yollar
axtarırdılar. Rusiya protektoratlığı
dövründə “Noqay tərəfdarları” məğlubiyyətə
uğramışdı, bununla belə “Moskva partiyası”na
qarşı duran qüvvələrin yalnız tərkibi dəyişmiş,
həcmi və miqyası isə, əksinə, genişlənmişdi.
Milli və işğalçı siyasi cəbhələr
arasında balans artıq birincilərin xeyrinə pozulmuş,
uçurum dərinləşmişdi. Rusların nisbi üstünlüyünə baxmayaraq təsir,- bərabər
olmasa belə- əks-təsirlə nəticələnir, onlar
təzyiqlərini nə qədər artırırdısa,
qarşı tərəf də müqavimət
gücünü bir o qədər səfərbər edir,
qüvvələrini birləşdirməyə
çalışırdı.
Bu dövrdə Kazan əyanları arasında Sibir və
Krım xanlıqlarına meylin daha güclü olduğu
aşkardır. Bu, bir tərəfdən qohumluq əlaqələri
ilə, digər tərəfdən həmin xanlıqların
Kazana münasibətdə siyasi aktivliyi ilə (Noqay Ordası
Kazanla münasibətlərdə daha çox Sibir
xanlığının, Həştərxan xanlığı
isə Krım xanlığının mövqeyini müdafiə
edirdi) izah oluna bilər. 80-ci illərdə Sibir
xanlığı və Noqay Ordası Əli xan və ailəsinin
azad edilməsi, bu mümkün deyilsə, fidyə
müqabilində müsəlman ölkələrindən birinə
göndərilməsi tələbi ilə III İvanın
yanına elçilər göndərmiş, lakin bu səylər
nəticə verməmişdi. 1495-ci ildə isə artıq
onların dəstəyi ilə Kazanda çevriliş baş
verdiyini, Moskvanın satelliti Məhəmməd Əminin
devrildiyini, taxta Sibir xanı İbakın yaxın qohumu,
Şeybanilər sülaləsindən Mamukun gətirildiyini
görürük. Doğrudur, Mamukun hakimiyyəti
uzunmüddətli olmur, lakin rus asılılığına
münasibətdə kəskin dönüşün baş
verməsi məhz onun taxta çıxarıldığı
vaxta təsadüf edir. Məhəmməd
Əmin Moskvaya qaçır, rusiyameylli qüvvələr təqibə
məruz qalırlar. Artıq rus
boyunduruğunda qalmaq Kazan əsilzadələrinin əksəriyyətini-
hətta III İvanın hakimiyyətə gətirdiyi
Əbdüllətifi belə qane etmir. Kazan
əyanlarının başçısı Kəl Əhmədlə
separat razılaşma əsasında taxta çıxarılan
Əbdüllətif, Məhəmməd Əminin kiçik qardaşıdır,
o da bir müddət Rusiyada yaşayıb, amma buna baxmayaraq
qatı moskvapərəst deyil. Görünür,
Moskvadan sonra anası Nursultan xanımla birlikdə Krıma
köçməsi, burada atalığı Məngü Gireydən
tərbiyə alması onun dünyagörüşündə
daha güclü təsir buraxmışdır. Tarixdən də bilindiyi kimi, buyruq qulu olmayıb,
Moskvaya hesabat vermir, müstəqil siyasət yeritmək istəyir.
Elə buna görə də 1502-ci ildə knyaz Zveniqorodski tərəfindən
Kazan taxtından kənarlaşdırılaraq, hakimiyyəti
yenidən Məhəmməd Əminə təhvil verməli
olur və Beloozerska sürgünə göndərilir.
