"Arzulara aparan yol"
Sara Bağırovanın eyni adlı romanında gəncliyin bitib-tükənməyən
arzularından bəhs olunur
Oxucularına biri-birindən maraqlı hekayələri, «Yaşanılmayan illər», «İstəyərək ayrılmışıq», «Əjdaha mağarası» romanları ilə tanış olan, bütün əsərlərində milli koloriti, Vətəninə, torpağa bağlılığını sözün qüdrəti ilə vəsf edən Sara Bağırova yeni çapdan çıxmış «Arzulara aparan yol» kitabını da sabahımız olan müasir gəncliyin bitib-tükənməyən istəklərinə həsr edib. İlk kitabında özü haqqında yazdığı sözlərdən də aydın olur ki, yazıçı olmağı qarşısına məqsəd qoymasa da, düşüncələrini qələmə almaq istəyinin bəhrəsi olan romanları onun ömür yolunun bələdçisidir. «Əsərlərimi tam olaraq beynimdə yazılmayınca vərəqlərə köçürə bilmirəm. Beynimdə olanları yazdıqdan sonra hər hansı əlavələr etmək xoşuma gəlmir. Sanki, təzə paltara yamaq vururmuş kimi oluram» sözləri ilə həyata olduğu kimi baxmağa, qiymət verib, dəyərləndirməyə, təbiiliyə üstünlük verən Sara xanım öz «Mən»ini gizli saxlamağa çalışsa da, əsərlərində canlandırdığı obrazlarının simasında, hadisələrin axarında həyatda rastlaşdığı, müşahidə etdiyi, el ağsaqqallarından eşitdiyi əfsanələrə, rəvayətlərə işıq salır. Romanlarında minilliklərdən xəbər verən tarixi məkanların, abidələrin, ziyarətgahların adlarını çəkməklə kifayətlənmir. Həmin yerlər haqqında ətraflı məlumat verən müəllif etnoqraf, tədqiqatçı, tarixçi kimi də oxucusuna bələdçilik edir.
«Arzulara aparan yol» romanında araşdırmaçı filoloq kimi, tədqiqatlar aparan Sara xanım əvvəlki əsərlərində də olduğu kimi, bu romanında da Azərbaycan dilinin saflığı məsələsinə xüsusi diqqətlə yanaşır. Ümumiyyətlə, milli-mənəvi sərvətlərimizin , adət-ənənələrimizin yaşadılmasına, tərbiyəvi, əxlaqi dəyərlərə bağlı olan Sara Bağırova yaradıcılığı gənc nəsil üçün nümunədir. «Həyat təsadüflərdən ibarətdir» deyimi «Arzulara aparan yol»da dəfələrlə təsdiqini tapır.
Tələbə olsa da, Ana dilimizin yaşadılması, saflığının qorunması üçün araşdırmalar aparmağı qarşısına məqsəd qoyan Sevinclə yenicə işə başlayan gənc hüquqşünas Taryelin hər görüşünün arxasında əvvəlki illərdə yaşanan «təsadüflər» səmimi münasibətlərə çevrilir.
Valideynlərinin etirazına baxmayaraq seçdiyi ixtisasa tam, mükəmməl yiyələnmək üçün ata ocağına- kəndə üz tutan Sevinc sakinlərlə hər görüşünü dəyərləndirərək cib dəftərində qeydlər edir, ilk dəfə eşitdiyi sözlərin mənasını araşdırır. Müəllifin qeyd etdiyi kimi, Sevincin tədqiqatları üçün məhz kəndə üz tutması da təsadüfi deyil. Elmi dildə işlədilən sözlərlə yanaşı regionlarda hələ də yaşadılan dialekt və şivələrin bugünkü nəslə çatdırılması baxımından, romanı dövlət səviyyəsində həyata keçirilən Azərbaycan dilinin qorunması siyasətinə dəstək kimi də dəyərləndirmək olar. Sevincin ən böyük arzusu doğma dilini yad təsirlərdən, unudulmaqdan qorumaqdır.
Sevinclə Taryelin simasında müasir gəncliyimizin həyata baxışlarını, hadisələrə yanaşma tərzlərini, açıqsözlü, yalan və saxtakarlıqdan kənar olduqlarını bildirməklə yaşlı nəslin məsləhətlərindən dərs almaq keyfiyyətlərini də obrazlı şəkildə təsvir edən müəllif yerində və zamanında işlətdiyi sözləri ilə hadisələrin canlı təsvirini diqqətə çatdırır.
Səmimi görüşlərinin arxasında başqa məqsəd və niyyətlərinin olmadığını qarşılıqlı olaraq bildirən gənclər özlərinin belə xəbərləri olmadan rastlaşdıqları təsadüfləri anlayışla qarşılayırlar. Sual- cavabları ilə biri-birini günahlandırmadan, nöqsan axtarmadan dostluqlarını davam etdirən gənclər yaşlı nəslə hörmət və ehtiramları ilə fərqlənirlər. Romanın əsas surətlərindən olan Xəzəngül nənə kimi digər yaşlı nəslin nümayəndələrinin davranışlarında, el adətlərinə qayğı ilə yanaşmaları mərhum xalq şairimiz Məmməd Arazın «Atamın kitabı» poemasını xatırladır. Həmin poemada ata öz oğlu üçün evdə həyat müəlliminə çevrilirsə , həyatın əsl dərslərini «macqal»” dilində anladırsa «Arzulara aparan yol»da Sevincə bələdçilik edən nənəsi Xəzəngül olur. Nəvəsi ilə qədim əkinçilik adətlərini əks etdirən folklor motivləri, torpağın dili ilə danışan Xəzəngül nənənin məsləhətləri, ata yurduna bağlılıq duyğularının əvəzedilməz hiss kimi çatdırılması Sevincin simasında gənclərə nümunədir.
Romanın sonunda yazılan « Sevinc özü fərq etməsə də , həyatının cığırı ata ocağından başlayırdı. Onun sahib olacağı ixtisasın sevinc dolu anları bu cığırdan başlayırdı» sözləri ürəyi yaradıcılıq həvəsi ilə dolu gənc qızı arzularına aparan yolun uğurla başa çatacağına əminlikdir.
Xuraman İsmayılqızı
İki sahil.- 2022.- 8 sentyabr.- S.6.