HEYDƏR
ƏLİYEVİN MİLLİ ÖNDƏRLİK
TƏRCÜMEYİ-HALINDA
NAXÇIVAN
Bu, danılmaz gerçəklikdir
ki, milli dövlət müstəqilliyimizin tarixi taleyində, ərazi
bütövlüyümüzün təmin edilməsində və
bir sıra mühüm tarixi-siyasi qərarların
imzalanmasında Heydər Əliyevin bioqrafiyasının Naxçıvan
dövrünün məxsusi rolu və çəkisi var. Heydər
Əliyevin hakimiyyətə gəlişinin ikinci mərhələsinin
başlanğıc məqamı və məkanı
Naxçıvanla başlayır.
Sonradan Azərbaycanın sosialmədəni tərəqqi tarixində yeni bir dönəm təşkil edəcək bu mərhələ yetmişinci illərin təbii, məntiqi davamına çevrilməklə xalqın, dövlətin parçalanmaq təhlükəsinin qarşısının alınmasında müstəsna əhəmiyyət daşıyır. Amma bura qədər böyük liderin Naxçıvanda gerçəkləşdirdiyi sistemli, taleyüklü işlər var idi ki, bunlar bütün ölkə miqyasında aparılacaq dərin islahatların zəmini kimi xüsusi vurğu salınmasını tələb edir.
1990-cı ilin sentyabrında Naxçıvandan Azərbaycan Ali Sovetinə deputat, 1991-ci ilin sentyabrında isə Naxçıvan Ali Sovetinin Sədri seçilən Heydər Əliyevin atdığı ilk addımlar onun sabahlı Azərbaycan naminə müqtədir mübarizənin başlanğıcı kimi simvolik əhəmiyyət daşıyır. Naxçıvanın “Azadlıq” meydanında 80 mindən çox insanın iştirakı ilə keçirilən izdihamlı mitinqdə böyük siyasətçi qətiyyətlə bildirmişdir: “...Mənim başlıca arzum Azərbaycanı siyasi və iqtisadi cəhətdən müstəqil, demokratik respublika kimi görməkdir”.
Heydər Əliyevin Naxçıvandakı siyasiiqtisadimədəni fəaliyyəti haqqında geniş danışmaq olar. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən beynəlxalq statuslu Qars müqaviləsinin müddəalarını önə çəkmiş, müqavilənin şərtləri daxilində məqsədyönlü dövlətçilik siyasəti yürütmüş, Azərbaycan-Türkiyə münasibətləri, habelə, region dövlətləri ilə yeni əlaqələrin qurulmasında mühüm addımlar atmışdır. Heydər Əliyev Muxtar Respublikanın 75 illik yubileyində (12 oktyabr 1999-cu il) muxtariyyatın tarixinə, onun siyasi-hüquqi statusu və Qars müqaviləsinin çağdaş əhəmiyyətinə yeni siyasi dəyər vermişdir: “Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, muxtariyyatını gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.
Bu məqamda Ümummilli Liderin türkçülük məfkurəsinin tarixi zəmini və əsaslarına varmağa ehtiyac var. Çıxışlarının birində belə qeydlər yer alır: “Çocuq ikən gənc yaşlarımda Türkiyəyə böyük hörmətim, məhəbbətim var idi. İndi ola bilər ki, elə böyük sirr deyil açım, o vaxtlar mən türk dili lüğətini, türk dili dərsliyini götürmüşdüm, türk dilini öyrənirdim. Bunu da açıq deyə bilərəm ki, müəllimim də var idi, bir müddət – iki-üç il mənə türk dili öyrətdi. Türkiyənin tarixini öyrənirdim, şairlərini öyrənirdim... Biz o vaxtlar Türkiyənin böyük şairlərini, yazıçılarını öyrənirdik. Əbdülhəq Hamid, Tofiq Fikrət və bir neçə başqaları bizim o vaxt, orta məktəbdə oxuduğumuz illərdə ədəbiyyat dərsliklərimizə daxil idi. Ədəbiyyat dərsliklərində Türkiyənin bu böyük yazıçılarının, şairlərinin əsərləri indi də gözümün qabağındadır. Yəni mənim gənc yaşlarımda bu təbiidir, burada heç bir qeyri-təbii şey yoxdur, içərimdən, kökümdən, qəlbimdən, mənəviyyatımdan gələn bir hissiyyatdır ki, Türkiyəyə böyük maraqla, heyranlıqla baxırdım”.
