Azərbaycanın rəşadətli Ordusunun gücü:

 

«Dəmir yumruq», «Qisas», «Qətiyyətli cavab» əməliyyatları

 

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizdən sonra bütün çıxışlarında bəyan edir ki, 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən «Dəmir yumruq»  yerindədir

 

Avqustun 31-də Avropa İttifaqı Şurasının Prezdienti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə sayca 4-cü görüşü keçirildi. Bu görüş sülh müqaviləsinin imzalanması istiqamətində atılan mühüm addımlardan biri kimi dəyərləndirildi. Aprelin 6-da keçirilən görüşdə Azərbaycanın irəli sürdüyü 5 prinsipi qəbul edərək tərəflərin biri-birinin ərazi bütövlüyünü dəstəklədiyinə razılığını ifadə edən Nikol Paşinyan avqustun 31-də baş tutan görüşdə  iki ölkənin xarici işlər nazirlərinin sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlara başlamaq üçün görüşlərinin keçirilməsinin zəruriliyini təsdiqlədi.    

Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyanın təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından iki ilə yaxın vaxt  keçməsinə baxmayaraq Ermənistanın hər hansı bir öhdəliyi yerinə yetirməkdə maraqlı olmadığı özünü açıq şəkildə büruzə verir. Necə ki,  Brüsseldə sülh prosesini irəli aparmaq üçün iki ölkə xarici işlər nazirlərinin görüşməsinə razılıq verən Ermənistan sentyabrın 12-dən 13-ə keçən gecə sərhəddə növbəti təxribatı törətdi. Belə bir təxribatın  hazırlaşdıqları barədə hələ ötən həftə Nikol Paşinyan  Vladivostokda erməni icmasının nümayəndələri ilə görüşündə anonsu  verilmişdi.  Törədilən bu genişmiqyaslı təxribat və onun öncədən anonsunun verilməsi  27 sentyabr 2020-ci il tarixini yada salmağı bir zərurətə çevirir.

Məlumdur ki, həmin ərəfədə də Ermənistan yeni ərazilər uğrunda müharibə planı hazırladığını  həm atdığı addımları, həm də səsləndirdiyi bəyanatları ilə təsdiqləyirdi. Hətta dövlət başçısı İlham Əliyev 2020-ci ilin  sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışında  Ermənistanın yeni müharibə planı hazırladığını faktlar əsasında beynəlxalq ictimaiyyətin  diqqətinə çatdırdı. Lakin dünya gücləri yenə də seyrçi mövqedə dayanmağa üstünlük verdi, belə bir plandan xəbərsiz olduqlarını, yaxud da bildikləri halda susmağa üstünlük verməyi məqsədəuyğun hesab etdiklərini laqeyd yanaşmaları ilə təsdiqlədilər. Həmin tədbirdən çox keçmədi ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərini raket atəşinə tutdular. Bu təxribatların qarşısını almaq üçün  dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevdən «Hücum!» əmrini alan  rəşadətli ordumuz 44 gündə  şanlı Zəfər tarixini yazdı.

Ermənistanın baş naziri Nikol Paşinyan bu günlərdə  Rusiyadakı erməni diaspor təşkilatlarının nümayəndələri ilə görüşündə də təxribatın törədiləcəyinə açıq-aşkar işarə etmişdi. Belə ki, onun  həmin görüşdə səsləndirdiyi bəyanatlar  sülh prosesinə tamamilə zidd idi. Azərbaycan tərəfinin tarixə qovuşmuş  Qarabağ münaqişəsinin həll olunması ilə bağlı fikirləri ilə razılaşmayan Nikol Paşinyan onu da iddia edir ki, Bakının mövqeyi ilə  nə Ermənistanın, nə də beynəlxalq ictimaiyyətin mövqeyi üst-üstə düşür.  Guya  Rusiya Azərbaycanın mövqeyini bölüşmür.

