ORTAQ
KEÇMİŞDƏN ORTAQ GƏLƏCƏYƏ
ÇARİZMİN
İŞĞALÇILIQ SİYASƏTİ ÜMUMTÜRK
TARİXİ KONTEKSTİNDƏ - Qızıl Orda və ondan
törəmə tatar xanlıqları
(tarixi-etnoqrafik
oçerklər)
K A Z A
N X A
N L I
Ğ I
Noqay Ordasında, Krım, qismən də Həştərxan
xanlıqlarında və İslam xəlifəsinin dövləti
Osmanlıda 1550-ci illərdən Kazanın istila olunmasına
qarşı ayrı-ayrılıqda və birlikdə
uzunmüddətli mübarizə başlayır. Hələ
1551-ci ildə rus qoşunlarının hücumu ərəfəsində
Osmanlı dövləti və Krım xanlığının
elçiləri Taqızekşi və Əhməd cavuş
Noqay Ordasında olmuş, Yusuf Mirzə ilə
danışıqlar aparmışdılar. O dövrdə
Kazanı Yusuf Mirzənin qızı Suyumbikə idarə
edirdi. İlya Zaytsev danışıqlarda Kazana
hərbi-siyasi yardım məsələsinin müzakirə
mövzusu olduğunu ehtimal edir. Q. D.Burdeyin belə bir
mülahizəsi də bu ehtimalı qüvvətləndirir:
Yusuf Mirzə həmin ərəfədə qardaşı
İsmayılı Volqanı keçərək, Həştərxan
kalqayı (xanın varisi) Takbildi ilə birlikdə
(İsmayıl da Yusif Mirzənin kalqayı, vəliəhdi idi)
ruslara qarşı döyüşməyə təşviq
edirdi. İ.Zaytsevin fikrincə, 1552-ci ilin
yazında səfirlər bir daha İsmayıl Mirzəni Moskva
üzərinə yürüş etmək üçün
dilə tutmuş, lakin yola gətirə bilməmişdilər.
Bu zaman mövqeyini daha da gücləndirmiş
İsmayıl imkan və nüfuzundan istifadə edərək
Yusuf Mirzəni də bu fikirdən çəkindirmiş,
Osmanlı və Krım səfirlərini isə zindana
atdırmışdı.
Buna baxmayaraq, rusların Kazan yürüşü ərəfəsində
xanlıqların gözləmə mövqeyi
tutmadıqları da məlumdur. Ən azı Krım xanı Dövlət
Gireyin Kəfə yeniçəriləri ilə birlikdə
Tulaya hücuma keçdiyini (yuxarıda bu məsələyə
qısa da olsa, toxunduq), 1553-cü ilin payızında isə
Yusuf Mirzənin Çalımda Kazan taxtına əyləşən
oğlu Əliəkrəmi dəstəkləmək
üçün ordu topladığını bilirik. Yusuf Mirzə manevr məqsədi ilə Rusiya ərazilərinə
basqın etmək, çar qoşunlarının diqqətini
yayındırmaq, qüvvələrini parçalamaq və
onları Çalıma hücumdan çəkindirmək niyyətində
idi. Bu planda həştərxanlılar da
yer alırdı. Sənədlərdə Həştərxanlı
Yağmurçu xanın Yusuf Mirzəyə “Moskva ətrafına
hücum üçün” 500 nəfərlik silahlı dəstə
göndərdiyi (yaxud göndərmək istədiyi) təsbit
edilir. Plana əsasən, Yusuf Mirzə
Volqanı Həştərxan ərazisində keçməli
idi və onun qoşununun çayı keçməsinə
yardım göstərilməsi barədə Həştərxanla
razılıq əldə olunmuşdu. Rusiyaya
qarşı hücum hazırlandığını təsdiqləyən
İ.Zaytsevin 1553-cü ildə Krım, Kazan və Həştərxan
xanlıqlarının antirus koalisiyası yaratmaları haqda
mülahizəsini də əsassız saymaq olmaz.