Az sonra
bu heyranlıq Heydər Əliyevin bütün tərcümeyi-halının əsas
hissəsinə çevrilir. Müxtəlif
müqavilələr, qurulan körpülər,
qarşılıqlı əməkdaşlıqlar və s. Heydər Əliyev
Naxçıvan MR Ali Məclisinin Sədri
kimi regionda hərbi-siyasi,
iqtisadi-mədəni vəzifələri həyata keçirmiş, qədim diyarın erməni
işğalından xilasına təminat vermişdir. Türkiyə və
İranın dövlət başçıları ilə
danışıqlar nəticəsində əhalinin iqtisadi vəziyyəti qismən düzəlmiş,
İğdır bölgəsindən çəkilmiş
elektrik xətləri hesabına
elektrik enerjisi hasil olunmuşdur. Sədərəkdə
Türkiyə ilə Naxçıvan arasında “Ümid körpüsü”nün salınması isə insanlar
arasında inam hissinin
güclənməsində əsaslı rol
oynamışdır. Sonradan Ümummilli Lider bu körpünün
qurulması ilə bağlı maraqlı məqamlara
toxunacaqdı: “Biz Türkiyə ilə
Azərbaycan arasında həyat körpüsünü,
ümid körpüsünü
yaradanda mən qəribə hisslər
yaşadım... O vaxt mən
Naxçıvanda yaşayırdım. Həyatım
belə gətirdi ki, mən
Naxçıvanda doğuldum, böyük bir yol keçdim, Moskvaya getdim. Ondan sonra gəlib doğulduğum yerdə
yaşamağa məcbur
oldum. Mənim üçün bu da çox
gözəl bir dövrdür. Ona görə gözəl bir dövrdür ki, Türkiyə ilə Azərbaycan arasında əsrlər
boyu həsrətində
olunan körpünün
tikilməsində iştirak
etdim, o körpünün
inşasını apardım
və Türkiyənin
böyük oğlu
Süleyman Dəmirəllə,
Türkiyənin millət
vəkilləri ilə,
nazirləri ilə birlikdə həsrət,
ümid körpüsünü
bir yerdə açdıq...”.
Naxçıvanın erməni işğalından
xilası, onun siyasi-hüquqi təminatının
möhkəmləndirilməsi, iqtisadi böhranın aradan qaldırılması
Heydər Əliyevin
tarixi xidmətidir. Onun sədrliyi
ilə 1990-cı ilin noyabrında Naxçıvan
MR Ali Məclisinin Sessiyasında
üçrəngli milli
bayrağın göylərə
qaldırılması, dalğalandırılması
və dövlət atributu kimi qəbul edilməsi istiqlal tariximizin ən mühüm, ən dəyərli faktlarından biridir.
Bu böyük şəxsiyyətin milli
istiqlalımız üçün
bir şərəfli
xidməti o dövrdə
SSRİ-nin saxlanılmasına
dair referendumun keçirilməsinə etiraz
və onun Naxçıvanda tətbiqinə
yol verməməsi ilə bağlı olmuşdur.
