ORTAQ KEÇMİŞDƏN ORTAQ
GƏLƏCƏYƏ
ÇARİZMİN
İŞĞALÇILIQ SİYASƏTİ ÜMUMTÜRK
TARİXİ KONTEKSTİNDƏ
Qızıl Orda və ondan törəmə
tatar xanlıqları
(tarixi-etnoqrafik
oçerklər)
Əvvəli ötən saylarda
“Kazan tarixi” işğal dəhşətlərini ən əvvəl banal qisasçılıq duyğularına müncər etmək istəyir və sözlərinə rusların “vəhşi” tatarlar və çeremislərlə həmsərhəd yaşadıqları zamanların xatirələri ilə başlayır: “Onların (rusların-N.M.) çoxu barbarlara əsir düşməmək üçün evlərini kimsənin ayağı dəyməyən yerlərdə, dərin meşələrdə tikir, öz arvad-uşaqları ilə mağaralarda və dağlarda gizlənirdilər. Digərləri isə evini, nəslini və tayfasını, böyüyüb başa çatdığı ölkəsini və yurdunu atıb, barbarlardan uzaq yerlərə, rus torpaqlarının içərilərinə qaçırdılar”. Göründüyü kimi, bu xatirələr XVİ əsrə, heç XIII əsrə də yox, insanların mağaralarda, dağlarda, meşələrdə məskən saldığı uzaq keçmişə (tatarlar qədər ruslar üçün də səciyyəvi olmuş barbarlıq dövrünə) aiddir. N.Cəfərov münasibətlərin həmin dövrü haqqında belə yazır: “...rus-slavyanlar gözlərini açandan özlərini türklərin- poloves, peçeneq, kuman adlandırdıqları etnosun əhatəsində görmüşlər. Və tamamilə aydındır ki, qədim rus ədəbiyyatının kifayət qədər böyük məhəbbətlə tərənnüm etdiyi “Rus torpağı” anlayışı xeyli dərəcədə şərtidir. Yəni, heç olmasa, XI-XIII əsrlərdə onun real xəritəsini təsəvvür etmək ona görə mümkün deyil ki, ruslarla türklər, demək olar, eyni coğrafiyada yan-yana, hətta bəzi yerlərdə iç-içə yaşamışlar”. Aydın məsələdir ki, Kazanın işğalı ilə həmin uzaq keçmişdə baş verən hadisələr arasında hansısa əlaqə qurmağın, ardıcıllıq axtarmağın özü absurddur. “Salnamə” qədim dövrdə tatar və çeremislər tərəfindən (haqlı, ya haqsız!) əsir götürülmüş ruslarla Moskva-Kazan qarşıdurması dövrünün hərbi əsirləri arasında bərabərlik işarəsi qoymağa çalışır ki, normal məntiqlə, bu, heç bir şəkildə mümkün deyil (ən azı ona görə ki, müharibə əsirləri “hərbi qənimətlər” kateqoriyasına aid edilirdi). Beləliklə, aradakı əsrlərlə zaman fərqinin, Qızıl Orda təlatümlərinin, xanlıq yarandıqdan sonra baş vermiş qanlı müharibələrin, basqın xarakterli qarşılıqlı səfərlərin üstündən- heç olmamış kimi- keçilməsi və birdən-birə mətnə XV-XVI əsrin faktlarının gətirilməsi yalnız və yalnız bir məqsədə- oxucuda “vəhşi tatarlar”ın günahsız rus əsirlərinə zülm etmələri təəssüratı yaratmağa hesablanıb: “Kazanlılar müsəlmanlığı qəbul etməkdən boyun qaçırmış ruslardan çəkinir, onların böyük sayda Kazanda qalmasına yol vermir, bütün Kazan vilayətində yalnız qadın və qızları, yeniyetmələri saxlayırdılar ki, Kazan da Misir israillilərlə dolan kimi ruslarla dolmasın (???