ORTAQ KEÇMİŞDƏN ORTAQ GƏLƏCƏYƏ

 

ÇARİZMİN İŞĞALÇILIQ SİYASƏTİ ÜMUMTÜRK TARİXİ KONTEKSTİNDƏ

 

Qızıl Orda və ondan törəmə tatar xanlıqları

 

(tarixi-etnoqrafik oçerklər)

 

H  Ə  Ş  T  Ə  R  X  A  N    X  A  N  L  I  Ğ  I

 

Beləliklə, çoxdan planlaşdırılan, bir-birindən mühüm hədəflər güdən Həştərxan yürüşü tam surətdə iflasa uğramış, Osmanlı tarixi üçün unikal əhəmiyyətə malik  Volqa-Don kanalı layihəsi başlanmadan sona çatmışdı. Əlbəttə ki, hərəkatın dayandırılmasının yüksək səviyyədə razılaşdırılmadan baş verdiyini və sultanın hüzurunda əsaslandırılmadığını düşünmək sadəlövhlük olardı. Həştərxan yürüşündən bəhs edən bir çox tarixçilər diqqəti əsasən mövsümi çətinliklərə, logistik dəstəyin yetərsizliyinə, təxribat-diversiya əməllərinə, işçilərin maaşlarının gecikdirilməsinə və s. amillərə yönəldir, Azov qalasına geri çəkilərkən donanmanın fırtınaya düşüb itki verməsi, minlərlə əskərin isə aclıq və susuzluqdan ölməsi faktları vurğulayırlar. Türk tarixşünaslığında Sokullu Məhməd Paşanın rəqibi vəzir Lala Mustafa Paşanın bu hərəkata əvvəlcədən skeptik yanaşması, Kiprin işğalı məsələsini Osmanlı xarici siyasətində ön plana çıxarması və baş verən İnebaxtı fəlakəti nəticəsində diqqətin cənub cəbhəsindən yayınması mövzuları da daim qızğın müzakirə mövzusu olmuşdur. Ən güclü ehtimal isə Krım xanı Dövlət Gireyin passivliyi, bir çox hallarda açıq hərəkətsizliyi və hətta təxribat törətmə cəhdləri ilə bağlıdır. Dövlət Gireyin öz taxtı üçün nigarançılıq keçirməsi, yürüşdə ikən Sultan Səlimin dəstəyi ilə xanlıqda çevriliş baş verəcəyindən şübhələnməsi, buna görə də tezliklə geri qayıtmaq üçün  ikitirəlik yaratmaqdan və pozuculuqdan çəkinməməsi az qala yekdilliklə qəbul olunan qənaətlərdəndir. Mülahizələr içində Dövlət Girey xanın Həştərxan və Dəşti-qıpçaqda Osmanlı hakimiyyətinin möhkəmlənməsini Krım xanlığının müstəqilliyi üçün təhdid hesab etməsi və yürüş planını da məhz bu səbəbdən dəstəkləmədiyi mühüm yer tutur və nə gizlədək, inandırıcı səslənir. Çünki bu fərziyyə Krım xanlarına xas olan ənənəvi və ümumi strateji xəttə tam uyğundur. Dövlət Girey də sələfləri kimi Cuci uluslarını birləşdirməyi arzulayır və bu arzunun gec-tez gerçəkləşdiriləcəyinə səmimi şəkildə inanırdı. Bu versiyanı əsas aldıqda, hətta Dövlət Gireyin- müəyyən müddətə olsa belə,- siyasi məqsədinə çatmaq imkanı qazandığını da deyə bilərik. Zira Həştərxan yürüşündən sonra Osmanlı dövlətinin şimali Qara dəniz və dolayısı ilə Moskva siyasəti ilə bilavasitə məşğul olmadığı və bunu Krım xanlığına həvalə edildiyi tarixi həqiqətdir. 

