ORTAQ KEÇMİŞDƏN ORTAQ GƏLƏCƏYƏ

 

ÇARİZMİN İŞĞALÇILIQ SİYASƏTİ ÜMUMTÜRK TARİXİ KONTEKSTİNDƏ

 

Qızıl Orda və ondan törəmə tatar xanlıqları

 

(tarixi-etnoqrafik oçerklər)

 

H  Ə  Ş  T  Ə  R  X  A  N    X  A  N  L  I  Ğ  I

 

Deyilənləri də nəzərə aldıqda aydın görürük ki, Səfəvilərin Moskva çarlığı ilə qarşılıqlı münasibətlərində iki faktor- siyasət və ticarət xüsusi rol oynamış, hər iki vektor üzrə dominant üstünlük Rusiya tərəfində olmuşdur. Yəqin, Osmanlılarla müttəfiqlik məsələsində oxucu üçün qaranlıq bir məqam yoxdur. Ticarətə gəlincə, Səfəvilər dünya ticarət arteriyalarından ayrılmış vəziyyətdə idilər. Qara dəniz Osmanlı imperiyasının, Fars körfəzinin başlıca limanı olan Hörmüz boğazı isə portuqaliyalıların nəzarətində idi. Səfəvilər, ümumiyyətlə, dəniz donanması quruculuğuna girişmir, bu işə maraq göstərmirdilər. Odur ki, dünya ticarətinə yeganə çıxış kimi daim Həştərxan vasitəsi ilə Rusiya yoluna üz tuturdular.

Lakin Osmanlı dövləti ilə Qəsri-Şirin müqaviləsinin (1639) imzalanması Səfəvilərin hər iki vektor üzərində Moskvadan nisbi asılılığını ortadan qaldırmış və onların qarşılıqlı  münasibətləri təbii bir şəkildə rəqabət müstəvisinə keçmişdi. Rusların Qafqaza gəlişində müstəsna rol oynamış Səfəvi kaim dairələri onların “müttəfiqlik” niqabı altında gizlətdikləri əsl sifətlərini yalnız bundan sonra görmüş, həqiqi niyyətlərinin bu torpaqların işğalı olduğunu anlamışdılar. Və gec olsa da, onların Qafqazda irəliləməsinə yol verməmək üçün tədbirlər görməyə başlamışdılar. Bu isə labüd olaraq çoxsaylı sərhəd toqquşmalarına gətirib çıxarırdı. II Şah Abbas rusların Şimali Qafqaza nisbətdə işğalçılıq planlarına qarşı ehtiyatı əldən vermir, sərhədlərin möhkəmləndirilməsi istiqamətində məqsədyönlü addımlar atırdı.

1651-1653-cü illər böhranının əsas səbəbi rusların Sunja çayı üzərində qala tikməsi və öz tərəfdarlarını, o cümlədən, quldurluqla məşğul olan kazakları onun ətrafında yerləşdirilməsi, birbaşa vəsiləsi isə 1650-ci ildə həmin kazak dəstələri tərəfindən şirvanlı və dağıstanlı tacirlərin Kabardaya gedən karvanına basqın edilməsi oldu. Girişdə bu məsələyə aydınlıq gətirildiyindən burada onun üzərində ətraflı dayanmağa hacət yoxdur. Yalnız onu əlavə etməyi lazım bilirik ki, münaqişəni kökündən həll etmək istəyən II Abbas Şamaxı bəylərbəyi Xosrov xana Sunja istehkamını dağıtmaqla bərabər Həştərxan üzərinə yürüş etmək direktivi də vermişdi. Əlbəttə ki, uzun əziyyətdən sonra olsa belə minimum hədəfə çatılmış, maksimum vəzifə isə tarixin arxivinə gömülmüşdü. Kiçik bir basqın münaqişəsinə görə Həştərxanın azadlığı uğrunda  Moskva çarlığı ilə tammiqyaslı müharibəyə girməyin nə qədər çətin olduğunu şah özü də- lap əvvəldən- bilməmiş deyildi. Bu epizodu xatırlatmağımızın və onun üzərində belə ətraflı dayanmağımızın yeganə səbəbi oxucuya Həştərxa məsələsinin əvvəldən sona qədər bütün türk-müsəlman dünyası üçün Darül-hərb mahiyyəti kəsb etməsi fikrini bir daha əyani olaraq göstərməkdir. Bu baxımdan bir nüans da maraq doğurur. Sözügedən hərbi əməliyyatlar çərçivəsində Sunja qalasına hər iki yürüş zamanı Tərki şamxalı (XVII əsrdə bu şamxallıq Moskvadan üz çevirib yenidən Səfəvi təbəəliyinə keçmişdi) Surxay xüsusi fəallıq nümayiş etdirmişdi. Mənbələrdə bildirildiyinə görə, o, Səfəvilərin köməyi ilə bölgədəki rus qalalarını sıradan çıxarmaq və yerli əhalini öz ətrafında birləşdirib, qumuqların, noqayların, tatarların və kabardalıların daxil olduğu yarımmüstəqil bir dövlət qurmaq vəzifəsini qarşısına məqsəd qoymuşdu. Son hədəfi isə Osmanlı və Səfəvi dövlətlərindən dəstək alaraq Qara dənizə, Azov qalasına və Həştərxana çıxmaq idi. Onun şəxsində bir daha görə bilirik ki, Həştərxan məsələsi təkcə dövlətlərin və dövlət başçılarının deyil, nisbətən kiçik ranqlı ayrı-ayrı feodal başçıların da yaddaşında silinməz izlər buraxmışdı.        

