ORTAQ
KEÇMİŞDƏN ORTAQ GƏLƏCƏYƏ
ÇARİZMİN
İŞĞALÇILIQ SİYASƏTİ ÜMUMTÜRK
TARİXİ KONTEKSTİNDƏ - Qızıl Orda və ondan
törəmə tatar xanlıqları
(tarixi-etnoqrafik
oçerklər)
H
Ə Ş T
Ə R X
A N X
A N L
I Ğ I
Dərviş Əlinin düşdüyü
“çıxılmaz vəziyyət” türk-İslam mədəni
arealında hökm sürən kompleks etik-siyasi
baxışlarla, xüsusən Darül-İslam/Darül-hərb
əksliyi ilə şərtlənirdi. Bilindiyi kimi,
şər`i baxımdan İslam torpaqları kafir tərəfindən
tutulan andan hərb səbəbinə (müharibə predmetinə)
çevrilirdi. Bu vəziyyətdə xan-
kimliyindən asılı olmayaraq- ya dövlətin suverenliyi
uğrunda döyüşüb, yeri gəlsə,
canını verməli, ya da aqibəti ilə
barışıb şərəfini itirməli idi. Dərviş Əli yaxşı bilirdi ki, o, hansı
yolu tutursa-tutsun, Darül-İslam torpağının kafirlər
tərəfindən işğal olunması müsəlman aləmi
üçün keçilməsi mümkün olmayan bir
qırmızı xətdir və sona qədər qəbul
edilməyəcək. (Sonrakı hadisələr
də bu fikrin doğruluğunu göstərdi.) Digər tərəfdən xan belə vacib qərarları
təkbaşına vermirdi. Üləma saray
və xalq üzərində müstəsna təsir
imkanlarına malik idi (qazılər təslim aktını təsdiq
etməli, müvafiq fitva çıxarmalı idilər).
Ən böyük məhdudlaşdırıcı isə, əlbəttə
ki, ordunun (və
dövlətin!) dayağını təşkil edən
güclü tayfa birliklərinin başçılarından ibarət
Dövlət Şurası idi. Qızıl
Ordanın “qız xanlıqlarında” Dövlət
Şurası geniş səlahiyyətlər
daşıyırdı. Bu kollegial idarəçilik
orqanına daxil olan (və hətta olmayan) tayfa
başçıları eyni zamanda türk törəsinin,
Çingiz yasalarının mühafizi funksiyasını daşıyırdılar
və xan, istəsəydi belə, onların qərarlarına
qarşı çıxa bilməzdi. Üstəlik
Kazanda baş verənlər rusların işğal
planlarında pravoslav-dini görüşlərlə hərəkət
etdiklərinə şübhə yeri qoymurdu. Çar İvan Qroznının hərbi təcavüz
siyasəti bütün müsəlman aləmində ortodoks
xristianlığın səlib ideologiyası ilə eyniləşdirilir,
bu iki xəttin paralel yürüdüldüyü
düşünülürdü. Qəza
anlayışı çərçivəsində bunun əksini
düşünmək belə mümkün deyildi. Qarşı tərəf də Qızıl Orda
torpaqlarına hücumları dini motivlərlə əsaslandırır,
xristian-müsəlman qarşıdurmasını körükləməkdən
çəkinmirdi. Yuxarıda IV
İvanın 1554-cü ildə Polşa-Litva çarına
göndərdiyi seunçu xatırlatdıq. Həmin məktubda
açıq-açığına deyilirdi ki, guya rus
voyevodaları Həştərxana xristianların
qanının tökülməsinə cavab olaraq göndərilmiş,
Allah “bizə və bütün xristianlara kömək
olmuş”, xanlıq ələ keçirilmiş, müsəlman
əhalidən qisas alınmışdır.
Əsil həqiqətdə, nə 1554-cü, nə də
1556-cı ildə rus qoşunları Həştərxana girərkən
ciddi müqavimətlə üzləşməmişdilər. Yağmurçu
xan da, Dərviş Əli xan da Kazanda baş verən dəhşətlərin
təkrarlanmaması üçün şəhəri
boşaltmış, sonra özləri də tərk
etmişdilər. Əhalinin bir hissəsi Noqay
Ordasına, bir hissəsi Krım xanlığına köç(ürül)müşdü. 1556-cı ildə Həştərxana daxil olan rus voyevodaları
İvan Çeremisinov və Mixail Kolupayevin dediklərindən
məlum olur ki, bu dəfə şəhər həm də
yandırılıbmış. (Burada
söhbət müharibələr zamanı tez-tez istifadə
olunan “yandırılmış torpaq” taktikasından gedir.
