Şərqi Zəngəzurdan dünyaya
açılacaq hava qapısı
Zəngilan Beynəlxalq
Hava Limanı ölkəmizin iqtisadi imkanlarını daha da
artıracaq
Bugünümüzün
reallıqları sabaha daha
böyük inamla baxmağa əsas verir. Uğurlarımız
biri-birini əvəzlədikcə dünya inkişafın Azərbaycan
modelinin üstünlüyünü görür və təqdir
edir. Hazırkı dövr yeni sosial və iqtisadi modelin təqdiatı
dövrüdür. Bu baxımdan ki, son iki ilə
yaxın dövrdə
bütün bölgələrimiz kimi, işğaldan
azad edilmiş ərazilərimiz də yenidən qurulur, bərpa
edilir, həyat bütün sahələrdə canlanır.
Ən əsası bu torpaqların malik olduğu potensialdan səmərəli
istifadəni təmin etmək üçün
infrastrukturun yenlənməsi, müasir tələblərə
uyğunlaşdırılması istiqamətində
mühüm addımlar atılır.
Bunu hiss
etmək üçün son iki ilin statistikasına diqqət
yetirmək kifayətdir. İşğaldan azad edilmiş ərazilərimizdə
dünya standartlarına cavab verən beynəlxalq hava limanlarının
tikintisinə xüsusi diqqət göstərilir. Bu, həm
həmin ərazilərin iqtisadi imkanlarından səmərəli
istifadəni təmin etmək üçün geniş imkanlar
yaradacaq, eyni zamanda, həm yerli vətəndaşların, həm
də xarici qonaqların, iş adamlarının az vaxt sərf etməklə gediş-gəlişlərini
təmin edəcək. Qarabağ və Şərqi
Zəngəzur böyük turizm məkanına çevriləcək.
Artıq son iki ilə yaxın dövrün
reallıqları bu qənaətimizin əsaslı olduğunu
təsdiqləyir.
Xatırlasaq
dövlət başçısı İlham Əliyev bu
il Polşanın Katovitse şəhərində
Ümumdünya Şəhər Forumunun «Daha yaxşı gələcək
naminə şəhərlərimizi dəyişdirək»
mövzusunda 11-ci sessiyasında videoformatdakı
çıxışı zamanı həm paytaxt
Bakımızın, həm də hazırda bərpa-quruculuq
dövrünü yaşayan işğaldan azad edilmiş ərazilərimizin
timsalında müasirliklə qədimliyin sintezinin
yaradılmasını əsaslı şəkildə diqqətə
çatdırdı. Şəhərlərimizin
təqdim edilən Baş planlarında müasir dövrün
tələbləri ilə həmin məkanların əvvəlki
simalarının birgə vəhdətinin
yaradılmasını özündə ehtiva edən müddəalar
öz əksini tapır. Bir mühüm məqamı da
qeyd edək ki, işğaldan
azad edilmiş ərazilərimizdə bərpa və quruculuq
işlərinə start verildiyi ilk gündən cənab
İlham Əliyev «ağıllı şəhər» və
«ağıllı kənd» strategiyasını təqdim edərək
bütün işlərin
müasir yeniliklər əsasında görülməsini
qarşıya mühüm vəzifə kimi qoydu. Zəngilanın
Ağalı kəndi
məhz həmin layihə əsasında yenidən qurularaq bu
il sakinlərini qarşıladı.
Sentyabrın
7-də
işğaldan azad edilmiş Zəngilan rayonunun
Ağalı kəndinə əhalinin köçürülməsinin
ikinci mərhələsinə start verildi. Zəngilan
rayonunda “ağıllı kənd” konsepsiyası əsasında
yenidən salınmış Ağalı kəndinə
Böyük Qayıdışa uyğun olaraq əhalinin
köçürülməsinin ikinci mərhələsinə
həsr edilmiş tədbir Abşeron rayonunun Masazır kəndi
ərazisində məcburi köçkünlər
üçün salınmış yaşayış
kompleksində keçirildi. Məcburi
köçkünlərin 12 ailədən (63 nəfər)
ibarət növbəti qrupu Abşeron rayonu Masazır qəsəbəsində
yerləşən “Zəngilan şəhərciyindən
öz doğma yurd-yuvalarına yola salındılar.
Qeyd edək ki. Böyük Qayıdışa uyğun
olaraq ikinci mərhələdə daha 25 ailənin (125 nəfər)
köçürülməsi planlaşdırılır.