Ən maraqlısı isə üçüncü
hakimiyyəti dövründə Məhəmməd Əmin
xanın özünün də gözlənilmədən
siyasi oriyentasiyasını dəyişməsidir. O, artıq ruslardan yaxa
qurtarmaq üçün yollar axtarır (ruspərəst
qüvvələrin siyasi və iqtisadi təsirini azaltmaq, mərkəzi
hakimiyyəti gücləndirmək məqsədi ilə tədbirlər
görür, torpaq üzərində mülkiyyət sistemini
islah edir və s.), əlverişli şərait yaranmasından
(III İvan qocalıb əldən düşmüş, ruslar
Kazan xanlığından təhlükə gözləmədikləri
üçün sayıqlığı itirmişdilər,
Krım xanlığı isə artıq Böyük
Ordanı sıradan çıxardığından Moskva ilə
ittifaqa əvvəlki qədər əhəmiyyət vermirdi)
yararlanaraq gizli şəkildə onlarla haqq-hesab çəkməyə
hazırlaşır. Və 1505-ci ildə Kazan
yarmarkasında rus tacirlərinin öldürülməsi,
dükan və anbarlarının talan edilməsi, səfir
M.A.Klapkin-Yeropkin də daxil olmaqla on minlərlə rus təbəəsinin
əsir alınması ilə planlaşdırılan
müharibə başlayır. Kazan ordusu
(40 min yerli və 20 min noqaylı əskər) Nijni Novqorod
üzərinə yeriyir, şəhər posadını
yandırıb, Kremli mühasirəyə alır. Yürüşə başçılıq edən
noqay bəyinin öldürülməsindən sonra hücum
dayandırılsa da rus qoşununun beli
qırılmışdır. Bəzi mənbələr
100 minlik qoşundan cəmi 7 min nəfərin sağ
qaldığını yazır. Bu ərəfədə
III İvan da vəfat edir. Növbəti
böyük knyaz (onun oğlu) III Vasilinin (1505-1533) yenidən
ordu toplamağa başlaması isə müharibənin nəticəsini
dəyişmir. Aydın görünür
ki, Məhəmməd Əmin Moskva knyazlığını
aradan qaldırmaq, yaxud tabe etmək məqsədi
güdmür, onu yumşaltmağa, bərabərhüquqlu
münasibətlər qurmağa məcbur etmək siyasəti
yeridir. 1507, 1508, 1512, 1516-cı illərdə o, III Vasili ilə bir
neçə müqavilə bağlayır, dostluq və
mehriban qonşuluq münasibətləri üçün
hüquqi əsaslar yaratmağa cəhdlər göstərir.
1516-cı ildə Məhəmməd Əmin ölüm
yatağına düşür. Kazanlılar Rusiyada
sürgündə olan Əbdüllətif xanın
buraxılmasına və taxta çıxarılmasına icazə
almaq üçün Moskvaya elçilər göndərsələr
də, xahişləri rədd edilir. Bir il
sonra Əbdüllətif (bəzi tarixçilər onun
ölümündə III Vasilinin barmağı olduğunu
ehtimal edirlər), 1518-ci ildə isə Məhəmməd
Əmin bir-birinin ardınca dünyadan köçür.
Kazanda hakimiyyət böhranı başlayır: nə
Əbdüllətifin, nə də Məhəmməd
Əminin oğlu qalmayıb. Uluğ Məhəmməd
sülaləsindən sağ qalan şahzadələr Qasım
nəslindəndirlər və Kazan taxtı üçün
arzuolunmaz sayılırlar. Pyotr İbraqimoviç
(Xudaykul) isə pravoslavlığı qəbul etdiyindən
taxta çıxarıla bilməz: Qızıl Ordadan törəmə
dövlət təsisatlarında xan seçiminin iki mütləq
şərti var;
bir- namizəd mütləq Çingiz soyundan və
iki-mütləq müsəlman olmalıdır. Deməli,
Kazan taxtına o biri xanlıqlardan, digər xanədan üzvləri
arasından bu şərtlərə uyğun bir şəxsin
dəvət olunmasından başqa çıxış yolu
qalmayıb (belə də olacaq, bundan sonra Kazan
xanlığına “gəlmə” xanlar hökm edəcəklər).
Kazanlıların seçimi Krım xanı Məngü
Gireyin oğlu Sahibin üzərində dayanır, lakin ruslar
onun namizədliyinə razılıq vermirlər. III
Vasili 1487-ci il razılaşması ilə
aldığı səlahiyyətlərə əsaslanıb,
Kazan taxtına Qasım nəslindən Şahəlinin namizədliyini
irəli sürür və onun hakimiyyətə keçməsinə
nail olur. Həm fiziki, həm əqli cəhətdən
qüsurlu olduğu deyilən 13 yaşlı Şahəlinin
taxta oturdulması, əslində Kazan xanlığında
hakimiyyətin müşavir sifəti ilə göndərilmiş
duma dyakı Fyodr Karpovun əlinə keçməsi deməkdir.