Bu zaman sakinlər düşmənə təslim edilən,
yaxud onun keçəcəyi ərazilərdən
köçürülür, ərzaq və yem ehtiyatları
daşınır, suvarma kanalları, kəhrizlər torpaqla
doldurulur, otlaqlar, taxıl və əkin sahələri məhv
edilir, bir sözlə, ərazi yaşayış
üçün yararsız vəziyyətə
salınırdı.) Salnamələrdə
bildirildiyinə görə, İvan və Mixayla burada
qaldıqları müddətdə əsasən
dağıdılmış infrastrukturun bərpası ilə
məşğul olmuş və şəhərin müdafiəsini
gücləndirmişdilər. (A.Şpakovski və bir
sıra başqa müəlliflərə görə, “Həştərxanın
ilk voyevodası olan Çeremisinov baş verə biləcək
təhlükələrdən qorunmaq üçün
mövcud şəhərdən 9 verst aşağıda, bir təpə
üstündə yeni şəhərin əsasını qoydu
və onun ətrafına ağac materialdan divar çəkdirdi,
səngər və xəndəklər qazdırdı. İnzibati idarənin yerləşdiyi yeni şəhər
tezliklə ticarət mərkəzinə çevrildi”.)
Həştərxan xanlığının Rusiyaya birləşdirildiyi
rəsmən elan olunandan sonra “mirzələr və qara
tatarlar” siyahıya alınmış, yasağa (vergiyə)
bağlanmışdılar. Tez-tez pusqular qurub, rus
qoşunlarına gözlənilməz zərbələr endirən,
ticarətə güclü ziyan vuran Dərviş Əli ilə
mübarizə bütün 1556-cı il
boyunca davam etmişdi. Bu vaxt İsmayıl Mirzə yenidən Noqay
Ordasında hakimiyyəti ələ almış,
qardaşı oğulları ilə barışmış və
onlarla birlikdə Dərvişə qarşı cəbhə
açmışdı. İsmayıl yerli əhalini öz tərəfinə
çəkir, müttəfiqlərindən onsuz da məhrum
olmuş Dərvişi daha da zəiflədir, onun tərəfində
döyüşən noqaylılara və həştərxanlılara
“şərt”lər göndərib, silahı yerə qoymaq
üçün çağırışlar edirdi. Çar
ordusunun komandanlığı İsmayıl Mirzə
qarşısında Krımdan göndərilmiş Osmanlı
toplarını Dərvişin əlindən almağı əsas
məsələ kimi qoymuşdu ki, çox keçmədən
Yunus bəy bu işin öhdəsindən də gəldi.
Artilleriya imkanlarından məhrum olandan sonra artıq
müqavimət qüvvəsini büsbütün itirən Dərviş
Əli noqayların təqibindən Azov qalasına
qaçaraq, Osmanlı qoşunlarına sığınır,
sonra isə ibadət yolunu intixab edir və Məkkə ziyarətinə
yola düşür. Lakin İ.Zaytsevin də yazdığı
kimi, “1554-1556-cı illərdə Həştərxanın
Moskva dövlətinə birləşdirilməsi çar
hakimiyyətinin burada tam qərarlaşdığına dəlalət
etmirdi. Bir çox tarixçilərin
fikrincə, moskvalılar hələ uzun müddət özlərini
Aşağı Volqanın tam hüquqlu sahibi hiss edə
bilmir, bu böyük çayın yalnız dar bir sahil şəridini
nəzarətdə saxlayırdılar”.
Moskva Həştərxana münasibətdə Kazandakından
daha ehtiyatlı davranır, burada xristianlaşdırma və
ruslaşdırma siyasətini bir o qədər də qəddarlıqla
yeritmirdi. Doğrudur, Həştərxanda da mirzələrin və
onların yaxınlarının xaç suyuna salınıb, tənəssür
etdirildiklər (xristianlığa döndərildikləri) məlumdur.
