ORTAQ
KEÇMİŞDƏN ORTAQ GƏLƏCƏYƏ
ÇARİZMİN
İŞĞALÇILIQ SİYASƏTİ ÜMUMTÜRK
TARİXİ KONTEKSTİNDƏ
Qızıl Orda və ondan törəmə
tatar xanlıqları
(tarixi-etnoqrafik
oçerklər)
S
İ B İ
R X A
N L I
Ğ I
Tanınmış rus tarixşünası V.V.Poxlyobkinin müşahidələrinə
görə, ümumi tarix əsərlərində,
dərslik və dərs vəsaitlərində,
habelə populyar ədəbiyyatda Sibir xanlığı haqqında
məlumatlar bir qayda olaraq Küçüm
xanın hakimiyyət dövrü ilə məhdudlaşır. Düzgün qənaətdir. Və bu, hər
şeydən öncə
Sibir xanlığının
bir dövlət kimi formalaşması, müstəqilliyini qorumaq uğrunda mübarizə aparması və süquta uğraması proseslərinin Küçüm
xanın təqribən
40 illik (1563-1598) hakimiyyəti
dövrünə təsadüf
etməsi ilə bağlıdır. Eyni zamanda
Sibir xanlığının
Küçümə qədərki
tarixinin, demək olar, sənədlərlə
təsbit edilməməsi,
əldə olan azsaylı yazılı məlumatların isə qarışıqlığı diqqətdən yayınmır.
Biz də bu
oçerkdə oxucunu
qaranlıq, ziddiyyətli
və subyektiv mülahizələrlə yormadan
əsas etibarilə Küçüm xan dövrü ilə kifayətlənəcək, ondan
sonrakı proseslərə
isə çox qısa bir nəzər
salacağıq. Amma əvvəlcə
mövzuya giriş kimi müxtəsər bir arayışa lüzum görürük.
Əksər mənbələr Sibirdə
erkən tatar dövlətçiliyinin təşəkkülünü
Qızıl Ordanın
tənəzzülü ilə
əlaqələndirirlər. Bu torpaqlarda Böyük Tümen xanlığının
təxminən 1495-ci ildə
Məhəmməd xan
(rus mənbələrində
Mahmet) tərəfindən
yaradıldığı bildirilir.
Ordanın himayəsində
olan Böyük Tümən xanlığı
əksər hallarda Sibir (Seber) xanlığı,
Sibir yurdu adı ilə də təqdim olunur və tarixçilər bu adın xan qərargahının
yerləşdiyi Sibir
(digər adları: İskər və Kaşlık) şəhəri
ilə əlaqədar
olduğunu bildirirlər.
Başqa
bir qənaətə görə isə Sibir xanlığı Böyük Tümən xanlığının birbaşa
davamı deyil, ondan sonra təsis
olunub və onun torpaqlarını da özündə birləşdirib. Bu fikri dəstəkləyənlər
Sibir xanlığının
inzibati mərkəzinin
Çimgi-Tura (hazırda
Rusiya Federasiyasındakı
Tümen şəhərinin
ərazisində yerləşirdi)
şəhərinə köçürüldüyünü,
sonralar isə yenidən Kaşlıka qaytarıldığını bildirirlər.