Sözümüzün canı budur ki, İ.Zaytsevin yuxarıdakı mülahizəsini Həştərxanla bağlı XVII əsrdə də populyarlığını kifayət qədər saxlayan bu “ümumi ictimai” atmosfer kontekstində qiymətləndirmək mümkündür. Öz ölkəsini Moskva boyunduruğundan qurtarmaq planları quran hansısa Həştərxan əsilzadələri qrupunun belə bir fikrə düşməsi nəzəri cəhətdən mümkün olsa da, belə bir faktın mövcudluğunu nə təsdiq, nə inkar etmək üçün əldə tutarlı bir əsas yoxdur.

Bizə görə, qüdrətli Azərbaycan hökmdarı, böyük fateh Nadir şah Əfşarın 1742-ci ilin qışında şimal istiqamətində başlayan yürüşü zamanı Həştərxana hücum edib, şəhəri ruslardan almaq istəməsi haqqında məlumatlar daha ağlabatandır. Bu mənada publisist-araşdırmaçı Araz Şəhrilinin mülahizələrini xatırlatmaq, zənnimizcə, yerinə düşər. O yazır: “Nadir xan Dağıstanın qiyamçı xanlarını cəzalandırmaq məqsədi ilə 1734-1735-ci illərdə iki dəfə yürüşə çıxmış, bütün döyüşlərdə qalib gəlmiş, 1735-1736-cı illərdə isə Rusiya imperiyasını Dağıstandan vurub çıxarmışdı. 1740-cı ildən sonra onun şimal torpaqları məsələsinə yenidən qayıtmasının səbəbi o idi ki, Rusiya imperiyasının güclü dəstəyi sayəsində fəallaşmış qiyamçı feodallar 1740-1741-ci illərdə şəhər və kəndlərə basqınlar etməyə başlamışdılar”. Müəllif bu fikrinin sübutu üçün Britaniya tarixçisi və şərqşünası Lourens Lokkartın (1890-1995) aşağıdakı fikirlərini sitat gətirir: “1742-ci ilin noyabrında Nadir şah şimal istiqamətində hərəkətə başladı. Çox güman ki, onun məqsədi donmuş Terek çayını keçərək Qızlara (rusca: Kizlyar) getmək idi. Çeçenistandan aldığı bir məktubda Nadir şaha bildirilirdi ki, çeçenlər onun təbəəliyini qəbul etmək niyyətindədirlər. Əgər o, Çeçenistana gəlsə, yerli xalq Rusiya ilə müharibəsində Nadir şaha əllərindən gələn köməyi edəcəkdir. Aydındır ki, Nadir şah Kabardanı, Kubanı və Krımı ələ keçirmək istəyirdi. Belə görünürdü ki, Rusiya ilə İran arasında müharibə mütləq baş verəcəkdir”. Lokkartın dediklərinə geniş şərh verən publisist sözlərinə belə davam edir: “Yuxarıdakı sətirləri oxuduqdan sonra Nadir şahın Dağıstana qış aylarında hücum etməsinin səbəbini anlamaq olur. Onun əsl hədəfi Şimali Qafqazın dağlıq əraziləri deyil, Rusiyanın cənub şəhərləri idi. Nadir şahın qızılbaşlardan, özbəklərdən və əfqanlardan