Şəhər, asayişin qorunması bəhanə
edilərək rus əskərləri ilə doldurulur. Kazan sarayında narazılıq yenidən baş
qaldırır və bununla barışmayan əsilzadələrin
dəstəyi ilə xanlıqda qarışıqlıq təkrar
qüvvətlənir. Milli hərəkatın
başında duran Sidi oğlan (“oğlan”
titulu-xatırlayırsınızsa-xanzadələrə
verilirdi) Baxçasaraya elçilər göndərir və
1521-ci ildə Krım hökuməti ilə aparılan
danışıqlar nəticəsində Moskvanın iradəsinin
ziddinə olaraq, Sahib Girey Kazana gəlib, xan taxtına əyləşir.
Şahəlinin 5 min, voyevoda Podqojinin min nəfərlik
dəstələri tərksilah edilir, qaladakı ruslara və
qasımlılara divan tutulur. Şahəli
mühafizəçiləri ilə qaçıb Moskvaya
sığınır.
Beləliklə, Kazan tarixində Rusiya protektoratı
dövrü Moskvanın siyasi iflası ilə başa
çatır.
Qısa şəkildə bu dövrə yekun vurası olsaq,
qeyd etməliyik ki, protektoratlıq siyasəti Kazan (eləcə
də Həştərxan, Krım, Sibir...) elitasının
siyasi şüurunda ciddi təbəddülat yaradır,
Qızıl Orda varisləri ilə Rusiyanın münasibətlərində
kəskin dönüşün başlanğıcı qoyulur.
Burada qəribə nəsə axtarmağa ehtiyac da yoxdur, zira hər
şey tamamilə qanunauyğundur: Rusiyanın Kazandakı
siyasi davranışları Qızıl Orda varislərinin adət
edilmiş hərbi rəqabət prinsiplərinə zidd olub,
müharibə haqqında hakim təsəvvürlərə
sarsıdıcı zərbə endirmiş, qarşıduran tərəflər
arasında münasibətləri “namərdlik” və siyasi
amansızlıq üzərində qurulan yeni bir müstəviyə
keçirmişdir. Şərq dünyasında
kökü əsrlərin dərinliyinə işləyən ənənəvi
baxışlar sistemində müharibələrin ümdə
məqsədi torpaqların işğalından,
qırğınlar törədilməsindən daha çox, rəqibə
xərac kəsmək, onu özünə tabe etdirmək kimi təsəvvür
olunurdu. Müharibələr əsas
etibarilə günahsız insanları qırmaq,
yaşayış məntəqələrini yer üzündən
silmək üçün yox, qarşı tərəfi iqtisadi-maliyyə
sanksiyaları ilə cəzalandırmaq, maddi mənfəət
əldə etmək üçün aparılırdı.
Məğlub tərəfdən əsirlərin
götürülməsinə gəlincə, bu, hərbi qənimətin
bir növü hesab olunurdu. Fatehlərin
şöhrəti tökdükləri qanla, xarabaya
çevirdikləri şəhər və kəndlərlə
(əlbəttə ki, çıxılmaz inadkarlıq
qarşısında bunlar da məqbul sayılırdı) yox,
bac-xərac aldıqları, özlərindən asılı
etdikləri ölkələrin sayı ilə
ölçülürdü. Frederik
Starın yazdığına görə, “qədim Şərqdə
hökmranlıq etmək, hələ romalılar kimi qanunlar
sistemini gəlişdirmək məsələsi bir yana
qalsın, müəyyən bir ərazi və onun hökuməti
üzərində tam nəzarəti həyata keçirmək
anlamına gəlmirdi. Bu, daha çox həmin
ərazidən xərac almaq qabiliyyətində olmaq demək
idi. Xərac məsələsi kiçik
şəhərlərdən, yaxud ərazilərdən imperiya
paytaxtına qədər uzanan hakimiyyətin aydın bir
iyerarxiyasını gəlişdirirdi. Hətta
Çin də hikkəli hunları özünə yaxın
buraxmamaqdan ötrü bir vasitə kimi xərac ödəməli
olmuşdu. Ancaq xərac
yığılması gündəlik nəzarət demək
deyildi. Xərac zatən iqtisadçıların
“renta güdümü” adlandırdığı və güc
yolu ilə başqasına sırınan nəsnədən
artıq bir şeyi də ifadə etmirdi. Farslara
gəldikdə onların tabeçiliyindəki ərazilər
satraplıqlar adlanırdı. Bu ərazilər
xəracvermə tələblərini
qarşıladıqları təqdirdə geniş özünüidarə
hüquqlarına malik olurdu. Bölgədə
idarəçiliyi həyata keçirmək üçün
təyin olunan canişinlər, yaxud satraplar coğrafi
uzaqlıqdan sui-istifadə ilə Persopolis üçün nəzərdə
tutulan ödənişləri mənimsəməyə və
hətta imperiyanın tərkibindən çıxmaqla hədələməyə
asanlıqla şirniklənirdilər. Mərkəzi
Asiyada bu imperiya canişinlərinə xas “yerlilərlə
doğmalaşmaq” və yerlərdə muxtariyyətə nail
olmaq təmayülü özünü təkrar-təkrar
göstərirdi. Bu, ilk dəfə yunanlar, sonra ərəb
işğalçıları, daha sonra isə monqollarla əlaqədar
üzə çıxmışdı... Çingiz
xan da köçərilərin çoxdankı
taktikasından istifadə edirdi. Bu da ondan
ibarət idi ki, oturuşmuş icmalara məhvedici bir zərbə
endirirsən, sonra da yerli camaat bac verməyə
razılaşınca qoşunları geri çəkirsən”.