M.Xudyakov isə həmin il rusların
Krım xanlığından daha bir hücum gözlədiklərini,
lakin “danışıqlar yolu ilə bunun
qarşısını ala bildiklərini” qeyd edir. Görünür, bu illərdə ruslara
qarşı müsəlman ittifaqının qurulması hadisələrin
gedişindən asılı olaraq bir deyil, bir neçə
variantı nəzərdən keçirilib. Misal üçün, noqaylı İsmayıl Mirzənin
1553-cü ildə Moskvaya göndərdiyi səfarətdən
danışarkən İ.Zaytsevin Həştərxan
xanlığına birgə hücum hazırlanmasından bəhs
etməsi maraq doğurur. Alimin fikrincə, İsmayıl
Mirzə yaranmış vəziyyətdən yararlanaraq, ruslarla
siyasi sövdələşməyə getmək istəyirdi:
“İsmayıl, faktiki olaraq, Dərvişin Həştərxan
taxtına gətirilməsi müqabilində ruslara dostluq vəd
edir, Osmanlı dövləti, Krım və Kazanın Həştərxanı
ələ keçirmək üçün qurduqları
antirus koalisiyasına daxil olmayacağını bildirirdi”. Burada diqqəti cəlb edən daha bir məsələ
yaradılan koalisiyada Kazanın özünün
(üsyançı hökumət nəzərdə
tutulmalıdır) də iştirakıdır. Belə çıxır ki, işğalçı
çar qüvvələrinə qarşı ağır
mübarizə şəratində belə Kazan xanı Əliəkrəm
ətrafda baş verən taleyüklü hadisələrdən
kənarda qalmamış, daxildə üsyanı davam etdirməklə
yanaşı, ümumi antirus mübarizəsinə də
töhfə verməyə çalışmışdır.
Məntiqlə belə düşünmək
olar ki, bu vaxt Kazan və Həştərxan uğrunda
mübarizə artıq vahid vektor üzərində və eyni
qüvvələr tərəfindən aparılırdı.
Başqa sözlə, Kazan və Həştərxan
ətrafında cərəyan və aşağıda təsvir
edilən hadisələr bir-birindən ayrılıqda təsəvvür
olunmamalıdır. Müttəfiq qüvvələrin
Həştərxana planlaşdırılan hücumu da həm
onu ələ keçirib, rus işğalından xilas etmək,
həm də diqqəti Kazandan yayındırmaqla
Çalımdakı üsyançılara vaxt qazandırmaq məqsədi
güdürdü. Dövlət Gireyin hələ 1552-ci
ildə Həştərxan xanı Yağmurçuya 13 top
göndərməsi faktı da birgə müdafiə
versiyasını qüvvətləndirir.
Dövlət Girey xanın Kazan və Həştərxanın
işğalına qarşı mübarizədə xüsusi
dönməzlik və ardıcıllıq nümayiş
etdirdiyi tarixdən məlumdur. Onun Rusiya ilə
çoxdan gözlənilən müharibəsi 1555-ci ildə
başladı. Yenə ilk zərbə
Tulaya endirildi. Ruslar Belyovdan Muravsk yolu ilə
cavab hücumuna keçdilər. İvan Şeremetyevin
qoşunu krımlıların arxa cəbhəsinə soxularaq, təchizatda
müəyyən qırıqlıq və fasilə yarada bilsə
də, Tulanın 150 verst cənubunda tarmar edildi. 1556-cı ildə
Osmanlı hakimiyyəti altında olan İslam-Kermen (İslam
Kirman; hazırda Ukraynanın Xerson vilayətində Kaxovka
şəhəri) və Oçakov (Özi) qalalarına
hücumlar da nəticə vermədi. Çox keçmədən
türk birlikləri qoşun başçılarından
Vişnevetskinin dəstəsini Dneprdəki Xortitsa adasından
vurub çıxardılar. 1558-ci ildə ruslar Adaşevin
komandanlığı altında krımlıların yenidən
güclü hücuma başlamasına cavab olaraq qayıqlarla
Dneprdən dənizə çıxdılar və
yarımadanın sahilyanı ərazilərinə basqın
etdilər. Bu zaman artıq Həştəxan uğrunda
mübarizə qızğın mərhələyə
keçmişdi. Yağmurçu xan rusların dəstək
verdiyi Dərviş Əlinin hərbi təzyiqləri
qarşısında duruş gətirə bilməsə də,
məğlubiyyəti ilə barışmır, taxtını
geri qaytarmaq ümidi ilə durmadan döyüşürdü.