Sülh müqaviləsinin imzalanmasına mane olan bu kimi bəyanatların səsləndirməklə Ermənistan açıq-aşkar  hansı məqsədi güddüyünü büruzə verir. Nəzərə alaq ki, 10 noyabr 2020-ci  il tarixli üçtərəfli Bəyanatın  imzalanmasında üçüncü tərəf Rusiyadır. Bu sənəd  Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının dünyaya təqdimatıdır. Ən əsası belə bir sənədin imzalanması ilə Azərbaycanın Zəfəri, Qarabağ münaqişəsinin tarixə qovuşması rəsmən təsdiqləndi.  Bu Bəyanatın ardınca 2021-ci ilin yanvarında  Rusiyanın təşəbbüsü ilə  Azərbacan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü keçirildi. İmzalanan birgə Bəyanatda da tarixi Zəfərimizin yaratdığı reallıqların diktə etdiyi məqamlar, tərəflərin üzərinə götürdükləri öhdəliklər öz əksini tapıb. Ermənistanın baş naziri Rusiyadakı erməni diaspor təşkiatlarının nümayəndələri ilə görüşündə səsləndirdiyi belə sərsəm bəyanatları ilə  ancaqancaq sülh müqaviləsinin vaxtının uzadılmasında maraqlı olduğunu nümayiş etdirir.  Ermənistan hər zaman üçüncü tərəfə diqqəti yönəltməklə özünün riyakarlığını, yeni planların ört-basdır etməyə səy göstərir.

Paşinyan, həmçinin  Zəngəzur dəhlizinin açılması ilə bağlı  iddia etmişdi ki, guya  demarkasiyadelimitasiya prosesində  təhdidlər var: «Azərbaycan beynəlxalq meydanlarda Ermənistana qarşı hər hansı ərazi iddiasının olmadığını deyir. Ancaq onlar "Şərqi Zəngəzur" terminindən istifadə edirlər, bu isə “Qərbi Zəngəzur”un mövcudluğu deməkdir. Bütün bunlarda gizli məna var. Azərbaycanda belə bəyanatlar səsləndirilir ki, hansısa ildəki xəritə təsdiqləyir ki, Zəngəzur Ermənistana qanunsuz olaraq verilib

Göründüyü kimi, Ermənistan açıq-aşkar sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını, təxribatların qaçılmaz olduğunu təsdiqləyir. Amma bugünün əsas mövzusu Ermənistanın belə sayıqlamalarına, ən əsası hərbi təxribatlarına dünyanın niyə laqeyd yanaşmasıdır. Tarixi Zəfərimiz fonunda Azərbaycanın yaratdığı reallıqları  qəbul edən və bunu fəaliyyətlərinin əsas istiqamətlərindən  biri kimi dəyərləndirən  əksər dünya gücləri niyə  seyrçi mövqedə dayanmağa üstünlük verirlər? Beynəlxalq hüququn norma və prinsiplərinə,  10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddalarına, Brüssel görüşlərinin şərtlərinə tam zidd olan bu kimi addımlara son qoymaq üçün niyə dünya gücləri Ermənistana qarşı addım atmaq istəmirlər? Hər  dəfə təxribat törədiləndə  Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi edən  bu dövlətlərin rəsmiləri sadəcə yaranan gərginlikdən narahatlıqlarını ifadə etməklə  missiyalarını bitmiş hesab edirlər. Dünyada sülhün, təhlükəsizliyin təminatında əhəmiyyətli rol oynayan BMT Təhlükəsizlik Şurasının  5 daimi üzvündən üçü -ABŞ, FransaRusiya, eyni zamanda, 30 ilə yaxın dövrdə Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədrləri olublar. Artıq geniş şərhə ehtiyac görmürük.  Baş verən təxribatdan dərhal sonra  dövlət başçısı İlham Əliyevə telefon zəngləri edən bu dövlətlərin  rəsmiləri, eyni zamanda, Xarici İşlər nazirliklərinin bəyanatları  baş verən  təxribatdan narazılığın  ifadəsi olsa da,  konkret addımın atılmaması dünyanın hələ də ikili standartlara əsaslanan  siyasətinin fonunda hüquq probleminin yaşandığını  təsdiqləyir. Dövlət başçısı İlham Əliyev  həmin telefon danışıqlarının hər birində bu mühüm məqamı diqqətə çatdırır ki, Ermənistanın genişmiqyaslı hərbi təxribatının qarşısı Silahlı Qüvvələrimiz tərəfindən şücaətlə və yüksək peşəkarlıqla alındı, şəhidlərimizin qanı yerdə qalmadı. Bu genişmiqyaslı hərbi təxribatların məsuliyyəti bilavasitə Ermənistanın üzərinə düşür.