Rəqabət və düşmənçiliyin bu qədim
qaydalarını birbaşa sələfi olan Qızıl
Ordadan əxz etmiş Kazan elitası rəqibi
asılılığa salmağın başqa yolunu bilmir,
heç bilmək də istəmirdi. Tatarlar heç vaxt Rusiyanın siyasi
və milli muxtariyyətinə məhdudiyyət
qoymamış, dini azadlığına təcavüz etməmiş,
daxili işlərinə, yerli idarəçilik məsələlərinə
qarışmamış, knyaz və çarları əsir
saxlamaqla hakimiyyət boşluğu yaratmağı
ağıllarına belə gətirməmişdilər. Rusiya
protektoratlığı dövründə onlar siyasi rəqabət
və qarşıdurmanın bu və başqa üsullarla səciyyələnən
tam başqa bir sxemi ilə rastlaşmış, siyasi
mübarizənin yolverilməz hesab etdikləri metodları ilə
tanış olmuşdular. Bütün
bunlardan sonra artıq başa düşürdülər ki,
qarşı tərəf rəqabət anlayışına
sırf siyasi-istilaçı məzmun verir, “mərdlik kodeksi”ni gerilik əlaməti sayır, rəqibə təsir
və təzyiq göstərməyin misli görünməmiş
taktika və strategiyalarına əl atmağa başlayır. Belə bir şəraitdə əlbəttə ki,
Moskva ilə münasibətləri köhnə qaydalar əsasında
saxlamaq məqbul və mümkün sayıla bilməzdi.
Əgər ikitərəfli münasibətlərdə
diktat və hökmranlıq üsulunu əsas götürən
ruslar üçün istənilən kompromis və xoş məram
təzahürü hərbi-siyasi zəiflik əlaməti
sayılırdısa, deməli, onlarla “öz dilləri”ndə
danışmaq imperativ zərurətə çevrilirdi.