1555-ci ildə Dərvişin oğlu Yantemirin (yaxud Cantemirin)
qasidlə Moskvaya göndərdiyi məktubdan Yağmurçu
xanın Mirzə Yusufun oğlanları Yunus, Əli və
Akmirzə ilə birləşərək növbəti dəfə
Həştərxan üzərinə yeridiyi
anlaşılır. İ.Zaytsevə görə, Krımdan
alınan bir məlumatda Dövlət Gireyin də onlarla
ittifaqa girdiyi və Həştərxan istiqamətində birgə
hücum hazırlıqlarına qoşulduğu bildirilir.
Artıq Dərviş xanın özü də Krım tərəfə
meyllənmiş, Dövlət Gireyin oğlu Kazbulatı (yəqin
ki, Qazi Bulat deməkdir) özünə kalqay təyin
etmişdi.
Həştərxan
xanı Dərviş Əlinin tatar alyansına qoşulması
xəbəri təsdiqləndikdən sonra IV İvan onun namizədliyini
irəli sürmüş himayəçiləri
İsmayıl Mirzə və digər Noqay mirzələrini
(Arslan və b.) 1556-cı ilin yazında Krım üzərinə
birgə yürüşə çıxmağa məcbur etmək
tapşırığı ilə səfir İqnati Zaqryajskini
İsmayılın yanına göndərmiş, əvəzində
Dərviş Əlinin oğlu Yantemiri Krım taxtına
çıxaracağını vəd etmişdi. Lakin missiya
Noqay Ordasına gələndə burada hakimiyyət artıq
qarşı tərəfin- Yusufun oğlu Yunusun əlinə
keçdiyindən çarın bu cəhdi heç bir nəticə
verməmişdi.
Volqaboyunda gedən prosesləri diqqətlə izləyən
Osmanlı dövləti də səylərini daha çox
Avropa istiqamətində təmərküzləşdirməsinə
və Səfəvilərlə müharibə vəziyyətində
olmasına baxmayaraq Kazanın, daha sonra isə Həştərxanın
işğalına laqeyd qalmamışdı. Məlumdur ki, Krım
xanlığı Osmanlı himayəsində idi və
İstanbul sarayı buradakı regional siyasətini Gireylər
sülaləsinin nümayəndələri vasitəsilə həyata
keçiridi. Həştərxan zəbt edildikdən sonra
ruslar artıq Xəzərə çatmışdılar.
Krım, Türküstan və Noqay Ordasından alınan xəbərlər
onların daha da irəliləyəcəyini göstərirdi.
Bunu Rusiyanın cənub sərhədlərində yerləşən
müsəlman torpaqlarına səlib yürüşü kimi
qiymətləndirən Osmanlı dövləti 1561-ci ildən
etibarən Krım xanlığı ilə birlikdə
özü də regiondakı fəaliyyətini gücləndirməklə
“küffara qarşı” müharibə hazırlıqlarına
başlamışdı.
II Sultan Səlimin çara təhdid dolu məktublarından
sonra 1569-cu ildə Həştərxana tarixi səfər
gerçəkləşdirildi. Türk-Krım qoşunu həmin
ilin payızında Həştərxanı tutmağa müvəffəq
olsa da, əldə saxlaya bilmədi. 1570-ci ildə ruslar
sülh danışıqlarına başlamağı təklif
etdilər. Onların Kabardada inşa etdikləri Tərki
qalasını uçurmağa razı olmaları ciddi irəliləyiş
sayılırdı. Buna baxmayaraq sultanın iradəsi daha sərt
və qəti idi: ruslar iki yoldan birini seçməli- ya Kazan və
Həştərxanı azad etməli, ya da həm Osmanlı
dövlətinə, həm də Krım xanlığına xərac
ödəməli idilər. Rus hökumətinin
danışıqları uzatması 1572-ci ilin yazında
Krım ordusunun Rusiyaya yeni hücumu üçün bəhanə
oldu. İvan krımlıların Moskva istiqamətində irəliləməsi
xəbərini cəbhədə eşidib, qorxusundan Yaroslavla
qaçmışdı. Türk-tatar qoşunu
qarşısına çıxan şəhər və kəndləri
yandırıb yıxaraq mayın 24-də Moskvaya
çatdı. Dövlət Girey xanın əmri ilə şəhər
posadına od vuruldu. Yanğın elə güclü idi ki,
Fletçerin yazdığına görə, üstündən
17 il keçəndən sonra da şəhəri tam bərpa
etmək mümkün olmamışdı. Təkcə Moskvada
800 min nəfər öldürülmüş, 150 min nəfər
əsir alınmışdı. Dövlət xan bunun Kazan və
Həştərxanda törədilmiş vəhşiliklərin
qisası olduğunu gizlətmirdi. Sonrakı
danışıqlar zamanı o, IV İvana demişdi: “Biz Kazan
və Həştərxana görə çoxmu düşmənçilik
edəcəyik? Onları ver və əbədi dost olaq. Həm
də savabdır. Bizim kitabımıza görə müsəlman
torpaqları kafir əlində qalmamalıdır”. Rus hökuməti
Həştərxanı qaytarmağa və bu xanlıq üzərində
Krımla birgə protektorat təşkil etməyə
razılıq verir, Kazanla bağlı tələbi isə
yaxın buraxmırdı. Danışıqlar ərəfəsində
Moskva yaxınlığındakı mövqe döyüşlərindən
birində qələbə qazandıqlarını əsas gətirərək
dirəşir, manevr ediridilər.