-N.M.), onların sayı artıb kazanlıların özlərini buradan sıxışdırmasınlar. Buna görə də onlar rusları xaricilərə satır, bundan böyük pullar əldə edib varlanırdılar”. Deyilənlər artıq işğal ərəfəsindəki vəziyyətin təsvirinə aiddir. Ardınca gələn cümlələr də bunun sübutudur: “Pravoslav çar və böyük knyaz bütün bunları eşidərək bərk kədərlənirdi: yaralı kimi içini atəş bürüyürdü, ürəyi yanırdı, pravoslav xristianların dərdindən zarıyır, kazanlılardan və lənətə gəlmiş çeremislərdən necə qisas almaq fikri bir an belə onun beynindən çıxmırdı”. Başqa sözlə, çar İvan, sən demə, tatar və çeremislərə, Kazan xanlığında yaşayan başqa xalqlara rus hərbi əsirlərin intiqamını almaq üçün qan uddurubmuş! Yaxşı olmazdımı ki, qisası adekvat şəkildə alsın- kazanlıları əsir götürsün? Ümumiyyətlə, kimisə bu nağıllara inandırmaq mümkündürmü? Əlbəttə, yox!
“Kazan tarixi”ndə
açıq-aşkar sezilən uydurmalar təkcə əsirlər
motivi ilə qurtarmır. Əsərdə kazanlıların
guya ruslara boyun əymək, tabe olmaq istədikləri, lakin kənardan
gələn “yadelli”lərin buna imkan vermədikləri tez-tez təkrarlanır,
lakin hər dəfə müəllifin özü tərəfindən
təkzib edilir. Məlikə Suyumbikənin (əsərdə
“Sümbükə”) naibəliyi dövrü ilə
bağlı oxuyuruq: “Yalnız bir nəfər onu dəstəkləyir,
onunla birgə Kazanı qəti şəkildə qorumaq, onu
Moskva çarı və və böyük knyazına təslim
etməmək əzmində idi. Bu, əzəmətli və qəddar,
bütün Kazan zadəganları arasında döyüşlərdə
özünü qorxmaz voyevoda kimi göstərmiş Koşak
(bizim artıq yaxşı tanıdığımız
Koşçak-Qoçaq nəzərdə tutulur-N.M.) idi. Rusa
qarşı vuruşmağa gəlmiş krımlılar,
noqaylar və digər xalqlar da ona qoşulmuşdular.
Kazanlılarsa döyüşmək əzmində deyildilər.
Onlar: “İndi biz rusların qarşısında duruş gətirmək
iqtidarında deyilik, çünki təlim keçməmişik
və gücsüzük”,- deyirdilər. Aralarına nifaq
düşdü, ümumi bir fikrə gələ bilmədilər”.
Məqsəd aydındır: Kazan faciəsinə görə məsuliyyəti
“gəlmə”lərin üzərinə atmaq, eyni zamanda gələcəkdə
Noqay Ordasının, Krım xanlığının
işğal olunması üçün ideoloji “əsas”
yaratmaq və möhkəmləndirmək.
Oxşar motivdən Yadigar xandan bəhs edilən hissədə
də istifadə olunur. Lakin
burada qəribə bir yerdəyişmə ilə
rastlaşırıq. Yuxarıda guya kazanlılar təslim
olmaq istəyir, Suyumbikə və Koşçak buna
qarşı çıxırdı. Burada isə deyilir ki, guya
“Kazan çarı (Yadigar xan nəzərdə tutulur-N.M.)