Böyük öndər Heydər Əliyev XX əsrin
90-cı illərində Naxçıvanda
cəmiyyət həyatının
bütün sahələrini
əhatə edən inkişafın zəmini
olmuşdur. Naxçıvanın
ordu quruculuğu, aqrar siyasətin sənayeləşdirmədə uğuru, sərhəd gömrük xidməti, iqtisadi təhlükəsizliyə
təminatı, “Naxçıvan”
avtomobili, beşulduzlu
“Təbriz”, “Duzdağ”
otelləri, yeni şəhərsalma modelinə
diqqət yönləntmək,
Naxçıvan şəhər
aerportunun, Sədərək-Türkiyə
yolunun tikintisi və s. kimi məsələlər
Heydər Əliyevin sayəsində gerçəkləşmişdir.
Çətin günlərdə Naxçıvan
Dövlət Universitetinin
25 illiyi keçirilmiş,
100 nəfər orta məktəb məzunu Türkiyəyə ali təhsilə göndərilmişdir. Onun təşəbbüsü
ilə 23 oktyabr
1992-ci ildə Naxçıvanda
Hüseyn Cavidin 110 illiyi təntənəli
qeyd edilmiş, ev-muzeyi yenidən
qurulmuş, məzarı
üzərində məqbərəsi
tikilmiş və
1996-cı ilin oktyabrında
açılışı olmuşdur.
Məşhur “Əshabi-Kəhf” ziyarətgahının
bərpası və
qorunması, “Gəmiqaya”
abidəsinin tədqiqi,
Nuh peyğəmbərin
məzarüstü türbəsinin,
Köhnə qala divarlarının bərpası,
Xanəgah şəhərinin
üzə çıxarılması,
Cəlil Məmmədquluzadə,
Məmməd Səid
Ordubadi, Hüseyn Cavid, Yusif Məmmədəliyevin ev
muzeyləri, Tarix diyarşünaslıq və
Xalça muzeyləri,
Xan sarayı kompleksinin yenidən qurulması, “Gəmiqaya”
yazılarının tədqiqi,
milli-tarixi ənənələrə yiyələnmiş
ziyalı nəslinin
yetişməsi, məktəb
tikililəri və
bərpası işləri
və s. kimi saysız-hesabsız işlər
Heydər Əliyevin diqqəti sayəsində gerçəkləşmişdir.
21 noyabr 1992-ci ildə Naxçıvan şəhərində
Yeni Azərbaycan Partiyasının yaradılması,
böyük dövlət
xadimi Heydər Əliyevin bu partiyanın Sədri seçilməsi ilə
geniş mənada yeni qurulmuş gənc respublikanın siyasi həyatında böyük dönüşün
əsası qoyulmuşdur.
Bu partiya xalqın
tarixi taleyində hansı rolu oynadı, siyasi birlik olaraq özünü
necə doğrultdu, bu, ayrıca yazının predmetidir.
Yalnız bunu deməyə ehtiyac var ki, bu
gün qazanılan Zəfərdə, Ali Baş
Komandan İlham Əliyevin səriştəsi
və milli iradəsi ilə əldə edilən misilsiz qələbəmizdə,
dirçəliş və
özünəqayıdış dönəminin hər çalarında deyil, partiyanın adı ilə bağlı olan hər bir
dəyərli məqamda,
uğur və nailiyyətlərdə bütün
çətinlikləri, irəliyə doğru addımları ilə birgə Ulu Öndərin təməlini
qoyduğu müasir
Azərbaycanın obrazı
var. Partiyanın öz
obrazının hüdudları
və hüdudsuzluğu
da bu parametrlərdə
görünür, gerçəkləşir.
Əlbəttə, ümummilli lider Heydər Əliyevin qayıdışının Naxçıvan
dövründən çox
danışmaq olar. Onun Naxçıvan
Muxtar Respublikasının
həyatında oynadığı
rolun miqyası çox böyükdür,
taleyüklüdür, vüsətli
və fundamental əsaslıdır.
Elnarə Akimova,
YAP İdarə Heyətinin üzvü,
filologiya elmləri doktoru
İki sahil.- 2022.- 6 sentyabr.- S.3.