Sən elə bir zirvəsən...
İllər keçdikcə müstəqil Azərbaycanın memarı, ümummilli liderimiz Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının böyüklüyü daha aydın görünür. Haqqında bəstələnən mahnıda deyildiyi kimi, "Sən elə zirvəsən ki, buludlar neyləyəcək? "Ulu Öndərin “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” fikirləri dünənimiz, bugünümüz və gələcəyimiz üçün gördüyü bütün işlərin aydın mənzərəsini yaradır. Vətən, xalq sevgisi Ulu Öndərin atdığı hər bir addımda özünü parlaq şəkildə göstərdi. Ona görə də Azərbaycanı müstəqil və qüdrətli, xalqımızı yüksək rifah şəraitində görmək istəyən ulu öndər Heydər Əliyevin 1991-ci il 3 sentyabr tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi də Azərbaycanın dövlətçilik tarixinin ən parlaq səhifələrindən birinə çevrilib. İnamla deməliyik ki, Azərbaycanın sürərli inkişafı və bugünkü qüdrəti Naxçıvandan başladı. Dünya şöhrətli siyasətçi və dövlət xadimi olan Ulu Öndərin uzaqgörən ideyaları xalqımızı "Qurtuluş"dan "Dirçəliş"ə, Qarabağımızın işğaldan azad olunmasına və sürətli tərəqqiyə gətirib çıxardı.
Yada salaq ki, Ümummilli Liderin fəaliyyətinin Naxçıvan mərhələsi nə qədər çətin və mürəkkəb bir dövrə təsadüf etsə də, bu illərin Azərbaycanın müstəqillik tarixində xüsusi yeri var. Prezident İlham Əliyev həmin dövrü belə xarakterizə edir ki, o illərdə nəinki Naxçıvan, eyni zamanda, Azərbaycan üçün tarixi qərarlar qəbul edilmişdir. Əvvəla, o vaxt Naxçıvanın adı dəyişdirildi. Ulu Öndərin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edildi və Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, Azərbaycan dövləti bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etsin. Yaxşı yadımızdadır ki, 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən referendumda Naxçıvan iştirak etmədi. Bütün bu addımlar sonrakı dövrdə Azərbaycanın dövlət müstəqilliyi üçün mühüm şərtlərə çevrildi. Həmin dövrdə Azərbaycanın gələcəyi üçün atılan addımlar sırasında 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul olunması çox mühüm ictimai-siyasi hadisə idi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir amal, bir ideya-azərbaycançılıq məfkurəsi ətrafında sıx birliyinin, həmrəyliyinin yaradılması ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri oldu. Bu gün böyük fəxrlə qeyd edə bilərik ki, məhz dahi şəxsiyyətin fəaliyyətinin Naxçıvan dövründə bu istiqamətdə yaradılan möhkəm təməl sonrakı illərdə dünya azərbaycanlılarının birliyinin daha da möhkəmləndirilməsində, diaspor quruculuğunun geniş vüsət almasında əhəmiyyətli rol oynadı. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra hansı ölkəyə səfər etdisə, orada bu çağırışı etdi ki, müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar bir amal ətrafında sıx birləşməlidirlər. Diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Bu istiqamətdə atılan addımların uğurlu nəticəsi tarixi Zəfərimizdə özünün aydın ifadəsini tapdı.
Həmçinin o illərdə Naxçıvanda Azərbaycanın ictimai-siyasi həyatında mühüm rola malik olan, dövlətə, xalqa xidməti fəaliyyətinin önündə saxlayan Yeni Azərbaycan Partiyasının yaradılması dahi rəhbərimizin adı ilə sıx bağlıdır. 1992-ci il noyabrın 21-də Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycanın gələcəyində mühüm rol oynayan Yeni Azərbaycan Partiyası təsis edildi. Yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin bəyan etdiyi kimi, dünənin, bu günün və gələcəyin partiyasıdır. Sıralarını kəmiyyət və keyfiyyət baxımından günbəgün möhkəmləndirən, cəmiyyətin lokomotivinə çevrilən YAP bu il otuz illik yubileyini qeyd edəcək. 30 illik şərəfli yolun təhlilinin ümumiləşdirilmiş ifadəsi olaraq qeyd edə bilərik ki, milyonların sevgisini qazanan YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. Ümummilli Liderin qeyd etdiyi kimi, "Yeni Azərbycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir”.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısında mühüm xidmətlərindən biri də cənab İlham Əliyev kimi ağıllı, tədbirli və qətiyyətli bir dövlət başçısı yetişdirməsidir. Təkcə İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq Qələbəsi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin on doqquz illik fəaliyyətinin ən uca zirvəsidir.
Əminik ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin başçılığı ilə ölkəmiz qarşısına qoyduğu bütün hədəflərə çatacaq. Çünki cənab İlham Əliyevin arxasında bütün Azərbaycan xalqı dayanır. Sarsılmaz xalq-iqtidar birliyi özünü cəmi iki il əvvəl-İkinci Qarabağ müharibəsində göstərdi. Hətta müxalifətdə olan partiyalar belə siyasi iddialarını kənara qoyaraq iqtidarın yanında olduqlarını elan etdilər. Belə möhtəşəm birlik son iki yüz ildə Azərbaycan tarixində yeganə təsadüf edilən həmrəylikdir. Biz düşmənlərimizə və bütün dünyaya göstərdik ki, sarsılmaz birliyimizlə torpaqlarımızı azad etməyə, Vətənimizi qorumağa qadirik. Belə möhtəşəm birlik və həmrəylik isə dahi Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin ağıllı siyasəti və qətiyyəti, Yeni Azərbaycan Partiyasının fəaliyyəti sayəsində mümkün oldu.
Ümummilli Liderimiz Azərbaycan xalqının yaddaşında və tarixində əbədi yaşayacaq.
Vəli İlyasov
İki sahil.- 2022.- 2 sentyabr.-S.5.