Nikol Paşinyan erməni diasporu ilə   sözügedən görüşündə  Brüsseldə razılaşdırılan Zəngəzur dəhlizi ilə bağlı vədinə növbəti dəfə xilaf çıxdığını nümayiş etdirdi.  O, birmənalı  şəkildə qeyd etdi ki,  Ermənistan hakimiyyəti heç kimə ölkə ərazisindən dəhliz verməyəcək. Paşinyan, eyni zamanda, bildirdi ki, Azərbaycan Qarabağın Azərbaycan Respublikasının daxili işi olduğunu əsas gətirərək, Ermənistanla Qarabağ məsələsini müzakirə etməkdən imtina edir. Rəsmi Bakı Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağı tələb edir.

Sərsəm bəyanatları ilə həm daxildə əhalinin, həm də beynəlxalq  ictimaiyyətin diqqətini yayındırmağa çalışan Nikol Paşinyan hələ də Azərbaycanın hər bir sahədə üstünlüyünü həzm edə bilmədiyini nümayiş etdirir.  44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə Azərbaycan Ordusunun  hər gün qazandığı qələbələrin yaratdığı qısqanclıq hissinin nələrə yol açdığını  yada salmaq kifayətdir. Ermənistan hakimiyyətinin tapşırıqlarına uyğun olaraq erməni silahlı qüvvələri iki dəfə Gəncəni, sonra Bərdə və Tərtəri raket  atəşinə tutdular.  Törədilən hərbi təxribatlar dünyanın gözü qarşısında baş versə də yenə də  susmaq yeganə çıxış yolu kimi qəbul edildi. 30 ilə yaxın dövrdə ədaləti, beynəlxalq hüququ bir kənara qoyub Ermənistana dəstək göstərən dövlətlərdən belə yanaşmalar gözlənilən idi.

Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində «Qarabağ Azərbaycandır!» tezisini öndə saxlayaraq bunu tarixi Zəfəri ilə təsdiqlədi. Baxmayaraq ki, həmin dövrlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın yer alan sərsəm bəyanatları sırasında «Qarabağ Ermənistandır və nöqtə»  ifadəsi xüsusi yer almışdı.

Azərbaycan dövləti daim bu sualla dünyaya müraciət edirdi ki, işğalçı adı ilə çağrılmadığı təqdirdə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək nə qədər real görünə bilər?  Real olan bu idi ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllini,  Ermənistan  isə  «status-kvo»nu saxlamaq, əbədi etmək istəyirdi.  Düşünürdülər ki,  əgər 26-27 il ərzində buna nail olublarsa, deməli, bundan sonra da nail olacaqlar. Hesab edirdilər ki, onların havadarları daim onları müdafiə edəcək, onların arxasında dayanacaq, onların  əvəzinə müharibə aparacaqlar. Dövlət başçısı İlham Əliyevin  qeyd etdiyi kimi, ermənilər  ümumiyyətlə, hesab edirlər ki, bütün dünya bunlara borcludur: «Onlar bu ziyanlı və xəstə təfəkkürlə öz ölkəsini idarə etmək istəyirlər ki, kimsə gəlməlidir, bunlara mütləq kömək göstərməlidir. Bəs, siz özünüz nəyə qadirsiniz? Əgər hər zaman kiminsə ətəyindən yapışıb hansısa imtiyaz umursunuzsa, bəs, özünüz nəyə qadirsiniz? Bax, bu təfəkkür onların cəmiyyətini də demək olar ki, yanlış istiqamətə aparıb.»