Buna səbəb
isə 1570-ci illərdən başlayaraq Kazan uğrunda
mübarizənin tədricən yumşalmağa
başlaması idi. Doğrudan da İnebaxtı məğlubiyyətindən
(1571) sonra Osmanlı dövlətinin diqqəti Rusiya cəbhəsindən
yayınmmaqda idi. Ə.Dəmirin sözləri ilə desək, “İnebaxtı məğlubiyyəti
və Kıbrıs səfəri ilə əlaqədar
Osmanlı dövləti rus təhlükəsini bir müddət
unutdu”. Əlbəttə, başqa mülahizələri də
nəzərdən qaçırmamalıyıq.
Osmanlının çar Rusiyası ilə ehtiyatlı hərəkət
etməyə başlamasını 1572-ci ildə türk-tatar
qoşunlarının Molodya (Molodin)
döyüşündəki məğlubiyyəti ilə
əlaqələndirilməsi bu sırada əsas yer tutur. Bu
hadisə İstanbulun bəzi dairələrində bir müddət
Rusiya ilə yeni
qarşıdurmalardan çəkinmək qənaətini
möhkəmləndirmiş, həmin qənaətin
düzgünlüyünə
sultanı da inandırmışdılar. Bəzi
tarixçilər isə bu Kazan-Həştərxan siyasətindən
“soyuma”nı Osmanlı dövlətinin Polşa, Macarıstan,
Avstriya ilə müharibəyə hazırlaşmaq, Aralıq
dənizini ələ keçirmək kimi planlar qurması ilə
izah etməyə meyllidirlər. Bizə görə,
sadalanan mülahizələrdən
hansının düzgün, hansının yanlış
olması artıq yalnız nəzəri əhəmiyyət
daşıyır. Zira tarixdə səbəblər yox, nəticələr
qalır. Nəticə isə budur ki, yaranmış şərtlər
daxilində müttəfiq xanlıqların hərbi-siyasi birləşmə
cəhdləri uğur qazanmamış və Kazan tatarları
sonda meydanda tək qalmış, onların da özlərindən
qat-qat güclü bir düşmənlə mübarizədə
qələbə çalmaq ehtimalı, sadəcə,
sıfıra bərabər olmuşdur. 1582-ci və 1592-ci illərin
üsyanları da çar hökuməti tərəfindən
sərt bir şəkildə yatırıldıqdan sonra əsarətlə
barışmaq- nə qədər ağır və mistik səslənsə
belə!- Kazan xanlığı xalqlarının alın
yazısına çevrilmişdir.
İşğalın
etnik, sosial, dini-mədəni nəticələri
Kazan
xanlığının işğalı, müqavimət ruhlu
bütün ciddi cəhdlərə rəğmən bunun
gerçəkləşdirilməsi, məsələnin tarixi,
hərbi-siyasi aspektləri haqqında indiyə qədər
yüzlərlə tədqiqat aparılıb, cild-cild kitablar
yazılıb. İşğalın səbəb və nəticələri
müxtəlif rakurslardan detallarına qədər təhlil
edilib, ümumiləşdirilib.Müxtəlif nəzəriyyələr
qurulub, fərziyyə və mülahizələr söylənilib.