On iki ailədən ibarət birinci köç
karvanı sentyabrın 7-də doğma yurdlarına yola
salındı. Digər 13 ailə (62 nəfər) isə
sentyabrın 10-da Ağalı kəndinə
köçürüldü. Köçürülən
ailələr, əsasən, müvəqqəti məskunlaşma
yerlərində ən ağır şəraitdə
yaşayanlar arasından seçilib və bu zaman
köçürülmə üçün təqdim edilən
yaşayış sahələrinin həcmi nəzərə
alınıb. Köçürülənlər
arasında Birinci, İkinci və Üçüncü
Ağalı kəndlərinin sakinləri var. Mövcud
qanunvericiliyə əsasən, məcburi köçkünlər
daimi yaşayış yerlərinə qayıtdıqdan sonra
üç il müddətində dövlətin onlar
üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən
yararlana biləcəklər. Ümumilikdə
“ağıllı kənd” konsepsiyasına uyğun qurulan
Ağalı kəndinə birinci mərhələdə
köçürülən 41 ailə (201 nəfər) hər
cür şəraitlə təmin olunub.
Ağalıda məskunlaşan sakinlər yüksək
keyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz
edilmiş evlərlə təmin olunublar. Burada
yaşayacaq əhalinin məşğulluq, sosial, təhsil,
tibbi məsələləri müvafiq qurumlar tərəfindən
həll edilir. Bu fikri böyük qürurla qeyd edirik ki, Ağalı kəndinə
əhalinin köçürülməsi Böyük
Qayıdışın ilk qədəmləridir. İşğala qədər bu inzibati ərazi 3 kəndi
birləşdirib. Həmin dövrdə
Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci
Ağalıda 60 ailə (245 nəfər),
Üçüncü Ağalıda 161 ailə (675 nəfər)
yaşayıb. Hazırda bu kəndlərdən
olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).
O da məlumdur
ki, Ağalı kənd meydanında Dövlət Xidmətləri
Mərkəzi yaradılıb. Burada “Azərpoçt” MMC-nin
rayon şöbəsi, “ASAN xidmət” və DOST, Kiçik və
Orta Biznesin İnkişafı mərkəzləri təsis
olunub. Məqsəd kənd sakinlərinin
dövlət xidmətlərinə rahat
çıxışını təmin etməkdir. Bu mərkəzlərdə kənd sakinlərinə
sosial təminat və məşğulluq sahəsində 100-dən
çox xidmət onlayn formada göstərilir. Vətəndaş
birbaşa videobağlantı ilə DOST mərkəzlərinin
sosial agentinə müraciət edir və müraciəti yerindəcə
həll olunur. “Ağıllı kənd” əhalisinin
şəhərdə əldə edə biləcəyi
bütün xidmətlərə, o cümlədən dövlət
xidmətlərinə rahat çıxışı var.
Göründüyü kimi, Ağalı kəndinin
timsalında işğaldan azad edilmiş ərazilərimizin ən
yüksək texnologiyalar əsasında yenidən
qurulduğunu və çağırışlara yüksək
səviyyədə cavab verdiyini böyük inamla qeyd edə
bilərik. Bu, ölkəmizin yeniliklərə
nə qədər önəm verdiyini, innovasiyalar ölkəsi
kimi qazandığı imicə daim yeniliklər əlavə
etdiyini təsqiqləyir. Bu torpaqların böyük kənd
təsərrüfatı imkanlarına da malik olduğunu nəzərə
alsaq, ərzaq
təhlükəsizliyinin təminatına töhfələrinə
imkanlar yaratmaq üçün mühüm tədbirlərin həyata
keçirilməsinə böyük zərurətəin
olduğunu qeyd edə bilərik. Reallıq budur ki, “ağıllı
kənd” təsərrüfatı idarəetmə sistemində ən
müasir texnoloji yeniliklər tətbiq olunur.
Azərbaycan
brendi kimi dünyaya səs salan «ASAN xidmət», DOST mərkəzlərinin
işğaldan azad edilmiş ərazilərimizdə yaradılması da yeniliklər sırasındadır. Əsas olan budur ki, soydaşlarımızın bu ərazilərə
qayıdışından sonra onların rahat
yaşayışı üçün bütün zəruri
olan addımlar atılsın. Bu mühüm məqamı
da xüsusi qeyd etmək istərdik ki, Qarabağın tacı,
mədəniyyət paytaxtımız Şuşada tikilən
«ASAN xidmət» mərkəzinin inşası gələn il yekunlaşacaq. Bu ərazilərimizdə
təkmil idarəçilik sisteminin yaradılması da
bugünümüzdən və gələcəkdən xəbər
verməklə yanaşı, inkişafın hansı səviyyədə
olacağının aydın mənzərəsini təqdim
edir. Prezidentin xüsusi nümayəndəliyi ilk olaraq mədəniyyət
paytaxtmız Şuşada yaradıldı. Bu qədim
şəhərə asan gediş-gəlişi təmin etmək
üçün həm avtomobil yolunun, həm də Beynəlxalq
Hava Limanının tikintisinə xüsusi diqqət göstərildi.