ibarət qoşununun qarşısını geniş və bolsulu çaylar kəsirdi. Böyük ordu üçün su maneələri qışda- onların üstünü qalın buz təbəqəsi örtdükdən sonra dəf etmək daha asandır. Sözsüz ki, Nadir şah Dağıstanda ləngimək fikrində deyildi. Çox güman ki, o, sürətlə hərəkət edib Qızlara çatmaq, yazın əvvəllərində səfərini davam etdirərək Həştərxan istiqamətində irəliləmək, bu şəhəri hücumla ələ keçirmək niyyətində idi. İstənilən halda, Səfəvi şahı II Abbas kimi Nadir şah Əfşar da Həştərxanın azad edilməsini ölkənin xarici siyasətinin prioritet məsələlərindən biri sayırdı (seçdirmə bizimdir-N.M.). Amma Dağıstan feodallarını itaət etdirmədən Rusiya ilə müharibəyə başlamaq səhv olardı”. Daha sonra A.Şəhrili dağlıların Nadir şaha güclü müqavimət göstərdiklərini, Şimali Qafqazdakı rus qalalarının komandirlərinin onunla mübarizə aparan qiyamçılara silah-sürsatla dəstək verdiklərini təsvir edir və Dağıstan səfərini mürəkkəbləşdirən digər amillərdən söz açaraq, araşdırmasını belə yekunlaşdırır: “Bütün çətinliklərə baxmayaraq Nadir şah 1743-cü il fevral ayının 10-dək Dağıstanın böyük bir hissəsini özünə tabe etdi. Artıq Rusiya istiqamətində yürüşü davam etdirmək olardı. Lakin fevralın 15-də şah məlumat aldı ki, nəhəng bir Osmanlı ordusu onun sərhədlərinə yaxınlaşır. Bu hücumu dəf etmək üçün Nadir şah Əfşarın geri döbnəkdən başqa bir əlacı qalmamışdı... 1747-ci il iyun ayının 17-də böyük fatehin sui-qəsd nəticəsində öldürülməsi Rusiyanın işinə yaradı”.         

İndi biz bütün bu niyyət və təşəbbüslərin reallaşdığı təqdirdə türk xalqları tarixində gedişatın hansı səmtə yönələ biləcəyi barədə istənilən qədər müzakirələr açıb polemikaya girə bilərik. Amma hansı qənaətə varmağımızdan asılı olmayaraq, gəlinən nəticə yalnız xəyal, ehtimal və fərziyyə olmaqdan o yana getməyəcək. Gerçəklik isə bundan ibarətdir ki, Rusiya dövləti daim Həştərxanın işğalını tanrının böyük bir lütfü kimi qəbul etmiş, bu uğurla öyünmüş və Həştərxanı kimsəyə güzəştə getməyə heç vaxt, heç bir halda hazırlaşmamışdı (belə faktlar varsa da, siyasi manevr kimi qiymətləndirilə bilər). Əksinə, Həştərxanın müdafiə mövqeyini gücləndirmək, onu abadlaşdırmaq, inkişaf etdirmək, genişləndirmək və çiçəkləndirmək çar hökumətinin diqqət mərkəzində saxladığı məsələlərdən olmuşdur.