Moskva hökmdarının şirin və qorxulu sözlərini
eşidib bərk qorxdu və şəhər
qapılarını onun üzünə açıb
könüllü şəkildə təslim olmaq istədi. Ancaq nə xoşluqla, nə də qorxunc hədələrlə
kazanlıları yola gətirə və fikirlərindən
daşındıra bilmədi. Çünki hələ cavan
olduğundan və onların adətlərinə bələd
olmadığından çar Şiqaley (Şahəli nəzərdə
tutulur-N.M.) kimi onların üzərində böyük bir
gücə malik deyildi. Kazanlılar
çarın xeyirxah məsləhətinə qulaq asmadılar
və sözlərinə məhəl qoymadılar. Çar (əksər
rus mənbələrində “çar” sözü siyasi termin
olmaqla yanaşı, həm də ümumiyyətlə,
hökmdarları bildirmək üçün işlədilir.
Məs., “çar İvan” dedikdə “Moskva çarı”nı,
“çar Şiqaley” dedikdə Şahəli xan nəzərdə
tutulur. Burada isə söhbət “Kazan
çarı”ndan, yəni, Yadigar xandan gedir-N.M.) tək
özü gələn elçilərlə şəhərdən
çıxıb bağışlanmasını xahiş etmək
istəsə də, onu buraxmadılar. Kazanlılar ondan çox
knyaz Çapkunu eşidib, çar kimi ona tabe oldular. Hökmdarın
elçilərini şəhərdən qovub abırdan
saldılar. Onun qəlbini yaralayaraq və lərzəyə
salaraq məğrurcasına öyündülər: “Moskva
çarı, eşit və bil ki, bu sənə çarın
və bütün kazanlıların cavabıdır: öz
qanunlarımız, dinimiz, adət-ənənələrimiz
uğrunda qadınlarımız və uşaqlarımızla
birgə ölmək, doğulduğumuz,
böyüdüyümüz və
yaşadığımız, öz
çarlarımızın hökmdarlıq etdiyi, ulanların,
knyazların və murzaların (bu təbirlər ruslarda
“oğlan”, “bəy”, “mirzə” terminlərini əvəzləyir-
N.M.) idarə etdikləri şəhəri sənə verməkdən
qat-qat yaxşıdır!”. Bəli, bu passaj,
yuxarıdakının əksinə olaraq, həqiqətən
də, Kazan xanlığı əhalisinin işğala və
işğalçıya münasibətini
doğru-düzgün ifadə edir. Yadigar xanla
bağlı deyilənlər isə işğal ərəfəsində
Kazan xanlığında ikitirəliyin, hakimiyyət
boşluğunun olması qənaətini
formalaşdırmağa xidmət edir: yəni, xalq hakimiyyətin
həqiqi suvereni olan Yadigar xanın yox, Çapkun bəyin
dediyi ilə hərəkət edib, bu isə legitim hakimiyyətə
qəsddir və belə bir şəraitdə çar
qoşunlarının yerli əhaliyə daha sərt
davranması üçün də hüquqi “əsas”
yaranırmış. Əslində isə bu
mülahizə, əsir alınana qədər əlində
qılınc həqiqi xan kimi döyüşən Yadigarı
da, doğma şəhərin düşmən tapdağı
altına düşməməsi üçün
canlarından keçmiş digər müdafiəçiləri
də şərləmək deməkdir.