Beləliklə, dövlət müstəqilliyinin
sülh və danışıqlar yolu ilə deyil, silahlı
mübarizə yolu ilə qorunmalı olması qənaətinə
gələn Kazan əyanları daha güclü olan Krım
xanlığı ilə koalisiya yaratmaq qərarına gəlir. Əlbəttə
ki, bu qərar hər şeydən əvvəl Krım
xanlığı vasitəsi ilə Osmanlı
imperiyasının himayəsindən yararlanmaq istəyi ilə
bağlı idi. Krım şahzadələri Sahib və Səfa Gireylərin Kazandakı səltənət
illərində baş verənlər də bu fikrin
doğruluğuna dəlalət edir. Çox
zaman “Kazanda Krım hakimiyyəti” kimi səciyyələndirilən
20-30-cu illərdə gireylər xanədanının Kazan
xanlığını qeyri-rəsmi hamiliyə
götürdüyü aydındır. Belə
hallar Qızıl Ordanın törəmələri
arasında tez-tez baş verirdi. Müəyyən
səbəblərdən bir xanlıq öz taxtına başqa
(qardaş) xanlıqdan şahzadə dəvət edir, beləliklə,
sanki özünəməxsus bir siyasi-inzibati simbioz
yaranırdı. (Bəlkə yeri deyil, amma
onu da bilməliyik ki, tatar xanlıqlarının tarixində dəvət
olunan xanın taxtdan düşməsi ilə
qarşılıqlı münasibətlərin dəyişib
soyuduğu və hətta düşmənçilik həddinə
çatdığı hallar da olub.) Qanuna
(törəyə) görə, güclü (dəvət
olunan) tərəf qeyri-rəsmi və ya hətta rəsmi
şəkildə öz üzərinə zəif tərəfi
müdafiə etmək, onu kənar müdaxilə və hücumlardan qorumaq öhdəliyi
götürürdü. Gireylər
dövründə Kazan-Krım yaxınlaşması da eyni
model əsasında baş vermişdi. Sahib xanın Kazan taxtına çıxması ilə
krımlılar xanlığın dövlət həyatında
əsas vəzifələrə yiyələndilər. Sarayın və xan ailəsinin mühafizəsi ilə
Krımdan gəlmiş döyüşçülər məşğul
olmağa başladı. Kazanlılar isə öz
növbəsində Krım xanlığının Moskva
üzərinə yürüşlərində (1521, 1535-1537) əlahiddə
qoşunla iştirak edirdi və s. Protektoratlıq
dövrünün reallıqları nəzərə
alındıqda sonuncu məqam Kazan xalqı (və tarixi)
üçün hərbi-siyasi və psixoloji baxımdan olduqca
prinsipial əhəmiyyət daşıyır; az müddətdə
xanlığın nəinki Moskvanın
asılılığından
çıxdığını, həm də onunla əks cəbhədə
yer aldığını, döyüş meydanında
qarşı-qarşıya gələcək dərəcədə
cəsarətləndiyini göstərir. Yürüşlərin
nəticələri də Kazan xanlığı
üçün qənaətbəxş sayıla bilər-
1521-ci ildə III Vasili “qədimdə olduğu kimi” Krım
xanlığına xərac ödəməyə razı
olmuş, kazanlılar isə bol qənimət əldə
etmişdilər. Amma əsas nailiyyət, əlbəttə
ki, əsir və qənimətlər deyil, protektoratlıq
dövründə əldən verilmiş mövqelərin
yenidən qazanılmasıdır. Kazan
xanlığı artıq yenə hücum edən tərəf
mövqeyindədir. Ruslar qovulur, Moskvadan tacirləri
sıxışdırılır, malları əllərindən
alınır. 1523-cü ildə böyük
knyaz Vasili rus tacirlərinin Kazan yarmarkasında
iştirakına qadağa qoymağa məcbur olur. 1535-ci ildə isə rusların təzyiqi ilə
Kazan taxtına oturdulmuş Canəli sadə xalq kütlələri
tərəfindən qətlə yetirilir. 1546-cı
ildə Səfa Girey 3-cü dəfə taxta qayıdanda
rusmeylli qüvvələri darmadağın edir, 76 bəy
qaçıb Moskvaya sığınmağa məcbur olur.
Eyni zamanda Həştərxan xanlığı
və Noqay Ordası ilə münasibətlər hərbi-siyasi
müttəfiqlik səviyyəsinə qaldırılır.
1530-cu ildə ruslar qüvvədə olan
müqaviləni pozaraq Kazan üzərinə yeriyəndə Səfa
Girey məhz Noqay və Həştərxan
qoşunlarının köməyi ilə onları geri oturdur.
Hər şey ona işarə edir ki,
Qızıl Ordanın vərəsələri birləşərək,
Kazanı “kafir”lərin təcavüzündən qorumağa
qadirdir. Lakin...
Lakin 1546-cı ilin martında 56 yaşlı Səfa Girey
xanın qəfil ölümü ilə hər şey
yarıda qırılır. Kazan
xanlığının (bəlkə həm də Krım
xanlığının?) bəxti artıq ikinci dəfədir
ki, ona “dönük çıxır”. Birinci
dəfə kazanlılar “rus düyünü”nü Krım
xanı Məhəmməd Gireyin dəstəyi ilə yara bilərdilər.
