Sevilən və sevindirən neftçi

 

Kərim Kərimov – 60

 

Adətən insanın kimliyini, həyatda mövqeyini müəyyənləşdirmək üçün onun böyüdüyü regionun, yetişdiyi mühitin, tərbiyə aldığı ailənin necəliyinə daha çox önəm verilir. İnsanın şəxsiyyət kimi formalaşması sadalanan amillərdən asılı olsa da, onun mütəxəssis kimi püxtələşməsi əmək fəaliyyətinə başladığı və davam etdirdiyi müəssisələrin, kollektivlərin səviyyəsindən, mövqeyindən də asılı olur. Ancaq insanın ömür yolunu, fəaliyyət istiqamətini birinci növbədə onun özünün fərdi xüsusiyyətləri və Allahın verdiyi istedad müəyyənləşdirir.

Əslində, hər kəsə bəlli olan bu xüsusiyyətləri və şərtləri xatırlatmalar bu günlərdə 60 yaşı tamam olacaq tanınmış neft sənayesi mütəxəssisi, Azərbaycan Neft Kəmərləri İdarəsinin baş energetiki, Energetika şöbəsinin rəisi Kərimov Kərim İsrafil oğlu haqqında müəyyən fikirləri bölüşmək niyyətinə düşəndə ortaya çıxdı. Yuxarıda söylənən fikirlərin təsdiqi Kərim müəllimin ömürlüyündə öz əksini tapır.

O, 1962-ci il sentyabrın 6-da Qazax rayonunun Qaymaqlı kəndində- İncə dərəsində, Çopurlular deyilən adlı-sanlı, görüb-götürmüş bir nəsiblə dünyaya göz açıb. Halal, sadə zəhmətlə ömür sürən, lakin zabitəli və ağır taxtalı atası İsrafil kişini gənc yaşlarında itirib. Kərim müəllim olduqca zəhmətkeş, qürurlu insan olan anası Qiymət xanımın himayəsində böyüdügenetik xüsusiyyətlərinə rəğmən çox keçmədi ki, özü də himayədar oldu, xeyirxah missiyaları yerinə yetirdi.

Orta məktəbi əla qiymətlərlə Qaymaqlıda bitirdi və əvvəldən axıra ictimai fəaliyyəti ilə fərqləndi. Zamanında önəmli hesab olunan məktəb komsomol təşkilatının rəhbəri oldu. Respublika olimpiadalarında iştirak elədi. Gəncəbasar zona yarışmasının qalibi oldu. İndinin özündə də Baba müəllimi, Nərgiz müəllimi, məktəbin direktoru Məsmalı müəllimi və başqalarını sevgilərlə, rəhmətlə anır.  O, bütün fənləri yaxşı oxuyur, texniki fənlərdə isə daha çox fərqlənirdi. Ona görə və olimpiada zamanı rastlaşdığı həmkəndlisi, professor Nəbi Yaqubovun təkidli məsləhəti ilə hələ yeniyetmə ikən mühəndis olmaq arzusunu reallaşdırmaq üçün

1980-ci ildə o zamankı Azərbaycan Neft- Kimya İnstitutuna daxil oldu və 1985-ci ildə ali məktəbi bitirdi.

Əmək fəaliyyətinə 1985-ci ilin sentyabrından o zamankı “Leninneft”də, indiki Balaxanı Neft  və Qazçıxarma İdarəsində istehsalatın avtomatlaşdırılması sexində elektrik avadanlıqlarına xidmət üzrə beşinci dərəcəli elektrik mantyoru kimi başladı. Bir il keçməmiş elə orada böyük mühəndis vəzifəsinə təyin edildi. 1988-1990-cı illərdə hərbi xidmətdə olarkən də məsul vəzifələrə cəlb olundu və 1990-cı ilin iyulunda yenə öz mülki işinə qayıtdı. 2004-cü ildən SOCAR-ın Neft Kəmərləri İdarəsində rabitə sahəsində əvvəlcə baş mühəndis, sonra rəis vəzifəsinə götürüldü. 2007-ci ilin mayından isə həmin idarənin Mexanikaenergetika şöbəsinin rəisi vəzifəsinin müvəqqəti icraçısı və dörd aydan sonra rəisi oldu. Nəhayət, 2014-cü ilin aprelində Neft Kəmərləri İdarəsinin Energetika şöbəsinə 17-ci dərəcəli baş energetik-şöbə rəisi təyin edildi və hazırda həmin vəzifəni icra edir.

Kərim Kərimov idarədə təcrübəli bir mütəxəssis kimi energetika sahəsində gənc mütəxəssislərin istehsalat təcrübəsi qazanmalarına yaxından yardım edir. Bəllidir ki, ölkəmiz tanınmış neft ölkəsidir və nefti nəql etmək onu istehsal etmək qədər vacib məsələdir. Bu daşınmada elektrik enerjisinin yerionun təminatına xidmətin nə demək olduğu hər kəsə bəllidir. Kərim müəllim belə ciddi işlərlə məşğuldur və dövlətimiz onun fədakar zəhmətini layiqincə dəyərləndirib. 2016-cı ildə SOCAR prezidentinin imzası ilə Fəxri fərmanla təltif olunub. 2017-ci ildə isə Neftçilər Günü ərəfəsində dövlət başçısının Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.

Əminliklə deyə bilərik ki, Kərim müəllim öz sahəsinin inkişafında bundan sonra da böyük töhfələr verəcək, yüksək nəaliyyətlərə imza atacaq.

O, həm də gözəl ailə başçısıdır. Hər iki övladı – oğlu da, qızı da işlərində və ailələrində onun özünün də, ömür-gün yoldaşının da başlarını uca edirlər. O xoşbəxt ailədə onların gələcək arzularına işıq tutan dörd nəvələri böyüyür.

Biz də Kərimov Kərim İsrafil oğlunun 60 illik yubileyini təbrik edir, ona cansağlığı və uğurlar arzulayırıq.

 

İki sahil.- 2022.- 6 sentyabr.- S.7.