Lakin Həştərxan yürüşündən söz açarkən, süquta uğramasına rəğmən, səfərin diplomatik uğurlarını da yaddan çıxarmaq olmaz. Osmanlı dövləti qarşıya qoyduğu əsas məqsədlərə çata bilməsə belə, bu yürüşdən müəyyən siyasi dividendlər əldə edə bilmişdir. Rusiyanın belə genişmiqyaslı hərbi-siyasi əməliyyatdan vahiməyə düşməsi və bunu gizlədə bilməməsi yürüşün ən mühüm nəticəsi sayıla bilər. Çar İvan hadisələr başa çatandan sonra Osmanlı dövlətinin bu yürüşünün iflasa uğramasından nə qədər sevinirdisə, onun intiqam alacağından, bölgəyə yeni hərbi ekspedisiya göndərəcəyindən də bir o qədər ehtiyat edirdi. Əsas diqqətini Litva ilə apardığı uzun və üzücü müharibədən yayandırmaq isyəməyən rus çarı 1570-ci ildə II Səlimin cülusunu təbrik etmək fürsətini əldən verməyib səfir Novoseltsevi İstanbula göndərdi və aparacağı danışıqlarda onun qarşısına hücum etməmək haqqında müqavilə bağlanmasına nail olmaq vəzifəsi qoydu. Lakin rus səfiri Babi-alidə heç vaxt olmadığı qədər soyuq qarşılandı və təbii ki, bu vəzifənin öhdəsindən gələ bilmədi. Onun vasitəsi ilə göndərdiyi namədə Sultan II Səlim Krım xanlığı və Çərkəz diyarı  üzərində mütləq hakimiyyətini vurğulayaraq, iki dövlət arasında sülh yaranmasının əsas şərti kimi çardan Kabardada inşa olunan rus qalasının (Tərki)  sökülməsini və Həcc  yolunun boşaldılmasını tələb edirdi. Tezliklə Tərki qalası uçuruldu, Orta Asiyadan gələn Həcc və ticarət karvanlarına sərbəst hərəkət imkanı yaradılacağı vəd olundu (bu vaxtdan etibarən mənbələrdə zəvvarlar məsələsinin aktuallığını itirməsi yolun boşaldılması təəssüratı yaradır).

Barışıq əhval-ruhiyyəsinə baxmayaraq, Dövlət Girey xan sultandan aldığı səlahiyyətlər çərçivəsində aqressiv siyasətini davam etdirir, Moskvanı və ətraf əraziləri daimi təhdid altında saxlamaqla Həştərxanı geri qaytarmaq üçün fürsət qazanacağına inanırdı. 1571-ci ildə o, Rusiya torpaqlarına hücuma keçdi, Moskvaya qədər irəliləyərək, şəhər ətrafına od vurdu, alov mərkəzə qədər yayıldı və bəzi mülahizələrə görə, şəhər tamamilə yandı. Çar Moskvanı tərk edib, Aleksandrovskiyə sığındı. Sultan II Səlim “İslamın himayəsində göstərdiyi böyük igidliyə görə” Dövlət xanı şəxsən təbrik etdi, ona “taxt alğan” ünvanı, həmçinin “Krım əmiri və paytaxtın sadiq və sevimli dostu” payəsi verdi. Bir il sonra Molodin döyüşündə məğlub olsa da, Dövlət Girey xan gec-tez oğlu Adil Gireyi Kazan və Həştərxan taxtlarına oturdacağına sarsılmaz inamını bir an belə itirmir və yeri gəldi-gəlmədi, rus tərəfindən bunu israrla tələb edirdi. Mənbələrə əsasən, 70-ci illərin ortalarına doğru Moskvada Dövlət xanın Həştərxan üzərinə yeni bir səfərə çıxacağını güman edir və buna hazırlıq görürdülər, hətta  dəstək almaq üçün noqaylarla (orada da “Moskva partiyası” yaranmışdı) danışıqlar aparılmışdı. Rus diplomatiyası bir ara özünü hətta Həştərxanı geri qaytarmağa razılaşmıq kimi göstərmiş, əvəzində Ukrayna uğrunda müharibədə Dövlət Gireydən yardım tələb etmişdi.