Dövlət başçısı İlham Əliyevin Zəfər yolu kimi dəyərləndirdiyi
Füzuli-Şuşa avtomobil yolu, həmçinin
Qarabağın dünyaya açılan hava qapısı
adlanan Füzuli Beynəlxalq Hava Limanı istifadəyə
verildi. Ötən il oktyabr ayının
26-da Füzuli Beynəlxalq Hava Limanının Azərbaycan və
Türkiyə prezidentlərinin iştirakı ilə
açılışı oldu.
Bu il Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə
veriləcək. Sentyabrın
9-da “Azərbaycan Hava Yolları”nın ən böyük sərnişin
təyyarəsi “Airbus A340-500” ilk texniki uçuşunu müvəffəqiyyətlə
yerinə yetirdi və Şərqi Zəngəzurun ilk hava
limanı olan Zəngilan Beynəlxalq Hava Limanındakı yeni
uçuş-enmə zolağına endi. Tezliklə
açılışı nəzərdə tutulan ikinci Beynəlxalq
Hava Limanının uçuş-enmə zolağı istifadəyə
verildi. Əlverişli coğrafi mövqeyi
nəzərə alaraq Zəngilan Hava Limanı
çoxfunksiyalı hava limanı olaraq, regionun iqtisadi, nəqliyyat
və sosial məsələlərinin həlli
üçün mühüm amil olacaq. Ölkənin
digər beynəlxalq hava limanları kimi, müasir tipli böyük
təyyarələri qəbul edə bilən bu hava limanı
da bütün yüksək dünya standartlarına və tələblərinə
cavab verir. Üçüncü Beynəlxalq
Hava Limanı isə Laçında inşa edilir. Onun
istifadəyə verilməsi 2024-cü il
üçün nəzərdə tutulub.
İşğaldan
azad edilmiş şəhər və kəndlərimizdə aparılan bərpa işləri, əksini
tapan yeniliklər Azərbaycanın şəhərsalma təcrübəsinin
təqdimatında əhəmiyyətli rol oynayır. Bu baxımdan Ümumdünya Şəhər Forumu Aərbaycanın
malik olduğu imkanların təqdimatında əhəmiyyətli
rol oynadı. Bir daha bildirildi ki, paytaxt Bakımız hər
zaman gözəlliyi, müasirliklə qədimliyin vəhdətini
yaratması ilə göz oxşayıb. Azərbaycan müstəqilliyini
yenidən bərpa etdikdən, daha dəqiq desək, 1993-cü
ildə ulu öndər Heydər Əliyev xalqın təkidli
tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra
ölkəmizdə sabitliyin bərpası ilə iqtisadi durumun
yaxşılaşdırılması istiqamətində
atılan addımlar ölkəmizlə iqtisadi əlaqələrin
qurulmasında maraqlı olan dövlətlərin
sayının artmasına, Azərbaycanın böyük
investisiyalar məkanına çevrilməsinə səbəb
oldu. Yaradılan möhkəm təməl
2003-cü ildən bu günədək islahatlar prosesinin dərinləşməsinə
geniş imkanlar yaratdı. Dövlət
başçısı İlham Əliyevin yeniliyə, təkmilləşməyə
marağı atılan hər addımda öz təsdiqini
tapdı. Azərbaycan beynəlxalq maliyyə
qurumlarının hesabatlarında ən islahatçı
ölkə kimi qərarlaşdı. Bu
islahatlar ölkənin siyasi, iqtisadi qüdrətinin yüksəlməsini
təmin etdiyi kimi, paytaxtımızın, şəhər və
kəndlərimizin simasının dəyişilməsinə də
töhfəsini verir. Dünyanın
aparıcı dövlətlərinin, eyni zamanda, nüfuzlu beynəlxalq
təşkilatların hesabatlarında paytaxt Bakımız
füsunkar gözəlliyi ilə liderliyini qoruyur. Belə
ki, dünyanın “Ən yaşamalı şəhərlər»inin
reytinq cədvəl və hesabatında yer alan şəhərlər arasında Bakının
adının çəkilməsi Azərbaycanda həyata
keçirilən sosial-iqtisadi inkişafın, islahatların məntiqi
nəticəsidir. Cənab İlham Əliyevin «Mən
demişəm, bir daha demək istəyirəm ki, vaxt gələcək
deyəcəyik ki, Bakı dünyanın ən gözəl
şəhəridir» sözləri günümüzün
reallıqlarında öz əksini tapıb. Hesabatlarda bu
fikirlər də xüsusi qeyd edilir ki, Azərbaycan təkcə
enerji resurslarının zənginliyi ilə deyil, tarixi, milli-mənəvi
dəyərlərə bağlılığı, həm də
beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi ilə dünyanın diqqətindədir.