XVI əsrin ikinci yarısına aid sənədlərdə Həştərxan
aristokratiyası nümayəndələrinin
könüllü şəkildə Rusiyaya xidmət etmək
istədikləri, hətta Posol Prikazının icazəsi ilə
Moskvaya və şəhərətrafı qəsəbələrə
köçüb getdikləri, orada malikanə və qəsrlər
aldıqları haqqında qeydlərə tez-tez rast gəlmək
olur. V.N.Tatişev bu əyanların bəzilərinin
soyadlarını da xatırladır: şeydakovlar, urusovlar,
baxteyarovlar və s. İ.Zaytsev isə 1565-ci ildə Həştərxan
mirzələri arasında Litva ilə müharibədə
Moskva tərəfdən iştirak edənlər olduğunu nəzərə
çatdırır. Amma onu da qeyd etməyi
yaddan çıxarmır ki, Həştərxan cucilərinin
başqa bir qrupu da Krıma köçmüş və Moskva əleyhinə
fəaliyyətlərə qoşulmuşdu. Həştərxan əyanlarının başqa bir
nəsli isə Şeybanilərə
sığınmış və sonradan hakimiyyətə gəlmiş
“Həştərxanilər” sülaləsinin əsasını
qoymuşdu. Eyni zamanda Kazandakı kimi Həştərxanda
da rusların və
xristian dininə etiqad edən digər
köçkünlərin məskunlaşmasına şərait
yaradılması, kilsələr və monastrlar tikilməsi
haqqında IV İvanın məxsusi fərman və qərarlar
verməsi mənbələrdə əksini tapıb. Yerli ruhanilərdən J.Jabbarovun sözlərinə
görə, tezliklə arxiyepiskop təyin olunmuş Feodosinin
buyruğu ilə burada da pravoslav kilsələri tikilmişdi.
Bununla belə İ.Pokrovski Kazan xanlığı ilə
müqayisədə Həştərxanda istehkam və qalalar
salınmasının xeyli ləng getdiyini söyləyir:
“ölkə uzun müddət çöllük olaraq
qalırdı”. 1562-ci ildə İsmayıl Mirzə
ilə Moskva arasında məktublaşmalarda əksini tapan bəzi
məsələlər də artıq rus hökumətinin
ehtiyatlı mövqe tutduğunu göstərir. İsmayıl vaxtilə ona düşmənçilik
etmiş Həştərxan bəylərinin dərhal cəzalandırılıb
sürgünə göndərilməsini istəyirdi. Lakin ona cavab vermişdilər ki, “həmin
knyazların bu tezliklə sürülməsi mümkün
deyil. Çünki Həştərxan
alınmazdan qabaq biz onlara toxunmayacağımıza dair vəd
vermişik. Həm də belə etsək,
başqa yerlərdə bunu dini məsələ ilə əlaqələndirə
bilərlər”. İ.İ.Polosin “başqa
yerlər” deyiləndə Osmanlı dövlətinin nəzərdə
tutulduğunu bildirir və zənnimizcə, düşüncəsində
yanılmır.
Rus
çarı Kazan və Həştərxanın ilhaq
olunduğu 50-ci illərdə də sərhədləri Avropa,
Asiya və Afrika qitələrini əhatə etməklə
böyük canlı qüvvə və maddi ehtiyatlara,
güclü hərbi potensiala malik Osmanlı dövləti ilə
açıq qarşıdurmaya getmək istəmir, “sülhpərvər”
siyasətini davam etdirirdi. 1554-cü ildə bəzi
çərkəz bəylərinin Osmanlı sultanına
qarşı döyüşmək üçün onlara hərbi
yardım göndərmək haqqında xahişinin rəsmən
və nümayişkəranə şəkildə rədd
edilməsi də həmin siyasətin göstəricisi idi.
Bununla belə Moskvanın hərbi
strategiyasının ana xəttini Cuci ulusunun bütün
torpaqlarının, o cümlədən, Krım
xanlığının ələ keçirilməsi təşkil
edirdi və 1555-1558-ci illərdə A.F.Adaşevin təsiri
altında bununla bağlı əməliyyat planı da tərtib
olunmuşdu. Hətta 1559-cu ildə Adaşevin
qoşunları həmin plan əsasında Krıma
yürüş etmiş, xanlığının ərazisinə
girmiş, ilk döyüşdə müəyyən
uğur da qazanmışdı. Amma bütün
qüvvələrini Livon müharibəsi (1555-1583) cəbhəsində
cəmləşdirmək zərurəti İvan
Qroznının bu plandan imtina etməsinə səbəb
olmuş, Adaşevə isə “sultanın xatirinə” əsirləri
buraxmaq əmri göndərilmişdi.