70-80-ci  illərdə Sultan II Səlim və III Murad (1574-1595) Həştərxan və Kazan probleminin həlli üçün konkret addımlar atmır, lakin Dövlət Gireyin apardığı əməliyyatların uğur qazanacağına ümidlərini də itirmirdilər. 1583-cü ildə isə vəziyyət yenidən dəyişdi. Moskva döyüşçülərinin Dağıstandan Krıma gedən Osmanlı birliklərinə hücum etməsi İstanbulun yenidən fəallaşmasına, Həştərxana yürüş planının gündəmə qaytarılmasına səbəb oldu. Qarşıya qoyulan vəzifələr əsas etibarilə Qafqaz və Qara dənizə doğru irəliləyən rusların önünün kəsilməsindən və Krım xanlığının daxili işlərinə qarışmağa başlamış çarın müdaxilə cəhdlərinin qarşısının alınmasından ibarət idi. Lakin Krım xanlığı bu dəfə də Moskvaya səfər etməyin Həştərxana yürüşdən daha effektiv və təhlükəsiz olacağını əsas gətirərək III Murad hökumətini öz fikrinə inandırmağı bacardı. Krımlılar həmişəki kimi, yenə də Həştərxana səfər edərlərsə, yarımadanın müdafiəsiz qalacağından və rusların əks-hücum üçün fürsət qazanacağından ehtiyatlanırdılar. Hətta Osmanlı dövlətinin  müdafiə məqsədi ilə bölgəyə donanma göndərmək təklifi də İslam Gireyin (Dövlət xandan sonra 1577-ci ildə taxta o çıxmışdı) şübhələrini ortadan qaldırmadı. Beləliklə, Osmanlı sultanının Həştərxana səfər etmək son təşəbbüsü də reallaşmadı, üstəlik Krım qoşunlarının Moskvaya hücumu baş tutmadı, yaranmış problemlərlə bağlı ruslarla aparılan danışıqlar isə nəticəsiz qaldı. Sonra Avstriya ilə 13 illik müharibənin başlanması ilə Osmanlı dövləti bütün diqqət və resurslarını qərb cəbhəsinə yönəltməli oldu. Krım ordusu da Osmanlı tərəfindən iranlılar, macarlar və avstriyalılarla aparılan müharibələrə sövq edildi, çar hökuməti Volqaboyunda oturuşub möhkəmləndi və nəticə etibarilə Kazan və Həştərxan uğrunda mübarizə bölgənin öz daxilində belə arxa plana keçdi.

Amma mənbələrdən  göründüyü kimi, Krım xanları, bütün çətinliklərə rəğmən,  Cuci ulusunu bərpa etmək istəklərindən imtina etməmiş, bu iddialarından sona qədər dönməmiş, ölkənin xarici siyasətinin başlıca istiqaməti kimi daim diqqət mərkəzində saxlamışlar. Buna sübut kimi 1654-cü ildə Polşa ilə imzalanmış paktı xatırlatmaq mümkündür. Sənədə xüsusi olaraq belə bir maddə daxil edilmişdi: “Krımın Moskva ilə müharibəyə girəcəyi və Allahın köməyi ilə Həştərxan, Kazan, Terek və Turanı (Sibirdəki Tura şəhəri nəzərdə tutulur-N.M.) alacağı təqdirdə Polşa kralı buna qarşı çıxmayacaq, İslam torpaqları, tatar və noqay xalqları krımlıların hakimiyyəti altına keçəcəkdir”. Zaman isə, bildiyimiz kimi, Krım xanlarının istəkləri əleyhinə işləyirdi. Onlar, bütün siyasi-diplomatik təşəbbüs və səylərinə rəğmən, nəinki Kazan və Həştərxanın azad edilməsinə nail ola bilməmiş, əksinə, tezliklə Qızıl Ordanın son törəməsi olan bu dövlətin özü də tənəzzül və süqut dövrünə qədəm qoymuşdur. Təsadüfi deyil ki, Ə.Dəmirin yazdığına görə, Osmanlı dövləti artıq XVI əsrin sonlarında Krımın Həştərxan məsələsində uğur qazanacağına inanmırdı. Alimin qeyd etdiyi kimi, “1592-ci ildə Osmanlı sultanı Kazan və Həştərxanı ruslardan geri istədi ki, bu da Krım xanının öz məqsədinə çata bilmədiyinə dəlalət edirdi”.  Başqa sözlə, Qızıl Ordanın mirasına yiyələnmək istəyən Krım xanlarının bu arzusunun tarixə hələ XVII əsrin əvvəllərindən qovuşduğunu təxmin edə bilərik.

Həştərxanın sonrakı aqibətinə gəlincə, əhalinin uzun müddət rus əsarəti ilə barışmadığını, passiv də olsa, müqavimət göstərdiyini, bölgənin daim Moskva dövləti daxilində baş verən müxalif hərəkatlara səhnə olduğunu cəsarətlə söyləyə bilərik. Misal üçün İ.V.Zaytsev Həştərxan əyanlarının XVI əsrdə baş vermiş qarışıqlıq və hərc-mərclik hadisələrində (ruslar özləri bu dövrü arxaik “smuta” sözü ilə ifadə edir, türklər “qarğaşa” kimi çevirirlər) fəal iştirak etmələrindən bəhs açır. Alimin başqa bir məlumatına görə isə, Həştərxan əsilzadələri XVII əsrin əvvəllərində Moskvadan ayrılaraq Səfəvilər dövlətinə birləşmək planı qururmuşlar. Hətta bu ehtimal rus administrasiyasını qorxuya salacaq qədər yüksək imiş. İ.Zaytsevin “şəhərin sərhəd mövqeyi ilə” izah etdiyi bu məlumatda, çox güman ki, 1651-1653-cü illər Səfəvi-Rusiya müharibəsi ərəfəsində Həştərxanda yaranmış situasiyadan bəhs olunur. Amma həmin siyuasiyanı anlamaq üçün tarixə qısa bir ekskursk etməyə ehtiyac duyuruq. 