Dünyada tanınan elm, mədəniyyət
elitasının iştirak etdiyi forumlarda, dialoqlarda iştirak
edən qonaqlar qitələri birləşdirən Azərbaycanı
müxtəlif mədəniyyətlərin, dinlərin dialoq mərkəzi
kimi dəyərləndirirlər. Ölkəmizə beynəlxalq
baxış belədir: Avropadan Azərbaycana baxdıqda bəzi
hallarda Asiya ölkəsi, Asiya tərəfindən baxdıqda
isə Avropa ölkəsi kimi təqdim edilir. «Neft
kapitalını insan kapitalına çevrək!»
çağırışına uyğun inkişafda olan Azərbaycan
daim yeniləşən, müasirləşən ölkədir.
Təbii ki, bu inkişaf hazırda bütün bölgələri, xüsusilə
işğaldan azad edilmiş ərazilərimizi əhatə edir.
Son 19 ilə
yaxın dövrdə dövlət
başçısı İlham Əliyevin rəhbərliyi ilə
paytaxtımızda və bölgələrimizdə həyata keçirilən
abadlıq-quruculuq işləri şəhər sakinlərinin,
qonaqların, turistlərin istirahəti üçün
salınan parklar, qədim memarlıq abidələrinin bərpası
və təmiri Bakımızın, bütün bölgələrimizin
simasını tamamilə dəyişib. Prezident İlham
Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci
sessiyasında «Paytaxt Bakının tarixi simasını
qorumaqla bərabər, biz onun infrastrukturunun yenidən
qurulmasına və müasirləşdirilməsinə nail
olmuşuq. Qeyd etmək lazımdır ki,
Bakının və Azərbaycanın digər şəhərlərinin
müasirləşdirilməsi və yenidən qurulması
zamanı biz şəhərlərin inkişafı
baxımından yeni imkanlar və təcrübə əldə
etmişik. Ən gözəl şəhərlərdən
biri hesab olunan Bakı misilsiz memarlığı, park və
bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini
özündə birləşdirir» fikirləri ilə paytaxt
Bakının keçdiyi inkişaf yolunun aydın mənzərəsini
təqdim etmişdir.
Qeyd
etdiyimiz kimi,
hazırkı dövrdə əsas prioritet məsələ
olan işğaldan azad edilmiş ərazilərimizin müasir
tələblər səviyyəsində qurulmasından da bəhs
edirik. 44 günlük İkinci Qarabağ
müharibəsində tarixi Zəfərimizdən sonra
qarşıda dayanan əsas vəzifələrdən biri 30 ilə
yaxın torpaq həsrəti ilə yaşayan
soydaşlarımızın öz doğma yurd-yuvalarına
qayıdışlarının təmin edilməsidir.
Dövlət başçısı İlham Əliyevin Sərəncamı
əsasında təsdiqlənən «Azərbaycan 2030:
sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də
qarşıdakı dövr üçün prioritetlər və
onların icra mexanizmləri öz əksini tapıb. Böyük Qayıdışın ilk
addımlarının atılması, avqustun 26-da
Laçına qayıdışımızın, Zabuxa və
Susa nəzarətin təmin olunması sonrakı reallıqlar
barədə aydın təsəvvür yaradır. Yeni yanaşmaların,
müasir innovasiyaların tətbiq edildiyi bu ərazilərdə
iqtisadi fəaliyyətin bərpası ölkəmizin
dayanıqlı inkişafına dəstək olacaq.