Məhəmməd xan yadellilərin Ulu yurda sahib
olmaq istəklərinin qarşısında dağ kimi
dayanmışdı. kəsirdi. Onun qəzəbindən
qorxan rus knyazları
Krıma, Kazana, Qızıl Orda torpaqlarına təcavüz
etməyə cürət göstərə bilməzdilər. Bu mənada Həştərxan üzərinə səfər
zamanı Məhəmməd xanın həlak edilməsi
bütöv bir bölgənin taleyini dəyişən bir
hadisə idi. Krımda qarışıqlıq
yaranmış, taxta keçən Səadət Gireylə Kazan
xanı Sahib Girey yollarını ayırmış, Sahib xan
öz yerinə 13 yaşlı Səfa Gireyi qoyaraq Krım məsələsini
həll etmək üçün İstanbula getməli
olmuşdu. Məhəmməd xanın yoxluğu Moskvanın əl-qolunu
açmış, böyük knyaza güc və cəsarət
vermiş, onu köhnə hücum taktikasına dönməyə
ruhlandırmış və bu fonda Kazanla
Krım arasında anlaşılmazlıqlar
başlanmışdı. Müasir oxucu
üçün nə qədər qəribə səslənsə
belə, o vaxtlar xanların kimliyi xanlıqların taleyində
həlledici rol oynayırdı. Nə qədər
ki, Səfa Girey Kazan taxtında idi, Vasili təcavüzkar siyasətini
cilovlamağa, yaxud “malalamağa” məcbur idi. Onun vəfat etməsi ilə Qızıl Orda varisləri
tərəfindən qoyulmuş bütün təməllər
uçuldu, müsbət başlanğıclar puç oldu.
Və cəsarətlə demək olar ki, bu məşum
hadisə Səfa xanın ölümü Kazanın
süqutunu şərtləndirən mühüm səbəblərindən
biridir.
Qasım/Qasımov
xanlığı Moskva Rusunun forpostu kimi
1521-ci ildən sonra Kazan xanlığının müstəqilliyinin
qorunması uğrunda Rusiya ilə mübarizə daha
qızğın və dinamik mərhələyə
keçir.
Rus hökuməti bu mərhələdə Qasım sülaləsi nümayəndələrinin
Kazan taxtına iddialarının müdafiəçisi və
təminatçısı kimi çıxış edir,
Çingiz övladları kimi onların hakimiyyət
hüquqların guya Krım xanlığı tərəfindən
pozulmasını əldə bayraq edərək, Kazanın
daxili işlərinə qarışmağa
çalışır, istilaçı niyyətlərini bu
“arqument”lə ört-basdır etmək istəyir. Həqiqətdə isə Qasım xanlığı
Kazan-Moskva qarşıdurmasının lap əvvəlindən
rusların təsir dairəsinə düşmüş, onların
səfində yer almış, məkrli oyunlarına alət
olmuşdu. Xanlığın
yaradılması haqqında yuxarıda deyilənlərdən
də bildiyimiz kimi, Uluğ Məhəmməd bu kiçik
qurumu Kazanı ruslardan qoruyan ön istehkam kimi nəzərdə
tutmuş və onun yaranmasına məhz bu səbəbdən
təkid etmişdi. Başqa sözlə, hələ
yaranış dövründən Qasım xanlığına,
bir növ, strateji əhəmiyyət daşıyan Ulu yurdun
mühafizə zolağı, bufer zona funksiyası
ayrılmışdı. Lakin zaman
keçdikcə bu yarımmüstəqil xanlıq nəinki
öz missiyasını yerinə yetirə bilməmiş, həm
də rusların siyasi orbitinə daxil olmuş,
könüllü şəkildə Moskvaya girov
düşmüş, Kazana və ətraf müsəlman
dövlətlərinə qarşı təxribatların vasitə
və subyektinə çevrilmişdi. Məlumdur
ki, Uluğ Məhəmmədin öldürülməsindən
sonra onun oğlanları arasında taxt qovğaları
başlamış və bu qanlı qardaş
qırğınları Kazandan Qasım xanlığına da
sıçramışdı. Elə həmin 1446-cı
ildə Qasım xan və qardaşı Yaqub hakimiyyətlərini
qorumaq üçün Moskva böyük knyazının himayəsinə
sığınmış, bir daha bu asılılıqdan
çıxa bilməmiş, onların xələfləri də Moskvaya xidmət
yolunu davam etdirmişdilər. 1449-1450-ci illərdə
Böyük Ordanın hücumları zamanı Qasım
xanın dəstələri Vasilinin qoşununda
vuruşmuş, 1449-1452-ci illərdə isə onun öz rəqibi
Semaka üzərinə yürüşündə iştirak
etmişdi. Qasım xanlığı
Moskvanın Qızıl Orda varislərinə qarşı kadr
hazırlığı bazasına, öz yurduna və törəsinə
dönük çıxmış tatar şahzadələrinin
sığınacağına çevrilmiş, taxta da bir qayda
olaraq belələri seçilib təyin edilmişdir.