Biz, əlbəttə, bunların üzərində
dayanmayacağıq. Müşahidələr göstərir
ki, işğal faktlarından danışarkən səbəblərin
təfərrüatına varmaq istəyi bütün hallarda
qızğın diskussiya və spekulyasiyalar doğurur; polemika
ruhuisə tədqiqatların axarını təbii elmi məcradan
çıxararaq, subyektivizmə və destruktivizmə yönəldir.
Zənnimizcə, Kazanın işğalı prosesində, habelə
bundan sonrakı böyük zaman kəsimində Volqaboyu
tatarlarının, xanlığın digər axtoxton sakinlərinin
məruz qaldıqları siyasi, iqtisadi, etnik-sosial, dini-mədəni
məşəqqətlər baş verənlərin həqiqi
motivlərini anlamaq və aydınlaşdırmaq
üçün daha obyektiv təsəvvür yarada bilər...
İşğaldan sonra tatar xalqı (eləcə də
xanlığın digər etnik qrupları) zor gücünə
öz tarixi inkişafının təbii yolundan kənarlaşdırıldı,
mahiyyətcə, şəhər sivilizasiyasından məhrum
olundu. Sağ
qalmış sakinlər sui-qəsd cəhdləri bəhanə
göstərilərək, Kazandan çıxarıldılar və
Bulaq çayının o biri tayındakı Kuraiş
(hazırda Köhnə tatar) slobodasında ayrılmış
yerə göndərildilər. Onların qalaya daxil olması
belə qadağan edildi. Bəzilərinə şəhərdəki
evlərini söküb yeni yaşayış məntəqəsinə
aparmaq üçün icazə verilsə də, ən
yaxşı mülklər müxtəlif vəsilələrlə
müsadirə olundu. Doğma od-ocağını itirən,
faktiki olaraq sığınacaqsız qalanlar baş
götürüb qonşu diyarlara gedir, ya da ətraf kəndlərə
səpələnirdilər, səfillərin sayı-hesabı
yox idi. Rusiya arxivlərində qalan qeydiyyat kitablarında
göstərildiyinə görə, binəsib tatar və
çivaşlar tutularaq qul kimi işlədilirdilər. “Adam
ovu” 1551-1557-ci illərdə rus əskər və zabitlərinin
ən sevimli məşğuliyyəti sayılırdı.
Əllərinə keçəni (söhbət minlərlə
insandan gedir!) Sviyajska gətirir, sonra isə qul bazarlarında
satılmaq üçün ölkədən
çıxarırdılar. Rus dvoryanları da əsir ticarətindən
ən azı “vəhşi” kimi qələmə verdikləri
kazanlı və krımlılar qədər gəlir
götürürdülər. Yaddan çıxarmayaq ki,
Rusiyada insanların alınıb-satılması XIX əsrə
qədər davam etmişdi və
bu bazarın “əmtəə dövriyyəsində”
müsəlman torpaqlarının işğalı prosesində
ələ keçirilən hərbi əsirlər
mühüm yer tuturdu.
Çar
hökuməti demoqraflarının öz hesablamalarına
görə, əhalisinin tən yarısını itirən
Kazan xanlığında köklü sakinlərin sayı 210
min nəfərdən 140-150 min nəfərədək azalmışdı (Şərq mənbələrinin
göstəriciləri, yuxarıda qeyd edildiyi kimi, bundan qat-qat
artıqdır), mərkəzi rayonlarda, ənənəvi icma
mərkəzlərində ruslar məskunlaşdırılırdı
(guya bu yolla işğalçı administrasiyaya qarşı
mümkün təxribatların qarşısı
alınırdı). Keçmiş xanlığın arxiv sənədlərində
(bunların da çoxu rus mənbələridir) qeydə
alınmış 700 kəndindən 206-sına və
dağıdılmış, viran qoyulmuş daha 60 kəndə
gəlmələr yerləşdirilmişdi, ümumiyyətlə,
boş qalan bütün torpaqlar onlara paylanırdı.