Osmanlı
dövləti də eyni ehtiyatkarlıqla hərəkət
edirdi: öz tərəfindən pariteti qoruyur, vaxtı
çatmamış hərbi münaqişəyə girməkdən
çəkinirdi. Qanuni Sultan Süleyman 1555-1559-cu
illərdə Moskva və Litva arasında Krım
xanlığına qarşı koalisiya
yaradıldığını bildiyi halda məsələyə
münasibətini açıqlamamışdı. Lakin Kazandan fərqli olaraq, Həştərxan
xanlığının qəsb edilməsinə etinasız da
qalmamışdı. Ə.Kuratın fikrincə,
Yağmurçu da, Dərviş Əli də öz yaxın
adamları ilə birlikdə Osmanlı dövlətinin himayəsinə
sığınmışdılar. Yağmurçu
xanın aqibəti haqqında Moskvanın rəsmi mövqeyi
belə idi ki, guya o, Volqanı keçərkən çayda
batıb. Amma onun 20 nəfərlik məiyyəti
ilə birlikdə əvvəlcə dəniz yolu ilə Azov
qalasına, sonra isə İstanbula qaçması məlumatı
daha səhihdir. Belə ki, 1568-ci ildə
Sultan II Səlimlə Dövlət Girey xan arasında
yazışmalarda Yağmurçu xandan da söz
açılır. Y. Öztuna isə Dərviş
Əlinin öz varisləri ilə İstanbulda
sığınacaq tapdığını yazır. Osmanlı
dövlətinin “Mühümme dəftərləri”ndə onun
oğlanlarına (birinin adı da çəkilir- Məhəmməd)
30 axça məbləğində vəsait ödənildiyi
haqqında 1560-cı il 20 mart tarixli bir
qeydin mövcudluğu təkzibolunmaz dəlildir.
Lakin Osmanlı-Moskva münasibətlərində
qarşılıqlı ehtiyatkarlıq uzun sürmədi. Kazanın
ardınca Həştərxan xanlığının itirilməsi
tez bir zamanda rus təhlükəsinin real konturları
haqqında təsəvvürləri
dolğunlaşdırdı. Təhlükənin
miqyasları dəqiqləşdikcə Osmanlı dövləti
də, Krım xanlığı başda olmaqla qonşu dövlətlər də
Qızıl Orda yurdlarının müqəddəratı
üçün tarixi məsuliyyət
daşıdıqlarını bütün
aydınlığı ilə dərk edir, təşəbbüsü
ələ almaq, “beynəlmiləl” müqavimət hərəkatına
başlamaq məqsədi ilə aktiv fəaliyyətə
keçirlər. 1563-cü ildə Qanuni Sultan
Süleyman Həştərxan səfərinə
çıxmaq istəyirsə də, Malta ilə
münaqişə yarandığından
yürüşün istiqamətini dəyişdirməli olur.
Ancaq Həştərxan məsələsi
gündəmdən çıxmır. X.İnalcığın
fikrincə, “Bu siyasətin aparıcı qüvvəsi rolunu
Krım xanlığı oynayır. Lakin artıq tək
krımlılar deyil, qıpçaq çölündə
köçəri həyat sürən noqayların bir hissəsi
(“Kiçik noqaylar”), Orta Asiya türkləri, Xarəzm xanı
da “xəlifeyi-ruyi-zəmin” adlandırdığı
Osmanlı padşahını qüvvələri rus-kazak
qoşunlarına qarşı birləşdirməyə
çağırırlar”. Xarəzm
xanlığında Rusiyaya qarşı düşmənçilik
atmosferinin Həştərxanın işğalı ilə
xüsusilə şiddətlənməsini T.Korayev də qeyd
edir.