1486-1491-ci illər arasında Qasım
xanlığını idarə etmiş Nurdövlət Girey
buna bariz misaldır. Bilindiyi kimi, Nurdövlət, atası
Hacı Gireyin vəfatından sonra qardaşı Məngü
Gireylə hakimiyyət qovğasına qalxmış, bir
müddət hətta qələbə çalaraq Krım
taxtına sahib olmuşdu. Lakin aparıcı tayfa birlikləri
tərəfindən müdafiə edilmədiyi
üçün daim nəzərlərini ölkə xaricinə
dikmiş, ümidini Böyük Orda, Litva, Moskva
knyazlıqlarının yardımına bağlayaraq, nicat
yolunu onlarla ittifaqlarda
axtarmışdı (əslində, daxildə
dayağı olmayan bir xanın kiminləsə bərabərhüquqlu
alyans yaratmasından yox, kimdənsə mədəd
ummasından danışmaq mümkündür). Osmanlı
dövlətinin Krım xanlığını himayəsinə
alıb, Məngü Gireyi qanuni xan kimi tanıması ilə
Nurdövlətin öz ölkəsində taxta yolu biryolluq
bağlanmış və o, qardaşı Heydərlə
birlikdə əvvəlcə Litvaya, az sonra isə (1479) Moskvaya
üz tutmağa vadar olmuşdu. III İvan
qaçaq qardaşlara onları Məngü Gireydən
qoruyacağını vəd vermiş, çox keçmədən
Nurdövləti Qasımov xanlığının
başına gətirmişdi. Nurdövlətin hakimiyyət
ambisiyaları, ondan sonra taxta çıxarılan Satılxan və
Canay adlı oğullarının qisasçılıq
duyğuları ilə ustalıqla oynamağı bacaran
fürsətcil rus hakimləri Qızıl Orda varislərinə
qarşı istilaçı siyasətlərinı yeritməkdə
onların kortəbii taxt ehtiraslarından geninə-boluna
yararlanmışdılar. 1512-ci ildə isə
Qasım xanlığında xanədan dəyişikliyi
baş vermiş, hakimiyyət Cuci soyunun başqa bir qolundan gələn
Şeyx Evliyara, sonra da onun oğulları Şahəli və
Canəliyə keçmişdi. Amma dəyişən
yalnız xanədan və şəxslər olmuş,
xanlığın siyasi oriyentasiyası isə əvvəlki
kimi qalmış, Moskvaya bağlılığı bir qədər
də möhkəmləndi. Qasım
xanlarının məhz bu dövrdə Moskva Rusunun
işğalçı planlarının gerçəkləşdirilməsində
açıq şəkildə iştirak etdikləri mənbələrdə
də əksini tapır.
Moskva knyazlığı, sonra isə çarizm
dövründə ruslar Qasımov xanlığını
asanlıqla ləğv edə bilərdilər; bunun
üçün qarşılarında heç bir maneə yox
idi. Lakin necə deyərlər, “xərci borcunu ödəməyən”
bu xanlığı XVII əsrə qədər saxlamağa
üstünlük verdilər. Xanlığın
əsas maliyyə mənbəyini əvvəldən axıra qədər
ruslardan alınan illik xərac təşkil edirdi. Xərac əvvəlcə Uluğ Məhəmmədlə
bağlanmış müqavilənin mühüm şərti,
sonra isə Qasım xanlığının Moskvadan
asılılığının maddi təminatı kimi
vaxtı-vaxtında ödənilmişdi. Bundan əlavə,
müxtəlif vaxtlarda xanlığın Kazan qarşısında vergi
öhdəlikləri də Moskvadan təmin olunmuşdu. Əvəzində isə rus hökuməti Qasım ərazisində
cəmləşən hakim xanədan və sülalə
üzvlərinin əlaqə və imkanlarından istifadə
etmiş, onları müxtəlif yollarla ələ alıb,
şirnikləndirmiş, özündən asılı vəziyyətə
salmışdı. Niyə, nə məqsədlə?