İşğaldan dərhal sonra Kazan əsilzadələri zor
gücünə xristianlaşdırılırdılar. Elə
ilk günlərdən istilanın mahiyyət əlamətlərindən birinin məhz
devşirməçilik olması açıq şəkildə
nümayiş etdirilirdi. Tezliklə Makari hökumətinin əmri
ilə burada arxiyepiskop kafedrası təsis olundu və müsəlmanların
hamılıqla dinindən döndərilməsi
üçün hazırlıqlar başlandı. Sonradan
arxiyepiskopluğun missiyasını “ruhani yürüş”,
“fütuhatın düşüncələrdə başa
çatdırılması” kimi qiymətləndirmiş
S.M.Solovyov nə qədər də haqlıdır! Hələ
1536-cı ildə Moskvaya əsir aparılmış
tatarların xristianlaşdırılması təşəbbüsünü
irəli sürmüş Makari indi bu təcrübəni Kazan
xanlığının öz ərazisində
açıq-aşkar gerçəkləşdirir, “yaddinlilərin
mənəvi mənimsənilməsi” niyyətini gizlətməyə
belə lüzum görmürdü. Məscidlər
dağıdılır, Qul Şərifdəki məşhur mədrəsə
də daxil olmaqla müsəlman təhsil ocaqları yerlə
bir edilir, İslam mədəniyyəti abidələri
sistematik olaraq təqib və təhqirlərə məruz
qoyulur, türk sivilizasiyasının bütün izləri məqsədyönlü
şəkildə silinirdi. Xan sarayının
yaxınlığında inşasına başlanan əzəmətli
kilsə Moskvanın hərbi-siyasi ehtişamını
nümayiş etdirməli idi.
Kazan xanlığının müsəlman xalqlarına
qarşı əsl genosid törədilmişdi. Ağlasığmaz
anti-insani qəddarlıq, fiziki işkəncələrlə
yanaşı, iqtisadi problemlər, sosial-psixoloji
sarsıntılarla daha da
ağırlaşdırılmış bu müdhiş
soyqırımı çar mütləqiyyətinin beynəlxalq
nüfuzuna güclü zərbə vurmuş, sivil bir dövlət
kimi onun mövqelərini daim təhdid etmişdir. Nə qədər quru və sxematik olsa, nə qədər
təhriflərə məruz qoyulsa da işğal
statistikasının mayasında duran dərin faciəvi ruh
bütün dövrlərdə Rusiya dövlətinin siyasi
simasını qatı və qara bir kölgəyə
bürümüşdür. Kazan qətliamı
bu gün də bəşər tarixində baş vermiş
nadir etnosid hadisələrindən biri kimi xatırlanır.
“Qonşu etnosların məskunlaşmış
olduğu əraziləri zəbt edərək
coğrafiyasını genişləndirmək məqsədlərini
özünün etnik xarakterinə çevriən rus
xalqı” (Nizami Cəfərov), onun mütərəqqi fikirli təmsilçiləri
də, əslində, işğalçılıq
ehtirasları üzündən belə bir bəşəri
cinayətin törədilməsini Qorxunc İvan hakimiyyətinə
heç vaxt bağışlamamışdır.
Görünür, elə buna görədir ki, işğaldan
az sonra qələbə eyforiyasından ayılan çar
ideoloqları özləri də yolverilməz cinayətlərin
miqyasını anlamağa və Kazanda baş verənlərə
bəraət qazandırmaq üçün “əsas”lar
uydurmağa başlamış, şokdan bu yolla
çıxmağa çalışmışlar. Akad. N.Cəfərovun “Moskva ətrafında
formalaşmaqda olan yeni rus dövlətinin özünəməxsus
manifesti” adlandırdığı “Kazan tarixi”, yaxud “Kazan salnaməsi”də
həmin mənhus niyyətin “bədii” ifadəsi kimi ortaya
atılmışdır. Bir qədər
yuxarıda bu əsərdən Kazanın işğal mənzərəsini
əks etdirən bir sitat gətirmişdik. O sitat da
göstərir ki, “salnamə” müəllifi (çar
özü? Peresvetov? başqa
bir ideoloq?) inkarçılıq xətti
tutmayıb, bunu heç ağlına da gətirmir. Onun niyyəti bütün mümkün vasitələrdən,
ilk növbədə isə “hər cür mənəvi-əxlaqi
əndazəni aşan böhtançılıq”dan istifadə
etməklə Kazanda törədilmiş cinayətlərə
legitim səbəblərlə izah vermək, anlaşılan
motivlərlə haqq qazandırmaqdır. Elə
buna görə də “əsər” başdan-ayağa ziddiyyətlərlə
doludur.
ARDI VAR
N.MUSTAFA
İki sahil.- 2022.- 14 sentyabr.- S.6.