Səfəvilərin, onlardan əvvəl də sələfləri olan Ağqoyunluların Rusiya və Avropa dövlətləri ilə diplomatik və ticarət əlaqələrini Volqa-Xəzər yolu vasitəsi ilə həyata keçirdikləri “Giriş”də qeyd olundu. Venesiya respublikasından Təbrizdəki Ağqoyunlu sarayına elçi göndərilmiş Ambroco Kontarininin yazdığına görə, 1475-ci ildə o, burada Böyük İoannın (III İvan Vasilyeviç) adından Uzun Həsənlə (1453-1478) danışıqlar aparan Marko Rosso (lat. Markus Rufus) adlı daha bir səfirlə görüşmüş və Moskvaya onunla birlikdə, Dərbənd-Hacı-tərxan marşrutu üzrə getmişdi. Tacir və diplomatların əks istiqamətə, yəni Moskvadan Təbrizə də Həştərxan-Dərbənd-Bakı yolu ilə hərəkət etmələri 1466-1472-ci illərdə İran və Hindistana səyahəti ilə yaxşı tanınan Afanasi Nikitinin “Üç dəniz arxasına səyahət” əsərində ətraflı təsvir olunub. (Yeri gəlmişkən, bu səyyahın əslində bir “ticarət kəşfiyyatçısı” olduğu, “səyahət”ə də İran və Hindistana səfər etmək deyil, Volqaboyundan Dərbəndə, Şamaxı və Bakıya gedən ticarət yollarını öyrənmək məqsədi ilə çıxdığı artıq hamıya məlumdur. Yalnız Həştərxanda gəmilərindən birinin tatarlar tərəfindən ələ keçirilməsi, ikincisinin isə qəzaya uğraması onun aldığı borcları qaytara bilməyəcəyi qorxsu ilə uzaq ölkələrə səyahət etməsinə səbəb olmuşdur.) Deyilənlərdən də aydın gördüyümüz kimi, Rusiya və Səfəvilər arasında Volqa-Xəzər nəqliyyat-tranzit magistralının (Həştərxan-Dərbənd-Bakı-Astarabad) vacib tərkib hissəsi kimi strateji önəm daşıyan Həştərxan bu iki dövlətin əlaqə saxlaması və yaxınlaşması üçün tarix boyu körpü rolu oynamışdır. Xatırlayırsınızsa, oçerklərin girişində Moskva Rusu-Səfəvilər əlaqələrinin mahiyyətini aşkarlamağa çalışmışdıq. Deyilənlərə bunu da əlavə etmək olar ki,  I Şah Təhmasib dövründə (1524-1576) Həştərxan yolu ilə Moskvaya mütəmadi elçilər göndərilirdi. Şah Abbas da səltənətinin lap başlanğıcından Rusiya ilə siyasi və ticari münasibətləri möhkəmləndirmək xətti götürmüş, 1592-ci ildə onun Moskvaya göndərdiyi 50 nəfərlik ticarət heyəti ertəsi ilin oktyabrında çar Fyodr tərəfindən qəbul olunmuş, şahın Həştərxan limanında saxlanılmış 4 İran gəmisinin buraxılması xahişi ona çatdırılmışdı. Şah Abbas eyni zamanda çar ordusunu Osmanlı-Səfəvi müharibəsinə də cəlb etmək istəyirdi. İstanbul sülhünün (1590) imzalanmasını fürsət bilərək, o, Moskvaya göndərdiyi elçilər vasitəsilə “ortaq düşmənlə” (yəni, osmanlılarla) birgə mübarizə aparmağı, həmçinin Həştərxan yolunu “düşmən”dən təmizlənməsini rus çarından xahiş etmişdi. (Bu təklifləri bəyənən Fyodr 1598-ci ildə qarşılıqlı dostluq və yardımlaşma andlaşması bağlamaq üçün İrana böyük bir səfarət heyəti yollamış, lakin yolda ikən vəbaya tutulan bu heyətdən Qəzvinə ağır xəstə vəziyyətdə olan cəmi 37 nəfər çatmış, onlar da Şah Abbasın əmri ilə təcili şəkildə geri göndərilmiş və beləliklə, imzalanma baş tutmamışdı.)

 

N.MUSTAFA

 

(ARDI VAR)

 

İki sahil.- 2022.- 22 sentyabr.- S.6.