Əvvəlcə Qasım sülaləsi nümayəndələrindən
Kazanın işğal edilməsi məqsədi ilə istifadə
olunmuşdu: onların “ata yurdu”nda taxt-taca iddiaları legitim
sayılır və bu əsasla dəstəklənirdi. Şahəli və Canəlinin dəfələrlə
Kazan taxtına namizəd göstərilməsi və
onların (həm də rusların) iddialarının bir
neçə dəfə təmin olunması deyilənlərə
sübutdur. Təsadüfi deyil ki, rəsmi
Moskva Kazan xanlığında ictimai-siyasi vəziyyəti
qarışdırmaq, yaxud öz xeyirlərinə dəyişdirmək
üçün bu qardaşları sonadək əlində
saxlamışdır. İkinci bir tərəfdən
Qasım xanlığı Moskvaya həm də müsəlman
dünyası, xüsusən də, Osmanlı dövləti ilə
münasibətlərdə örnək kimi lazım idi. Çar hökuməti Qasımovu müsəlman mədəniyyətinin
mərkəzi kimi təbliğ edir, burada yerli müsəlmanların
azad şəkildə öz dinlərinə ibadət etmələri
üçün şərait yaradılması hər vasitə
ilə vurğulanır, İslam dininə etiqad edən xanlar və
hakim əsilzadələr Rusiyada dini dözümlülük
mühitinin hökm sürdüyünə nümunə
göstərilirdi. Halbuki İ.Zaytsevin
yazdığına görə, Qasım xanlığında
tatar əhalinin “yabançılar”, ilk növbədə
müsəlmanlarla icazəsiz görüşmələri belə
qadağan edilmişdi. Volqaboyu ərazilərində
müsəlmanların kütləvi
xristianlaşdırılmasının ilk dəfə məhz
burada sınaqdan keçirildiyi, xanların və şahzadələrin
tənəssür etdikləri (xristianlaşmaları) də təkzibolunmaz
sənədlərlə təsdiqini tapır. Bəli, inkar etmək
olmaz ki, Qızıl Ordadan qalma qanunlara görə
bütün “tatar uluslarındakı” kimi, Qasım
xanlığında da müsəlman olmaq Çingiz soyuna mənsub
şahzadələrin taxta çıxması
üçün mütləq şərtlərdən biri kimi
gözlənilirdi. Xanların müsəlman
olmaları beynəlxalq münasibətlərdə rus
diplomatiyasınin işinə yarayır, manevr
imkanlarını genişləndirirdi. Lakin onu da unuda bilmərik
ki, burada xanların taxtdan enən kimi xristianlığı qəbul
etməsi də geniş yayılmış (1567-1570-ci illərdə
Qasım xanı olmuş Sayın Bulat və b.), nüfuzlu
sülalə mənsublarının (Abdullah bin Ak-Kubek oğlu
Mürtəza Əli və b.) erkən yaşlarından
xaç suyuna çəkilmələri isə bir qayda
halını almışdı (qeyd edək ki, tatar
xanlıqlarında “tənəssür” məsələsi
ayrıca bir mövzudur və qismət olarsa, tərəfimizdən
araşdırılacaqdır). Xanlığın
son “hökmdar”larından Seyid Bürhanın timsalında isə
əsl paradoksla rastlaşırıq. Belə
ki, 1653-1655-ci illər arasında xaç suyuna çəkilib,
Vasili adını almış Seyid Bürhan 1678-ci ildə
ölənə qədər xan taxtında qalmaqda davam
etmişdir. Tarixşünaslıqda bu fakt
XVII əsrin ikinci yarısından etibarən Qasım
xanlığının bir müsəlman dövləti kimi
mövcudluğunu (Rusiya üçün əhəmiyyətini)
itirməsi kimi qiymətləndirilir. İ.Zaytsevin qənaətincə,
1681-ci ildən başlayaraq Qasımov xanlığı
artıq Rusiyanın
inzibati bölgələrindən birinə
çevrilir və bu dövrdən mənbələrdə
Qasım xanının adının keçməməsi də
buna dəlalət edir.
Bəs Qasım elitası nümayəndələrinin
ruslarla bu qədər yaxınlaşmalarını,
doğmalarından üz çevirib onlarla
qaynayıb-qarışmalarını necə izah etmək olar?
N.MUSTAFA
(ARDI VAR)
İki sahil.- 2022.- 3 sentyabr.- S.21.