Türk tarixçisi Ə.Dəmirin yazdığına görə, Həştərxan rus hakimiyyəti altına keçdikdən sonra ətraf qəbilələrin hücumlarına məruz qalmasın deyə şəhər 1558-ci ildə müdafiə məqsədi ilə öz əvvəlki yerindən 12 kilometr cənuba, çay yatağının sol sahilindəki bir adaya köçürülüb. Lakin onun sözlərinə görə, burada da asayişi bərqərar etmək mümkün olmayıb. Rus mənbələrində IV İvanın ölümündən (1584) az sonra Moskvadan Həştərxan voyevodalarına “Asiya ölkələrinə xəbər göndərin ki, tacirlər Həştərxana gələ bilərlər və burada ticarət azaddır” məzmununda bir əmr-təliqə göndərildiyi qeyd olunsa da Ə.Dəmir faktlar əsasında şəhərdə hələ uzun müddət sabitlik yaranmadığını bildirir: 1605-ci ildə Terek kazakları tərəfindən talan edilən Həştərxan 1614-cü ildə ataman Zarutskinin (o, oğlunu “yalançı Dmitri”lərdən biri kimi qələmə verib, Moskva taxtına yiyələnmək istəyirdi) əlinə keçmiş, 1632-ci ildə isə kalmıkların hücumuna məruz qalmış, 1670-1671-ci illər Stepan Razin hərəkatının, 1705-ci ildə streletslər üsyanının mərkəzlərindən biri olmuşdu. 1680-ci ildə isə yerli əhali rus zülmünə qarşı üsyan qaldıraraq, burada hakimiyyəti ələ almış və bir müddət saxlaya bilmişdi. Həştərxanın müdafiə mövqeyinin möhkəmləndirilməsi bütün bu hadisələrdən əvvəl də çar hökuməti tərəfindən mühüm vəzifə kimi qarşıya qoyulmuşdu. Çar Fyodr İvanoviçin 1578-ci ildə Qızıl Ordadan qalan xarabalıqları şəhərlər salınması üçün təmizləmək barədə fərmanına uyğun olaraq 1631-1632-ci illərdə ilk növbədə Həştərxanın yenidən tikildiyi tarixdən məlumdur. Bu məqsədlə Moskvadan göndərilən əmrlər əsasında köhnə şəhərdə xanın evinin və məscidinin qalıqları yerlə bir edilmiş, inşaat işlərinin aparılması üçün Saray-Berke şəhərinin xarabalıqlarından, Kazan xanlığı ərazilərindən, xüsusən Axtubdan buraya çay yolları ilə, sallar və gəmilərlə ağ daş, dəmir materialları daşınıb gətirilmişdi.     

XVII əsrin ikinci yarısında isə Həştərxanda ticarət donanması yaradılmışdı. Gəmilərin tikilməsi üçün çar hökuməti heç nəyə qızırğanmamış, korabella Van Svedenin başçılığı altında Birləşmiş Əyalətlərdən (Hollandiyadan) böyük bir qrup gəmi ustası gətirilmişdi. Dəniz işlərinin biliciləri arasında məşhur Y.Streys də vardı. Həştərxan voyevodasının sərəncamına verilən donanma İrandan, Mərkəzi və Cənubi Asiyadan kommersant və diplomatların Rusiyaya çatdırılması, liman şəhərlərində ticarətin təhlükəsizliyinin təmin edilməsi, rus mallarının Dərbənd və Bakıya daşınması, onların dəniz quldurlarının hücumundan müdafiə olunması məqsədlərinə xidmət edən müxtəlif növlü gəmilərdən ibarət idi. Həştərxan ticarət donanmasının eyni zamanda hərbi təyinat daşıdığına da şübhə yoxdur. 

XVIII əsrin 20-ci illərindən etibarən, Həştərxan tarixi qaynaqlarda artıq Rusiyanın Qafqaz istiqamətində apardığı hərbi əməliyyatların qərargahı (1722-23-cü illərdə I Pyotr Xəzəryanı vilayətlər, Bakı və Dərbənd üzərinə yürüşünü məhz buradan başlamışdı), bir qədər sonra Yaxın Şərq ölkələri ilə iqtisadi-ticarət və siyasi-diplomatik əlaqələrinin mərkəzi, inkişaf etmiş liman şəhəri kimi təqdim olunur. 1806-cı ildə Həştərxanda klassik kişi gimnaziyasının fəaliyyətə başladığı məlumdur ki, bu da şəhərə xüsusi önəm verildiyini ifadə edir. Çünki o dövrdə imperiyanın çox böyük şəhərləri hələ klassik kişi gimnaziyasına malik deyildi. Gimnaziyada Şərq dillərinin tədrisi, tərcüməçi kadrların hazırlanması isə aydın məsələdir ki, çarizmin müstəmləkəçilik siyasətində yeni mərhələyə qədəm qoyması ilə bağlı idi.

 

N.MUSTAFA

 

(ARDI VAR)

 

İki sahil.- 2022.- 23 sentyabr.- S.6.