Artıq İvan Qroznı Osmanlının
qırımının dəyişdiyini anlamamış deyil. İlk tədbir
kimi Afanasi Naqoyun səfarəti (1563-1564) vasitəsi ilə gərginliyi
diplomatik yolla yumşaltmağa çalışır. Hətta 1564-cü ilin əvvəllərində
Baxçasarayda Krım xanlığı ilə bir müqavilə
də imzalayır. Amma bütün səylər boşa
gedir: üstündən bir neçə ay keçməmiş
həmin əhdnamə Dövlət Girey xan tərəfindən
pozulur. Bu ərəfədə hələ İstanbulda olan rus
səfiri A.Naqoy dağ çərkəzlərinin, həştərxanlıların,
kazanlıların və noqayların tələbi ilə
Krım xanlığı və Osmanlı ordusunun Həştərxan
üzərinə yürüş hazırlığına
başladıqlarından Moskvanı xəbərdar edir. Yürüşün planlaşdırılması ilə
əlaqədar Sultan Səlimin Xivə xanı (onu “Xarəzm
xanı” adlandırsaq, daha doğru olar, Xivə bu
xanlığın paytaxtı idi) Hacı Məhəmmədə
məktub da yazdığı məlumdur.
Osmanlının II Səlim dövründə
Aşağı Volqa hövzəsi, xüsusən Həştərxan
uğrunda mübarizədə fəallaşması müxtəlif
amillərlə şərtlənir; burada din amili də,
dövlətin hərbi-starteji maraqları da bir-birinə
çulğaşmış şəkildə öz rolunu
oynayır. Moskva Rusu Həştərxanı işğal etdikdən
sonra Böyük və Kiçik Noqay Ordaları
hüdudlarına çıxmış, oradan da
aşağı enərək adıq (adıgey) bəylikləri
ilə təmasa başlamışdı. Artıq
Qafqaz yolu onların qarşılarında taybatay
açılmışdı. Osmanlı və Səfəvilər
arasında sıxılmaqdan yorulmuş gürcü
knyazları-
Baqrationilər nicatlarını şimal istiqamətdə
ararmağa, çar İvanın simasında öz hamilərini
görməyə başlayırdılar (1586-1587-ci illərdə
Kaxetiya çarı II Aleksandre rus təbəəliyini qəbul
etmişdi. Şimali Qafqazda böyük
nüfuza malik Tərki şamxallığı (rus mənbələrində
“Tarkov” və ya “Şavkil torpaqları) “ağ padşah”a biət
etmiş və ruslar Sunja çayının Terekə
töküldüyü yerdə Tərki adında bir qala
inşa etmişdilər (1567). Sokullu Məhməd
Paşanın Don və Volqa
çayları arasında kanal qazdırıb Qara dənizlə
Xəzəri birləşdirmək planı hər şeydən
əvvəl türk dəniz qüvvələrinin və ticarət
gəmilərinin Xəzərə yolunu açmaq məqsədi
daşıyırdı. İkinci bir tərəfdən
bu bölgə Səfəvilərlə aparılan uzunmüddətli
müharibədə Osmanlı qoşunları
üçün başlıca platsdarm kimi önəm
daşıyırdı. Xəzər dənizinə
çıxmaq həm də hərbi-strateji vəsifələrin
həliinə hesablanmışdı və İranı
şimaldan mühasirəyə almaq məqsədinə xidmət
edirdi. “Giriş əvəzinə bir neçə
söz”də də qeyd etdiyimiz kimi, Məhməd
Paşanın başlıca hədəfləri
sırasında rusları Şimali Qafqaz və
Aşağı Volqa hövzəsindən vurub
çıxarmaq, İran qoşunlarına arxadan zərbə
endirmək imkanı qazanmaq, Osmanlı dövləti ilə
Türküstan xanlıqları arasında əlaqə yaratmaq
(Səfəvilərlə apardığı müharibədə
Orta Asiya müsəlmanları, ələlxüsus özbəklər
Osmanlını dəstəkləyirdilər) da xüsüsi
yer tuturdu. 1567-ci ildə Həştərxana səfər
qərarı qətiləşmiş, Krım
xanlığına “təhrirat” göndərilmiş, səfərin
maddi və mənəvi zərurəti əsaslandırılmış,
koordinasiya məsələləri
razılaşdırılmışdı. Dövlət
Girey xanın padşaha yazdığı məktublardan
aydın olduğu kimi, yürüş
hazırlıqlarının konkret məsələlərinə
dair məsləhətləşmələr ertəsi il də davam etmişdi.