44 günlük müharibə onların bu yalnış düşüncələrini bir daha dünyaya çatdırdı. Ermənistanın baş naziri Nikol Paşinyanın müharibə dövründə havadarlarından necə incik düşdüyü sərsəm bəyanatlarından da aydın görünürdü. Hər kəsə qarşı ididalarla çıxış etməklə sanki bu günədək beynəlxalq hüququ kobud şəkildə pozan, hətta müsahibələrində açıq-aşkar onun mövcudluğunü inkar edən Nikol Paşinyan deyil, başqası idi. Paşinyan elə düşünürdü ki, müstəqilliyi formal xarakter daşıyan Ermənistanı maraqlarının icrasında bir vasitəçi kimi qəbul edən dövlətlər bütün hallarda onu dəstəkləmək imkanındadırlar. Beynəlxalq hüquq, tarixi faktlar, real həqiqətlər deyilən məfhumlar vardır. Tarixi inkar edib saxta tarix yazmaq, qonşu dövlətlərə qarşı əsassız torpaq iddiası ilə çıxış edib buna nail olmaq əbədi qalib olmaq demək deyil. Ermənistan hakimiyyəti  çox yaxşı bilirdi ki, torpaqlarımız döyüş meydanında məğlub olmaqla düşmənə verilməyib. Həmin illərdə ölkəmizə rəhbərlik edən AXC-Müsavat cütlüyünün ölkədə yaratdığı ağır durum ordu quruculuğunda da özünü qabarıq şəkildə büruzə verirdi. Ordu torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət edirdi. Ermənistan bu vəziyyətdən istifadə edərək torpaqlarımızı işğal etmişdi. Dövlət başçısı İlham Əliyev xalqa bütün müraciətlərində bu məqamı xüsusi qeyd etmişdir ki, bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir. Çünki əgər 1992-ci ildə onlar qanunsuz yollarla hakimiyyətə gəlməsəydilər, əgər dövlət çevrilişi etməsəydilər, bəlkə də torpaqlarımız işğal altına düşməyə bilərdi. Əlbəttə ki, tarixə qayıdıb nə ola bilərdi, nə olmaya bilərdi demək çox çətindir. Ancaq hər halda, torpaqlarımızın işğal altına düşməsində onların birbaşa iştirakı, əli varbu məsuliyyəti onlar daşıyır.

Tarixi Zəfərimizdən ötən iki ilə yaxın dövrdə hadisələrin gedişinə diqqət yetirdikdə Ermənistanın tez-tez atəşkəsi pozduğunu, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində  Brüssel görüşlərinin keçirildiyi ərəfələrdə , yaxud  başa çatdıqdan sonra təxribatlara daha çox can atdıqları diqqətdən kənarda qalmır. Avqustun 3-də Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin intensiv atəşə tutulmasını və bu cinayətlər əsasında yaranan gərginliyi,  Azərbaycan Ordusunun  qanunsuz erməni dəstələrinə qarşı keçirdiyi  Qisas” əməliyyatını yada salaq. Ölkəmizin ərazi bütövlüyünə. Suverenliyə qarşı hər bir addımın qarşısı qətiyyətlə alınır. Dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan edir ki, «Dəmir yumruq» yerindədir. Ermənistanda revanşist qüvvələr baş qaldırarsa 44 günlük İkinci Qarabağ müharibəsində aldıqları  dərsi unutmamalıdırlar.

«Qisas», daha sonra isə «Qətiyyətli cavab» əməliyyatları deyilənlərin təsdiqidir. Ermənistan və ona havadarlıq edən dövlətlər Azərbaycan Ordusunun gücünü, qüdrətini, hər zaman ərazi bütövlüyümüzün, suverenliyimizin qarantı kimi torpaqlarımızın müdafiəsinin keşiyində ayıq-sayıq dayandıqlarını nümayiş etdirdilər.  Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdikləri genişmiqyaslı təxribatlar bu gün  dünya mətbuatında geniş yer alır. Ermənistan bir daha hansı məqsəd naminə çalışdığını nümayiş etdirdi.   Ermənistan rəhbərliyi hətta indiki şərtlər daxilində Qarabağı Azərbaycanın daxili işi, ayrılmaz hissəsi kimi tanımaq istəməməklə faktiki olaraq sülhdən imtina etdiyini ortaya qoyur. Xatırladaq ki, avqustun 31-də Brüssel görüşündə  Paşinyan ilin sonunadək sülh anlaşmasının imzalana biləcəyinə əminliyini ifadə etmişdi.

Sentyabrın 12-dən 13-ə keçən gecə  törədilən təxribata Azərbaycanın cavabı  Ermənistana növbəti mesaj və xəbərdarlıq xarakteri daşıyır. Amma  Ermənistan silahlı qüvvələrinin bölmələrinin D-30, D-20 topları və 82 millimetrlik minaatanlardan da istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqda davam etmələri  işğalçı dövlətin müharibə planlarının təqdimatıdır.