Dövlət başçısı İlham Əliyev «Azərbaycanın
öz ərazilərini Ermənistanın 30 illik
işğalından azad etməsi ilə nəticələnən
2020-ci il Vətən müharibəsindən
sonra bizim üçün dayanıqlı şəhər
inkişafı daha böyük dəyər kəsb edir. Ermənistan Azərbaycan torpaqlarının 30 illik
işğalı zamanı şəhər və kəndləri
qəsdən dağıdaraq, hər bir mədəni və
dini abidəni talan edərək həmin əraziləri urbisid
və kultursidin bariz nümunəsinə çevirib. Bəlkə də İkinci Dünya müharibəsindən
sonra şəhərlərin bu miqyasda
dağıdılması dünyanın heç bir yerində
baş verməyib. Azərbaycanın 9
şəhəri və yüzlərlə kəndi yer
üzündən silinib. Ağdam şəhəri
o dərəcədə dağıdılıb ki, əcnəbi
mütəxəssislər onu «Qafqazın Xirosiması»”
adlandırıblar. Füzuli şəhəri
işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada
bayrağımızı dalğalandırmağa bir dənə
də olsun tikili tapa bilməyib» kimi reallıqları diqqətə
çatdıraraq yaşananların fonunda Azərbaycan
xalqının heç zaman ruhdan düşmədiyini, daim
quruculuqla məşğul olduğunu diqqətə
çatdırıb. Bu gün də
dünya xalqımızın necə qurucu, yenilikçi xalq
olduğunun şahididir. Bütün
işğaldan azad edilmiş şəhər və kəndlərimiz
Baş Plan əsasında, «ağıllı şəhər»
və «ağıllı kənd» layihələri əsasında
bərpa edilir. Ölkə Prezidentinin qeyd
etdiyi kimi, Azərbaycan tərəfindən belə iri miqyasda
aparılan yenidənqurma işləri azad edilmiş ərazilərimizi
şəhər inkişafı sahəsində mükəmməllik
laboratoriyasına çevirir. Azərbaycan
bu sahədə nəhəng təcrübəsini beynəlxalq
ictimaiyyətlə bölüşəcək. Ölkəmizin
Ümumdünya Şəhər Forumunun növbəti
sessiyalarının birinə ev sahibliyi etmək arzusu da bunun
bariz nümunəsidir. «Əminəm ki, yüksək
səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə
böyük təcrübəyə malik ölkə olan Azərbaycanda
Ümumdünya Şəhər Forumunun keçirilməsi
uğurlu olacaqdır» söyləyən dövlət
başçısı İlham Əliyev bu fikirləri ilə
ölkəmizin yeniliklərə, təkmilləşməyə
nə qədər açıq olduğunu, təcrübə
mübadiləsinə, səylərin birləşdirilməsinə
nə qədər önəm verdiyini nümayiş etdirir.
Azərbaycan hər sahədə təkmil təcrübəsi
ilə dünyaya nümunədir. Hazırda böyük fəxr və
inamla qeyd etdiyimiz reallıqlardan biri budur ki, nəinki paytaxt
Bakımız, həmçinin bütün bölgələrimiz,
o cümlədən 28 ildən sonra azadlığına
qovuşmuş torpaqlarımız dünyanın diqqətindədir.
Azad Qarabağımız, azad Şuşamız beynəlxalq əhəmiyyətli
tədbirlər üçün ideal məkan kimi qəbul
olunursa, bu, ölkəmizin iqtisadi qüdrətinin, həmçinin
sabitləşdirici faktor kimi mövqeyini möhkəmləndirməsinin
nəticəsidir. Qarabağın tacı Şuşa
diplomatik mərkəz olmaqla yanaşı, iqtisadi mahiyyət
daşıyan tədbirlərin keçirilməsi
üçün də əlverişli məkan kimi dəyərləndirilir.
O da məlumdur ki, ənənəvi keçirilən Bakı
Enerji Həftəsinin yekun xüsusi Sessiyası da azad
Şuşamızda keçirildi. Alternativ
enerji mənbələri ilə bağlı ilk addım bu
sessiya çərçivəsində Memorandumun imzalanması
ilə atıldı. Dövlət
başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan
azad edilmiş ərazilərdə müasir şəhər
planlaşdırılması həyata keçirir,
“yaşıl enerji” və “sıfır tullantı”
konsepsiyalarını tətbiq edir. Dövlət
başçısı İlham Əliyevin bu günlərdə
İtaliyaya işgüzar səfəri zamanı keçirilən
Forumdakı çıxışında da alternativ enerji mənbələrinə
investisiyaların yatırılması məsələsi
geniş müzakirə olundu ki, işğaldan azad edilmiş ərazilərimizin
bu sahədə zəngin ehtiyata malik olmaları xüsusi qeyd
edildi. Ümumilikdə Qarabağın və
Şərqi Zəngəzurun gələcəkdə
böyük investisiyalar məkanı kimi nüfuz
qazanacağı şəksizdir. Bütün
zəruri imkanlar yaradılır. İnfrastrukturun təkmilləşdirilməsi,
şəhərsalma təcrübəmizin geniş şəkildə tətbiqi
də bu məqsədə xidmət edir.
Yeganə
Əliyeva
İki sahil.- 2022.- 13 sentyabr.- S.3.