1568-ci ildə İstanbula gəlmiş Xivə elçilərinin
Həştərxandan Azov qalasına gedən müsəlman zəvvar
və ticarət karvanlarına (çox vaxt zəvvarlarla tacirlər
eyni karvanla hərəkət edirdilər) törədilən
maneələrdən şikayətlənməsi Osmanlı
sultanının səbr kasasını daşıran son damla
oldu. Həştərxan
Həcc ziyarətçilərinin Məkkəyə getdikləri
ənənəvi yollardan birinin üzərində yerləşirdi
və istiladan sonra Orta Asiya zəvvarları kafir
torpaqlarından keçməyə məcbur olur, bu zaman da
müxtəlif əngəllərlə
qarşılaşırdılar. (Davam edən
Osmanlı-Səfəvi müharibələri
türküstanlı zəvvarların Həcc ziyarəti
üçün İran yolundan istifadə etmələrinə
imkan vermirdi.) 1569-cu ilin yazında Kəfə bəylərbəyi
Çərkəz Qasımın rəhbərliyi altında başlanmış
yürüş haqqında II Səlimin adından
Polşa-Litva kralı Sigizmund Avqusta göndərilən
seunçda rəsmi səbəb kimi məhz rusların zəvvar
karvanlarına durmadan basqınlar etmələri göstərilmişdi.
Məktubda padşahın yürüşə sövq etdiyi hərbi
birliklər haqqında da məlumat verilirdi: çərkəz
bəylərinə məxsus qoşunlar, Rumeli və Anadolu
bölmələri, Krım xanı Dövlət Gireyin sərhəd
dəstələri və s.
Ə.Dəmir isə bu məlumatı daha da dəqiqləşdirərək
yürüşdə iştirak etmək üçün Həştərxan
məntəqəsinə göndərilən 3 min yeniçəri
və 20 min sipahi ilə birlikdə Silistre, Nigbolu, Köstəndil,
Amasya, Canik və Çorum alaylarını da sadalayır, tək
Krım qoşununun 30 min nəfər civarında olduğunu
bildirir. Rus mənbələrinin, sözsüz ki, xeyli
şişirdilmiş rəqəmlərinə görə,
Osmanlı tərəfindən yürüşə 80 min nəfərə
döyüşçü qatılmış, qazma işləri
üçün isə yerli əhalidən 30 min nəfər
toplanmışdı. Tarix əsərlərində sonrakı
hadisələr bu ardıcıllıqla təsvir edilir:
sentyabrda gəmilərlə səfərə çıxan
qoşun oktyabrda Don və Volqa
çayları arasındakı məsafənin ən dar
nöqtəsinə (təqribən, indiki Volqaqrad
yaxınlığı) çatır və qazma işlərinə
başlanılır. Lakin qışın
yaxınlaşması və hava şəraitinin
ağırlaşması üzündən qazıntı
(işin cəmi üçdə bir hissəsi
görülmüşdü) müvəqqəti olaraq
dayandırılır, birləşmiş Osmanlı-Krım
ordusu 40 günlük ərzaq toplayıb Həştərxana
yaxınlaşır və köhnə şəhərin yerində
ruslar tərəfindən tikilmiş qalanı mühasirəyə
alır. Osmanlıların başının
qazıntı işlərinə qarışmasından istifadə
edən ruslar qalanın mühafizəsini möhkəmləndirmək
üşün vaxt qazandıqlarından mühasirə
uzanır və qışı burada keçirmək qərarı
verilir. Əvvəlcə qışın
bu yerlərdə sərt keçdiyi haqqında dedi-qodu
yaymağa başlayan krımlılar çox keçmədən
Osmanlı qoşununu təkbaşına buraxıb geri çəkilirlər.
Bu əsnada ordugahdakı silah anbarında da
şübhəli bir partlayış baş verir. Gözü qorxmuş yeniçərilər bir tərəfdən
də qənimət əldə edəcəklərinə
ümidlərini itirdikləri üçün üsyan
qaldırırlar. Ə.Dəmirin
yazdığına görə, hərəkata komandanlıq edən
Qasım bəy əskərlər arasında
narazılığın get-gedə artdığını nəzərə
alaraq, Dövlət Girey xanın da təşviqi ilə
taxtadan tikilmiş istehkamı dağıdaraq Azov qalasına
dönməli olur. Donanmanın geri
qayıtdığını görən çar əskərləri
qazma işlərinə cəlb edilən günahsız
insanlara divan tutur, mühasirədə iştirak etmiş
süvariləri pusquya salırlar. Ağır
itkiyə məruz qalan Osmanlı qoşunu özünü
Krıma çətinliklə çatdırır.
N.MUSTAFA
(ARDI VAR)
İki sahil.- 2022.- 21 sentyabr.- S.7.