Müdafiə Nazirliyinin məlumatında bildirilir ki,  bölmələrimiz tərəfindən cavab tədbirləri görülür və qarşı tərəfin atəş məntəqələri məhv edilir. Ermənistan bu təxribatlarının fonunda yalanlarını həqiqət kimi qəbul etdirməyə cəhdləri ilə diqqətdədir. Belə ki, Ermənistan mətbuatında Azərbaycan Ordusunun guya  mülki əhalini və  infrastrukturu hədəfə alması barədə  yaydığı məlumatlar qarşı tərəfin böhtan xarakterli  növbəti yalanıdır, dezinformasiyasıdır.  Bununla Ermənistan tərəfi törətdiyi genişmiqyaslı  təxribati ört-basdır etməyə və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa  çalışır. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bir daha qeyd olunur ki,  baş vermiş təxribat, qarşıdurma və itkilərə görə  bütün məsuliyyət  Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı hər bir  addımın qarşısı qətiyyətlə alınacaq.

Dünya gücləri Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdikləri təxribatlardan narahatlıqlarını dövlət başçısı İlham Əliyevə  telefon zənglərində ifadə edirlər. Belə ki, sentyabrın 13-də ABŞ dövlət katibi Antoni Blinken cənab İlham Əliyevlə telefon söhbəti zamanı  Ermənistan-Azərbaycan dövlət sərhədində yaranmış gərginliklə bağlı narahatlığını ifadə etdi. Prezident İlham Əliyev bildirdi ki, bu gərginlik Ermənistanın genişmiqyaslı təxribatları nəticəsində baş veribbuna görə də məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür. Antoni Blinken ABŞ-ın regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün öz səylərini davam etdirəcəyini qeyd etdi. Fransa  Prezidenti Emmanuel Makron da sentyabrın 13-də Azərbaycan  Prezidenti İlham Əliyevə zəng etdi. Telefon danışığı zamanı dövlət başçısı bu genişmiqyaslı təxribatlara görə məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü Azərbaycan tərəfindən cavab tədbirlərinin görüldüyünü diqqətə çatdırdı.  Rusiya Xarici İşlər Nazirliyi sentyabrın 13-ə keçən gecə Ermənistan-Azərbaycan sərhədinin ayrı-ayrı hissələrində vəziyyətin kəskin şəkildə pisləşməsi ilə əlaqədar bəyanatında  tərəfləri vəziyyəti daha da kəskinləşdirməkdən çəkinməyə, təmkinlilik nümayiş etdirməyə Rusiya, Azərbaycan Ermənistan liderlərinin 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar 26 noyabr tarixli üçtərəfli bəyanatlarına müvafiq olaraq atəşkəs rejiminə dönmədən riayət etməyə çağırır. ABŞ, Fransa Rusiyanın narhatlığını ifadə edən bəyanatlarına, telefon zənglərinə diqqət yönəltməyimiz səbəbsiz deyil. Bu kimi bəyanatlar digər dövlətlər tərəfindən səsləndirilib. Lakin nəzərə alsaq ki,  hər üç dövlət ATƏT-in Minsk qrupunun həmsədri kimi  proseslərə münasbət bildirir, bu halda onların  vasitəçi kimi missiyalarını 30 ildə layiqincə yerinə yetirməmələrinin sonda belə nəticələrə yol açdığını xatırlmağımız lap yerinə düşər.  Azərbaycan üzərinə götürdüyü öhldəlikləri  layiqincə yerinə yetirir. Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında yer alan çağırışlar  Ermənistana aiddir. İstər qeyd olunan Bəyanatlardan, istərsə beynəlxalq hüququn norma prinsiplərindən irəli gələn tələbləri pozan Ermənistandır. Son iki ilə yaxın dövr ərzində «Dəmir yumruğ»un verdiyi dərsləri unutmaq istəyən  Ermənistan «Qisas» «Qətiyyətli cavab» əməliyyatlarından növbəti mesajlarını aldı. Artıq işğalçı dövlət seçim qarşısındadır: ya ona verilən şansdan bəhrələnməli, ya da «Dəmir yumruğ»un davamlı dərslərini almalıdır.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2022.- 15 sentyabr.- S.3.