Sibir xanlığının
kiçik uluslardan ibarət çoxmillətli
bir siyasi birlik olduğu təsbit edilib. Xanlığın geniş ərazisi İrtış və Ob çaylarının (həmçinin
bu çayların çoxsaylı qollarının)
hövzəsini əhatə
edirdi. Sibir xanlığı şimal-qərbi
Uralda Perm torpaqları
ilə, qərbi Uralda Kazan xanlığı
ilə, cənub-qərbi
Uralda Noqay Ordası ilə qonşu idi, cənub-şərqdə isə
Barabin çölü
boyu uzanırdı. Burada Qızıl Ordada, yaxud Kazan və Krım xanlıqlarında gördüyümüz
meqapolislər, klassik şəhərlər, demək
olar, yox idi. Şəhər deyəndə əsasən,
çay kənarlarında
möhkəmləndirilmiş istehkamlar və kiçik yaşayış
məntəqələri başa
düşülürdü. Həm istehkamlarda, həm də şəhərlərdə
tikililər ağac (taxta) materialdan inşa edilirdi. Hər ikisi həm yaşayış-təsərrüfat məqsədinə xidmət
edir, həm də hərbi müdafiə funksiyaları
daşıyır, ticarət
və sənətkarlığın,
eyni zamanda hərbi işin “karkası” rolunu oynayırdı. Bu cəhətdən
çox zaman daha ümumi “qala” terminindən istifadə edilən mənbələrdə söhbətin
“şəhər”dən, yaxud
möhkəmləndirilmiş istehkamdan getdiyini anlamaq çətinlik törədir. Çar arxivlərində saxlanılmış mənbələrə
istinad edən bir çox tarixşünasların fikrincə,
o dövrün yazılmamış
şəhərçilik kanonlarına
əsasən, şəhərlə
istehkam arasında fərq yalnız qüllələrin sayına
və ətrafına divar çəkilib-çəkilməməsinə
görə qoyulurmuş.
Əgər istehkam hasara
alınırdısa və
qüllələrinin sayı
dörddən çox
olurdusa, onu artıq “şəhər”
saymaq mümkün idi. Əslində, hələ Qızıl
Orda zamanında, XIII əsrdə Tura çayı
sahilində, onun Tümen çayına töküldüyü yerdə
salınmış Çimgi-Tura
(yaxud, sadəcə
Tura; mənbələrdə bu şəhərin
1446-cı ilədək paytaxt
olduğuna şahidlik
edir) və İrtışın sağ
sahilində salınmış
İskər (Sibir və ya Kaşlık)
şəhərləri də
istisna olmayıb, digər “istehkam”lardan ərazilərinin nisbətən
genişliyi ilə fərqlənirdi.
Xanlığın əhalisi böyük əksəriyyətlə oturaq
və yarımköçəri
həyat tərzi keçirir, heyvandarlıqla,
balıqçılıqla, ovçuluqla məşğul
olur, at və qoyun saxlayırdı. Keçilməz
tayqa meşəlikləri
(yerli əhali tayqanı “urman” adlandırırdı və
bu termin bir çox rus sənədlərində
də ümumişlək
söz kimi işlənir) və sərt iqlim şəraiti əkinçilik
üçün əlverişli
olmadığından (baxmayaraq
ki, mənbələr
Tobol və İrtış
çaylarının axarlarında
kiçik də olsa, əkinçi icmaların məskunlaşdığını
göstərir) balıqçılıq
müstəsna önəm
daşıyır, qıtlıq
dövrlərində balıq
çörəyi də
əvəz edirdi. Bolsulu çaylar arasındakı
otlaqlar isə heyvandarlıq üçün
nisbətən əlverişli
idi. Lakin bütün bunlara
rəğmən, Sibir
xalqlarının əsas
dolanışığı iki mühüm məhsuldan- xəz dəridən və duzdan çıxırdı.
Xəz dəri emalına aşağıda geniş
toxunulacağı üçün
burada ən mühüm mübadilə
məhsulu sayılan duz istehsalını qeyd etməklə kifayətlənək. Duz- sibirlilərin
məişətində də,
ticarətində də
(misal üçün
balıq məhsullarını
yalnız duzlamaqla “konservləşdirmək” olurdu)
əvəzedilməz yer
tuturdu. Bu cəhətdən
İrtış çayının
yuxarı axarında, sonradan salınan Tara şəhərinin 800 verstliyində
yerləşən duz
mədənləri Sibirin
zəngin təbii sərvətlərindən biri
kimi yerli xalqların təminatında
mühüm rol oynayır, bu yataqdan çıxarılan
ağ duz qonşu ölkələrə
satılır, konvertasiya
olunan əmtəə
kimi yüksək dəyər daşıyırdı.
Davamı növbəti sayda
N.MUSTAFA
İki sahil.- 2022.- 24 sentyabr.- S.18.