Ümumiyyətlə, Kazan xanlığının
müstəqilliyi əqidəsindən sona qədər
dönməmiş şəxsiyyətlər “Kazan tarixi”ndə
xüsusi nifrətlə damğalanır və bu da əsərin
ideoloji missiyasına tam müvafiqdir. Suyumbikə və
Koşçakın şəxsi münasibətləri
haqqında aşağıdakı sətirlər buna bariz misaldır:
“Çarın ölümündən sonra (Kazan xanı Səfa
Girey nəzərdə tutulur-N.M.) çariça ilə
Koşakın gizli məhəbbət yaşamalarından və
şahzadə Koşakın öz arvadına xəyanətindən
təkcə kazanlılar xəbərdar deyildilər; bunu
Moskvada da, digər ordalarda da bilirdilər. Ən
betəri bu idi ki, o, gənc şahzadəni (rəsmi xan Ötəmiş
Girey nəzərdə tutulur- N.M.), eləcə də onun
qanunsuz hərəkətini qınayan bütün Kazan zadəganlarını
öldürüb, çariça ilə evlənmək və
Kazanda hakimiyyəti ələ keçirmək niyyətində
idi”. Uzun-uzadı şərhlərə
varmadan qətiyyətlə deyə bilərik ki, “Kazan salnaməçisi”
bu sətirlərlə türk törəsindən, Çingiz
yasalarından və şəriət hüququndan bixəbərliyini
faş etmişdir. Hər şey bir tərəfə,
Suyumbikə Kazan məlikəsi, Gireylər xanədanının
gəlini, Noqay əmirinin qızı, Koşçak isə
Krım şahzadəsi (oğlan) idi. Və əgər
belə bir məsələ baş vermiş olsaydı, bir yox,
üç dövlətin (Kazan və Krım
xanlıqlarının, Noqay Ordasının) əksəriyyəti
kəraçi bəylərdən ibarət Dövlət
Şurasında müzakirə edilməli, mütləq təxirəsalınmadan
günahkarlar barədə ölüm hökmü
çıxarılmalı idi! Digər tərəfdən
tarixdən məlumdur ki, işğaldan az
sonra rus çarı IV İvanın razılığı ilə
Suyumbikə Qasımov xanı Şirəli (rus mənbələrində
Şiqaley) ilə evləndirilmişdi. Əgər
Koşçakla belə bir yaxınlıq həqiqətən
olmuş olsaydı, dindarlığı ilə ad
çıxarmış Şirəli bu nigaha razılıq verə
bilməzdi. Yeri gəlmişkən, Şirəlinin
Suyumbikəyə göz qoymasına və nigah fikrinin məhz
Kazan əyanlarından (bunlar isə yalnız Dövlət
Şurasının üzvləri- qüdrətli tayfa
başçıları ola bilərdi, qalan əyanlar məlikə
ilə bu barədə danışmağa cəsarət edə
bilməzdilər) gəlməsinə “Salnamə”də də
işarə vurulur: “Şahzadə Koşak Kazandan qaçandan
sonra zəngin Kazan əyanları çariçanın
yanına təşrif buyuraraq dedilər: “Çariça, biz
nə edəcəyik, gələcək taleyimiz barədə nə
düşünürsən? Bizi
bürümüş bu kədər və dərdlərdən
nə vaxt qurtulacağıq? Zira sənin
çarlığının və səninlə bizim hakimiyyətimizin
sonu gəlmişdir... Gəlin öz
qürurumuzu və yekəxanalığımızı həlimlik
və təvazö ilə əvəzləyib bütün
ağılsız niyyətlərimizdən əl çəkək,
keçmişdə etdiyimiz günahlara, Kazanda
yaşadığı müddətdə onu öldürmək
niyyətində olduğumuza görə çar Şiqaleydən
bizi bağışlamasını xahiş edək. Qoy o səni təşəxxüsdə
günahlandırmasın, acı çəkən kölə
kimi yox, məhəbbət bəslənən bir
çariça qismində qəbul eləsin, qoy ürəyi
yumşalsın, bütün voyevodalar da ona itaət göstərsinlər”.
Suyumbikə isə guya üzdə
özünü və oğlunu xilas etmək üçün
bu fikrə razılıq versə də, Şahəlini
öldürmək yolunu seçir. “Kazan
tarix”inə görə,) əvvəl “çara bəzi səmimi
hədiyyələr və öldürücü zəhər
qatılmış yemək və içki”, sonra isə
“öz əlilə tikilmiş zəhərli köynək”
göndərir, lakin Şahəli ehtiyatlı tərpənərək
sui-qəsd cəhdlərindən qurtulur. Əslində
bu fraqmentlər də uydurmadan başqa bir şey deyil (əks
təqdirdə Şahəli onu qətlə yetirmək istəmiş
bir qadınla evlənməzdi) və yalnız Suyumbikə və
Ötəmişin hakimiyyətdən devrilməsinə haqq
qazandırmaq üçün uydurulub. Amma
hər necə olsa da, Suyumbikə qarşımızda Vətəninin
azadlığı uğrunda cəsarətli addımları ilə
gözünü belə qırpmadan nəinki
özünü, həm də azyaşlı oğlunu təhlükəyə
atmaqdan çəkinməyən bir Kazan vətənpərvəri
kimi canlanır.
Eyni sözləri oğlan Koşak/Qoçaq haqqında
da deyə bilirik. Onun sonrakı aqibətini “Salnamə” müəllifi belə
nəql edir: “O isə Kazanda yaşayan bir çox barbarı,
qardaşını, arvadını, iki oğlunu,
topladığı var-dövləti götürüb gecə
yarısı aradan çıxdı və elə bir təəssürat
yaratdı ki, guya qaçmır, özünə qoşun
toplayır. Kazanlılar isə onun
qaçması günahını öz üzərlərindən
götürmək üçün bunu çar Şiqaleyə
xəbər verdilər, çünki yadelli olaraq onun Kazana
hakim olmasını istəmirdilər. Çar
voyevoda İvan Şeremetovu yüngülcə
silahlanmış on min qoşunla Koşakı təqib etməyə
yolladı. Bu barbarı vəhşi heyvan
kimi zəncirləyib ləyaqətsiz bir şəkildə
çarlıq edən Moskva şəhərinə gətirdilər.
O xoşluqla tabe olmaq istəmirdi, onun istəyinə rəğmən,
Allah onu rusların əlinə keçirdi. Hökmdarın
əmri ilə ondan xristianlığı qəbul edib
çara xidmət etmək arzusunda
olub-olmadığını soruşdular. Bunu
qəbul edərsə, bağışlanacağını və
sağ qalacağını bildirdilər. O isə
çarın köləsi olmağa razılıq versə də,
xaç suyuna çəkilmək fikrini yaxına belə
buraxmadı və ona rəhm edilməsini istəmədi. Bir neçə gün məhbəsdə
saxlanıldıqdan sonra onu və bütün barbarları
şəhərdə yox, bu məqsədlə
ayrılmış xüsusi yerdə qətlə yetirdilər.
Hamısını əmudla əzdilər.
Arvadını və iki oğlunu xaç suyuna
salıb pravoslav dinini qəbul etdirdilər. Allahını sevən çariça
Koşakın arvadını öz sarayına gətirdi.
Koşakın iki oğlunu çar və böyük knyaz
öz qəsrinə aldı və onlara rus dilində savad verdi.”
Necə deyərlər, şərhə ehtiyac qalmır. “Kazan salnaməsi”
özü-özünü ifşa edir!
Bu əsərdən söz düçmüşkən,
ədəbiyyatşünaslıqda hələ işğal
dövründən ortaya atılan və sonradan ictimai rəyə
güclü sirayət etmiş bir fikri də xatırlatmadan
keçə bilmərik. T.Vəlixanlı “Rus ədəbiyyatı
tarixi. Birinci hissə. Qədim və
XVIII əsr rus ədəbiyyatı” adlı dərs vəsaitində
yazır: “Kazan tarixi”ni maraqlı edən cəhətlərdən
biri də odur ki, bu əsər “Vladimir knyazlarından bəhs
edən hekayət”dən fərqli olaraq rus tarixinin Avrasiya
konsepsiyası üçün zəmin yaradır. Bu genişhəcmli
povestdən Mərkəzləşdirilmiş Moskva Rus Dövlətinin
uydurma imperiya və sülalələrin deyil, məhz
Çingizxanın Böyük Monqol İmperiyasının
varisi kimi çıxış etdiyini və onun türk-tatar
xanlarının hərbi-siyasi dəstəyi, türk-tatar
xanlıqlarının zaman-zaman Böyük Moskva
Knyazlığına qatılması nəticəsində
genişlənməsi ideyası hasil olur”. Polemikaya girmədən,
deyə biliərik ki, əgər rus tarixinin Avrasiya
konsepsiyası belə bəsit və ziddiyyətli təməllər
üzərində qurulmuşsa, bu konsepsiyadan nə elmi, nə
tarixi, nə də ictimai-siyasi yönümlü müsbət
heç nə gözləməyinə dəyməz...
Son olaraq.
Kazanın işğalı və ram edilməsi
türk-İslam dünyasında tarixin sonrakı gedişinə
mühüm təsir göstərmiş, Moskva Rusiyası
üçün isə ölçüyəgəlməz
tarixi-siyasi əhəmiyyət daşımışdır. Bir
neçə vacib məqamı vurğulayası olsaq,
Kazanın hakimiyyət altına alınması çarizmin
müstəmləkə strategiyasının təməl
daşını qoymuş, Rusiya qarşısında həm
üzüyuxarı (Sibir), həm də
üzüaşağı (Qafqaz) istiqamətlərdə
geniş quru və su yolları açılmış,
çox keçmədən Ural dağları ətrafında
yaşayan başqırdlar və Sibir tatarlarının bir
qismi Moskvaya tabeçiliyi qəbul etmişlər. Beləliklə, xarici siyasətdə imperialist təmayül
güclənib, dominantlıq qazanmış, Qızıl
Ordadan törəmə digər müsəlman dövlətlərinin
istila edilməsi üçün Kazan olduqca əlverişli
bir platsdarma çevrilmişdir. Təsadüfi
deyil ki, Rusiyada Qorxunc İvandan başlayaraq bütün
çar və monarxlar Kazanın işğalını ölkənin
siyasi intibahının fundamenti, rus tarixinin mühüm
dönüş nöqtəsi kimi daim yüksək qiymətləndirmişlər.
İvan Vasilyeviçin knyaz Kurbskiyə məktubundan
daha bir misal. Çar məktublarının birini belə
bir sonluqla bitirir: “7086-cı ildə (1577), hakimiyyətimizin 43-cü
ilində, Rusiya çarlığının 31-ci ilində,
Kazan üzərində qələbənin 25-ci ilində, Həştərxan
üzərində qələbənin 24-cü ilində əyalətimiz
olan Livon ölkəsində, Volmer şəhərində
yazıldı”. Göründüyü kimi, rus
çarı Kazanın və Həştərxanın
alınmasını öz dövlətinin ən böyük
nailiyyəti, bir qədər də irəli getsək, vizit
kartı kimi qəbul etdiyini öz əli ilə tarixə
yazmışdır. Bu hadisə ictimai fikirdə rus silahının ilk zəfər
rəmzi kimi əbədiləşdirilmiş, onun şərəfinə
Moskvada Qızıl Meydanda Vasili Blajennı kilsəsi inşa
olunmuşdur.
Çarizmin Şərq siyasətinin həyata
keçirilməsində Kazana sonralar da mərkəzi yer
ayrılmış, Rusiyada elmi şərqşünaslığın
və o cümlədən, türkologiyanın öyrənilməsinə
burada başlanılmış, türk-İslam
xalqlarının ruslaşdırılmasına yönəlmiş
plan və layihələr də burada hazırlanmış və
buradan yayılmışdır. Nəhayət, “min il ərzində
Okanın töküldüyü yerdən başlayaraq
“türk nəhri” olmuş Volqa çayı” (Dəmir) XVI əsrdən Rusiya
iqtisadiyyatının qan damarı rolunu oynamış, ölkəni
beynəlxalq ticarət sisteminin mühüm mərkəzləri
sırasına çıxarmışdır.
ARDI VAR
N.MUSTAFA
İki sahil.- 2022.- 15 sentyabr.- S.6.